“Azərbaycan rəqslərinin dili var”
Roza Cəlilova: “Rəqqasənin
mimikasında qadınlara məxsus utancaqlıq, abır-həya
hiss olunmalıdı”
Hansı sənətdə
çalışmağından asılı olmayaraq,
seçdiyin işə qarşı ürəyində
məhəbbət olmalıdır. Çünki
sevgi olmadan heç bir sənətin əziyyətlərinə
qatlaşıb, ona ömrünü
həsr edə bilməzsən. Ömrünü
bu sənətə verib,
peşəkar adını qazanan insanlar isə zaman
keçdikdən sonra sənət haqda fikir söyləyə,
gənclərə məsləhət verə bilərlər. Bu dəfə
“Şənbə qonağı” rubrikasında
suallarımızı ömrünün 64
ilini çox sevdiyi milli rəqslərimizə
həsr edən xalq artisti
Roza Cəlilova cavablandırdı. Roza xanımın ürəyində milli rəqslərimizə sevginin
yarandığı gündən indiyə qədər keçdiyi həyat yolunu
xatırladığı müsahibəsini sizlərə
təqdim edirik.
- Roza xanım 84 illik ömür illərini və 64 illik
səhnə həyatını xatırlayanda göz
önündə nələr canlanır?
- Mən elə o xatirələrlə yaşayıram. 84 yaşda hansı arzu ilə
yaşamaq olar axı?
Ancaq keçmişdəkilərə nəzər
salıb, saf-çürük edirəm. Bu illər ərzində
yaşadıqlarımın 90 faizi ürəyimcədi.
Ürəyimcə olmayan 10 faiz isə belə desək, eləmədiklərimdi.
Yəni, nəyəsə çatmamışam.
- Roza xanım hansı arzusuna
çatmayıb ki?
- Səhnədə olan vaxtı mənə
bənzər 20-25 yaşlı gözəl bir qızı
görməyi istəyərdim. Bax bu arzuma
çatmamışam. İndi nəvəm var, amma 12
yaşındadı. Hələ mən istəyən yaşda
deyil. 84 yaş elə yaşdı ki, yaşadığım hər
günə şükür edirəm. Mənim o arzumun
reallaşmağı üçün 10 il keçməlidi
ki, nəvəm böyüsün. Ondan başqa bütün
arzularıma çatmışam.
- Bu gün istənilən şəxs sənətdə
olanlar haqda fikir söyləyə bilir. Necə fikirləşirsiz
sənətdə çalışanlar haqda söz deyən
şəxs hansı keyfiyyətlərə malik
olmalıdı?
- Bilirlər ki, mən bir az açıq-saçıq
danışanam. Nə barədə? Qaraya qara, ağa ağ
deməyi bacarıram. Vaxtında bizim rəqslərimizə xələl
gətirənləri demişəm. Amma bu gün elə
dövrdü ki, bilmirsən nədən tutasan, nə deyəsən.
Vəziyyətin gərginliyidimi, ya yabancı rəqqasələrin
toylarda rəqs etmələridimi bilmək olmur. Mən
hansını deyim.
- İlk olaraq balet ifaçısı
olduğunuzu bilirik. Bəs milli üsluba keçməyinizə
səbəb nə oldu?
- Əvvəla qeyd edim ki, məni balet məktəbinə
atam yazdırmışdı. O vaxtı valideynlərin
çoxu övladlarının baletə getməsini istəmirdi.
Elə bir vaxt idi ki, heç milli rəqsə getməyə
qoymurdular, qaldı ki baletə qoyardılar. Amma mənim atam
ziyalı idi. 36 yaşında professor idi. Atam
görürdü ki, mən oynayıb eləyirəm, rəqs
etməyə həvəsim var. Deyirdi ki, mən
qızımı baletə qoyacam. Mənim baletə getməyimin
təşəbbüskarı atam olub. 12 yaşım olanda məktəbdə
istedadlı uşaq və gənclərə aid olimpiada
keçirilirdi. Müharibə dövrləri idi. Gecələr
müharibə idi. Gündüzlər müsabiqə
keçirilirdi. Orda gəldilər mənə bir dənə rəqs
qurdular. Məni seçdilər. Dedilər ki, sən birtəhər
oynayırsan. Sən rəqsə getmisən? Dedim yox. Dedi bəs
necə yaxşı oynayırsan? Dedim mən balet məktəbinə
gedirəm. Həmin festivalda öz milli rəqsimizi
oynadıqdan sonra dedim hə bu əsl mənlikdi. 12
yaşımdan milli rəqslərimizi ürəyimdə
saxladım. Baleti qurtarana qədər ürəyimdə
qaldı. Qorxumdan da anama deyə bilmirdim ki, baleti atacam. 9 il
balet məktəbinə getmişdim. Bəlkə də mənim
yerimə başqa biri olsaydı baleti atmazdı. Anama deyəndə
bir az müsibət oldu. Dedim ana həm filarmoniya bizim evə
yaxındı. Həm də istədiyim milli rəqslərimizdi.
Çünki millilik mənim qanımda idi. 46-cı ildən rəqs
etməyə başlamışam. İki il balerina kimi fəaliyyət
göstərdim. Ondan sonra 49-cu ildən Üzeyir Hacıbəylinin
yaratdığı ansamblında ömrümü Azərbaycanın
milli rəqsinə həsr etdim. Bu seçimimə görə
də heç vaxt peşman olmamışam. Bilirsiz, balet
ifaçısı dünyanın hər yerində var. Amma Azərbaycan
milli rəqslərini qoruyub saxlamalıyıq ki, bizdən
sonrakı nəsillərə ötürə bilək.
- İfaçılıq
üçün səs, musiqi alətində ifa etmək
üçünsə, musiqi duyumu olmalıdı. Bəs rəqs
ifaçısı olmaq üçün nələr tələb
olunur?
- Rəqs etmək üçün
ürək lazımdı. Lirikayı ürəyə salmaq
lazımdı. Dinamik rəqslərimiz də var. Əziyyətli,
zəhmətsevər, əzəmətli olmaqla yanaşı,
şərəfli peşədi. Rəqsi oynamaq
üçün ürək lazımdı, sənətini sevməlisən.
Pula görə yox, tamaşaçının zövqünü
oxşamaq lazımdı. Əsl sənətdən söhbət
gedəndə maddiyat düşünülməməlidi. Mən belə bilirəm. Elə də
mən yolumu tutdum və
ona da nail
oldum. Hərdən səhnədə rəqs
edənə deyirəm ki, sən bilirsən
rəqs neçə sənətlə bağlıdı?
Deyirlər ki, rəqsdi də. Musiqi çalınır, rəqs edirik. Amma əslində rəqs neçə-neçə sənətlərlə
bağlıdı. Rəssamla, bəstəkarla, heykəltəraşla,
şairlə, ülkər gülüşlə, mimika ilə, sona
baxışla bağlıdı. Amma
indikilər deyir ki, elə
rəqsdi də. Sadaladığım həmin peşələrin
hər birinin rəqsdə görmək
olar. Rəqqasın görünüşü
bir rəsm əsəridi. Bəstəkarın
yazdığı musiqi üzərində
rəqs edilir. Rəqs edən zaman xorda səslənən
musiqinin sözləri olur
ki, bu şairlə əlaqəlidi.
Rəqqasın hər bir hərəkəti
bir heykəl formasını
xatırladır. Diqqətlə nəzər yetirdikdə
bunların fərqinə varmaq olur.
- Azərbaycan rəqslərini digər
xalqların rəqslərindən fərqləndirən
özünəməxsusluqlar hansılardı?
- Hər bir xalqın öz tarixi, folkloru
olduğu kimi, özünəməxsus musiqisi, ritmləri də
var. Məsələn, gürcü rəqslərində əsas
süzmə elementləridi. Və yaxud hansısa başqa
xalqda dinamika üstünlük təşkil edir. Azərbaycan
rəqslərində isə süzmə də var, dinamika da.
Bu Azərbaycan rəqslərinin özəlliyidi.
- Rəqs sənətində gözəllik
hansı parametrlərə görə təyin edilir?
- Milli rəqslərimizdə uzun
paltarların geyinilməsi əbəs yerə deyil. Rəqs edəndə
gərək ayaq görsənmir, qollar örtülü olur,
süzürsən, oynayırsan. Bu Azərbaycan rəqslərinə
məxsus bir gözəllikdi. Amma özbəklər qısa
geyimdə şıdırğı rəqs edirlər. Biz
hansı ölkədə rəqs etmişiksə, orda çox
gözəl qəbul olunub. Azərbaycan rəqslərinin dili
var. Qız oynayanda gözlərini süzür, hərdən də
başını qaldırır. Rəqs edəndə rəqqasənin
mimikasında qadınlara məxsus utancaqlıq, abır-həya
hiss olunmalıdı. İndi oynayanların bir çoxuna fikir
verirəm. Nə mimika var, nə gözlər var, dişləri
ağarıb. Burda təbii ki, gözəllikdən söhbət
gedə bilməz. Rəqsin gözəlliklərini
çatdırmaq üçün gərək bu sənətin
peşəkarı olasan.
- Milli rəqslərimizin ürəyinizdə
yer tutduğu vaxtdan 72 il keçib. Bu illər rəqslərimizdə
nələri dəyişib?
- Mən o vaxtı ifa etdiyim rəqs “Bala
ceyran” idi. Xorla rəqslərimizin olmaması məni heyfisləndirir.
Amma düşünürəm ki, bu lazımdı. Cahangir
Cahangirov xor üçün musiqilər yazırdı. Bir dəfə
maestro Niyazi çağırdı məni. Dedi gəl “Muleyli”
rəqsi qur. Bir dənə “Muleyli” rəqsi qurdum ki, xorla birlikdə.
16 qızla birlikdə çox gözəl rəqs
alındı. Deməli, o vaxtı hökumət konsertləri
olurdu. Bu konsertlərə neçə ay baxış olurdu
sonra konsertə salırdılar. Niyazi bir həftəyə həmin
konsertə bizi saldı. Mənim də yeznəm oturub zalda.
Deyir baxdım gördüm nə gözəl rəqs getdi.
Deyir baxdım gördüm ki, sənin
adın getdi. Niyazi dedi ki, Roza Fransaya səfərə gedirəm,
16 qızı 13 elə qayıdanda mən bunu simfoniyaya salacam,
simfoniya ilə oynasınlar. Amma 3 gündən sonra rəhmətə
getdi. Bizim vaxtımızda bədii şura var idi. Rəqslərə
nəzarət olunurdu. Amma indi belə şeylər yoxdu. Kim
qurdu, nə cür qurdu fikir verilmir.
- Bu gün bədii şura bərpa olunmalıdırmı?
- Mütləq bərpa olunmalıdı.
Səhnəyə çıxanları yoxlamaq lazımdı.
Bilinməlidir ki, səhnəyə çıxan kimdi. Rəqsləri
necə qurduqlarına fikir verilməlidi.
- Bu gün efirdə
çıxış edən rəqqasların
çıxışlarını bəyənirsiz?
- Mən onlara baxmıram. Hələ
eşitməmişəm ki, Əminə Dilbazidən, Rozadan
sonra kimlərinsə gəldiyini desinlər. Azərbaycanın
milliliyi çox gözəldi. Musiqilərimiz ana laylası
üzərində qurulub. Dünya ölkələrinin
musiqiçiləri bizim musiqilərə pərəstiş eləyirlər.
Bu bizim musiqimizin zənginliyi, gözəlliyindəndir. Öz
millətimizi, rəqsimizi çox sevirəm. Bizim çox
gözəl milli mahnılarımız var. Hərdən
görürəm ki, hardasa əvvələ dönüş
var. Milli musiqilərimiz yada salınır. Bu olmalıdı. Səhnə
böyük yerdi. Ora çıxmaq üçün cürət
olmalıdı. Rəqs hər bir xalqın şənliklərinin,
bayramlarının nəbzidi. Rəqs olmadan heç bir şənliyi
təsəvvür edə bilmirəm. Səhnə rəqslərimizi
qoruyub saxlamaq, onlardan zövq almaq lazımdı.
- Roza xanım bu gün rəqs edir?
- (Gülür) Roza xanım bu gün
başqa cür rəqs edir. Otururam və əvvəl etdiyim rəqsləri
göz önünə gətirirəm. Və illər öncə
etdiyim rəqslərimə bu gün peşəkar gözü
ilə baxıram. Deyirəm ki, gərək orda başqa
cür edəydim. 84-də də mən özümə
nöqsan tapıram. Gör bu sənətə mənim nə
qədər diqqətim var ki, əvvəlki rəqslərimi
fikirləşib deyirəm ki, indi bu hərəkəti
başqa cür edərdim. Sənətkar yüz il yaşasa da
öz işində nöqsan tapmalıdı. Yaşa dolduqca sənətkarın
özündə nöqsan tapması onun sənətə olan
məhəbbətidi.
Aygün
Asimqızı
Üç
nöqtə.- 2013.- 11 may.- S. 13.