Əzim Əzimzadə - Azərbaycan rəssamlıq məktəbinin fenomeni

 

Ziyadxan Əliyev: “Azərbaycan rəssamlığının şanlı səhifələrini təşkil eləyən rəssamların əksəriyyəti Əzimzadənin tələbəsi olub

 

 Bu gün xalq rəssamı, Azərbaycan karikatura sənətinin banisi Əzim Əzimzadənin doğum günüdü. Çəkdiyi "İt boğuşdurma", "Kişi arvadını döyür", "Varlı evində toy", "Su üstündə dava", "Köhnə bakılılar” kimi əsərlərində müxtəlif sosial təbəqələrə məxsus tiplərin üzünü açaraq qadın hüquqsuzluğuna, ədalətsizliyə qarşı çıxış edən rəssamın o dövrdə cəmiyyətdəki sosial ədalətsizlikləri özündə daha qabarıq əks etdirən "Köhnə Bakı tipləri" və "100 tip" əsəri xüsusilə təqdirəlayiqdir. Rəssamın həyat və yaradıcılığı haqdaÜç nöqtə”yə danışan sənətşünas Ziyadxan Əliyev dedi ki, Əzim Əzimzadə Azərbaycan rəssamlığında bir fenomen kimi qəbul olunur: “Azərbaycan rəssamlığının klassiklərindən sayılan Əzim Əzimzadə 1880-ci ildə Bakının Novxanı kəndində anadan olub. Onun fenomenliyini şərtləndirən başlıca səbəb rəssamlıq sahəsində professional təhsil almamasıdı. Yəni hələ gənclik illərində Bakı milyonçularından birinin idarəsində çalışan Əzimzadə həmin o milyonçunun evini bəzəyən rus rəssamının əl işini görüronda rəssamlığa olan maraq güclənir. Və o ağasından onu rəssamlıq təhsili almağa göndərməsini istəyir. Ancaq milyonçu onun bu təklifinə etirazını bildirib deyib ki, bizə mühəndis lazımdı, rəssam deyil. Bununla da gənc Əzimin professional təhsil arzusu ürəyində qalıb. Ancaq buna baxmayaraq, 1906-cı ildən nəşrə başlayanMolla Nəsrəddin” jurnalı bir növ onun içindəki yanğını alovlandırır və jurnalın ilk nömrələrindən birinə özünün çəkdiyi bir rəsmini göndərir. Bundan sona o davamlı olaraq, Tiflisdə nəşr olunanMolla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq eləyir və qısa müddətdə özünü bu sahənin kamil sənətkarı kimi göstərməyə nail olur. Dahi rəssamımız 1943-cü ildə mayın 15-də Bakıda vəfat edib. Ölümünə səbəb olan amillərdən biri də nəvəsinin müharibədə dünyasını dəyişməsi olub”. Ziyadxan Əliyev Əzimzadə yaradıcılığının məhsuldar və zəngin olduğunu deyir: “Azərbaycan tarixini, adət-ənənəsini dərindən bilən Əzim Əzimzadə bütün bu sahələrə münasibətini bildirib. Əzimzadə Azərbaycan gerçəkliyində olan təzadları göstərməyə meylli bir rəssam olub. Ona görə də o həmişə əsərlərində ikili yanaşması ilə öz fikrini ifadə edirdi. “Kasıb evində ramazan bayramı” və “Varlı evində orucluq bayramı” kimi əsərləri eyni mövzuya müxtəlif yanaşma göstərir. Rəssamın kifayət qədər Azərbaycan tarixi, adət-ənənələrimizlə bağlı əsərləri çoxdu. Və rəssam ən məhsuldar fəaliyyətini bəlkə də ikinci dünya savaşı dövründə göstərib. O vaxtları Bakı ön cəbhəyə təkcə nefti ilə deyil, rəssamları ilə də köməklik göstərirdi. Döyüşçüləri qələbəyə ruhlayan rəsmlər, karikaturalar çəkirdilər. Əzimzadə Azərbaycanda xalq rəssamı adına layiq görülən ilk sənətkarlardandı. Rəssam bütün bu fəaliyyətləri nəticəsində həm də Azərbaycan gənc rəssamlarının yetişməsində böyük fəaliyyət göstərib. Və Azərbaycan rəssamlarının həm Bakıda, həm də Bakıdan kənarda təhsil almasında mühüm rol oynayıb. Azərbaycan rəssamlığının şanlı səhifələrini təşkil eləyən rəssamların əksəriyyəti Əzimzadənin tələbəsi olub, onun  tövsiyələrini eşidib”. Ə.Əzimzadənin əsərləri demək olar ki, dünyanın bir çox ölkələrində göstərilib. Hətta Moskvada təşkil olunan “Azərbaycan Rəssamları müharibə illərində” adlı sərgidə də əsərlərin bir çoxu Əzimzadənin əsərləri olub. Bakıda Əzimzadənin yaşadığı evində muzeyi açılmışdı. Bakıda aparılan son quruculuq işləri nəticəsində həmin bina da sökülməyə məzur qaldı və həmin yerdə müasir bina tikilməkdədi. Deyilənə görə, həmin binanın birinci mərtəbəsində muzey üçünyer ayrılacaq. Bakı Rəssamlıq Texnikumu, eləcə də Bakı küçələrindən biri onun adını daşıyır. Yaşadığı evin yaxınlığındakı bağda büstü qoyulub”. Qeyd edək ki, Ə.Əzimzadə satirik şair M.Ə.Sabirin "Hophopnamə"sinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası sənətinin də əsasını qoyub. Onun teatrlara çəkdiyi geyim eskizləri və dekorasiyalar Azərbaycan rəssamlığının bu sahədəki inkişafına xüsusi təkan verib. Əsərləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilən rəssamın ilk fərdi sərgisi 1940-cı ildə təşkil olunub. Bakıda keçirilən birinci sərgidə tamaşaçılar rəssamın 1200-dən çox əsərinə tamaşa edə biliblər. 1920-1943-cü illərdə Ə.Əzimzadə Azərbaycan Rəssamlıq Texnikumunda müəllim, 1932-1937-ci illərdə isə direktor olub.

 

 

Aygün Asimqızı

 

Üç nöqtə.-2013.-7 may.-S.13.