Vətəndaşların elektron sağlamlıq kartı

 

   Səhiyyədə müasir standartlara uyğun informasiya sistemi qurulur

 

 Azərbaycanda “Elektron  hökumət” quruculuğu istiqamətində işlər intensivləşdikcə müxtəlif dövlət qurumları tərəfindən əhaliyə təklif olunan elektron xidmətlərin çeşidi də artır. Dövlət strukturları haqqında müvafiq məlumatların açıq şəbəkədə yerləşdirilməsi ilə artıq hər bir vətəndaş istənilən nazirlik, komitə, mənzil-təsərrüfat idarəsi, səhiyyə, təhsil müəssisələri və s. qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara elə elektron rabitə vasitəsilə müraciət edə bilər. Hazırda bu sahədə aparılan işlərdən biri də Səhiyyə Nazirliyi tərəfindən tətbiq olunan “Vətəndaşların elektron sağlamlıq kartı” (VESKS) - elektron informasiya sistemidir.

VESKS-nin tətbiqi müvafiq elektron registrlərin hazırlanması vasitəsilə vətəndaşların sağlamlığı vəziyyətinə nəzarət sisteminin təkmilləşdirilməsini və operativ şəkildə şəxslərin sağlamlığı barədə məlumat bankının yaradılmasını təmin edir. Belə ki, yeni texnologiyaların tətbiqinə qədər hər bir şəxs haqqında tibbi məlumatlar tibb müəssisələrində kağız üzərində və pərakəndə şəkildə aparılırdı. Amma Səhiyyə Nazirliyi tərəfindən tətbiq olunan sağlamlıq kartı sistemi şəxsi, tibbi və sığorta məlumatlarını özündə cəmləşdirən elektron informasiya sisteminin mövcud olmasına imkan verir.

Sağlamlıq Kartı sisteminə daxil edilən məlumatlar Səhiyyə Nazirliyinin İnformasiya Mərkəzində cəmləşdirilir. Sağlamlıq kartı sistemində olan məlumatlar (xəstəlik tarixi, müayinə, müalicə, cari istifadə edilən dərman preparatları, peyvəndlər, gələcəkdə tibbi sığorta və s.) kart sahibinə operativ və dəqiq müayinə olunmaq imkanı yaradır. Elektron informasiya sistemi ilkin mərhələdə uşaq kontingentinə xidmət edən tibb müəssisələrini əhatə edir. Buraya respublikada fəaliyyət göstərən bütün doğum evləri və şöbələri, uşaq poliklinikaları, eləcə də xəstəxanaları aiddir. Sistemin iştirakçısı olan doğum evlərində və ya xəstəxanaların doğum şöbələrində yeni doğulmuşların ilkin qeydiyyatı aparılaraq, məlumatlar sistemə daxil edilir.

Həmin məlumatlar yeni doğulmuşun qeydiyyatda olması nəzərdə tutulan uşaq poliklinikasına göndərilir. Əgər doğuş hər hansı səbəbdən doğum evindən kənarda baş veribsə, körpənin qeydiyyatı müvafiq uşaq poliklinikası tərəfindən həyata keçirilir”.

Daha sonra poliklinika həm doğum evləri, həm də özü tərəfindən qeydiyyata alınmış hər bir yeni doğulmuş uşaq üçün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə elektron sifariş göndərir. Kart personalizasiya mərkəzində hazırlanan kartlar poliklinikalar vasitəsilə uşaqların qanuni nümayəndələrinə təhvil verilir. Mikroprosessorlu çiplə təchiz edilmiş plastik elektron kartlarının üzərində və çipdə yerləşdirilən məlumatlar kart sahibinə daha keyfiyyətli, effektiv və sürətli müayinə və müalicə olunmaq imkanı verir. Yeni doğulmuşlarla yanaşı, uşaq poliklinikalarında qeydiyyatda olan digər uşaq kontingentiinformasiya sisteminə daxil edilir.

Sadəcə, bu mərhələdə onlara kart verilməsə də,  bütün məlumatları sistemə daxil edilir. Bu da həkimlərə həmin uşaqların tam dolğun tibb məlumatlarını operativ əldə etməkdə kömək edir. Məlumatların sistemdə və kartda tamdolğun olması məqsədilə vətəndaşlar uşaq tibb müəssisələrinə hər bir müraciət zamanı kartlarını təqdim etməlidir.

Vahid bazada toplanan məlumatları sistemə qoşulan istənilən tibb müəssisəsi operativ şəkildə əldə edə bilər. Bundan başqa, artıq istifadəyə hazır “Elektron səhiyyə” internet portalı vasitəsilə Elektron Sağlamlıq Kartı sistemində qeydiyyata alınan və unikal kodu mövcud olan vətəndaşlar özü barədə sistemdə yer alan bütün məlumatları internet üzərindən əldə edə bilər. Kod kartın üzərində qeyd olunur.

Yenidoğulmuş uşaqların plastik kartlarla təchiz olunması da davam etdirilir. Kartın üstündə unikal kod, uşağın qan qrupu, kartların çipində isə sistemdə olan informasiyalar - uşağa göstərilən tibbi xidmətlər, keçirdiyi xəstəliklər və s. ilə bağlı bütün məlumatlar yerləşdirilir. Uşaqlara Elektron Sağlamlıq Kartı 2007-ci ilin sonlarından başlayaraq verilir. Hazırda təxminən 500 mindən çox uşağa bu kartdan verilib.

Hazırda 18 yaşından yuxarı yaş qrupları ilə bağlı işlər aparılır. Amma bu proses ümumilikdə deyil, yalnız müəyyən xəstəliklər üzrə insanları əhatə edir. Müvafiq dövlət proqramlarına uyğun olaraq, əsas və xroniki xəstəlikləri olan əhalinin registrləri tutulur. Buraya şəkərli diabet, vərəm, talassemiya, xroniki böyrək çatışmazlığı və s. kimi xəstəliklər daxildir.

Bu xəstələrin elektron registri hazırlanır və onlar  da informasiya bazasına qeydiyyata salınır. Onlardan bir qisminə, xüsusən Bakıda qeydiyyata düşən şəkərli diabet xəstələrinə elektron sağlamlıq kartları verilib. Amma plastik kartlar bu sistemin bir hissəsidir. Yəni plastik kartlarsız da digər xəstələr  qeydiyyata düşürlər.

Onların məlumatları bazaya toplanır və istənilən yerdə istənilən zaman həmin vətəndaşların məlumatlarını da əldə etmək olur. Bu xəstəliklər üzrə tutulan elektron registrdə xəstələrin sayı, nazologiyaları, diaqnozları, onlara verilən dərmanlar, edilən müalicə və s. kimi məlumatlar yer alıb. Hazırda hemofiliya, talassemiya, şəkərli diabet üzrə registrlər işləyir. Bu ilin sonuna qədər digər xəstəliklər üzrə hazırlanan registrlərin hazırlanmasının başa çatacağı gözlənilir.

Bununla da yaşlı qruplarla bağlı məlumatlar hissə-hissə informasiya sistemində əhatə olunur. Respublikanın bütün əhalisinin tam elektron sistemlə əhatə olunmasına gəlincə, bununla bağlı planlar da nəzərdə tutulur. Hələlik məsələ ilə bağlı müzakirələr aparılır. Yəqin ki, növbəti addım kimi bu işlərə başlanılacaq.

Kartda olan informasiyalar xəstəxanaların qeydiyyat şöbələrində, laboratoriyalarda oxunmaqla yanaşı, yaxın gələcəkdə təcili tibbi yardım maşınlarında, apteklərdə və s. kompyuterlərə qoşulmuş xüsusi qurğular vasitəsilə də oxuna və dəyişdirilə biləcək. Kartların sayı artdıqca onların tibbi yardım maşınlarında da istifadə olunması nəzərdən keçirilir.

Nəzərdə tutulur ki, tibbi yardım maşınlarında təchiz edilmiş elektron oxuyucularla elektron kartların oxunması mümkün olsun. Məqsəd internet olmayan yerdə, kompyuterin şəbəkəyə qoşulmadığı zaman, bazadan məlumatların oxunmasının mümkün olmadığı şəraitdə kartların üzərindəki çiplər vasitəsilə onların oxunmasıdır. Hər hansı fövqəladə hallar zamanı, vətəndaşın özü barədə və ya valideynin uşaqla bağlı məlumat verə bilmədiyi hallarda kart onun köməyinə çatacaq.

Kartı tibb maşınlarında quraşdırılmış oxuyucuya salaraq, bütün lazımi məlumatları anında  əldə etmək mümkün olacaq. Bu da xəstəyə qısa zamanda operativ diaqnoz qoyulmasına, müalicə-müayinə təyin edilməsinə, vaxtında yardım edilməsinə imkan verəcək. Kartın üstündəki şifrə ilə elektron portala daxil olandan sonra sistemdə yerləşdirilən bütün informasiyaları əldə etmək də mümkündür.

Hazırda sistemin inkişafı, eləcə də digər qurumlarda, xüsusən Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyində fəaliyyət göstərən informasiya sistemləri ilə inteqrasiyası istiqamətində də işlər davam etdirilir. İlk addım kimi doğum evləri bu sistemə qoşulur.

Hər doğulan uşaq barədə mütləq məlumat qeydiyyata salınır və mərkəzi bazaya göndərilir. Mərkəzi bazada da yenidoğulmuşların vahid registri tutulur. Həmin registrdə mütəmadi olaraq yenilənmiş məlumatlar Ədliyyə Nazirliyinə göndərilir. Həmin nazirlikdə hər doğulan uşaq barədə məlumat əldə edilir. Bunun da xüsusi əhəmiyyəti var.

Belə ki, əgər Ədliyyə Nazirliyində uşaqlara şəhadətnamələrin verilməsində çətinliklər olurdusa, məsələn, valideynlər şəhadətnaməni almağa gəlmirdisə, bundan sonra bu problem aradan qalxacaq. İndi onlara 1 ay ərzində vaxt qoyulub. Hazırda uşaq anadan olan kimi sistemə qeydiyyata düşən an onunla bağlı məlumatlar Ədliyyə Nazirliyinin bazasına daxil olur. Buradan da şəhadətnamələrin vaxtında alınması üçün valideynlərlə əlaqə saxlanılır.

 

 

Üç nöqtə.-2013.-28 mart.-S.9.