“Çəkdiyim əziyyətlərin bəhrəsini
görürəm”
Lalə Məmmədova: “Qadın
xoşbəxtdirsə, bu mütləq onun zahirinə nüfuz edəcək”
Şou-biznesdə olan
müğənnilərin çoxu bu aləmin qayda-qanunları ilə
yaşayır. Amma şou-biznesin
içində öz qanunları ilə
yaşayıb, fəaliyyət göstərən müğənnilərimiz
də var. Bu müğənnilərdən biri
də əməkdar artist Lalə Məmmədovadı.
Ötən il əlçatmaz
arzularından olan “Leyli
və Məcnun”da Leyli rolunu canlandırmaq qismət
olan müğənnimiz bu
dəfə “Şənbə qonağı” rubrikamızda
suallarımızı cavablandırdı. Müğənni
onu da bildirdi
ki, yaxın zamanlarda Opera və Balet
Teatrının səhnəsində “Aşıq Qərib”
operasında Şahsənəm obrazını canlandıracaq.
Lalə Məmmədovanın bu və digər
mövzularda fikirlər söylədiyi
müsahibəsini sizlərə təqdim edirik.
- Sizi həm
şou-biznesə daxil olan,
həm də müəyyən cəhətlərinə
görə, şou-biznesdən kənar olan
müğənni kimi təqdim edə bilərik?
- Bəli. Başqa sözlə desək,
yazılmamış qanunlar mühitində
öz qanunları ilə yaşayan
birisi də adlandıra bilərsiniz.
- Bu günkü Lalə Məmmədova olmaq üçün illər
sizdən nəyi aldı, nələri verdi?
- İllərin mənə çox şey verdiyini deyə bilərəm,
nəinki aldı. Ümumiyyətlə, insan
həyatda əldə etdiklərinə görə hər zaman minnətdar olmalıdı. Əks halda nankor insan
sayılar. Şükürlər olsun ki, bu gün
etdiyim heç nəyə
görə heyfslənmirəm, heç nəyin
peşmançılığını
çəkmirəm. Düzdür, gəncliyimdə
yaşıdlarım asudə vaxtlarını əyləncələrə
sərf etdiyi vaxt mən
studiyalarda ac-susuz musiqi ilə məşğul olmuşam.
Ancaq çəkdiyim o
əziyyətlərimin bəhrəsini bu gün görürəm. Bax
bu məni sevindirir.
- Müğənni hər zaman yenilik etməlidir
deyirlər. Müğənninin etməli olduğu
yeniliklər hansılardı?
- Bu fikirlə mən də razılaşıram
ki, müğənni yenilik
etməlidi. Sənətçi hər hansı bir
yeniliyi etmək üçün
ilk növbədə təcrübə və
informasiya toplamalıdı ki,
görəcəyi iş hər kəsin zövqünü oxşasın. Amma bu kimdənsə ideya oğurluğu
anlamına gəlməməlidi.
- Bəs dəyişiklik müğənnidə
hansı formada olmalıdı?
- Müğənni
bir janrda oxuyursa, bu o
demək deyil ki, digər
janrları bir kənara qoyub
dinləməməlidi. Məsələn mahnı janrında oxuyan müğənni digər janrları - muğam, caz, pop, rok, klassik
musiqiləri də dinləməlidi. Ən azı məlumatlı
olmaq üçün
bunlar vacibdi. Yenilik sənətçinin oxuduğu lirik
mahnıları daha dinamik
mahnılara dəyişməsi, xalq
mahnıları üslubunda oxuyan sənətçinin caz
üslubunda özünü
sınaması ola bilər. Amma bu yenilik
özünü doğrultduqdan
sonra geniş auditoriyaya təqdim oluna
bilər. Oxuduğu janrda
yenilik etdikdən, yeni-yeni
nəfəs gətirdikdən sonra xarici görkəminə də buna
uyğun olaraq əl gəzdirməlidir.
Təəssüf ki, sənətçilər çox
vaxt xarici görkəmdə
dəyişiklik edirlər, bununla da yenilik bitir.
- İnsanlar
hansısa bir şeyə adət etdikdən
sonra artıq adiləşir. Amma deyəsən səhnə həyəcanı
və məsuliyyəti getdikcə artır ki
azalmır?
- Düzdür, səhnə həyəcanına
nə vaxtsa adiləşir deyə bilmərəm.
İfasının məsuliyyətini dərk edən sənət
adamının həyəcanı səhnədə neçə
il olmasına baxmayaraq
heç zaman
azalmır.
- Bir il öncə “Leyli və
Məcnun”da Leyli obrazını
canlandırdız. Bu rolu
ifa etməyi bir
çoxları arzulayırlar. Bu rol Lalə Məmmədova üçün
də arzu idi?
- Leyli rolunu
canlandırmağım mənim ən əlçatmaz arzum idi. Hələ də
bu arzuma
çatdığıma inanmağım gəlmir.
- Rolu
canlandırmamışdan öncə və sonra
yaşadığınız hisslər arasında hansı fərqlər
oldu?
- Düzgün qeyd etdiniz. Leylinin nakam sevgisini, Məcnunun ilahi eşqini, onların həyəcanını,
o dövrün cəhalətinə
qarşı üsyanlarını yaşadıqdan sonra gördüyünüz
Lalə hazırdakı yaşından 10-15 il
artıq böyüdü.
- Lalə Məmmədova müğənni
olaraq nələri etməkdən çəkinib?
- Valideynlərimin,
ailəmin və vətənimin adına ləkə gətirməkdən
hər zaman çəkinmişəm. Və
bir də tamaşaçı rəğbətini
və hörmətini itirməkdən.
- Bu gün Türkiyə şou-biznesinə
qatılmaqda bir çox
ifaçılarımız maraqlıdı. Sizin
buna münasibətinizi öyrənmək
istəyərdim?
- Münasibətim
yaxşıdı. Əlbəttə ki, bizim hansısa sənətçimiz mədəniyyətimizi
qardaş ölkədə layiqincə təmsil
etsə, bu tək o sənətçinin
deyil, bütün Azərbaycanın
uğurudu. Ona görə
də mən Türkiyə şou-biznesinə qatılan həmkarlarıma
uğurlar arzulayıram.
- Özünüz
necə gələcəyinə Türkiyədən təklif
gəlsə razılaşarsız?
- Qabaqcadan heç nə deyə
bilmərəm. Təklif gəldikdən sonra
bu haqda danışmaq
olar. Amma vətənimdə
görəcəyim işlərdə daha
maraqlıyam.
- Təbii ki,
yaxşı görülən bütün
işlər ölkəmizin adınadı. Hansı müğənnilərimizin
gördüyü işlərlə qürur duyduğunuzu deyə
bilərsiz?
- Əgər çağdaş Azərbaycan musiqisindən
söhbət gedirsə, istedadlı vokalist
Samir Cəfərovun adını çəkə
bilərəm. Bundan sonrakı fəaliyyətində
də ona uğurlar
arzulayıram.
- Duetlər barədə də fikrinizi öyrənmək istəyərdim. Çox vaxt səhnədə
öz sözünü
demiş müğənnilər gənclərə
dəstək olmaq məqsədi ilə onlarla duet oxuyurlar.
Sizə səhnədə yeni addım atan gənc
ifaçıdan duet ifa
etmək təklif gəlsə razılaşarsız?
- Əgər həmin
ifaçıda istedad, səs və ruh yaxınlığı varsa,
niyə də olmasın. Böyük məmnuniyyətlə,
oxuyaram. Gənclərə hər zaman dəstək olmuşam.
- Bir dəfə
demişdiz ki, iki qadının sevgidən duet
oxumasını qəbul etmirsiz. Bəs
hansı formada olan
duetləri qəbul edirsiz?
- Təəssüf
hissi ilə deyə bilərəm ki, bir vaxtlar
dediyim bu sözlərin
məqsədi hamıya tam mənada bəlli
olmadı. Bu da yerli şou-biznes
nümayəndələrinin bəzilərinin
savadsızlığından irəli gəldi. Duet - iki
insanın ifası, duet oxuyan
cütlüyün bir-birinə olan hisslərini ifadə etməlidi. Əlbəttə
ki, burda kişi və qadın duetindən söhbət
gedir. Əgər iki
qadın duet oxuyursa,
düşünürəm ki, burda mövzu fərqli
olmalıdı. Məsələn dünya şöhrətli Vitney Houstonla Meray Careyin duetini yadımıza salaq. Onların oxuduğu duetin mövzusu insanları Allah
sevgisinə yaxın olmağa, ümidlərini
itirməməyə, bəşəriyyəti
sülhə çağırış
idi. Çox gözəl də
alınmışdı. Bəs bizim qadın ifaçılarımız çıxıb
nə oxuyurlar? Duetlərin mövzusuna diqqət yetirsək daha yaxşı olar. Hər iki qadın sevgidən, giley-güzardan,
yaxud da kimisə gözlədiklərindən
bəhs edir. Bəlli deyil bu qadınlar bir-birini sevib oxuyurlar, yoxsa bölə bilmədikləri
bir kişi
haqqında. Məshur
“O olmasın bu olsun” komediyasında bir kəlam var: “Qızın iki adaxlısı var”. Yəqin ki, bu kəlamı əksinə
“2 qızın bir adaxlısı var” desək daha yerinə düşər.
- Hər
bir məşhur xanımın gözəllik
sirləri olur. Lalə Məmmədovanın elə
bir sirri varmı?
- Düzünü desəm, heç kimin bilmədiyi, gizli saxladığım bir gözəllik sirrim yoxdu. Ancaq bir
fikrimdə çox israrlıyam ki, qadın xoşbəxtdirsə,
bu mütləq onun zahirinə nüfuz edəcək.
- Bu günə qədər heç yerdə demədiyiniz elə bir şey varmı
ki, onu indi
oxucularımızla bölüşəsiz?
- Sənətimlə bağlı yeniliklərimi
tamaşaçılarla hər
zaman bölüşmüşəm.
Əgər bu vaxtadək
demədiyim nə isə varsa, qoyun bundan sonra
da bu bir
sirr olaraq qalsın.
- Lalə Məmmədovanı
bir daha tamaşaçılar Leyli
olaraq nə vaxt görəcəklər?
- Tamaşaçılar
məni bir daha Leyli olaraq
görməmişdən öncə
bu yaxınlarda Opera və Balet
Teatrının səhnəsində “Aşıq
Qərib” operasında
Şahsənəm kimi
görə biləcəklər.
Sonra əlbəttə ki, qismət olsa yenə “Leyli” kimi də görüşünüzə
gələcəm.
- Artıq
bir neçə gündən sonra ölkəmiz İsveçin
Malmö şəhərində
keçiriləcək “Eurovision 2013”-də iştirak edəcək. Bu ilki
təmsilçimiz haqda
nə deyə bilərsiniz?
- Mən Fərid Məmmədovu “Bülbüllər” qrupundan
tanımışam. Düzdü, şəxsən tanışlığım
yoxdu. Amma ifasını dinlədim
və bəyəndim.
Müsabiqədə ifa edəcəyi
mahnı da çox gözəl seçilib. Uğurlar azru
edirəm. İnşallah ölkəmizə qələbə ilə dönər.
- Ümumiyyətlə,
“Eurovision” müsabiqəsi haqda
nə deyə bilərsiz?
- Ölkəmiz bu müsabiqədə təmsil olunduğu üçün əhəmiyyəti
böyükdü. Azərbaycan bu
müsabiqədə hər
zaman layiqincə təmsil olunub. Eldar Qasımovla Nigar Camalın “Eurovision 2011”də qalib
də gəlməsi məni çox sevindirdi. Ötən
il isə
müsabiqənin ölkəmizdə
keçirilməsi hər
bir Azərbaycanlı üçün sevindirici
hal oldu. Hərtərəfli Azərbaycan
bu müsabiqəyə
layiqincə ev
sahibliyi etdi. Düzdü, “Eurovision” bir
az siyasətləşdirilmiş
müsabiqədi. Amma ölkəmiz
bu müsabiqədə
layiqincə təmsil olunsa, hər birimizi sevindirər. Bir daha Fəridə uğur arzu edirəm.
Aygün Asimqızı
Üç
nöqtə.-2013.-4 may.-S.13.