Teletəbabət məsafədən təsir
edən xidmət növüdür
Bu seansın
iştirakçıları təkcə pasiyentlər deyil, həmçinin iri tibb müəssisələri, səhiyyə
şəbəkələridir
Hazırda dünya
ölkələri ildə informasiya
texnologiyalarına 1 trilyon dollardan
yuxarı vəsait xərcləyir. Məhz buna
görə də bütün ölkələr
üçün bu xərclərin
hansı dərəcədə effektiv
olması xüsusi əhəmiyyətə
malikdir. Bu, coğrafi mövqeyi
və inkişaf səviyyəsindən
asılı olmayaraq bütün
dövlətlər üçün mühüm əhəmiyyətə malikdir. İnformasiya
texnologiyalarına investisiya
qoyuluşlarının effektivliyinin və
onların iqtisadi inkişafda
xüsusi əhəmiyyəti olan informasiya sistemlərinin
inkişafında rolunun qiymətləndirilməsi
məqsədilə hazırda müxtəlif yanaşmalar
mövcuddur. Bu yanaşmalardan biri ölkənin,
regionun və ya ayrılıqda
götürülmüş müəssisənin
mövcud vəziyyətinin nəzərə
alınması ilə ayrı-ayrı göstəricilərə
və aspektlərə görə qiymətləndirilməsi
üsullarıdır. Burada adətən, informasiya texnologiyalarının tətbiqi ilə
maliyyə əmsallarının hesablanması və müqayisəli
qiymətləndirilməsi həyata keçirilir.
Lakin qeyd edək ki, bu cür
yanaşma informasiya
texnologiyalarının tətbiqinin nəticələrinin tam qiymətləndirilməsinə
imkan vermir. İkinci qrup yanaşmada ekspert
üsullarından istifadəyə üstünlük
verilir. Bu üsuldan istifadə informasiya
texnologiyalarının tətbiqi ilə əldə olunacaq gəlirlərin təqribi də olsa əvvəlcədən müəyyən
olunması mümkündür. İT-nin iqtisadiyyata tətbiqinin səmərəliliyinin
qiymətləndirilməsi yalnız ilkin mərhələdə
və prosesin müəyyən mərhələsində
deyil, ümumilikdə hər bir mərhələdə aparılması daha məqsədəuyğundur. Məhz
üsulların belə tətbiq forması sürətlə dəyişən,
yeniləşən İT-nin düzgün istifadəsinə imkan
verər.
XXI əsr - həyatın
hər sahəsində olduğu kimi, səhiyyədə də informasiya
texnologiyaları əsridir. Dünyanın qabaqcıl
klinikalarında müasir dərman
preparatları ilə yanaşı, insan həyatının
mühafizəsi sahəsində hesablayıcı sistemlər də
geniş rol
oynayır. Uzun müddətdir ki, inkişaf etmiş ölkələrdə tibbi yardımın idarə olunması
işində müasir informasiya
texnologiyaları tətbiq olunur. Bir neçə ildir ki, Rusiya
Federasiyasının səhiyyə sistemində də informasiya və kommunikasiya
texnologiyalarının tətbiqi ilə bağlı fəal iş aparılır. Ümumiyyətlə,
teletəbabətin inkişafı Rusiyanın milli
prioritet siyahısına daxildir.
Dünya təcrübəsində teletəbabət
üsulundan NASA telemetrik
proqramı vasitəsi ilə hələ ötən yüzilliyin altmışıncı illərində
ilk dəfə olaraq
astronavtların fizioloji göstəricilərinə
nəzarət etmək üçün
istifadə edilmişdir. Yetmişinci
illərdən ABŞ-da və Kanadada gündəlik həkim təcrübəsi
zamanı bu üsul geniş tətbiq edilir.
Teletəbabət telekommunikasiya
metodlarının köməyi ilə məsafədən təsir
edən, səhiyyə sisteminin təhsil, kliniki, informasiya və inzibati xidmət növüdür.
Teletəbabət seansının iştirakçıları təkcə
ayrı-ayrı (xəstə) pasiyent və
həkimlər deyil, həmçinin iri tibb müəssisələri,
hətta bütövlükdə səhiyyə şəbəkələridir.
Yeni sistemin əvəzsiz
üstünlükləri nəzərə alınaraq şəhərimizdə
Gəncə-Livermor, Gəncə-Tbilisi telekörpüləri
təşkil edilmişdir. Faydası çox böyükdür.
Ənənəvi olaraq teletəbabətin
tətbiqində üç əsas sahə
qeyd olunmalıdır: məsafədən diaqnostika və həkim "qəbulu"
seansları; ekspertlərin məsləhətləri; tibb işçilərinin təhsili və
ixtisaslarının artırılması. Avropada
teletəbabət seanslarının yarıdan çoxu
ekspertlərin məsləhətinə və səhiyyə
müəssisələrinin təcrübə mübadiləsinə
əsaslanır. Teletəbabətin tətbiq olunduğu
perspektiv yerlər - fövqəladə hallar səhiyyəsi, yoluxucu
xəstəliklərin profilaktikası, əhalinin peyvənd
olunmasına nəzarət kimi spesifik sahələr aiddir.
Burada
teletəbabət ikimənalıdır: birinci,
"postfaktum", yəni fəlakətdən
zərərçəkənlərə kömək məqsədi
ilə teletəbabətdən istifadə olunur
və ikinci, səhiyyə işçilərinə
gözlənilən kataklizmlərdən xəbərdarlıq edilir və xilasetmə xidmətləri planlaşdırılaraq
əlaqələndirilir. Teletəbabət bölgələrdə
yaşayan əhali üçün
kifayət qədər ixtisaslı və yüksək
ixtisaslı həkim məsləhəti və optimal
tibbi yardım əldə etməyin yeganə
yoludur. Bu zaman informasiya video və audiofayl məlumat,
həmçinin qrafik təsvirlər, rentgenoqram, USM şəkli, diaqram
və s. vasitəsilə verilə bilər.
Azərbaycan Respublikası Prezidentinin
21 oktyabr 2005-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya texnologiyalarının inkişafı
üzrə 2005-2008-ci illər üçün
Dövlət Proqramı"na və Nazirlər Kabinetinin 12 iyul 2006-cı il tarixli qərarına uyğun olaraq Səhiyyə
Nazirliyi tərəfindən "tibbi müayinə kartı" və
"elektron sağlamlıq kartı"
layihələri reallaşdırılmaqdadır. Qeyd etmək
lazımdır ki, konkret
pasiyentə tibbi yardım göstərilən
zaman sənədlərin tərtibinin bütün mərhələlərində fərdiləşdirmə
səhiyyə resurslarının effektiv
istifadəsinə nəzarət və monitorinq
probleminin ən optimal
həlli yoludur. Bu
prosesdə tez və təhlükəsiz olaraq informasiya əldə
etmək, həmçinin məlumatların ötürülməsinin
və elektron imzaların istifadəsində
mühafizənin təmin olunmasının rolu
böyükdür. Yuxarıda sadalanan məsələlərin həllində
smart-kart deyilən universal vasitə mövcuddur.
Fransa, Almaniya, İtaliya, Yaponiya, Tayvan və başqa ölkələrdə
tibbi xidmət sahəsində milyonlarla bu cür smart-kartlardan istifadə
edilir. Smart-kart xarici görünüşünə görə
kredit kartına bənzəyir. Ona daxil edilmiş mikrokompüter müstəqil yaddaşa
malikdir. Çipin
yaddaşına istifadəçinin unikal
sertifikatı və başqa şəxsi informasiyalar yazılır. İki
növ kart mövcuddur: pasiyentin
kartı və həkimin kartı. Pasiyentin
kartında açıq və qapalı yaddaş
sahəsi mövcuddur: açıq sahədə
pasiyent haqda baza informasiyası saxlanılır:
soyadı, adı, atasının adı, təvəllüdü,
qan qrupu,
sığorta kampaniyası və s. Bu məlumatlar təxirəsalınmaz tibbi yardım göstərən hər bir işçi üçün açıqdır. Lakin onlar icazəsiz dəyişikliklərdən
qorunurlar. Qorunan sahələrdə
elektron reseptlər və başqa
şəxsi məlumatlar saxlanılır. Həmin
sahə yalnız smart-kartını təqdim edən tibb işçiləri üçün
açıqdır. Əsas tibbi informasiya (analizlərin nəticələri və
s.) səhiyyə müəssisələrində
saxlanılır və müvafiq
ixtisaslı mütəxəssis üçün
nəzərdə tutulur.
Smart-kartın ikinci növü
həkimin kartıdır. Burada
ixtisasçının adı, soyadı, ixtisası, şəxsi
nömrəsi, elektron imzası, işlədiyi
müalicə müəssisəsinin ünvanı
yazılır. Bu kart
qapalı informasiyalara, həm xəstənin,
həm də səhiyyə müəssisəsinin
"saxlanacağına" daxilolma hüququna malikdir. Müasir klinikalarda tibbi informasiya sistemləri
səhiyyə müəssisələrinin və xəstəlik
tarixçələrinin avtomatlaşdırılmış
sistemlərinə bölünür. Bu sistemlər sənəd dövriyyəsi və
idarəetmə məsələlərinin tətbiqi prosesinə
yardımçı olub müəssisə
informasiya sisteminin
özəyini təşkil edir. Bu cür informasiya
sistemləri Moskvada A.N.Bakulev
adına Ürək-Qan-Damar Cərrahiyyəsi Mərkəzində,
N.Burdenko adına Elmi-Tədqiqat Neyrocərrahiyyə
İnstitutunda tətbiq olunur.
Belə sistemlər kağızsız texnologiyaya
keçid mərhələsini təmin edir. Tibbi sənədlərin
kompüterləşdirilməsi sisteminin tətbiqi
lazımi informasiyaların əldə edilmə vaxtını
təxminən 4 dəfə, diaqnozun qoyulma müddətini isə 25 faiz
azaldır. Hazırkı dövrdə dünya
təcrübəsində 4 minə qədər medikamentdən
fəal istifadə olunur ki,
onların da arasında 2 mindən çoxunun müştərək qəbulu
zamanı qarşılıqlı təsiri mövcuddur.
Ona görə də bu
gün həkim təyinatının
kompüterləşdirilməsi, demək olar
ki, 80-90 faiz səhvləri
aradan qaldırır və təxminən
55 faiz əlavə mənfi reaksiyaları
azaldır. Yuxarıda deyilənləri nəzərə alaraq belə bir qənaətə
gəlmək olar ki, müasir texnologiyaların tətbiqi tibbi yardımın təhlükəsizliyinə
və keyfiyyətinin yüksəldilməsinə güclü zəmin yaradır. Məhz buna görə də beynəlxalq aləmə
sürətlə inteqrasiya olunan müstəqil Azərbaycanın səhiyyə
sahəsində informasiya texnologiyaları
sisteminə fəal qoşulması çox
vacibdir.
Üç
nöqtə.-2013.-16 may.-S.9.