Rauf Hacıyevin
yaradıcılığı özünəməxsus cəhətləri
ilə seçilib
Səadət Təhmirazqızı:
“Onun adı Azərbaycan musiqi
mədəniyyəti tarixində hörmət və ehtiramla çəkilir”
Azərbaycan musiqisi
sahəsində gördüyü işlərə
görə unudulmayan şəxsiyyətlərdən
biri də bəstəkar Rauf
Hacıyevdir. "Sevgilim",
"Mənim Azərbaycanım", "Lirik
mahnı", "Bahar gəlir",
"Sevimli şəhər" kimi mahnıların müəllifi olan bəstəkarın bu
gün doğum günüdü. Sənətkarın doğum günündə “Üç
nöqtə”yə danışan sənətşünaslıq
üzrə fəlsəfə doktoru, musiqişünas Səadət Təhmirazqızı
Rauf Hacıyevin həyat və
yaradıcılığından danışdı: “Azərbaycan
bəstəkarlıq məktəbi zəngin tarixi
bir yol keçib.
Bu tarixi yolda xidməti olan sənətkarlardan
biri də məhz Rauf
Hacıyevdi. O erkən yaşlarından incəsənət
mühitində böyüyüb. Həsən
bəy Zərdabi onun anası Nanə
xanımın əmisi olub. Nanə
xanım da çox vaxt Zərdab rayonunda olduğundan Həsən bəy Zərdabinin
qızı Qəribsoltan xanım balaca Raufun tərbiyəsi ilə ciddi
məşğul olub. Qəribsoltan
xanım o dövrdə əməkdar
müəllim adını almış ilk
xanımlardan idi. Onun
evində başda Üzeyir
Hacıbəyli, Səməd Vurğun olmaqla həmişə incəsənət
xadimləri olub. Qəribsoltan xanım erkən
yaşlarından Raufun istedadını görür və onu
musiqiyə istiqamətləndirməyə
çalışır. Atası Soltan
Hacıyev də bu istedadı öz övladında duyur.
Raufun
atası Qurban Pirimovdan
tar dərsi almışdı. Yəqin ki, Rauf Hacıyev də milli musiqi
intonasiyalarını da erkən
yaşlarından eşidirdi. 7
yaşında onu musiqi
məktəbinin fortepiano
sinfinə qoyurlar. İlk
müəllimi də Azərbaycanın məşhur pianoçusu Şövkət Səfərəliyeva
olub. Elə musiqi
məktəbində təhsil aldığı ilk
illərdə Rauf Hacıyev xırda instrumental pyeslər yazmağa
başlayır. Bu pyesləri görəndən sonra
Qəribsoltan xanım Raufu Üzeyir
bəyin yanına aparır və həmin əsərləri Üzeyir bəyə göstərir. 1938-ci ildə
musiqi texnikumunun Nəzəriyyə-bəstəkarlıq
fakültəsinə
daxil olur. Üzeyir bəyin nəzarəti ilə Rauf bəy bir neçə
mahnı da bəstələyir. Bu sıradan "Samur",
"Mingəçevir", "Gənclik
marşı"nı qeyd edə bilərəm.
R.Hacıyev 1941-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına
daxil olur. O dövrlər
böyük vətən müharibəsi
illərinə təsadüf etdiyindən ordu
sıralarında olur və təhsili
yarımçıq qalır. 1948-ci ildə o
yenidən konservatoriyaya daxil
olur və Qara Qarayevin sinfində təhsil alır. Q.Qarayevin Rauf Hacıyevin
yaradıcılığına böyük
təsiri olub”. Səadət xanım deyir ki, R.Hacıyevin
yaradıcılığı özünəməxsus cəhətləri
ilə seçilir: “Elə janrlar var ki,
R.Hacıyev özünü məhz həmin
janrlara həsr edir. Operetta musiqisi məhz bu qəbildəndi.
“Kuba məhəbbətim mənim”, “Qafqaz əsiri”, “Yol
ayrıcında”, “Ana mən evlənəcəyəm”
və digər operettaların adını çəkə bilərik.
Bu da Rauf
Hacıyevin səhnə musiqisinə olan
marağından irəli gəlir. Bu
marağın da başlanğıcı onun dram tamaşalarına
yazdığı musiqi ilə
başlayır. Belə ki, Səməd Vurğun adına Rus Dram, Gənc Tamaşaçılar, Kukla teatrlarında onun tamaşalara musiqiləri var
idi. Həmin tendensiyanı davam
etdirən bəstəkar operetta sahəsində
də qələmini sınayır və bu
gün də adı tarixdə qalan operettalar yaranır”.
Səadət Təhmirazqızı Rauf
Hacıyevin tək Azərbaycan musiqisinin təkmilləşməsinə
xidmət etmədiyini deyir: “O 1971-ci ildən
xarici ölkədə işləmək üçün Əlcazairə təhkim olunur. Onun səhnəyə
olan marağı Əlcəzairdə də
dram teatrının açılmasına
gətirib çıxarır. O Əlcəzairdə də ilk səhnə musiqisinin özülünü qoyan
bəstəkar olur. Dram
teatrı üçün ilk
baletini yazır. “Üç
inqilab” adlanan bu balet Əlcəzairdə
bəhs edən hadisələri özündə əks elətdirir. Bundan
sonra “Alov” və “Üçüncü hürriyyət” baletlərini yazır. Məhz
bu əsərlər Əlcəzairdə tamaşaya qoyulub”. R.Hacıyevin Azərbaycan Dövlət
Filarmoniyasında direktor vəzifəsində
və Azərbaycan respublikasında mədəniyyət naziri vəzifəsində çalışdığını
deyən musiqişünas bildirdi
ki, bütün bu vəzifələri daşıyarkən o Azərbaycanın milli və
professional musiqimizin
inkişafına xüsusi diqqət yetirib: “R.Hacıyevin adı Azərbaycan musiqi mədəniyyəti tarixində də
hörmət və ehtiramla çəkilir.
Bir musiqişünas kimi bunu təəssüflə qeyd
etmək istəyirəm. R.Hacıyevin musiqi
tariximiz üçün
bir neçə dəyərli
operettaları var. Bu
operettaların bir qismi
sovet dövründə
yazıldığından əksəriyyəti rus dilindədi. Amma orda çox
gözəl musiqi elementləri var ki, həm peşəkar
bəstəkar yaradıcılığının məhsuludu,
həm də həmin əsərlərə qulaq
asanda sırf Azərbaycan bəstəkarının
musiqisi olduğu duyulur. Çox yaxşı
olardı ki, həmin operettalar
bu gün tərcümə olunaraq Azərbaycan teatrının
səhnəsində tamaşaya
qoyulardı. Mən elə bilirəm ki, buna imkan var
və bu gün bunu etmək də mümkündü.
Çünki bu gün Azərbaycan musiqisinin inkişafı
belə bir ənənəni həyata
keçirməyə imkan verər. Mənə
elə gəlir ki, bəstəkar ruhuna da ən
yaxşı töhfə də bu olar”.
Üç
nöqtə.- 2013.- 15 may.- S. 13.