Nağdsız ödənişdən
istifadə bazarı sağlamlaşdırır
Ziyad Səmədzadə: «. Bu xidmətdən istifadə
bütövlükdə dövriyyədə nağd
pulun həcmini azaldır»
Əməliyyatların nağdsız yolla həyata keçirilməsi pulun kənar ciblərə getməsinin də qarşısını alır, vaxt itkisi və risklər minimuma endirir. Bundan başqa, nağdsız ödənişlər və saitlərin dövriyyəsinin sürətləndirilməsində, nağd pulların çapı, daşınması, saxlanması və təsərrüfat əməliyyatlarının xərclərinin azalmasında, nəticədə isə iqtisadiyyatın inkişafında əhəmiyyətli rol oynayır. Nağdsız hesablaşmaların üstünlüklərindən biri də məmurla vətəndaşın əməliyyatlarını arxa plana keçirir, onları üz-üzə gətirmir və korrupsiya üçün imkanların daralmasına gətirib çıxarır. Bu, korrupsiyaya qarşı ümumiyyətlə dünyada sınaqdan keçmiş metodlardan biri hesab olunur. «Əvvəla, neqativ hallar azalır, korrupsiya azalır, şəffaflıq təmin olunur. İnsanların mal almaq, xidmət haqlarını ödəmək imkanları şəraiti sadələşir. Bu xidmətdən istifadə bütövlükdə bazarı sağlamlaşdırır, dövriyyədə nağd pulun həcmini azaldır”- akademik Ziyad Səmədzadə deyib. Digər ölkələrin də təcrübəsi bunu göstərir. Belə ölkələrdə, xüsusən də Yaponiyada nağd ödənişlərin həcmi cəmi 5% təşkil edir. Amma bu heç də minimum deyil. Məsələn Isveç banknotlardan istifadə edən ilk ölkə kimi tarixə düşmüşdür, bu hadisə 1661-ci ildə baş verib və belə görünür ki, bu gedişlə nağd puldan tamamı ilə imtina edən ilk ölkə də məhz elə İsveç olacaq. Hal-hazırda nağd pul ölkədəki maliyyə dövriyyəsinin cəmi 3 faiz təşkil edir (Avrozona isə bu göstərici orta hesabla 9 faizdir).
Kağız pulların (kupyuraların) sayının azalması ilə ölkədə cinayətkarlığın sayı da azalır (təbii ki, kiber cinayətkarlıq istisna olmaqla). 2008-ci ildə İsveçdə 110 dəfə bank yarmağa cəhd olunub. 2011-ci ildə isə bu rəqəm cəmi 16-ya düşmüşdür. Küçə soyğunçuluğunun sayı da azalmışdır. Həmçinin pul kütləsinin azalması ənənəvi olaraq nağd ödənişlərə üstünlüyün verildiyi kölgə iqtisadiyyatına da ciddi zərbə endirmişdir.
Bundan başqa, nağdsız hesablaşmalar kölgə iqtisadiyyatına da ciddi zərbə endirir. Beləliklə, nağdsız hesablaşmalar vətəndaşlar üçün rahatlıq, etibarlılıq, əlverişlilik, vaxta qənaət, üzərində böyük məbləğdə nağd pul daşımaq məcburiyyətinin olmaması, bank üçün isə rəqabət qabiliyyətinin və nüfuzun artması, ödənişə zəmanət, kağız-pul kütləsinin hazırlanma, uçot və emal xərclərinin azalması, minimal vaxt sərfi və fiziki əməyə qənaət, vergidən yayınmanın, inflyasiya və koorupsiyanın qarşısının alınması, büdcə xərclərinin xeyli azalması deməkdir.
Nağdsız ödəniş sistemlərinin inkişaf perspektivləri
Bu üstünlüklərdən inkişaf etmiş ölkələrdə geniş istifadə olunur. Onlarda nağdsız hesablaşmalar dövriyyənin 90, bəzən hətta, 97 faiz təşkil etdiyi halda, Azərbaycanda bu göstərici 5 faizi keçmir. Xüsusilə də əmtəə və xidmətlər sektorundakı vəziyyəti nəzərdən keçirsək, hələ də böyük bir məbləğ nağdsız ödənişlər dövriyyəsindən kənarda qalır. İndi əsas vəzifə onları nağdsız hesablaşmaya cəlb etməkdir. Bunun üçün birincisi, elektron ödəniş xidmətlərinin institusional və hüquqi bazası daha da gücləndirilməlidir. İkincisi, banklar tərəfindən nağdsız hesablaşmalar üzrə təqdim olunan xidmətləri çeşidinin genişləndirilməli və keyfiyyəti yüksəldilməlidir. Üçüncüsü, qiymətli kağızlar üzrə hesablaşma sisteminin ödəniş sistemləri infrastrukturuna inteqrasiyasınının təmin olunması çox vacibdir. Dördüncüsü, vergi, gömrük ödəniş və rüsümlarının, inzibati cərimələrin elektron ödəniş alətləri vasitəsilə ödənilməsi imkanı yaradılmalıdır. Beşincisi, hesablaşmaların həyata keçirilməsində müasir texnologiyalara əsaslanan ödəniş mexanizmlərindən istifadə edilməlidir. Altıncısı, ödəniş alətlərinin istifadəsi üzrə stimullaşdırıcı proqramların həyata keçirilməsi önəmlidir.
Aydındır ki, bu istiqamətdə Azərbaycanda ciddi işlər görülür. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən beynəlxalq standartlara cavab verən Milli Ödəniş Sistemi yaradılıb. Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZİPS) 2001-ci ildən, xırda və daim təkrarlanan ödənişlərin elektron daşıyıcılarla həyata keçirilməsinə imkan verən Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) isə 2002-ci ildən müvəffəqiyyətlə istifadə olunur. Bu sistemlərin istifadəyə verilməsi ilə banklararası hesablaşmaların tam elektronlaşdırılmasına nail olunub, hesablaşmaların səmərəliliyi dəfələrlə yüksəlib. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı», habelə Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış «Azərbaycan Respublikasında ödəniş sistemlərinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında» Sərəncam son illər ərzində Milli Ödəniş Sistemi infrastrukturunun inkişaf etdirilməsi istiqamətində daha geniş islahatların həyata keçirilməsinə güclü təkan verib. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində Milli Ödəniş Sistemi infrastrukturunun genişləndirilməsi və ödəniş kartları bazarının daha da inkişaf etdirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən «MilliKart» kart prosessinq mərkəzi yaradılıb və 2006-cı ildə respublikada fəaliyyət göstərən 18 kommersiya bankının idarəçiliyinə və istifadəsinə verilib. Milli Ödəniş Sistemi infrastrukturunun daha da genişləndirilməsi, regionlarda əhali və təsərrüfat subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanlarının artırılması məqsədi ilə aparılmış islahatlar çərçivəsində Mərkəzi Bank tərəfindən «Azərpoçt» MMC-yə maliyyə xidmətlərinin
göstərilməsi üçün müvafiq lisenziya verilib. Qanunvericilik əsaslarının yaradılması və mühüm institusional tədbirlər nəticəsində 1500-dən çox filial və şöbəyə malik «Azərpoçt» MMC ənənəvi poçt xidmətləri ilə yanaşı, maliyyə xidmətləri də göstərməyə başlamışdır ki, bununla da regionlarda, habelə ucqar kənd yerlərində əhalinin, təsərrüfat subyektlərinin elektron ödəniş xidmətlərindən istifadə etməsinə imkanlar yaradılıb. Milli Ödəniş Sisteminin digər mühüm bir komponenti olan Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (KÖMİS) 2008-ci ildə kommunal xidmətlər üzrə ödənişlərin yığım səviyyəsinin və şəffaflığın daha da artırılması, bu sahədə maliyyə dövriyyəsinin bank sisteminə cəlb edilməsi məqsədilə yaradılaraq istismara verilmişdir. E-hökumət layihəsi çərçivəsində dövlət büdcəsinə ödəniləcək vergi, rüsum, icarə haqqı və digər ödənişlərin müasir ödəniş alətləri ilə istənilən bank və poçt şəbəkəsində və internet resurslarından istifadə etməklə vahid platforma üzərindən qəbulu üçün KÖMİS-in bazasında «Hökumət Ödəniş Portalı» yaradılıb. Milli Ödəniş Sisteminin yaradılması və inkişafı istiqamətində əldə edilən nailiyyətlərə baxmayaraq, yaradılmış potensialdan istifadə göstəriciləri, nağdsız ödəniş indikatorları inkişaf etmiş ölkələrlə müqayisədə hələ ki aşağı səviyyədədir. Ümumiyyətlə, ödəniş sistemləri bazarının inkişafı bank sektorunda aktivlərin, kredit resurslarının və potensialının iki dəfə artmasına, həm əhali, həm də biznes kreditləşdirilməsi üçün geniş imkanların açılmasına stimul verəcək. Ona görə də Azərbaycanda həyata keçirilən tədbirlər nağdsız ödənişin daha geniş sahələri əhatə etməsinə xidmət edir. Yaxın gələcəkdə nağdsız ödəniş sisteminin həyatımızın ayrılmaz bir hissəsinə çevriləcəyi, nağd hesablaşmaların isə azalacağı şübhə doğurmur.
Üç nöqtə.-2013.-6
iyun.-S.9.