“Fərid Azərbaycana qalib qayıtdı”

 

Alim Qasımov: “Bu uğuruna görə də onu təbrik edirəm”

 

 Azərbaycan “Eurovision” Mahnı Müsabiqəsində ilk dəfə 2008-ci ildə iştirak etdi. Elnur Hüseynov Samir Cavadzadənin ifa etdiyi «Day after day» mahnısı ilə iştirak edib. İlk dəfə 8-ci yerdə qərarlaşan ölkəmizin bundan sonrakı çıxışları da yaddaqalan oldu. İkinci dəfə ölkəmiz duetlə təmsil olundu. Aysel Teymurzadə ilə Araşın ifa etdiyiAlvaysmahnısı Azərbaycana 3-cülük qazandırdı. Növbəti il isə Azərbaycanı bu müsabiqədə təmsil etmək Safura Əlizadəyə qismət oldu. “Drip-drop” mahnısı ilə Safuranın Norveçin paytaxtı Osloda keçirilən müsabiqədə 5-ci yerdə qərarlaşdı. İllərdir müsabiqədə iştirak edib qalib gələ bilməyən bir çox ölkələr olmasına baxmayaraq, Azərbaycan üçün qalibiyyətə gedən yol o qədər uzun olmadı. Müsabiqədə 4-cü dəfə Azərbaycan qələbə əldə etdi. Eldar Qasımov Nigar Camalın ifa etdikləri “Running scared” mahnısı Avropanın 2011-də ən sevdiyi mahnıya çevrildi. Bu qələbə sevincinin ardı isə ölkəmizdə keçirilən müsabiqə ilə davam etdi. Bir il ərzində ölkəmizdə müsabiqəyə hazırlıqlar aparıldı. Müsabiqəyə ölkəmizin çox gözəl ev sahibliyi etməsi gələn qonaqların münasibətindən hiss olunurdu. Ölkəmizi Səbinə Babayevanın təmsil etdiyi müsabiqədə qalib İsveç təmsilçisi Lorin oldu. müsabiqəyə bu il İsveç ev sahibliyi etdi. Ölkəmiz bu müsabiqədə Fərid Məmmədovun ifa etdiyi “Hold me” mahnısı ilə iştirak etdi. Bu dəfəki uğurumuz isə ikincilik oldu. Bu nailiyyət hər birimizin sevincinə səbəb oldu. Fəridin uğuruna sevindiyini deyən tanınmış muğam ustası, xalq artisti Alim Qasımov öz təəssüratlarınıÜç nöqtə”ylə bölüşdü: “Azərbaycan milli musiqisinə bənzərlik olmasa da müsabiqədə iştirak edəcək mahnılar arasında sayılıb seçilən musiqilərdəndi. Fərid Məmmədov da ona həvalə olunan mahnını çox gözəl ifa elədi. Məncə layiqincə öhdəsindən gəldi. 1, 2, 3-cü yerlərin hər birini mən qalibiyyət hesab edirəm. Belə fikirləşirəm ki, Fərid Azərbaycana qalib qayıtdı. Bu uğuruna görə onu təbrik edirəm. Gələcəkdə daha çox nailiyyətlər əldə etməsini arzu edirəm”.

 

Fərid gözəl ifa ilə yanaşı, Avropanı təəccübləndirən performans da göstərdi

 

Xalq artisti Natavan Şeyxova da Fəridin çıxışını bəyəndiyini deyir: “Çox gözəl oxudu. Birinci yerə isə danimarkalı iştirakçı layiq görülsə , Fəridin ifası birinciliyə layiq idi. Amma internetdə qalib olan Danimarkanın mahnısının plagiat olduğu yazılır. hər iki mahnı internetdə yerləşdirilib. Mən dinlədim, bənzərlik çoxdu. Melodiya eynidi, sadəcə olaraq bəzi ritmlərdə dəyişiklik var. Bənzərlik çox olsa da, dəqiq deyə bilmərəm ki, plagitadı, ya mahnı sonradan yazılıb. Fərid gözəl ifa ilə yanaşı, Avropanı təəccübləndirən performans da göstərdi. Fərid Azərbaycanın istedadlı gənclərindəndi. Bu Azərbaycanın qələbəsidi. İkinci yer məncə çox yaxşı nəticədi. Ötən il isə ölkəmizi bu mötəbər yarışmada mənim tələbəm Səbinə Babayeva təmsil etmişdi. Səbinə 4-cü yerə layiq görüldü. Səbinə çox gözəl ifaçı idi. Fərid ikinci olsa da, birinciliyə layiq idi”.

 

Səsinə qurban! Əla! Əsl Azərbaycanın kişi oğlusan”

 

Müsabiqədən əvvəl, müsabiqə yayımlanan ərəfədə, və müsabiqə bitməsinə baxmayaraq indi də sosial şəbəkələrdə müğənnilərimiz də Fəridə dəstək olurlar. Fəridin müəllimi olan əməkdar artist Aybəniz Haşımova tələbəsi haqda bir çox xoş sözlər yazıb: “Fərid Məmmədov 16-ildə mənim onun yolunda nə zəhmətim var idisə hamısını artıqlaması ilə “Eurovision” səhnəsində qaytardı. Bəlkə də zamanında çox uşaq olublar. Məni incidəndə incidiblər, ərköyünlük ediblər. Bütün uşaqlarımın - ''Bülbüllərimin'' əvəzinə Fərid səhnədə olan cəngavər çıxışı ilə mənə dedi ki, müəllimə artıq rahat ola bilərsən. Şövkət Ələkbərova məktəbi yaşayacaq. Allah səni xoşbəxt eləsin oğlum. Allah mənim də qalan ömrümü sizin və Aynişanın ömrünə calasın. Siz mənim fəxrimsiz, göz bəbəyimsiz. Bilmirəm nə qədər bu dünyada yaşayacam. Amma ölsəm rahat öləcəm. Çünki, Azərbaycana Fərid kimi dəyərli oğullar bəxş etdim. Bütün media nümayəndələrinə və zəhməti keçən hər kəsə sonsuz təşəkkürümü bildirirəm. Səsinə qurban! Əla! Əsl Azərbaycanın kişi oğlusan!”.

 

“Fərid Məmmədov bu il bizə böyük uğur gətirdi”

 

Xalq artisti Faiq Ağayev isə fikirlərini bu sözlərlə çatdırıb: “Cəmi 6-cı il "Eurovision"-da iştirak edən Azərbaycan, hər il stabil olaraq yaxşılar cərgəsindədir. Heç bir zaman 8-ci yerdən aşağı düşməmişik. Hətta, bizdə qəribə bir "vərdişkarlıq" var - məhz daima 1-ci yerə iddialıyıq. Şəxsi fikrimdir. Fərid Məmmədov bu il bizə böyük uğur gətirdi. 2013-də ən yüksək xallar qazandıq. Və bu birmənalı olaraq ölkənin bu müsabiqəyə olmazın ciddi yanaşmasının nəticəsidir. Baxın, yoxsul eks-SSRİ ölkələri nümayəndələri ənənəvi olaraq uğurdan uzaq olurlar. Digər tərəfdən dövlət dəstəyinə arxalanmayan Avropa ölkələri təmsilçiləri yalnız öz istedadı və məşhurluğuna (P.Kaas, E. Humperdinck, B.Taylor) güvənəndə də, eyni mənzərənin şahidi oluruq. Dediyim odur ki, qələbələrimizin təminatçısı – təkcə uğurla seçilmiş təmsilçilirəmizin istedadı deyil. Bu işdə milli "Eurovision" komandasının böyük əməyi var. Sevinclərimizin sayı çox olsun! Bizə elə zəfərlər yaraşır! İnşaallah, hər bir yolda, hər bir işdə, hər bir yöndə!”.

 

“Azərbaycan Rusiyaya 10 xal verib”

 

Xatırladaq ki, müsabiqədə Azərbaycana Avstriya, İsrail, Macarıstan, Bolqarıstan, Rusiya, Malta, Yunanıstan, Monteneqro, Gürcüstan, Litva – 12, Ukrayna, Rumıniya, Belarus – 10, Moldova, Fransa, Kipr - 8, Albaniya, İspaniya, İslandiya, Xorvatiya – 7, İsveçrə - 6, Serbiya, Belçika – 5, Almaniya – 4, Sloveniya, Latviya – 3, İsveç, Niderland, İrlandiya – 2 xal verib. Azərbaycan isə öz növbəsində Ukrayna – 12, Gürcüstan – 10, Malta – 8, Belarus – 7, Rumıniya – 6, Danimarka – 5, Gürcüstan – 4 xal verib. Azərbaycandan Rusiyaya səs getməməsi isə müzakirəyə səbəb olub. Azərbaycan İctimai Televiziyasının direktoru Cəmil Quliyev “Eurovision-2013” mahnı müsabiqəsində Azərbaycan tamaşaçılarının səslərinin Rusiyanın xeyrinə hesablanması faktı ilə bağlı bəyanatla çıxış edib. Azərtac-ın məlumatına görə, bəyanatda deyilir: “Rusiya məhz o ölkədir ki, Azərbaycanı onunla çox cəhətlər – həm ümumi maraqlar, həm ümumi bəşəri dəyərlər və nəhayət həm də ümumi tarix bağlayır. Bu gün Azərbaycan ilə Rusiyanın mədəniyyət və yaradıcılıq əlaqələri bir çox ölkələr, o cümlədən yaxın xarici ölkələr üçün yaxşı nümunə ola bilər. Azərbaycanda müxtəlif tədbirlərdə iştirak edən Rusiyanın yaradıcı kollektivlərinin vokal və artistlik istedadları geniş auditoriya toplayır. Azərbaycanın nümayəndələri də Rusiya auditoriyası tərəfindən eyni səmimiyyətlə qarşılanır. Rusiya tamaşaçısının “Eurovision-2013” müsabiqəsində Azərbaycan nümayəndəsinə veridiyi yüksək bal bunu təsdiq edir. Qeyd edək ki, bu yüksək bal Rusiya tamaşaçısının ölkəmizin nümayəndəsinin yaradıcılığına göstərdiyi ehtiramın nümayişidir. Azərbaycan İctimai Televiziyasının milli mobil operatorlardan aldığı məlumatlara görə, SMS səsvermənin yekun nəticəsi Rusiya ifaçısı Dina Qaripovanın ikinci yer tutduğunu göstərib. Bu da Azərbaycanın milli səsverməsində Rusiyanın xeyrinə yüksək yekun balı təmin etməli idi. Qeyd edək ki, milli münsiflər heyəti də Rusiyaya yüksək qiymət verib. Azərbaycandan səslərin final hesablanmasında Rusiyanın bir bal belə qiymət almaması ciddi narahatlıq və təəccüb doğurur. Bu gün ictimaiyyətin, ziyalıların bir çox nümayəndələrinin, həmçinin yaradıcı insanların həmin fakt üzrə hiddət və narazılıq ifadə etmələrini başa düşmək olar. Biz onların fikri ilə tam razılaşırıq ki, Rusiya bu il gözəl nömrə və güclü ifaçı ilə iştirak edib. Hesab edirik ki, SMS səsvermənin yekunlarına görə, Azərbaycan tamaşaçısının verdiyi yüksək qiymət, habelə milli münsiflər heyətinin “Eurovision-2013” mahnı müsabiqəsində Rusiya ifaçısına verdiyi qiymət elan edilmiş bala adekvat deyildir. Ürəkdən inanırıq ki, ola bilsin müəyyən əlaqədar qrupların təşəbbüsü olan bu hadisə Rusiya və Azərbaycan xalqlarının qardaşlıq münasibətlərinə kölgə salmayacaqdır”. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Evrovision 2013”-ün finalında Azərbaycanın Rusiyaya 10 səs verdiyini bildirib. Anspress-in məlumatına görə, səfir Rusiya mətbuatına açıqlamasında həmin səslərin harasa yoxa çıxdığını deyib. Polad Bülbüloğlu konkret olaraq nə baş verdiyinin məlum olmadığını və ölkə prezidenti İlham Əliyevin bu məsələ ilə məşğul olmaq üçün artıq göstəriş verdiyini açıqlayıb: “Mənim özümü də bir musiqi sahəsində çalışan bir insan kimi maraqlandırdı ki, necə ola bilər Azərbaycanda Rusiyaya səs verən olmasın? Rusiyanın mahnısı yaxşı idi və onlar beşinci yeri tutdular. Hörmətli prezident İlham Əliyev bu məsələ ilə məşğul olmaq üçün göstəriş verib. Azərbaycanda Rusiyaya səs verilib konkret səs sayı da var. Lakin məsələ orasındadır. Həmin səslər Almaniyada hesablanır artıq belə deyək, final nəticə oradan yayılır”. Səfir onu da bildirib ki, məsələ təsdiqini taparsa Rusiyanın cədvəldəki yeri dəyişə bilər”.

 

 

Aygün Asimqızı

 

Üç nöqtə.- 2013.- 21 may.- S. 13.