Mobil
cihazların qeydiyyatına başlanacaq
Nazir Müavini: «Mayın 1-dək
istifadə olunan telefonlara «Amnistiya» veriləcək»
«Azərbaycanda Mobil Cihazların
Qeydiyyat Sistemi (MCQS) tərəfindən mobil cihazların
qeydiyyatına may ayının 1-dən başlanacaq». Bu barədə dünən Mobil Cihazların
Qeydiyyat Sisteminin işə salınmasına həsr olunan mətbuat
konfransında Rabitə və İnformasiya Texnologiyaları
nazirinin müavini İltimas Məmmədov bildirdi. Onun sözlərinə
görə, yeni sistem RİTN-in Məlumat Hesablama Mərkəzində
yaradılıb: «Artıq bu ilin martın 1-dən etibarən
Azərbaycanda istifadə olunan mobil cihazların IMEI nömrələri
barədə məlumatlar mobil operatorlar tərəfindən
gündəlik olaraq mərkəzi baza sisteminə təqdim
olunur. Məlumatlar tam toplandıqdan, onlar üzərində
müvafiq təhlillər aparıldıqdan və şəbəkə
bütünlüklə analiz edildikdən sonra MCQS tam
gücü ilə mayın 1-dən fəaliyyətə
başlayacaq».
Nazir
müavinin sözlərinə görə, qeydiyyat sistemi
istismara başladığı tarixədək şəbəkədə
istifadə edilən bütün mobil cihazların IMEI nömrələri
qeydiyyata alınmış hesab ediləcək və onların
şəbəkədə maneəsiz işləməsinə
heç bir problem yaradılmayacaq: «Ölkə vətəndaşları
mobil cihazlardan *#06# yığmaqla onun IMEI nömrəsini
öyrənə biləcək. Bundan başqa, yaradılacaq
xüsusi internet səhifəsi vasitəsilə abunəçilər
istifadə etdikləri mobil cihazların IMEI nömrələri
ilə orijinallığını müəyyənləşdirə
biləcək və əlavə məlumat ala biləcəklər.
MCQS istismara verildikdən sonra şəxsi istifadə məqsədilə
ölkə ərazisinə gətirilərək istifadə
olunan (yerli operatorların SIM kartları ilə) bütün
mobil cihazlar 30 gün ərzində sistemdə qeydiyyata
alınmalıdır».
Nazir
müavini xatırlatdı ki, müəyyən mənada bank
debit/kredit kartlarının bloklaşdırma prinsipinə
oxşar olan bu qeydiyyat sistemi vasitəsilə
oğurlanmış və itirilmiş mobil telefonlar
bloklaşdırılacaq və onların Azərbaycanda istifadəsi
mümkünsüz olacaq: «Bunun üçün telefon sahibinin
mobil rabitə operatorlarının müştəri xidmətləri
mərkəzlərinə və ya Mobil Cihazların Qeydiyyat Mərkəzinə
müraciət etməsi kifayət edəcək. Həmçinin,
oğurlanmış mobil telefonun IMEI kodu beynəlxalq «qara
siyahıya» salınaraq onun dünyanın bir çox ölkələrində
istifadəsinin qarşısı alınacaq».
Nazirlik
rəsmisi vurğuladı ki, artıq bir çox ölkələr
MCQS-in tətbiqinə üstünlük verir. ABŞ,
Türkiyə, Hindistan artıq bu sistemi tətbiq edib: «Avropa
Birliyi ölkələrində oğurluq telefonların mobil
rabitə şəbəkələrində istifadəsinin
qarşısının alınması üçün
xüsusi informasiya mübadiləsi sistemi istifadədədir. Məsələn,
bu sistemə 2001-ci ildən indiyədək Böyük
Britaniyada oğurlanan 710 min mobil telefon qeydiyyata alınıb.
Avropa Birliyi üzrə informasiya mübadiləsi sisteminin tətbiqindən
sonra regionda telefon oğurluqlarının sayı dəfələrlə
azalıb. Türkiyədə MCQS tətbiq edilənə qədər
3 il ərzində mobil telefonlarla bağlı 7 qətl hadisəsi,
31,2 min oğurluq faktı qeydiyyata alınıb. IMEI
kodların tətbiqindən sonra mobil telefonlarla bağlı
cinayətlərin sayı kəskin azalıb».
Yeniliyin
tədbiqinin məqsədi abunəçilərin mobil
cihazlardan rahatlıqla istifadə etməsinə şərait
yaradılmasından, texniki parametrləri standartlara uyğun
olmayan, keyfiyyət əmsalları aşağı olan və
insan orqanizminə zərərli elektromaqnit
şüalanmaları yayan mobil cihazların ölkəyə
idxalının qarşısının alınmasından, həmçinin
istehsalçı şirkətlərin tanınma dərəcəsinin
və rəqabət qabiliyyətinin yüksəlməsinin təmin
edilməsindən ibarətdir.
Küçələrdə
törədilən cinayətlərin əksəriyyətində
mobil cihazların ən qiymətli əşya olduğunu nəzərə
alaraq Rusiya da MCQS-in tətbiqini planlaşdırır.
Nazir
müavinin sözlərindən məlum oldu ki, mayın 1-dən
etibarən Azərbaycanda oğurluq mobil telefonlarından istifadə
etmək mümkün olmayacaq.
Onun
sözlərinə görə, yeni qeydiyyat sistemi işə
düşəndən sonra telefonu oğurlanan vətəndaşlar
4 rəqəmli telefona zəng edərək bu barədə məlumat
verəcəklər və bununla da oğurlanan telefona xidmət
dayandırılacaq. Bundan sonra, həmin telefondan istifadə etməyə
cəhd edilərsə, bu addım oğurluq etmiş şəxsin
ifşasına səbəb olacaq: «Aprelin 1-dən etibarən
sayt və sorğu mərkəzi işə başlayacaq. Həmin
tarixdən etibarən istənilən şəxs 1677 nömrəsinə
zəng etməklə öz telefonu və onun orijinal
olub-olmaması barədə məlumat ala biləcək».
Azərbaycanda
yeni qeydiyyat sisteminin tətbiqi ilə əlaqədar olaraq
mayın 1-dək istifadə olunan telefonlara «amnistiya» veriləcək.
Bunu bildirən İ.Məmmədov qeyd edir ki, mayın 1-dək
istifadə olunmuş telefonlar mənşəyindən
asılı olmayaraq leqal sayılacaq və bundan sonra da
problemsiz istifadə edilə bilər.
Nazir
müavini bununla əlaqədar olaraq məsləhət
görür ki, hazırda ölkə vətəndaşlarının
evində olan və istifadə edilməyən telefonlara sim kart
daxil edib bir neçə dəfə istifadə etsinlər ki,
bu telefonlar da qeydiyyat sistemində leqal telefon kimi qeydə
alınsın.
İ.Məmmədov
bildirdi ki, Azərbaycanda Mobil Cihazların Qeydiyyat Sistemi işə düşəndən
sonra bir müddət ərzində hətta
«klonlaşmış» telefonların da işinə icazə
veriləcək. «Klonlaşmış» telefon - məşhur
modellərin digər ölkələrdə
hazırlanmış orijinal olmayan nüsxələri
sayılır. «
Onun
sözlərinə görə, belə telefonlar yalnız
mayın 1-dək istifadə edildiyi mobil nömrə ilə
işləyə biləcək. İstifadəçi nömrəsini
dəyişəndə bu telefona xidmət dayandırılacaq:
«Səbəb odur ki, o telefonlar orijinal deyil». Nömrə dəyişməsə
isə telefonun istismar müddəti başa çatanadək
ondan istifadə etmək mümkün olacaq.
İ.Məmmədov
dedi ki, görülən tədbirlər nəticəsində
artıq bir neçə ildən sonra mağazalardakı
telefonların hamısı orijinal olacaq, çünki orijinal
olmayan telefonların istifadəsi qadağan ediləcək.
Qonşu ölkələrdən fərqli olaraq, Azərbaycanda
mobil telefonların qeydiyyat sisteminə daxil edilməsi pulsuz həyata
keçiriləcək.
Yeni
qaydalar təkcə mobil telefonlara deyil, eləcə də SIM
kart qəbul edə bilən bütün cihazlara, o cümlədən
planşetlərə də şamil ediləcək.
O
qeyd etdi ki, Nazirlər Kabinetinin təsdiqlədiyi «Mobil
cihazların qeydiyyatının aparılması Qaydası»na
görə, MCQS-də qeydə alınan mobil cihazlar qanuniliyinə
görə bir neçə kateqoriyaya bölünəcək.
Ağ siyahıya daxil olanlar qanuni qeydiyyata alınan və leqal
şəkildə istifadə edilən, qara siyahıya isə
oğurlanmış, ölkəyə qaçaq yolla gətirilmiş,
qeydiyyata alınmayan və araşdırma nəticəsində
sahibi bəlli olmayan və s. telefonlar daxil ediləcək.
Bundan başqa, başqa ölkələrdə
oğurlanmış mobil telefonlar da qara siyahıda olacaq. Nəticədə,
xaricdə oğurlanıb Azərbaycana gətirilən mobil
telefonlardan istifadə etmək mümkün olmayacaq. Boz
siyahıya isə ölkəyə may ayının 1-dən
sonra gətirilən və hələlik qeydiyyatdan keçməyən
telefonlar və ya uzun müddətdir ki, vətəndaşların
evində olan amma hələ istifadə olunmayan telefonlar daxil
ediləcək. Vətəndaşlar xüsusi müraciət məntəqələrinə
bu telefonlar barədə məlumat verməli və bu telefonun mənşəyi
araşdırılmalıdır. Əgər problem olmasa, bu
telefonlar da ağ siyahıya daxil ediləcək və
onların istifadəsinə imkan veriləcək. Vətəndaş
belə telefonunu 1 ay müddətinə qeydiyyata aldırmasa,
bir ayın tamamında həmin telefon qara siyahıya daxil ediləcək.
Üç nöqtə.-2013.-16
mart.-S.9.