Peyk rabitəsi yerüstü
şəbəkənin yüklənməsinin
qarşısını alır
Telekommunikasiya peyki “Elektron hökumət”in
üstün keyfiyyətlə təşkilin,
əlavə dəstək verəcəkdir
İlk telekommunikasiya peykinin orbitə
çıxarılması Azərbaycanın parlaq
gələcəyini təmin edəcək. İKT
sahəsinin inkişafı istiqamətində atılan əhəmiyyətli
bir addım kimi qiymətləndirilməlidir.
2013-cü ilin fevral
ayının 8-də Azərbaycanın müstəqillik tarixinin ən əlamətdar və tarixi hadisələrindən birinin,
Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki –
“Azerspace-1”-in uğurla
orbitə çıxarılmasının şahidi olmuşuq. Bu hadisə
Azərbaycanın parlaq gələcəyini
təmin edəcək informasiya-kommunikasiya
texnologiyaları sahəsinin inkişafı istiqamətində
atılan əhəmiyyətli bir addım
kimi qiymətləndirilməlidir. Çünki artıq hamıya məlumdur ki, dövlətin inkişafına, onun vətəndaşlarının yüksək
rifah halına yalnız yüksək
texnologiyaların tətbiqi ilə nail olmaq mümkündür. Bu məqsədlə, son
dövrlərdə İKT sahəsi ölkədə prioritet sahə elan edilmiş, bir çox iri layihələrin
həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Həyata keçirilən siyasətin məntiqi nəticəsi
olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
2013-cü ili “İKT ili”
elan etmişdir.
Yüksək texnologiyaların tətbiqi istiqamətində kosmik sənayenin yaradılması mühüm bir məqsəd
kimi qarşıya qoyulmuşdur
ki, artıq addım-addım bu məqsəd həyata keçirilir.
Qeyd edək
ki, bu gün
telekommunikasiya peykinin uğurla orbitə çıxarılması 5
il ərzində aparılan işlərin son nəticəsidir. 2008-ci ildə Prezident İlham Əliyevin
“Azərbaycanda kosmik sənayenin
yaradılması və telekommunikasiya peyklərinin
orbitə çıxarılması” haqqında Sərəncamı
ilə başlayan, 2009-cu ildə ölkədə
“Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və
inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq
edilməsi ilə davam etdirilən işlər,
dünyanın 10-dan çox inkişaf etmiş ölkəsi
ilə beynəlxalq əməkdaşlıq nəticəsində,
eyni zamanda yerli kadrların hazırlanması və aktiv iştirakı sayəsində mümkün olmuşdur. Bu isə o deməkdir ki, Azərbaycan artıq bir
kosmos ölkəsidir, başqa
sözlə desək, kosmik klubun üzvüdür. Bu mənada, peykin orbitə
çıxarılması yaratdığı texniki
imkanlarla yanaşı, həm də Azərbaycanın
beynəlxalq nüfuzunun artmasına da səbəb olmuşdur.
Kosmik sənayenin
yaradılması və telekommunikasiya peyklərinin,
digər çoxməqsədli peyklərin orbitə
çıxarılması ilk növbədə,
informasiya mübadiləsinin xarici ölkələrdən
asılılığının aradan
qaldırılması və informasiya təhlükəsizliyinin
təmin edilməsində, eyni zamanda ölkədə yeni
iqtisadi sahələr üzrə mövcud insan
ehtiyatları və intellektual
potensialın inkişaf etdirilməsi, elm tutumlu yeni
layihələrin həyata keçirilməsi və nəticə
etibarilə innovasiya yönümlü
iqtisadiyyatın formalaşdırılması istiqamətində
aparılan işlər arasında öz xüsusi və strateji əhəmiyyəti
ilə seçilir. Telekommunikasiya
peykinin orbitə
çıxarılması və istismarının ölkəmizə
gətirəcəyi faydaları bir
neçə qrupda birləşdirmək mümkündür. Peykin əsas
faydası ölkədə yüksək səviyyəli peyk rabitəsinin təmin edilməsidir. Məlumdur
ki, respublikanın yarıdan çox sahəsi dağlıq ərazilərdən
ibarətdir. Dağlıq ərazilərin, dağlarda yerləşən ucqar
yaşayış məntəqələrinin yerüstü
kabel şəbəkəsi vasitəsilə
rabitə əlaqəsi ilə təmin edilməsi müəyyən
çətinliklər yaradır ki, peyk rabitəsinin köməyi ilə ölkənin
bütün ərazisi, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla yüksək
keyfiyyətli rabitə ilə təmin ediləcəkdir. Həmçinin,
peyk rabitəsi mövcud
yerüstü fiber-optik
kabel şəbəkəsinin alternativi kimi qiymətləndirilməlidir.
Belə ki, peyk
rabitəsi yerüstü şəbəkənin
həddən artıq yüklənməsinin
qarşısını alır, təbii fəlakətlər nəticəsində
yerüstü şəbəkənin zədələnmələri
zamanı onun əvəz edilməsini təmin
edir. Bu məqsədlərlə xarici
dövlətlərin deyil, öz
milli peykimizdən istifadə edilməsi informasiya təhlükəsizliyi baxımından
da vacib bir məqamdır. İkinci
bir tərəfdən, peykin
istismara verilməsi bütün
ölkə ərazisinin, xüsusilə ucqar
yaşayış məntəqələrinin internet
xidmətləri ilə təmin edilməsini, televiziya yayımının daha
yüksək keyfiyyətlə təşkilini, həmçinin
yaxın gələcəkdə yüksək dəqiqlikli televiziya (HD) yayımı ilə təmin edilməsini
mümkün edəcəkdir. Telekommunikasiya peyki ən ucqar
məntəqələri belə əhatə etməklə,
dövlət ilə vətəndaşlar arasında
qarşılıqlı əlaqəni təmin edən müasir rabitə və idarəetmə sisteminin yaradılmasına və “Elektron hökumət”in daha
üstün keyfiyyətlə təşkilinə,
həmçinin məsafədən (distant)
təhsil və e-səhiyyə xidmətlərinin genişləndirilməsinə
əlavə dəstək verəcəkdir. Digər
tərəfdən, telekommunikasiya peyki həmçinin mürəkkəb geoloji və coğrafi
mövqeyə malik ölkə ərazisində
təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına və fövqəladə
hadisələrin daha effektiv
idarə edilməsinə töhfə verəcəkdir.
Göstərilənlərlə yanaşı, peyk
sənayesi ən innovativ və texnoloji cəhətdən inkişaf
etmiş və dünya
üzrə rentabelli sənaye sahələrindən
biri hesab edilir. Bu baxımdan, Azərbaycanın peyk
rabitəsinə olan daxili
tələbatını təmin etməklə yanaşı, peykin istismara verilməsinin
digər məqsədi dünya səviyyəsində
peyk rabitə xidmətlərinə artan tələbatın ödənilməsi
üzrə ixtisaslaşmış gəlirli bir
biznesdə iştirak edərək qazanc əldə etməkdir. 230 milyon ABŞ dollarına başa
gələn “Azərspace-1” peykinin ona yatırılmış investisiyanı öz istismarının 7-ci ilində
doğruldacağı nəzərdə tutulur.
Yer səthindən 36000 km
hündürlükdə ekvator üzərində
46 dərəcə şərq uzunluğunda
geostasionar orbitdə yerləşən
“Azerspace-1” peykinin əhatə zonasına
Mərkəzi Asiya, Avropa
və əksər Afrika ölkələri
daxildir. Azərbaycanın daxili
tələbatı Azerspace-1 peykinin
tutumlarının təqribən 20%-nə bərabərdir. Bu gün Azərbaycan televiziya kanallarının xarici
ölkələrə məxsus peyklərdən
yayımının təşkil edilməsi üçün
ildə təxminən 5 milyon dollardan çox xərc
çəkilir. Yaxın gələcəkdə bu xərcin azı 2 dəfə artması
gözlənilir. Milli peykin
istismara verilməsi, eyni
zamanda həmin vəsaitin Azərbaycanın
iqtisadiyyatına yönəldilərək son
dövrlər davamlı inkişaf tempini təmin edən respublika
üçün əlavə gəlir mənbəyinə
çevriləcəkdir. Tutumların digər hissəsinin isə
beynəlxalq bazarda satışa
çıxarılması nəzərdə tutulur.
İlkin olaraq,
tutumların 44%-nin icarəsi ilə bağlı müqavilə
artıq imzalanmışdır. Bu göstərici
Azərbaycanın bu biznesə uğurlu girişini tərənnüm
edən bir göstəricidir. Nəhayət,
qeyd etmək lazımdır ki, Azərbaycan öz peykini milli kadrlar
vasitəsilə idarə edəcəkdir. Belə ki, Azerspace-1 peykinin orbitə
çıxarılması, idarə olunması və istismar işlərini həyata keçirən
Azərkosmos ASC tərəfindən son 3 il ərzində yerli
mütəxəssislər hazırlanmışdır. Həmin
gənc kadrlar müxtəlif ölkələrdə
yüksək səviyyəli təlimlərdə iştirak etmişlər və peykimizi
müstəqil idarə etməyə qadirdirlər. “Azərbaycan
Respublikasında kosmik sənayenin
yaradılması və inkişafı üzrə Dövlət
Proqramı”na və “Azərbaycan 2020: Gələcəyə
baxış” İnkişaf
Konsepsiyasına uyğun olaraq
2020-ci ilədək telekommunikasiya və yeri müşahidə peyklərinin orbitə
çıxarılması nəzərdə tutulmuşdur.
2-ci telekommunikasiya peyki
– Azerspace-2-nin 2016-cı ildə orbitə
çıxarılması planlaşdırılır.
2015-cı ildə isə ilk milli Yerin Müşahidə
Peykinin istismara verilməsi
gözlənilir. Qeyd edək ki, artıq adı çəkilən layihələr
üzrə işlərə başlanmışdır. Bununla yanaşı, ölkədəki digər
nazirlik və strukturlarla
birlikdə kosmik sənayenin
yaradılması istiqamətində də işlər həyata
keçirilir. Kosmik
aparatların, xüsusilə peyklərin ayrı-ayrı hissələrinin
ölkə ərazisində istehsal edilməsi,
yeni kosmik
texnologiyaların öyrənilməsi və tətbiqi istiqamətlərində
təkliflərin hazırlanması işləri davam etdirilir. Azərbaycan kosmik sənaye
üzrə aparıcı xarici şirkətlər
və maliyyə təsisatları ilə sıx əməkdaşlıq
yaratmış, habelə BMT-nin Kosmik Fəzanın Sülh
Məqsədləri ilə İstifadəsi üzrə Komitəsi
(COPUOS) kimi bir sıra
beynəlxalq təşkilatlarla kosmik sahə
üzrə bir çox
müstəvilərdə regional əməkdaşlıq
istiqamətində mühüm işlər
aparmışdır. Bu kimi əməkdaşlıq tədbirləri
təcrübə mübadiləsi ilə yanaşı kosmik fəaliyyətin ölkənin üzv olduğu beynəlxalq
təşkilatın fəaliyyəti çərçivəsində
həyata keçirilməsi, respublikanın regional
və beynəlxalq əhəmiyyətli kosmik
proqramlarda iştirakını hədəfləyir.
Üç
nöqtə.- 2013.- 11 may.- S. 9.