Əmək müqaviləsi: gələcəyə
təminat
Məqsəd əmək
bazarını daha da canlandırmaq, işçilərin sosial
hüquqlarının qorunmasını gücləndirməkdən
ibarətdir
Son bir ildə kütləvi informasiya
vasitələrində, xüsusilə də, televiziyalarda ən
çox müzakirə olunan, eyni zamanda, reklam
çarxlarında və lövhələrində, nəqliyyat
vasitələrinin üzərində və digər yerlərdə
əsas təbliğ olunan mövzu əmək müqaviləsinin
imzalanması ilə bağlıdır. Bu reklam
materiallarında təşviq olunan əsas ideya, başlıca
qayə vətəndaşları işlədikləri müəssisələrdə
əmək müqaviləsi bağlamağa dəvət edir, əmək
müqaviləsi olmadan onların gələcək sosial təminatlarının
olmayacağını dərk etməyə səsləyir. Əslində
dövlətin də məqsədi budur ki, ölkə vətəndaşları
üçün güclü sosial təminat sistemi yaratsın,
onların sosial hüquqlarını daha etibarlı şəkildə
qorusun. Təbii ki, insanların sosial şəraitinin
yaxşılaşması, ilk növbədə, dövlətin
yüksək iqtisadi inkişafa nail olmasından bilavasitə
asılıdır. Ölkədə həyata keçirilən
uğurlu iqtisadi islahatlar nəticəsində
sahibkarlığın inkişafının daha da sürətləndirilməsi,
istehsal müəssisələrinin fəaliyyətinin
genişləndirilməsi, yoxsulluğun azaldılması, yeni
iş yerlərinin yaradılması əhalinin həyat səviyyəsinin
yüksəldilməsinə güclü zəmin yaradıb. Bu
amillər əmək bazarında da ciddi canlanma və fəallığa
səbəb olub. Son 10-12 ildə bu sahədə daha yüksək
dinamika müşahidə olunur. Belə ki, 2000-ci ildə məşğul
əhalinin 33,2%-i dövlət sektorunda
çalışırdısa, 2012-ci ildə bu rəqəm
26,1%-ə enib. Bu da, ilk növbədə, özəl sektorun,
qeyri-neft sektorunun inkişafı ilə əlaqədar məşğulluğun
səviyyəsinin yüksəlməsinin göstəricisi
sayıla bilər. Əhalinin məşğulluğunun
artımında icrası başa çatan və hazırda
icra olunan dövlət proqramlarının rolunu xüsusi
vurğulamaq lazımdır. Həyata keçirilən tədbirlər
nəticəsində əhalinin məşğulluq səviyyəsi
94,7%-ə çatıb. Ölkədə işsizlik səviyyəsi
5,3%-dir, iqtisadi fəallıq səviyyəsi isə 74,2% təşkil
edir. Dövlət məşğulluq orqanları tərəfindən
işsiz statusu verilmiş vətəndaşların sayı
0,8%-dir.
Dövlət
başçısının tapşırığı icra
olunur
Bir sıra hallarda işəgötürənlər
qanunla müəyyən edilmiş vergi və sosial ödənişlərdən
yayınmaq məqsədilə qanunvericiliyin tələblərini
pozaraq işçilərlə əmək müqavilələri
bağlamır, iş yerləri rəsmiləşdirilmədən
onlara müxtəlif işlərin görülməsini həvalə
edirlər. Bəzi hallarda isə işəgötürənlər
işçilərlə əmək müqavilələri əvəzinə
mülki-hüquqi xarakterli xidmət müqavilələri
bağlayır və ya onlara verilən əməkhaqlarının
az bir hissəsini sənədləşdirirlər ki, bu da vergi
öhdəliklərini və sosial sığorta
ayırmalarını minimuma endirir. Nəticədə
işçilərin hüquqları tapdalanır, onların gələcək
sosial təminatı təhlükə altında qoyulur və gəlir
vergisi üzrə vergitutma bazası azalır.
Prezident İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
11 iyul 2012-ci il tarixli iclasında iqtisadiyyatın müxtəlif
sektorlarında çalışanların bir qisminin qeyri-qanuni işləməsi,
yəni maaşların qeyri-leqal şəkildə verilməsi
həm vergilərdən yayınmaya, həm də ölkənin
bugünkü sosial vəziyyətinin real əks etdirilməməsinə
səbəb olduğu bildirilib.
Əmək müqaviləsinin
bağlanmaması vətəndaşın özü
üçün yaratdığı ciddi sosial problemdir. Hər
bir vətəndaş bilməlidir ki, onun sosial təminatının
gələcəyi öz əlindədir və bu prosesdə fəal
iştirak etmək gələcəkdə sosial
hüquqların tam təmin olunması ilə nəticələnir.
Dövlət Sosial Müdafiə
Fondunun idarə rəisi İdris Quliyevin bildirildiyinə
görə, Azərbaycanın pensiya sistemi sığorta
prinsipinə əsaslanır. Sığorta münasibətlərinin
yaranması üçün, ilk növbədə,
işçi ilə işəgötürən arasında
müqavilənin olması vacibdir. Çünki pensiyanın təyin
edilməsi işçinin ödədiyi sosial sığorta
haqlarının məbləğinə bağlıdır. Əksər
hallarda məvaciblərin minimum əməkhaqqı səviyyəsində
göstərilməsi də ciddi problem yaradır. Bu o deməkdir
ki, həmin işçiyə gələcəkdə çox
az miqdarda pensiya təyin olunacaq. Yəni hər bir
işçi gələcəkdə onu hansı problemin
gözlədiyinin fərqinə varmalı, işəgötürəndən
əməkhaqqının real göstərilməsini tələb
etməlidir. Əmək müqaviləsi bağlanmadıqda və
aylıq əməkhaqqı düzgün göstərilmədikdə
hər hansı bir mübahisə yaranarsa, işçi faktiki
aldığı əməkhaqqını tələb etmək
hüququnu itirir. İşçinin əmək müqaviləsi
olmadıqda işəgötürən istədiyi vaxt müxtəlif bəhanələrlə onunla əmək
münasibətlərinə xitam verə bilər. Bu zaman
işçi Əmək Məcəlləsinin 68-76-cı və
77-84-cü maddələrində nəzərdə tutulan əmək
müqaviləsinə xitam verilməsi şərtlərinə
əməl olunmadan və müavinətlər ödənilmədən
şifahi surətdə işdən azad edilir.
Əmək Məcəlləsinə
dəyişikliklər zəruridir
Əmək müqaviləsi olmadan
çalışanların təhlükəsizliyi də
minimum səviyyədə olur. İstehsalatda baş verən qəzalar
zamanı əmək münasibətlərini rəsmiləşdirməyən
işçilərin hüquqları pozulur və onlar müəssisələrdən
heç bir təzminat ala bilmirlər.
Dövlət Əmək Müfəttişliyi
Xidmətinin rəis müavini Məhərrəm Məhərovun
qeyd etdiyinə görə, qeyri-leqal məşğulluq və
əmək müqavilələrinin rəsmiləşdirilməməsi
halları dünyanın bütün ölkələrində
mövcuddur. Adətən, işçi qüvvəsinin hərəkətinin
sürətlə dəyişdiyi, çeviklik olan sahələrdə
- ticarətdə, ictimai iaşə və nəqliyyat
sektorlarında, tikintidə qeyri-leqal məşğulluğa
daha çox təsadüf
olunur. Azərbaycanda da bu problem mövcuddur. Hazırda ölkə
əhalisinin orta yaş göstəricisi təxminən
28-29-dur. 65 yaşdan yuxarı vətəndaşların
sayı ölkə əhalisinin cəmi 8,8-9%-ni təşkil
edir. Müqayisə üçün deyək ki, Avropa ölkələrində
bu göstərici 22%-dən yuxarı, qonşu Rusiyada təxminən
14-15%-dir. Yəni Azərbaycanın əhalisi kifayət qədər
gəncdir və əməkqabiliyyətli insanların
xüsusi çəkisi yüksəkdir. Buna baxmayaraq, əmək
müqaviləsi ilə işləyənlərin məşğul
əhalinin (bu, 4,4 milyon nəfərdən bir qədər
çoxdur) cəmi 31-32%-ni təşkil etməsi normal
göstərici sayıla bilməz. Müqayisə
üçün bildirək ki, əksər ölkələrdə
bu göstərici bizdən iki dəfə çoxdur.
M.Məhərovun
bildirdiyinə görə, müfəttişliyin Vergilər Nazirliyi və Dövlət Sosial
Müdafiə Fondu ilə birgə, həyata
keçirdiyi tədbirlər nəticəsində
2012-ci ildə ümumilikdə 46735 nəfərlə əmək
müqaviləsinin imzalanması təmin edilib.
2012-ci ildə 1194-ü dövlət, 7147-si özəl təşkilatlar olmaqla
8341 işəgötürənin əmək qanunvericiliyinə
hansı səviyyədə əməl etməsinə dövlət
nəzarəti həyata keçirilib. Nəzarət
tədbirləri zamanı təxminən 18 min
hüquq pozuntusu aşkar edilərək onların aradan qaldırılmasına nail
olunub. Böyük səmərə verən bu tədbirlərə
baxmayaraq, bütövlükdə əmək
bazarını tam nəzarətdə saxlamaq, işəgötürənlərlə
işçilər arasında münasibətlərin əmək
müqaviləsi əsasında rəsmiləşdirilməsinə
nail olmaq obyektiv səbəblərə görə
çətinlik törədir. Bunun
başlıca səbəbi hüquqi və
fiziki şəxslərlə
yanaşı, qeyri-leqal sahibkarlıq fəaliyyəti
ilə gəlir əldə etmək məqsədi güdən
işəgötürənlərin sayının çox olmasıdır. Bu
və digər problemlərin həll olunması üçün Əmək Məcəlləsinə
dəyişiklilərin edilməsi də zəruri hesab olunur. Artıq məcəlləyə
dəyişikliklər
istiqamətində iş gedir.
Vergi Məcəlləsinə
dəyişikliklər
ödəyiciləri üçün daha sərfəli imkanlar
yaradır
Əmək müqavilələrinin
imzalanmaması həm də, vergidən yayınma deməkdir.
Vergilər Nazirliyinin Audit və operativ nəzarət sahələri
üzrə müşavir xidməti bölməsinin rəisi
Ömər Cəfərovun bildirdiyinə görə, əmək
bazarının tənzimlənməsi üsullarından biri
kimi tələb və təklif arasında tarazlaşdırma
vergi siyasəti vasitəsilə həyata keçirilir. Yəni
bazar iqtisadiyyatı vergi yolu ilə tənzimləndiyindən,
vergi ödəyiciləri bu sistemin tələblərini
başa düşərək özləri əmək
müqavilələrinin bağlanmasında maraqlı tərəf
kimi çıxış etməlidirlər. Hər kəs
başa düşməlidir ki, əmək müqavilələrinin
bağlanmaması vergidən yayınmanın əsas səbəblərindən
biridir və bu da dövlət büdcəsinə
daxilolmaların səviyyəsinə mənfi təsir göstərir.
Vergidən yayınma hallarının
qarşısının alınması, əlavə vergi
potensialının müəyyən edilməsi, işçi
sayının və iş yerlərinin düzgün rəsmiləşdirilməsinin
təmin olunması məqsədilə vergilər nazirinin 18
iyul 2012-ci il tarixli əmri ilə «İşəgötürənlər
tərəfindən iş yerlərinin rəsmiləşdirilməməsi
hallarının qarşısının alınması istiqamətində
görüləcək işlərə dair» Tədbirlər
Planı təsdiq olunub. Bu sahəyə çevik nəzarətin
təmin edilməsi üçün Vergilər Nazirliyində
Qərargah yaradılıb.
Vergilər Nazirliyi 2012-ci ildə əmək
bazarına nəzarət tədbirlərini daha da gücləndirib
və əmək müqavilələrinin bağlanması,
eyni zamanda əmək bazarında əmək haqlarının
aşağı göstərilməsinin
qarşısının alınması sahəsində ciddi irəliləyişlərə
nail olub. Həyata keçirilmiş kompleks tədbirlər
nəticəsində 55700 sahibkar tərəfindən
183040 işçi ilə əlavə əmək
müqaviləsinin bağlanılması təmin edilib, nəticədə dövlət büdcəsinə
daxilolmalar artıb.
Ö.Cəfərov
bildirib ki, Vergilər Nazirliyi əmək müqavilələrinin
imzalanmasının təmin edilməsi ilə yanaşı,
işəgötürənlər üçün
daha əlverişli işgüzar
şəraitin yaradılması üçün
qanunvericilikdə dəyişikliklər edir. Vergi Məcəlləsinə
edilən son dəyişikliklər nəticəsində
fiziki şəxslərdən gəlir vergisinin maksimum dərəcəsinin
30%-dən 25%-ə endirilməsi, minimum dərəcənin
tətbiq olunduğu məbləğin isə
2000 manatdan 2500 manata
qaldırılması əmək müqavilələrinin leqallaşdırılması
üçün stimul
yaradır. Yəni, bu
stimullaşdırıcı addımlar vergi
ödəyiciləri üçün daha sərfəli imkanlar
deməkdir və onlar bu
müqavilələrin bağlanılmasında maraqlı
olmalıdırlar.
Vətəndaş
cəmiyyətləri prosesdə fəal rol oynayır...
Cəmiyyətdə əmək
müqavilələrinin əhəmiyyəti, gələcəkdə
sosial müdafiənin əsas təminatı olması barədə
təbliğat, maarifləndirici xarakterli tədbirlərin də
rolu böyükdür. Bu sahədə dövlət
orqanları ilə yanaşı, vətəndaş cəmiyyəti
institutlarının fəaliyyəti də mühüm əhəmiyyət
kəsb edir. Vətəndaşların Əmək
Hüquqlarını Müdafiə Liqasının sədri
Sahib Məmmədov hesab edir ki, əmək
müqavilələri ilə bağlı problemlər cəmiyyətin
bütün üzvləri, o cümlədən qeyri-hökumət
təşkilatları (QHT) qarşısında bir sıra vəzifələr
qoyur. Ona görə də, QHT-lərin bu prosesə cəlb
olunması olduqca vacibdir: Əmək münasibətlərinə
dair vəziyyətin öyrənilməsi, qanunvericilikdə
işçilərin hüquqları,
Əmək Məcəlləsinə dəyişikliklər
və burada əmək hüquqlarının
qorunmasının gücləndirilməsinə dair yeni
müddəalar və digər məsələlər barədə
vətəndaşlarda kifayət qədər biliklər yoxdur.
Onlar əmək müqavilələrinin
bağlanmasının hansı əhəmiyyət
daşıması haqqında belə zəruri məlumatlara
malik deyillər. Bu isə öz fəsadlarını əmək
bazarında göstərir. Baş verən bu hallarla bağlı QHT-lərin də
köməyindən istifadə etmək gərəkdir. Son
dövrlər dövlət strukturları, o cümlədən
Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi QHT-lərlə bu istiqamətdə
sıx əməkdaşlıq qurub.
Gələcək
hədəflər
Əmək bazarı ilə bağlı
sistemli və davamlı tədbirlərin həyata keçirilməsi
«Azərbaycan 2020: gələcəyə baxış»
İnkişaf Konsepsiyasında da mühüm hədəflər
sırasındadır. Konsepsiyada başlıca məsələlərdən
biri əmək bazarında baş verən dəyişikliklərə
uyğun tədbirlərin görülməsi ilə bağlı
bir sıra vəzifələr müəyyən olunub. Əmək
bazarındakı vəziyyətin
təhlil olunması, perspektiv inkişaf üçün
vergi baxımından hansı addımların atılması müəyyənləşdirilməsi
və digər istiqamətlər qarşıdakı illərdə
dövlət orqanları üçün əsas tədbirlər
hesab edilir. Əsas strateji xətt səmərəli iqtisadi
mexanizmlərin tətbiq edilməsindən ibarətdir.
Məqsəd əmək bazarını
daha da canlandırmaq, işəgötürənlər
yaradılan əlverişli şərait sayəsində
işçilərin sosial hüquqlarının
qorunmasını gücləndirmək, vergi və digər
ödənişlərin həyata keçirilməsində
işəgötürən və işçilərin marağını
artırmaqdan ibarətdir.
Şahin Əliyev
Üç
nöqtə.-2013.-22 may.-S.14.