İnformasiya təhlükəsizliyinə təhdidlər
təhlükəli amilə çevrilib
Ona qarşı mübarizə
aparmaq üçün
bütün dünya birliyinin fəal səylərini birləşdirmək
zəruridir
BMT-nin VII İnternet İdarəçilik Forumunun Azərbaycanda təşkili heç də təsadüfi olmadı. Çünki informasiya-kommunikasiya
texnologiyaları Azərbaycan iqtisadiyyatının sürətlə
inkişaf edən və ən perspektivli seqmentidir. Bu səbəbdən də yeni
texnologiyaların, o cümlədən
İKT sferasının inkişafı Azərbaycanı fərqləndirən
cəhətlərdən biridir və bizim uğurlu gələcəyimizi
təmin edəcəkdir. Bu, həm biznes, həm zəka, intellekt
sahəsidir. Eyni zamanda,
innovasiya və şəffaflığa təkan
verən, xidmət göstərən bir
sahədir. Təsadüfi deyildir ki, 2013-cü il Azərbaycanda
“İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilib.
Aydındır ki, bunlarla
yanaşı informasiya təhlükəsizliyinə
diqqəti artırmaq lazımdır. Dünyada
baş verən hadisələr də bunu önə çəkir. Baş
vermiş hadisələrin qiymətləndirilməsində
ikili standartlar nümayiş etdirilməsi də informasiya təhlükəsizliyinindən
qaynaqlanır. Bu hadisələrə təkan
verən sosial şəbəkələr olub. Məsələn, bəzi hallarda deyirlər ki, internet azadlığından söhbət gedir, bu
azadlığın məhdudlaşdırılması söz azadlığının məhdudlaşdırılması
deməkdir, başqa hallarda
isə dözümsüzlük göstərərək
“sıfır tolerantlıq” prinsipini əsas
götürənlər söz
azadlığından dəm vuranlar tərəfindən
heç bir tənqidə
məruz qalmırlar. Təbii ki, kompyuter texnologiyaları özlüyündə
prinsip etibarilə nə siyasəti, nə
də beynəlxalq münasibətlər sistemini
transformasiya etmir. Bununla bərabər,
aşkardır ki, beynəlxalq informasiya təhlükəsizliyini, ilk növbədə informasiya
texnologiyalarından düşmənçilik məqsədilə
istifadə edilməsi təhlükəsinin azaldılması
hesabına möhkəmlətmədən milli
və qlobal təhlükəsizliyin səmərəli
təmin edilməsi mümkün deyildir. Lakin təəssüf ki,
informasiyanın qəsdən təhrif edilməsi,
yanlış informasiya verilməsi, məlumatların
saxtalaşdırılması, müasir informasiya texnologiyalarından müxtəlif
cinayətlər, məqsədyönlü qanunsuz
əməllər törədilməsi üçün,
o cümlədən terror
məqsədi ilə istifadə edilməsi bu gün adi
hala çevrilir. Universal səviyyədə
informasiya məkanında fərdin təhlükəsizliyinin
və azadlığının mənafeləri arasında
tarazlığa, habelə qlobal informasiya mübadiləsinin
iştirakçılarının hüquq
və vəzifələrinin tarazlığına əsaslanan informasiya təhlükəsizliyinin vahid standartlarının və
meyarlarının müəyyən edilməsi zəruridir.
Təbii ki, vəzifələrdən
söhbət gedəndə, ilk növbədə,
beynəlxalq münasibətlər sisteminin
ənənəvi aktorlarını – milli
dövlətləri yada salmaq
lazımdır. Qeyd etmək
lazımdır ki, hər bir
müasir dövlət kimi
Azərbaycan da informasiya-telekommunikasiya
texnologiyalarının inkişafına böyük
diqqət yetirir. Bu sahə
ölkənin sosial-iqtisadi
inkişafının prioritet istiqaməti elan edilmişdir. Biz informasiya təhlükəsizliyi məsələlərində
Avropa Şurası, Avropa
Komissiyası, NATO, Beynəlxalq Elektrik
Rabitəsi İttifaqı və digər beynəlxalq təşkilatlarla
fəal qarşılıqlı əlaqə saxlayırıq.
2008-ci ildə Azərbaycan Avropa
Şurasının “Kibernetik cinayətkarlıq
haqqında Konvensiya”sını imzalayıb. Beynəlxalq Elektrik Rabitəsi
İttifaqının tövsiyəsi ilə ölkəmiz
2010-cu ildən Beynəlxalq Elektrik Rabitəsi
İttifaqının üzvü olan 192 ölkədən 136-sını birləşdirən
beynəlxalq çoxtərəfli tərəfdaşlıq (İnternational Multilateral Partnership against Cyberthreats – İMPACT). çərçivəsində
əməkdaşlıq edir. Azərbaycan
həm də “Şərq tərəfdaşlığı – Avropa Şurası mexanizmi”
proqramı çərçivəsində Şərqi Avropada həyata keçirilən kibernetik cinayətkarlığa qarşı
mübarizə sahəsində əməkdaşlıq layihəsində
iştirak edir. Bu layihənin
həyata keçirilməsi gedişində Avropa
və beynəlxalq normativ vasitələrindən
və praktikadan istifadə edilməklə
kibercinayətkarlığa qarşı mübarizə sahəsində
əməkdaşlığın səmərəli həyata
keçirilməsi üçün
potensialın möhkəmlənməsi üzrə məsələlər
həll edilir. Hamıya məlumdur ki, haker hücumları qərəzli
xarakter daşıyır və hər gün dünyanın bütün
ölkələrində baş verir. Azərbaycan da informasiya təhlükəsizliyinə təhdidlərlə
üzləşir. Bu baxımdan qeyd edə bilərik
ki, son bir
ildə ölkəmizin dövlət orqanlarının və
digər müəssisələrinin kompyuter
sistemlərinə haker
hücumlarının sayı artmışdır. İnformasiya təhlükələrinin təşviş
əhval-ruhiyyəsinin yayılması, dövlətin ərazi
bütövlüyü haqqında
informasiyanın təhrif edilməsi, terrorçu
və separatçı radikal-dini fəaliyyətə
təhrikçilik kimi formalarını da xatırlatmalıyıq. Təəssüf ki, Azərbaycan aşkar informasiya təhrikçiliyi nümunələri
ilə çox tez-tez
üzləşir. Bu hallarda
kibernetik məkanda separatçı fəaliyyətə
açıq çağırışlar müşahidə olunur, dövlətin ərazi bütövlüyü
şübhə altına qoyulur. Vurğulamağa dəyər ki,
bu cür hərəkətlər
çox vaxt qonşu Ermənistanın informasiya
strukturları tərəfindən törədilir. Ermənistan ilə Azərbaycan arasında
münaqişənin mahiyyəti haqqında yalan
məlumatlar yayan informasiya
resurslarının yaradılması, ərazilərin adları
dəyişdirilmiş saxta xəritələr
hazırlanması, bu məqsədlər üçün Azərbaycana aid
domen adlarından istifadə edilməsi
ölkəmizə qarşı haker
hücumlarının müxtəlif növləri hesab edilə bilər. Son bir neçə ildə İran
İslam Respublikası tərəfindən
Azərbaycanın efir məkanının
məqsədyönlü şəkildə pozulmasının davam etməsini də xatırlatmalıyıq.
Bədnam “Səhər 1” beynəlxalq kanalı əsasən Azərbaycandakı
hədəf auditoriyasına ünvanlanmışdır və bu kanal ölkəmiz
haqqında daim bilərəkdən yalan və saxta informasiya yayır. Bu vəziyyət
Beynəlxalq Elektrik Rabitəsi
İttifaqının “Radiorabitə reqlamenti”nin 23-cü maddəsinin birbaşa
pozulması deməkdir. Həmin maddədə konkret olaraq müəyyən
edilmişdir ki,
radioyayım stansiyalarının gücü
milli radio xidməti tərəfindən
həmin ölkənin sərhədləri daxilində
yayımın yaxşı keyfiyyətinin qənaətlə və
səmərəli təmin edilməsi üçün
zəruri kəmiyyətdən yuxarı
olmamalıdır. Təbii ki,
Azərbaycan öz efir
məkanının informasiya təhlükəsizliyinin
müdafiəsini təmin etmək üçün
texniki və texnoloji tədbirlər
görür. İranın rəsmi şəxsləri
bu problemin mövcud olmasını çoxsaylı ikitərəfli,
o cümlədən müvafiq
qurumlar səviyyəsində
görüşlərdə etiraf edirlər,
lakin vəziyyət dəyişmir. Qeyd etmək lazımdır ki,
başqa ölkələr də buna oxşar çətinliklərlə
üzləşirlər. Bununla əlaqədar
efir məkanının oxşar
pozulması hallarının tənzimlənməsi üçün real
mexanizmləri birlikdə axtarmaq
lazımdır. Bu gün
informasiya təhlükəsizliyinə təhdidlər
təhlükəli amilə çevrilmişdir.
Ona
qarşı mübarizə aparmaq üçün bütün
dünya birliyinin fəal
səylərini birləşdirmək, habelə müasir təhdidlərin aradan
qaldırılması və qarşısının
alınması probleminə əsaslı yeni
strateji yanaşmanın formalaşması
zəruridir. İnformasiyanın artmaqda olan əhəmiyyəti
qarşılıqlı informasiya təsiri
proseslərinin tənzimlənməsinin təmin olunması üçün dövlətin fəal
müdaxiləsini tələb edir. Biz unutmamalıyıq ki, informasiya texnologiyalarının inkişafı
artıq bu gün cəmiyyətin
həyatının demək olar bütün sahələrində
genişmiqyaslı mənfi nəticələr doğurur.
Son olaraq qeyd etmək istərdim
ki, qlobal informasiya əsrində informasiya
döyüş meydanı sürətli
nüvə silahlanması ilə müqayisədə qat-qat artıq dərəcədə xaotik ola bilər, çünki bu
döyüşdə çoxsaylı xırda
iştirakçılar və qeyri-dövlət
oyunçuları vardır. Onların ciddi
təhlükə yaratması üçün
cəmi bir kompyuter və
ya qlobal şəbəkəyə
qoşulmuş adi mobil telefon kifayətdir. Mövcud təhlükələr müasir dövrün bu cür
çağırışlarına ən yaxın müddətdə
münasibət bildirməyin zəruriliyini şərtləndirir.
Ardı var
Üç nöqtə.-2013.-2
may.-S.9.