Bu gün dünya iqtisadiyyatında İKT-nin rolu danılmazdır

 

Hazırda informasiya texnologiyaları iqtisadiyyatın idarəetmə, maliyyə və bank işlərində daha çox istifadə olunur

 

 Bəşəriyyət qloballaşdıqca, insanların baxışları və düşüncə tərzləri dəyişdikcə, elmi nailiyyətlər artdıqca, yeni-yeni informasiya-kommunikasiya texnologiya məhsulları ortaya çıxdıqca dünya iqtisadiyyatının tələbləri də dəyişikliyə məruz qalır. Əgər ötən əsrdə dünya iqtisadiyyatı daha çox neft, qaz, qızıl üzərində qurulurdusa, indi onun İKT üzərində formalaşdığı heç kimə sirr deyil.

Doğrudur, bu günneft idxalı və ixracı dünya iqtisadiyyatında çox önəmli yer tutur. Lakin təcrübə göstərir ki, o ölkələrin iqtisadiyyatı daha çox inkişaf edir ki, onlar təbii sərvətlərlə yanaşı, elm tutumlu məhsullar istehsal edir. Bu baxımdan hazırda dünya iqtisadiyyatında İKT-nin rolu danılmazdır.

İqtisadi inkişafda İKT-nın rolunun artırılmasında əsas istiqamətlərdən birikorporativ informasiya sistemlərinin yaradılması və onlardan istifadənin genişləndirilməsidir. Bu istiqamətdə daha yüksək nəticələrin əldə olunması ölkədə informasiya sistemlərinin tətbiqinin genişləndirilməsini tələb edir.

Hazırda demək olar ki, dünyanın əksər ölkələrində informasiya texnologiyaları və sistemləri iqtisadiyyatın idarəetmə, maliyyə və bank işlərində daha çox istifadə olunur. Sənaye məhsullarının istehsalında da İT-dən istifadə  günü-gündən artmaqdadır. Yalnız aqrar sahədə İT-nin  tətbiqi elə də yüksək səviyyədə deyil.

Amma son illərdə bəzi kənd təsərrüfatı məhsullarının, o cümlədən fasiləsiz olaraq tərəvəz bitkilərinin yeni üsullarla istehsalında, istehsal olunmuş məhsulların saxlanması və qablaşdırılmasında, yeni toxum və becərmə texnologiyalarının işlənib hazırlanmasında informasiya texnologiyalarının imkanlarından istifadə olunur.

İKT-nin iqtisadiyyatda tətbiqi hər bir yeni məsələdə olduğu kimi, özünəməxsus xüsusiyyətlərə malikdir. İlk baxışdan yeni texnologiyaların tətbiqi səmərəli, gəlir gətirən və ümumilikdə yüksək artım tempini təmin edən hesab edilə bilər. Müasir dövrdə İT-nininformasiya sistemlərinin tətbiqi və onların inkişafına yeni investisiyaların cəlb edilməsi bir çox problemlərlə əlaqədardır.

Belə ki, hazırda dünya ölkələri ildə informasiya texnologiyalarına 1 trilyon dollardan yuxarı vəsait xərcləyir. Məhz buna görə də bütün ölkələr üçün, ümumilikdə dünya iqtisadiyyatı üçün bu xərclərin hansı dərəcədə effektiv olması xüsusi əhəmiyyətə malikdir. Qeyd edək ki, bu, coğrafi mövqeyiinkişaf səviyyəsindən asılı olmayaraq bütün dövlətlər üçün mühüm əhəmiyyətə malikdir.

İnformasiya texnologiyalarına investisiya qoyuluşlarının effektivliyinin və onların iqtisadi inkişafda xüsusi əhəmiyyəti olan informasiya sistemlərinin inkişafında rolunun qiymətləndirilməsi məqsədilə hazırda müxtəlif yanaşmalar mövcuddur. Bu yanaşmalardan biri ölkənin, regionunya ayrılıqda götürülmüş müəssisənin mövcud vəziyyətinin nəzərə alınması ilə ayrı-ayrı göstəricilərə və aspektlərə görə qiymətləndirilməsi üsullarıdır.

Burada adətən, informasiya texnologiyalarının tətbiqi ilə maliyyə əmsallarının hesablanması və müqayisəli qiymətləndirilməsi həyata keçirilir. Lakin qeyd edək ki, bu cür yanaşma informasiya texnologiyalarının tətbiqinin nəticələrinin tam  qiymətləndirilməsinə imkan vermir. İkinci qrup yanaşmada ekspert üsullarından istifadəyə üstünlük verilir.

Bu üsuldan istifadə informasiya texnologiyalarının tətbiqi ilə əldə olunacaq gəlirlərin təqribi də olsa əvvəlcədən müəyyən olunması mümkündür.  İT-nin iqtisadiyyata tətbiqinin səmərəliliyinin qiymətləndirilməsi yalnız ilkin mərhələdə və prosesin müəyyən mərhələsində deyil, ümumilikdə hər bir mərhələdə aparılması daha məqsədəuyğundur. Məhz üsulların belə tətbiq forması sürətlə dəyişən, yeniləşən İT-nin düzgün istifadəsinə imkan verər.

Dünya ölkələrinin inkişafında İKT-nin rolunun əhəmiyyəti ildən-ilə dəyişir. Bunu İKT-nın tətbiq istiqamətlərinin dəyişməsi və yeniləşməsində də görmək olar. ABŞ-da İKT-nin  geniş tətbiq sahəsi hərbi sahə olmuşdur. Lakin illər keçdikcə mülki sahədə İKT-nin tətbiqi və onun inkişaf etdirilməsi üçün  büdcə xərcləri artırılıb və ümumi iqtisadi inkişafda yüksək nəticələrin əldə olunmasının təməli qoyulub.

2008-ci ildə aparılan araşdırmalara görə, 1998-2007-ci illərdə ABŞ-da İT-nin  inkişafına çəkilən ümumi büdcə xərcləri 39 mlrd. dollardan 65 mlrd. dollara qədər artırılıb. Lakin mülki sahədə İKT-nin inkişafına büdcə ayırmaları ilə hərbi sahəyə büdcə ayırmaları 1998-2000-ci illərdə eyni olsa da, sonrakı 2001-2007-ci illərdə mülki sahəyə ayrılan xərclər hərbi sahədən çox olub.

Büdcə xərclərinin bölgüsünün bu cür dəyişməsi mütəxəssislər tərəfindən ölkədə iqtisadi inkişafın İKT-dən asılılığının artması və müasir tələbatda bu sahənin aparıcı rolunun yüksəlməsi ilə izah edilir.

İKT-nin istehsalında aparıcı rola malik ölkələrdə bu inkişaf və təsir daha güclü hiss edilir. Digər ölkələr isə həmin texnologiya və məhsulları idxal etdiklərindən ölkənin iqtisadi inkişafında onların rolu aşağı səviyyədədir. Bu, hər şeydən əvvəl texnologiyaların istifadəsinin daha baha başa gəlməsi, beləliklə də xərclərin yüksəkliyi ilə izah edilir.

Ümumilikdə dünya İT bazarında İT xidmətləri daha çox üstünlüyə malikdir. İndi ölkədə İKT-nin inkişaf səviyyəsi əslində həmin ölkədə İT xidmətlərinin inkişaf səviyyəsi ilə müəyyən olunur. İnkişaf etmiş Yaponiya, Cənubi Koreya, Sinqapur kimi dövlətlərlə yanaşı, son illərdə Çin, Hindistan, bir çox ərəb ölkələri və digərlərində də İKT-nin inkişaf tempi yüksəkdir.

Bunun nəticəsində XXI əsrin əvvəllərindən başlayaraq yeni texnologiyaların tətbiqi, avadanlıqların istehsalı, güclü proqram vasitələri və məhsullarının istehsalında müvəffəqiyyət əldə olunub. Bunun nəticəsi olaraq son illərdə Asiya ölkələri proqram təminatı sahəsində ABŞ və Qərbi Avropa ölkələri ilə güclü rəqabət aparır.

Həmin ölkələrdə İKT sahəsində çalışan mütəxəssislərin və ixtisaslı kadrların sayı durmadan artır. Son illərdə Şərqi Avropa ölkələrində, eləcə də MDB məkanında olan ölkələrdə də informasiya texnologiyalarının avadanlıqlar istehsalı və proqram təminatı məhsullarının istehsalına xüsusi diqqət verilir.

Bütün sahələrdə İKT-nin geniş tətbiq edilməsinə və informasiya xidmətlərinin müasir tələblərə uyğun qurulmasına diqqət artırılır. İnkişaf etmiş dünya ölkələrinin təcrübələrindən yararlanaraq informasiya cəmiyyətinin tələbatlarının yerinə yetirilməsi, elektron dövlət və hökumət, elektron idarəetmə, elektron ticarət, təhsil və digər sahələrin ən müasir tələblərə uyğunlaşdırılması üçün qərarlar qəbul edilir, yeni sistem və fəaliyyət istiqamətləri müəyyənləşdirilir.

İKT-nin iqtisadiyyatda tətbiqi yeni iqtisadiyyatın yaranmasına, onun qloballaşmasına, təsiredici faktorların tərkibinin dəyişməsinə, iqtisadiyyatın inkişaf amillərinin daha müasir, geniş müstəvini əhatə etməsinə səbəb olmuşdur. Bugünkü iqtisadiyyat məhz İKT-nin təsiri və tətbiqi nəticəsində öz sələflərindən ən yaxşı xüsusiyyətləri götürərək yeni, informasiya əsaslı bazada inkişaf etməyə başlayıb.

İKT-nin tətbiqi müasir dünyanın inkişafında material faktorların rolunu dəyişir. Əgər ənənəvi cəmiyyətdə başlıca mövqe material dəyərlilərin istehsalı və bölüşdürülməsi, eləcə də bu proseslərlə əlaqədar münasibətlər idisə, yeni cəmiyyətdə birinci yerə informasiyanın yığılması emalı və ötürülməsi çıxır. 

Beləliklə, iqtisadi proseslərin material dəyərlilərə yönəlmiş istiqaməti, informasiyalaşmış inkişaf istiqamətinə yönəlir. Müasir dövrdə İKT-nin tətbiqi hər bir müəssisə rəhbərinin qarşısında vəsaitlərin istehsalın artırılmasına və ya informasiya sistemlərinin yaradılmasına qoyulması problemini meydana çıxarır. Çünki bu gün istənilən müəssisə bazarda öz yerini saxlamaq üçün effektiv işləyən informasiya sisteminə malik olmalıdır.

 

 

Üç nöqtə.-2013.-12 mart.-S.9.