İnsan kapitalının
yaradılması diqqət mərkəzində olacaq
Gənclərin xarici ölkələrdə təhsili üzrə
kadr hazirliğinin
genişləndirilməsi nəzərdə tululur
2020-ci ilə qədər
“Elektron hökumət” xidmətlərinin
100 faiz tətbiqi nəzərdə tutulur ki, bununla
da əhali hökumət orqanları tərəfindən
göstərilən daha asan,
qısa zaman ərzində, keyfiyyətli
xidmətlərlə təmin olunacaq. “Elektron hökumət"in həyata
keçirilməsində əsas məqsəd əhaliyə, həmçinin
sahibkarlara, biznes sektoruna verilən xidmətləri
avtomatlaşdırmaq, eləcə də dövlətin özünün müxtəlif
prosedurlarını avtomatlaşdırmaqdır.
Ümidvarıq ki, hökumətin fəaliyyətinin əhali, biznes sektoru üçün tamamilə şəffaflaşmasında, məmur-vətəndaş münasibətlərinin daha da saflaşmasında, bu münasibətlərdə kənar, neqativ müdaxilələrin aradan qaldırılmasında, həmçinin biznes sektorunun inkişafı üçün xidmətləri elektronlaşdıraraq əngəllərin, bürokratiyanın minimuma endirilməsində və Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizədə “Elektron hökumət” layihəsi əhəmiyyətli rol oynayacaq.
Həmçinin qarşıdakı illər ərzində kosmik sənayenin inkişaf etdirilməsini hədəf götürən Azərbaycan aşağıorbitli peykini 2015-ci ildə, ikinci telekommunikasiya peykini isə 2016-cı ildə kosmosa buraxmağa hazırlaşır. Telekommunikasiya peyklərinin geostasionar orbitə çıxarılması isə ölkəni daha etibarlı peyk rabitəsi ilə təmin edəcək, bu da öz növbəsində respublikanın informasiya təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcək. Konsepsiyaya uyğun olaraq, telekommunikasiya şəbəkəsində yeni texnologiyaların tətbiqi genişləndiriləcək, milli radio və televiziya proqramlarının peykdən paket yayımı təşkil ediləcək.
Aşağıorbitli peyklərin orbitə çıxarılması isə respublikada ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, topoqrafiya və kartoqrafiya, eləcə də milli təhlükəsizlik sahəsində fəaliyyəti daha səmərəli edəcək.
Rəqəmli TV-yə keçidin başa çatdırılması və əhaliyə yüksəkkeyfiyyətli radio-TV yayımının təşkili qarşımızda duran əsas məsələlərdən biridir. Rəqəmli televiziya yayımının tətbiqi TV proqramlarının keyfiyyətinin və sayının artırılması ilə yanaşı, məhdud resurslar olan tezliklərdən daha səmərəli istifadə edilməsinə, xüsusilə genişzolaqlı mobil rabitə xidmətlərinin inkişaf etdirilməsinə geniş imkanlar yaradacaq. Hazırda Azərbaycanda televiziya diapazonunun konversiyası hesabına LTE texnologiyasının tətbiqinə başlanılıb.
2020-ci ilə qədər ölkənin regionun İKT xidmətləri bazarına çıxışını təmin etmək məqsədilə tranzit informasiya magistrallarının, regional informasiya resurslarının və şəbəkə idarəetmə sistemlərinin qurulması kimi layihələr də gerçəkləşdiriləcək.
Onu da əlavə edək ki, Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş və 2009-cu ildə BMT Baş Assambleyası tərəfindən xüsusi qətnamə ilə yekdilliklə qəbul edilmiş Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin də başa çatdırılması nəinki ölkəmizdə, həmçinin böyük bir regionda yüksəksürətli internet üçün geniş imkanlar yaradacaq. Eyni zamanda Azərbaycan bu gün Avropa-Yaxın Şərq İnformasiya Magistralı (EPEG - Europe Persia Express Gateway) layihəsində həm əsas, həm də ehtiyat marşrut olaraq iştirak edir.
Rabitə Nazirliyinin qarşısına qoyduğu ambisiyalardan biri də Azərbaycanı region ölkələri üçün informasiya xidmətlərini ixrac edən bir mərkəzə çevirməkdir. Artıq bu istiqamətdə də işlər aparılır. Belə ki, bu gün ölkəmizdən Gürcüstana, İrana, Orta Asiyaya internet xidmətləri ötürülməkdədir.
“Azərbaycan 2020: inkişaf konsepsiyası"na əsasən İKT-nin illik artımını təxminən 18-20 faiz ətrafında saxlamaqla, qarşıdakı 8 ildə sektorun gəlirlərini 8-9 mlrd. dollara çatdırmaqdır. Bu, əsasən rəqabət mühitinin yaxşılaşdırılması, sektora olunan fiskal və monitar güzəştlər, ixrac potensialının artırılmasına yönəlmiş siyasət, regional İKT mərkəzlərinin və yüksək texnoloji məhsul və xidmətlərin yaradılması və güclü insan kapitalına əsaslanan innovativ sahibkarlığın inkişafı hesabına nail olunması planlaşdırılır.
Konsepsiya üzrə həyata keçiriləcək işlər sırasında innovativ sahibkarlığın dəstəklənməsi, İT şirkətlərinə imtiyazlı və münbit biznes mühitinin yaradılması, bu yolla ölkədə yeni sahibkarlığın inkişafını gücləndirmək də yer alıb.
Artıq bu ildən RİTN-in nəzdində yaradılmış İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (İTİDF) fəaliyyətə başlayacaq ki, onun da əsas istiqaməti informasiya-kommunikasiya texnologiyaları sektorunda stimullaşdırmanı həyata keçirməkdir.
Fond bu sahədə innovasiyaların tətbiqi, eləcə də tətbiqi elmi-tədqiqat işlərinin genişləndirilməsinə dəstək verməklə bu sahənin inkişafına təkan verəcək. Biliklər iqtisadiyyatının inkişafı istiqamətində daha bir addım Azərbaycanın dünya iqtisadiyyatına çox sürətlə inteqrasiya etdiyi bir zamanda texnoparkların yaradılmasıdır.
Azərbaycan Respublikası Prezidentinin 05.11.2012-ci il tarixli 736 nömrəli Fərmanı ilə yaradılmış “Yüksək Texnologiyalar Parkı"nın əsas məqsədi İKT sektoru üzrə elm və istehsal sahələri arasında bir körpü yaratmaqdır.
Həmçinin, “Yüksək Texnologiyalar Parkı” innovasiyalı iqtisadiyyatın inkişafına, biliklərə əsaslanan iqtisadiyyatın qurulmasına, intellektual biznesin dəstəklənməsinə, iqtisadiyyatımızın və xüsusilə İKT sektorunun rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə, milli məhsulların dünya bazarlarında layiqli yer tutmasına, idxal olunan məhsulların yerli istehsal hesabına təmin olunması və ixracın təşviq edilməsinə, xarici investisiyaların cəlb edilməsinə, menecment bazasının yaradılmasına və insan resurslarının inkişafına öz töhfəsini verəcəkdir.
Hal-hazırda “YT Park"ın fəaliyyətinin təmin olunması istiqamətində işlər aparılır. “İKT ili"ndə, həmçinin qarşıdakı illərdə insan kapitalının yaradılması da diqqət mərkəzində olacaq ki, konsepsiyada nəzərdə tutulan istiqamətlərdən biri də məhz İT sahəsində kadrların hazırlanması ilə bağlı tədbirlərdən ibarətdir. Artıq bildiyiniz kimi, ölkə Prezidentinin sərəncamı ilə İnformasiya Texnologiyaları Universiteti yaradılıb və 2013/2014-cü tədris ilindən tələbə qəbuluna başlanacaq. Bu, İKT-nin gələcək inkişafı üçün çox mühüm bir qərardır.
Eyni zamanda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində də İKT ixtisasları üzrə kadr hazırlığının genişləndirilməsi nəzərdə tululur.
Ümumiyyətlə, hədəfimiz Azərbaycanın Ümumdaxili məhsulunu qarşıdan gələn 8 il ərzində 100 milyard manata çatdırmaqdır. Hesablamalara görə, məqsədə nail olmaq üçün bu illər ərzində ÜDM-in orta illik artım tempi təxminən 6-6,5 faiz ətrafında olmalıdır. İnformasiya-kommunikasiya texnologiyalarını aparıcı, prioritet sahə, həmçinin də ümumi inkişafa təsir edən müsbət bir amil kimi nəzərdən keçirərək, qarşımızda böyük məqsədlər var.
Nazirliyin bu istiqamətdə apardığı araşdırmalar göstərir ki, qarşıdakı 8 ildə İKT sektorunun həcmini təxminən 4.5-5.0 dəfə artırılmalıdır.
Üç nöqtə.-2013.-5
mart.-S.9.