“Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı başa çatır

 

Mənsum İbrahimov: “Bu gün festival çərçivəsində keçirlən müsabiqənin qalibləri elan olunacaq”

 

 Martın 9-dan etibarən Azərbaycanda “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı keçirilir. Əvvəlki illərdən fərqli olaraq, bu il festival çərçivəsində bir çox eniliklər oldu. Bu gün isə festivalın bağlanış mərasimi keçiriləcək və festival çərçivəsində muğam və instrumental ifaçılar arsında keçirilən beynəlxalq müsabiqənin nəticələri elan olunacaq. Bu barədə “Üç nöqtə”yə məlumat verən xalq artisti Mənsum İbrahimov festivalı Azərbaycan muğamının bayramı adlandırdı: “Builki festival ötən iki festivaldan bir çox özəlliklərinə görə fərqləndi. Bölgələrimizdə konsertlər keçirildi. Uşaqdan böyüyə qədər bütün respublika hiss elədi ki, Azərbaycanda muğam festivalı keçirildi. Müsabiqəyə bu il yeni ölkələr qatıldı, onlar bizim musiqimizlə tanış oldular. Biz də onların musiqlərini dinlədik. Festival çərçivəsində muğam mərkəzində ustad və şagirdlərin konsertləri oldu. Mən də öz tələbəm Təyyar Bayramovla çıxış elədim. Bu çərçivədən “Leyli və Məcnun” film-operasının təqdimatı keçirildi. Möhtəşəm bir tədbir oldu. Bölgə əhalisi üçün rayonlarımızda keçirilən konsertlər bayram ərəfəsində başqa bir bayram oldu. Mən özüm Lənkəranda çıxış elədim. Orda dedilər ki, biz iki gün öncədən sizin çıxışlarınızı dinləməya hazırlaşmışıq. Bu gün festival çərçivəsində keçirilən müsabiqənin qalibləri elan olunacaq. Kimin yer tutmasının məncə fərqi yoxdu. Əsas odur ki, xalq onların ifaları ilə tanış oldu. İfaçılar təbii ki yer tutmaq uğrunda çalışırlar, amma nəticədə Azərbaycan musiqisi, muğamı qazanacaq. Bu işdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın misilsiz əməyi var”. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Səadət Təhmirazqızı bu festivalın son dövrlər mədəniyyətimizə və muğam sənətinin inkişafına göstərilən diqqətdən biri olduğunu dedi: “Bu il Muğam festivalı 3-cü dəfədir ki, keçirilir. Beynəlxalq səviyyədə keçirilən bu festivala dünyanın müxtəlif ölkələrindən musiqiçilər gəlir. İldən-ilə festival əhatə dairəsini genişləndirir. Bu festival ustadlardan şagirdlərə ötürülən Azərbaycan muğamlarının əbədiyaşarlığı yolunda atılan addımlardandı. Hər kəs festival çərçivəsində keçirilən konsertlərə böyük maraqla baxır. Beynəlxalq Muğam Mərkəzində keçirilən konsertlərdə fikir verdim ki, bizim vətəndaşlarımız xarici ölkələrin musiqilərini necə maraqla dinləyirlər. Bu ən gözəl təbliğat növüdür ki, azərbaycanlı tamaşaçı digər xalqın musiqisini belə maraqla dinləyir. Bu tək dinləmək deyil. Musiqini dinləyərkən hər bir insan özü üçün bir fikir əxz edir, öyrənir. Bəlkə də heç insanlar evdə bu musiqini dinləmir. Amma festival daxilində xoş əhval-ruhiyyə aşılanır ki, tamaşaçılar gəlsinlər və konsert salonunda dinləsinlər. Bu il keçirilən müsabiqəni əvvəlkilərdən fərqləndirən ən önəmli cəhətlərindən biri də instrumental ifaçılıq sahəsinə bu festivalda ayrılan diqqət idi. Muğam vokal, instrumental və vokal-instrumental formada oxunur. İnşallah növbəti illərdə bu festivala başqa ənənələr, yeni ideyalar əlavə olunar. Builki festival göstərdi ki, Azərbaycan muğamı musiqinin müxtəlif növlərində öz təcəssümünü tapır”.

 

 

Aygün Asimqızı

 

Üç nöqtə.-2013.-19 mart.-S.13.