İKT ölkəmizin
sosial-iqtisadi inkişafının
prioritet istiqaməti elan edilib
Biz informasiya təhlükəsizliyi məsələlərində
beynəlxalq təşkilatlarla
fəal əlaqə saxlayırıq
BMT-nin
İnternet İdarəçilik
Forumunun Azərbaycanda
təşkili heç
də təsadüfi olmadı. Çünki informasiya-kommunikasiya texnologiyaları Azərbaycan
iqtisadiyyatının sürətlə
inkişaf edən və ən perspektivli seqmentidir. Bu səbəbdən də yeni texnologiyaların,
o cümlədən İKT sferasının inkişafı
Azərbaycanı fərqləndirən
cəhətlərdən biridir
və bizim uğurlu gələcəyimizi
təmin edəcəkdir.
Bu, həm biznes,
həm zəka, intellekt sahəsidir. Eyni zamanda, innovasiya və şəffaflığa
təkan verən, xidmət göstərən
bir sahədir. Təsadüfi deyildir ki, 2013-cü il
Azərbaycanda “İnformasiya-kommunikasiya
texnologiyaları ili” elan edilib. Aydındır ki, bunlarla yanaşı
informasiya təhlükəsizliyinə
diqqəti artırmaq lazımdır. Dünyada baş
verən hadisələr
də bunu önə çəkir.
Baş vermiş hadisələrin
qiymətləndirilməsində ikili standartlar nümayiş etdirilməsi
də informasiya təhlükəsizliyinindən qaynaqlanır. Bu hadisələrə təkan
verən sosial şəbəkələr olub.
Məsələn, bəzi
hallarda deyirlər ki, internet azadlığından
söhbət gedir, bu azadlığın məhdudlaşdırılması söz azadlığının
məhdudlaşdırılması deməkdir, başqa hallarda isə dözümsüzlük göstərərək
“sıfır tolerantlıq”
prinsipini əsas götürənlər söz
azadlığından dəm
vuranlar tərəfindən
heç bir tənqidə məruz qalmırlar. Təbii ki, kompyuter texnologiyaları özlüyündə
prinsip etibarilə nə siyasəti, nə də beynəlxalq münasibətlər
sistemini transformasiya etmir. Bununla bərabər, aşkardır
ki, beynəlxalq informasiya təhlükəsizliyini,
ilk növbədə informasiya
texnologiyalarından düşmənçilik
məqsədilə istifadə
edilməsi təhlükəsinin
azaldılması hesabına
möhkəmlətmədən milli və qlobal
təhlükəsizliyin səmərəli
təmin edilməsi mümkün deyildir.
Lakin təəssüf ki, informasiyanın qəsdən
təhrif edilməsi, yanlış informasiya verilməsi, məlumatların
saxtalaşdırılması, müasir informasiya texnologiyalarından müxtəlif
cinayətlər, məqsədyönlü
qanunsuz əməllər
törədilməsi üçün,
o cümlədən terror məqsədi
ilə istifadə edilməsi bu gün adi hala
çevrilir. Universal səviyyədə informasiya
məkanında fərdin
təhlükəsizliyinin və
azadlığının mənafeləri
arasında tarazlığa,
habelə qlobal informasiya mübadiləsinin
iştirakçılarının hüquq və vəzifələrinin tarazlığına
əsaslanan informasiya təhlükəsizliyinin vahid
standartlarının və
meyarlarının müəyyən
edilməsi zəruridir.
Təbii
ki, vəzifələrdən
söhbət gedəndə,
ilk növbədə, milli
dövlətləri yada
salmaq lazımdır.
Qeyd etmək lazımdır ki, hər bir
müasir dövlət
kimi Azərbaycan da informasiya-telekommunikasiya texnologiyalarının inkişafına
böyük diqqət
yetirir. Bu sahə ölkənin sosial-iqtisadi inkişafının
prioritet istiqaməti elan edilmişdir. Biz informasiya təhlükəsizliyi
məsələlərində Avropa Şurası, Avropa Komissiyası, NATO, Beynəlxalq Elektrik Rabitəsi İttifaqı və digər beynəlxalq təşkilatlarla
fəal qarşılıqlı
əlaqə saxlayırıq.
2008-ci ildə Azərbaycan Avropa Şurasının “Kibernetik
cinayətkarlıq haqqında
Konvensiya”sını imzalayıb.
Beynəlxalq Elektrik Rabitəsi
İttifaqının tövsiyəsi
ilə ölkəmiz
2010-cu ildən Beynəlxalq
Elektrik Rabitəsi İttifaqının üzvü
olan 192 ölkədən
136-sını birləşdirən beynəlxalq çoxtərəfli
tərəfdaşlıq (İnternational
Multilateral Partnership against Cyberthreats –
İMPACT). çərçivəsində
əməkdaşlıq edir.
Azərbaycan həm də
“Şərq tərəfdaşlığı
– Avropa Şurası mexanizmi” proqramı çərçivəsində Şərqi Avropada həyata keçirilən
kibernetik cinayətkarlığa
qarşı mübarizə
sahəsində əməkdaşlıq
layihəsində iştirak
edir. Bu layihənin
həyata keçirilməsi
gedişində Avropa və beynəlxalq normativ vasitələrindən
və praktikadan istifadə edilməklə
kibercinayətkarlığa qarşı mübarizə
sahəsində əməkdaşlığın
səmərəli həyata
keçirilməsi üçün
potensialın möhkəmlənməsi
üzrə məsələlər
həll edilir. Hamıya məlumdur ki, haker hücumları qərəzli xarakter daşıyır və hər gün dünyanın bütün
ölkələrində baş
verir. Azərbaycan da informasiya
təhlükəsizliyinə təhdidlərlə üzləşir.
Bu baxımdan qeyd edə bilərək
ki, son bir ildə ölkəmizin dövlət orqanlarının
və digər müəssisələrinin kompyuter
sistemlərinə haker
hücumlarının sayı
artmışdır. İnformasiya təhlükələrinin təşviş
əhval-ruhiyyəsinin yayılması,
dövlətin ərazi
bütövlüyü haqqında
informasiyanın təhrif
edilməsi, terrorçu
və separatçı
radikal-dini fəaliyyətə
təhrikçilik kimi
formalarını da xatırlatmalıyıq. Təəssüf ki, Azərbaycan aşkar informasiya təhrikçiliyi nümunələri
ilə çox tez-tez üzləşir.
Bu hallarda kibernetik
məkanda separatçı
fəaliyyətə açıq
çağırışlar müşahidə olunur, dövlətin ərazi bütövlüyü şübhə
altına qoyulur.
Vurğulamağa dəyər ki,
bu cür hərəkətlər çox
vaxt qonşu Ermənistanın informasiya
strukturları tərəfindən
törədilir. Ermənistan ilə
Azərbaycan arasında
münaqişənin mahiyyəti
haqqında yalan məlumatlar yayan informasiya resurslarının
yaradılması, ərazilərin
adları dəyişdirilmiş
saxta xəritələr
hazırlanması, bu məqsədlər üçün
Azərbaycana aid domen adlarından istifadə edilməsi ölkəmizə
qarşı haker hücumlarının müxtəlif
növləri hesab edilə bilər. Son bir neçə
ildə İran İslam Respublikası tərəfindən Azərbaycanın
efir məkanının
məqsədyönlü şəkildə
pozulmasının davam
etməsini də xatırlatmalıyıq. Bədnam “Səhər
1” beynəlxalq kanalı
əsasən Azərbaycandakı
hədəf auditoriyasına
ünvanlanmışdır və bu kanal
ölkəmiz haqqında
daim bilərəkdən
yalan və saxta informasiya yayır. Bu vəziyyət
Beynəlxalq Elektrik Rabitəsi İttifaqının
“Radiorabitə reqlamenti”nin 23-cü maddəsinin
birbaşa pozulması
deməkdir. Həmin maddədə konkret
olaraq müəyyən
edilmişdir ki, radioyayım stansiyalarının
gücü milli radio xidməti tərəfindən
həmin ölkənin
sərhədləri daxilində
yayımın yaxşı
keyfiyyətinin qənaətlə
və səmərəli
təmin edilməsi üçün zəruri
kəmiyyətdən yuxarı
olmamalıdır. Təbii ki,
Azərbaycan öz efir məkanının informasiya təhlükəsizliyinin
müdafiəsini təmin
etmək üçün
texniki və texnoloji tədbirlər görür. İranın rəsmi şəxsləri
bu problemin mövcud olmasını çoxsaylı ikitərəfli,
o cümlədən müvafiq
qurumlar səviyyəsində
görüşlərdə etiraf edirlər, lakin vəziyyət dəyişmir. Qeyd etmək
lazımdır ki, başqa ölkələr
də buna oxşar çətinliklərlə
üzləşirlər. Bununla əlaqədar efir məkanının oxşar
pozulması hallarının
tənzimlənməsi üçün
real mexanizmləri birlikdə
axtarmaq lazımdır.
Bu gün informasiya
təhlükəsizliyinə təhdidlər təhlükəli
amilə çevrilmişdir.
Ona qarşı mübarizə
aparmaq üçün
bütün dünya birliyinin fəal səylərini birləşdirmək,
habelə müasir təhdidlərin aradan qaldırılması və
qarşısının alınması
probleminə əsaslı
yeni strateji yanaşmanın formalaşması
zəruridir. İnformasiyanın artmaqda olan əhəmiyyəti
qarşılıqlı informasiya
təsiri proseslərinin
tənzimlənməsinin təmin
olunması üçün
dövlətin fəal
müdaxiləsini tələb
edir. Biz unutmamalıyıq ki, informasiya texnologiyalarının
inkişafı artıq
bu gün cəmiyyətin həyatının
demək olar bütün sahələrində
genişmiqyaslı mənfi
nəticələr doğurur.
Son olaraq qeyd etmək istərdim ki, qlobal informasiya
əsrində informasiya
döyüş meydanı
sürətli nüvə
silahlanması ilə müqayisədə qat-qat
artıq dərəcədə
xaotik ola
bilər, çünki
bu döyüşdə
çoxsaylı xırda
iştirakçılar və
qeyri-dövlət oyunçuları
vardır. Onların ciddi təhlükə
yaratması üçün
cəmi bir kompyuter və ya qlobal şəbəkəyə
qoşulmuş adi mobil telefon kifayətdir.
Mövcud təhlükələr müasir dövrün bu cür çağırışlarına
ən yaxın müddətdə münasibət
bildirməyin zəruriliyini
şərtləndirir.
Üç nöqtə.-2013.-25
may.-S.9.