İKT sahəsində Azərbaycan böyük uğurlar əldə
edib
Bu, innovasiya
və şəffaflığa təkan verən, xidmət
göstərən bir sahədir
İstənilən cəmiyyətdə
davamlı sosial-iqtisadi inkişafa
və yeniləşməyə yalnız çoxmülkiyyətli
iqtisadiyyat, azad rəqabət,
dünya iqtisadiyyatına inteqrasiya
və liberal qiymətlər şəraitində
nail olmaq mümkündür. Azərbaycan
Respublikası da 1991-ci ildə dövlət
müstəqilliyini bərpa etdikdən sonra
iqtisadi sahədə öz
suveren hüquqlarını gerçəkləşdirməyə
və müstəqil siyasət aparmağa
başladı. Bu siyasətin tərkib hissələrindən
biri də rabitə və informasiya
texnologiyalarının inkişaf etdirilməsi
idi. Müasir rabitə və informasiya
texnologiyaları, ölkənin hərtərəfli
inkişafı, əhalinin intellektinin
yüksəldilməsi, həmçinin dünyada
baş verən inteqrasiya
proseslərinə daha aktiv
cəlb olunması istiqamətində respublikamızın
qarşısında yeni imkanlar
açdı. Qısa müddət ərzində bu istiqamətdə bir çox işlər görüldü və mühüm
addımlar atıldı. Ümummilli lider Heydər Əliyevin 2003-cü ildə təsdiq
etdiyi “Azərbaycan Respublikasının
inkişafı naminə informasiya-kommunikasiya
texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” bu
istiqamətin ölkəmiz üçün
vacibliyini və əhəmiyyətini vurğulayan ilk rəsmi sənəd
oldu. Qloballaşma dövrünün
reallıqları nəzərə alınaraq çevik
və təkmil idarəetməni təmin edəcək “elektron hökumət”in yaradılması da sənəddə vacib məsələlərdən
biri kimi önə
çəkildi, İnformasiya-kommunikasiya
texnologiyalarının dövlət orqanlarında istifadəsinin
səmərəliliyinin artırılması, əhalinin
bu orqanlarla əlaqələrində
ünsiyyətinin asanlaşdırılması və bürokratik əngəllərin aradan qaldırılması, ölkədə
yaradılan müxtəlif təyinatlı informasiya
sistemlərinin qarşılıqlı uzlaşmasının əsasını
qoydu. Son
10 ildə bu
siyasəti uğurla davam
etdirən Prezident İlham
Əliyev hələ 2003-cü ilin
dekabrında Cenevrədə İKT üzrə keçirilən
ümumdünya sammitində
çıxış edərkən dedi ki, Azərbaycanda neftdən sonra
prioritet sahə məhz informasiya
və kommunikasiya texnologiyaları
olmalıdır. O, “Qara qızılın insan
qızılına” çevrilməsinin vaxtının
çatdığını bildirdi: “...Bizim gənc nəslimiz bilikli,
dünyada gedən proseslərə bələd
olmalıdır, izləməlidir. Ən qabaqcıl texnologiyalar Azərbaycana gəlməlidir. Bir sözlə, ölkənin inkişafı məhz
bu istiqamətdə davam
etməlidir. Dünyada uğur
qazanmış, inkişaf etmiş
ölkələrin təcrübəsinə baxsaq,
görərik ki, o
inkişafın, tərəqqinin əsas səbəbləri təbii
ehtiyatlar deyildir. Məhz
bilik, məhz savad, yeni texnologiyalar - bütün bunlar ölkəyə
uğur, rifah gətirir,
inkişaf, müasirlik
gətirir”. Bundan başqa, respublikada
rabitə və informasiya texnologiyaları
sahəsinin inkişafının sürətləndirilməsi,
bu sahə üzrə normativ-hüquqi
bazanın təkmilləşdirilərək Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə
uyğunlaşdırılması, telekommunikasiya
və poçt xidmətləri bazarının daha da
liberallaşdırılması və özəl sektorun inkişafına diqqət
artırıldı. 2004-cü ildə «Elektron
imza və elektron sənəd
haqqında» Azərbaycan Respublikasının Qanunu
qəbul edildi və o
ölkədə elektron sənəd
dövriyyəsinin yaradılmasına və elektron
imza tətbiq edilən yeni proseslərin,
o cümlədən yeni
iqtisadi fəaliyyət sahələrinin
inkişafına şərait yaratdı. 2005-ci ildə qəbul
edilmiş «Telekommunikasiya
haqqında» Qanun isə ölkədə telekommunikasiya fəaliyyətinin hüquqi, iqtisadi, təşkilati
əsaslarını müəyyənləşdirdi və telekommunikasiya resurslarının məqsədyönlü
planlaşdırılmasına və ədalətli
istifadə olunmasının tənzimlənməsini təmin etdi. Azərbaycan Prezidenti İlham Əliyevin “Xüsusi
iqtisadi zonaların yaradılması
haqqında” 2007-ci il 6 mart
tarixli fərmanı da
ölkədə İKT sektorunun
inkişafına münbit zəmin
yaradıb. Bu fərmanda müəyyən edilən məqsədlərin
reallaşdırılması ölkədə texnoparkların,
texnopolislərin, innovasiya mərkəzlərinin
yaradılmasına, alim və mütəxəssislərin
elmi-texniki potensialından daha
səmərəli istifadə etməyə, rəqabətədavamlı,
elmtutumlu məhsulların istehsalına, nəticə
etibarilə, informasiya cəmiyyətinin əsasını
təşkil edən biliklər iqtisadiyyatının
formalaşmasına imkan yaratdı. Bir çox beynəlxalq təşkilatlar
bu sahədə Azərbaycanla əməkdaşlığa
hazır olduqlarını bildiriblər. Bundan əlavə, 2008-ci il iyunun 10-da təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı” Azərbaycan Respublikasında müasir
informasiya və kommunikasiya
texnologiyalarının geniş tətbiqi yolu ilə vahid ümummilli təhsil mühitinin
yaradılması və əhalinin bütün
təbəqələri üçün
keyfiyyətli təhsil almaq
imkanlarının təmin edilməsi məqsədinə xidmət
etmişdir. Ümumiyyətlə, Milli Strategiyanın həyata keçirilməsi
məqsədilə qəbul edilmiş
dövlət proqramlarına uyğun olaraq sahə üzrə normativ-hüquqi
baza inkişaf etdirildi, telekommunikasiya infrastrukturu yeni
texnologiyaların tətbiqi ilə yenidən
qurulub və genişləndirildi, sahəyə
cəlb olunan investisiyaların həcmi
artdı və yeni iş
yerləri açıldı. Görülən işlər korrupsiyaya qarşı mübarizə sahəsində
də önəmli oldu. Çünki
elektron xidmətlər dövlət
qurumlarının vətəndaşlarla təmasını
azaltmaqla onların fəaliyyətində
şəffaflığın artmasına yardım etdi. «Burada qeyd
olunduğu kimi,
İKT sahəsində Azərbaycan, doğrudan
da, son illər ərzində
böyük uğurlar
əldə edibdir. Bu,
həm biznes, həm zəka, intellekt sahəsidir. Eyni zamanda, innovasiya və
şəffaflığa təkan verən, xidmət göstərən
bir sahədir. Biz bu imkanlardan daha da geniş
şəkildə istifadə etməliyik. Elektron
xidmətlərin sayı artmalıdır və bu sahədə görülən işlər davam etdiriləcəkdir. İctimai
nəzarət daha da güclü şəkildə təşkil
edilməlidir. Şəffaflıq maksimum dərəcədə
təmin edilməlidir. Yenə də deyirəm, cəza tədbirləri,
inzibati tədbirlər, institusional
sistem xarakterli tədbirlər
əminəm ki, gələcəkdə də
korrupsiyaya qarşı mübarizədə
bizə kömək edəcəkdir. Keçən ilin sonunda biz
bu sahədə, yəni bütün
bu vacib sahələri
ehtiva edən yeni qurumun yaradılmasına nail
ola bilmişik. “Asan xidmət” artıq öz
fəaliyyətinə başlayır və bu
xidmətdə məhz dediyim amillər cəmləşir
- həm innovasiya, insanlara
xidmət, korrupsiyaya qarşı
mübarizə, şəffaflıq, yenilik,
müasirlik. Məhz ölkəmiz bu istiqamətdə inkişaf
etməlidir. Buna nail olmaq üçün, əlbəttə,
biz kadr
potensialının hazırlanmasına bundan
sonra da çox ciddi fikir verməliyik», Azərbaycan Prezidenti
İlham Əliyev deyib.
Bakıda «Azərbaycanda elektron hökumət
üçün təlim mərkəzinin
yaradılması» layihəsi üzrə Koreya
Xarici İşlər Nazirliyi
ilə Azərbaycan Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi arasında 3,5 milyon dollar dəyərində
qrant razılaşması imzalanıb. Nazirlikdən verilən məlumata görə,layihə
çərçivəsində Bakı şəhərində
və Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir,
Bərdə, Lənkəran, Qazax, Zaqatala, İmişli, Qəbələ,
Göyçay, Şirvan,
Şamaxı, Quba, Şəki daxil olmaqla 15 bölgədə
təlim mərkəzi yaradılacaq. İmzalanma
mərasimində çıxış edən rabitə
və informasiya texnologiyaları naziri Əli Abbasov qeyd edib ki,
Azərbaycanda elektron hökumət üçün təlim mərkəzinin
yaradılması dövlət qulluqçularına İKT-nin tətbiqi sahəsində yeni praktik bilik
və bacarıqların əldə edilməsinə imkan yaradacaq: «Mərkəz dövlət idarəçiliyində
və respublikanın ictimai həyatının
digər sahələrində e-hökumət ideyalarının
tətbiqinə, informasiya cəmiyyətinin
inkişafına, elektron biliklərin ümumi səviyyəsinin yüksəldilməsinə,
elektron xidmətlərin artmasına xidmət
edəcək».
Üç
nöqtə.- 2013.- 9 may.- S. 9.