“Azərbaycanda evlərə optika”

 

Bu model üzrə yaşayış məntəqələrinə yüksəksürətli internet xidmətlərini verən optik şəbəkənin qurulması nəzərdə tutulur

 

 Bu il Azərbaycanda “İKT ili” elan olunub. "Elm və texnologiyalar əsri” adlandırılan XXI əsrdə hər bir dövlət yüksək texnologiyaların qlobal iqtisadiyyatda tutduğu mövqenin əhəmiyyətini çox gözəl anlayır. Məhz bu mövqeyinə görə bu gün ən qlobal missiyalar, ən güclü layihələr texnologiyalara söykənilərək həyata keçirilir. Hazırda bu texnologiyaların nüfuz dairəsindən kənarda heç bir sahəni təsəvvürə belə gətirmək mümkün deyil.

Bu gün qlobal iqtisadi inkişafın gələcəyini müəyyənləşdirən texnologiyalar dünyanın ən aparıcı dövlətlərinin həyata keçirdikləri siyasətlərdə əsas xətti təşkil edir. Sürətlə yayılmaqda olan informasiya və kommunikasiya texnologiyaları və onların fonunda formalaşaraq yeni inkişaf vüsəti qazanan qloballaşma prosesləri ölkələrin sosial-iqtisadi həyatına birbaşa təsir göstərməkdədir.

Təsadüfi deyil ki, artıq dövlətlərin iqtisadi üstünlüyü də məhz texnologiyalara yiyələnmə, onları mənimsəmə gücünə əsaslanır. Bir sözlə, iqtisadi qüdrəti müəyyən edən meyarların, qazanılan makro və mikro iqtisadi göstəricilərin önündə bu gün məhz həmin ölkələrdə informasiya-kommunikasiya texnologiyalarının tutduğu yer və onun inkişafı dayanır.

Texnoloji proseslərin, innovasiyaların insanlara xidmət, korrupsiyaya qarşı mübarizə, şəffaflıq, yenilik baxımından müasir dünyamızın əsas tələbinə çevrildiyi belə bir mühitdə ölkəmiz də qlobal çağırışlardan kənarda qalmayıb. Bu reallıqları əsas tutaraq, Prezident İlham Əliyev 2013-cü ili Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edib.

Bununla bağlı verilən sərəncamla Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə 2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsinə dair “Tədbirlər Planı"nı hazırlayıb.

Sərəncamın icrasından dərhal sonra nazirlikdə bu istiqamətdə işlərə başlanılıb. Belə ki, sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə rabitə və informasiya texnologiyaları nazirinin əmri ilə yaradılmış İşçi Qrup artıq fəaliyyətdədir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, biznes sektoru və vətəndaş cəmiyyəti üzvlərinin daxil olduğu İşçi Qrupun ilk iclası keçirilib. Hazırlanan “Tədbirlər Planı"nda əks olunacaq tədbirlərin müəyyənləşdirilməsi zamanı dövlət və qeyri-dövlət qurumlarının, ictimai təşkilatların və vətəndaşların rəy və təkliflərinin nəzərə alınması əsas prinsip götürülüb. Artıq bununla bağlı təkliflərin verilməsi üçün bu sahədə çalışan müxtəlif qurumlara nazirlik tərəfindən məktubla müraciət olunub, vətəndaşlardan təkliflərin toplanılması üçün nazirlikdə “qaynar xətt” yaradılıb.

”İKT ili”ndə irimiqyaslı layihələrin həyata keçirilməsi nəzərdə tutulur.Bu gün RİTN ölkəmiz üçün strateji əhəmiyyəti olan böyük transmilli layihələrdə iştirakını, eləcə də mühüm layihələrin icrasını da davam etdirir. Ölkə rəhbəri tərəfindən İKT-nin prioritet sahə elan edilməsi “İKT sahəsində böyük layihələrin başlanğıc ili” adlandırılan 2013-cü ilin Azərbaycanın rabitə sahəsi, ümumilikdə respublikamız üçün əlamətdar hadisələrlə zəngin ilə çevriləcəyinə böyük ümidlər yaradır.

Məlum olduğu kimi, artıq fevralın 7-dən 8-nə keçən gecə Azərbaycan özünün ilk peykini fəzaya qaldırıldı. İlk peykimiz olan “Azərspace-1” Cənubi Amerikada yerləşən Fransanın Qviana Kosmik Mərkəzinin Kuru kosmodromundan “Ariane Space” fransız şirkətinin raket daşıyıcısı vasitəsilə qaldırılacaq və geostasionar orbitə çıxarıldı. Şərqi Avropa, Şimali Afrika, MDB, Mərkəzi Asiya, Şərqi Asiya ölkələrini əhatə edəcək peyk ölkəmizin bütün ərazisində internet və digər rabitə, televiziya yayımı üzrə xidmətlər təqdim edəcək.

Artıq ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) Azərbaycanın “Azərspace-1” birinci peyki haqqında məlumatın Amerika ictimaiyyətinə çatdırılması üzrə kampaniyaya da başlayıb. ABŞ-ın Azərbaycan icmasının üzvləri Amerikanın qanunvericilərinə və mediasına göndərdikləri məktublarda Birləşmiş Ştatlar ilə ölkəmiz arasında iqtisadi-ticari əlaqələr, o cümlədən qeyri-neft sektorunda əməkdaşlıq barədə məlumat verilir, qanunvericiləri qarşılıqlı faydalı münasibətlərin inkişafına dəstək verməyə çağırırlar.

“İKT ili” çərçivəsində həyata keçiriləcək digər bir mühüm layihə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondu tərəfindən hazırlanıb. Bu layihəyə görə, “Azərbaycanda evlərə optika” modeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli genişzolaqlı internet xidmətlərini verən optik şəbəkənin qurulması nəzərdə tutulur. 2013-cü ildə artıq bu layihəyə 103,6 mln manat vəsait ayrılıb. Layihə üç il müddətində həyata keçiriləcək və yüksək rentabellidir, 2014-cü ildən başlayaraq ümumi dəyərin 30-35 faizi reinvestisiya hesabına ödəniləcək. Əsas hədəf ucqar kəndlər də daxil olmaqla, ölkə ərazisini 10-100 mbs. arasında sürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını təxminən 85 faizə çatdırmaqdır ki, bu da bizə 2017-ci ildə inkişaf etmiş ölkələrlə bir səviyyədə olmağa imkan verəcək.

Peykin buraxılması kimi mühüm mərhələnin ardınca, RİTN fevral ayında ölkənin İT şirkətlərinin fəaliyyətinin genişləndirilməsinə və inkişafına yönələn daha bir tədbirin reallaşmasına başlayacaq və 2012-ci ilin 6-9 noyabrında İnternet İdarəçiliyi Forumu və “Bakutel” İKT həftəsi çərçivəsində Bakıda keçirilmiş ilk “Azərbaycan-ABŞ İKT forumu"ndan sonra RİTN daha bir ilkə imza atacaq. Belə ki, fevralın 27-28 tarixlərində birinci “Yaponiya - Azərbaycan İKT forumu” keçirildi. Bununla da ölkə daxilində RİTN-in xarici əlaqələrinin inkişaf etdirilməsi, o cümlədən ölkəmizdə rabitə və İKT sahəsində aparılan islahatların beynəlxalq aləmdə tanınması üçün aparılan əhəmiyyətli işlərin, keçirilən görüşlərin, eləcə də dünyanın müxtəlif ölkələri ilə İKT sahəsi üzrə imzalanan sənədlərin sırası daha da genişlənəcək.

İnformasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafı üzrə aparıcı dövlətlər sırasında olan ABŞ, Yaponiya kimi ölkələrlə tərəfdaşlıq, onlarla imzalanan İKT üzrə əməkdaşlığa dair memorandumlar Azərbaycana və qarşı tərəfə iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizdə İKT üzrə yeni inkişaf dövrünün də başlanacağını qoyur. Amma bu qarşılıqlı marağın ortaya çıxmasında ölkəmizin siyasi stabilliyi, son illərdə davamlı qazanılan və artmaqda olan iqtisadi göstəricilərlə bərabər, respublikamızda aparılan islahatların nəticələrinə beynəlxalq təşkilatların verdiyi qiymət də az rol oynamayıb. Belə ki, son illərdə Azərbaycanın İKT sahəsində nail olduğu inkişaf dinamikası müxtəlif beynəlxalq təşkilatların qiymətləndirmələrində yer alaraq, müsbət tendensiyalarla əks olunur. Bu gün Azərbaycan İKT-nin inkişaf göstəricilərinə görə inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qiymətləndirilir və son 5-7 ildə ən dinamik inkişaf edən 10 ölkə qrupuna daxildir. Eyni zamanda, son illərdə məqsədyönlü dövlət siyasəti nəticəsində ölkənin İKT sektoru hər üç ildə 2 dəfə artıb və son 8-10 ildə orta illik artım tempi 20-25% təşkil edib və bu artım tempi ümumdünya inkişaf tempini 2-3 dəfə qabaqlayır.

Təkcə yola saldığımız 2012-ci ilin göstəricilərinə nəzər salsaq, 2012-ci il ərzində ölkə üzrə Ümümdaxili Məhsulun (ÜDM) həcmi 54.0 milyard manat, ötən illə müqayisədə real artım tempi isə 2,2 faiz təşkil edib. İKT, poçt və informasiya sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı 1,9 faiz təşkil edib. İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən illə müqayisədə 17.3 faiz artaraq 1503.4 milyon manat təşkil edib. Ötən illə müqayisədə artım tempi İKT sektorunda 16.6 faiz, o cümlədən telekommunikasiya sektorunda 17.4 faiz, İT sektorunda 8.6 faiz, eyni zamanda, poçt sektorunda 18.2 faiz, informasiya sektorunda isə 50.1 faiz təşkil edib. 2012-ci ilin sonuna əhalinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 20 ədədə, internet istifadəçilərinin sayı 70-ə bərabər olub. Hazırda ölkədə hər 100 nəfərə düşən genişzolaqlı internet istifadəçilərinin sayı 50-yə bərabərdir.

Azərbaycan internet istifadəçilərinin sıxlığına görə MDB ölkələri arasında birinci yerdədir və dünya orta göstəricisini təqribən 2 dəfədən çox qabaqlayır. Əldə olunan nailiyyətlər beynəlxalq aləmin də diqqətindən yayınmayıb.

 

 

Üç nöqtə.-2013.-7 mart.-S.9.