“Uşaqlara mahnı yazmaq üçün
gərək onları sevəsən”
Oqtay
Zülfüqarov: “Vətənpərvər mahnı oxuyan
müğənninin yaxşı səsi və
görünüşü olmalıdır”
Son vaxtlar uşaq musiqisi sahəsində durunluq müşahidə olunur. Gəlir gətirmədiyinə görə, bəstəkarların bir çoxu uşaqlar üçün musiqi yazmırlar. Amma az olsa belə, uşaqlar üçün musiqi yazan bəstəkarlarımız da var. Bu dəfə “Şənbə qonağı” rubrikasında qonağımız bu günün bir çox uşaqlarının musiqiləri ilə böyüdüyü xalq artisti, tanımış bəstəkar Oqtay Zülfüqarovdu. Mahnılarının bir çoxunu xalq musiqiləri bilinərək ifa edilən bəstəkarımızın bir neçə gündən sonra 84 yaşı tamam olur. Uşaqlar üçün saysız-hesabsız musiqilər yazan bəstəkarın son bir arzusu da uşaqlar üçün yazdığı baleti bitirməkdi. Oqtay müəllimin bu və digər mövzularda fikirlər söylədiyi müsahibəsini sizlərə təqdim edirik.
- Bir neçə gündən sonra 84 yaşınız tamam olacaq. Bu illər necə keçib?
- Danışsam çox uzun olacaq. Bircə onu deyə bilərəm ki, mənim həyatım çox maraqlı keçib.
- Bəs sənətə gəlməyiniz necə olub?
- Validyenlərimin hər ikisi həkim olub. Ona görə də fikirləşirdim ki, elə həkim də olacam. 16 yaşım olanda anam dedi ki, Oqtay sən mənim arzumu yerinə yetirmədin. Dedim nə arzudu ki? Anam dedi ki, mənim arzum səni musiqiçi görmək idi. Dedim ana çətin iş deyil. Gedib musiqi məktəbinə yazılaram. Anam dedi ki, sənin 16 yaşın var. Ona görə musiqi məktəbinə qəbul eləməzlər. Dedim xahiş eləyərəm bəlkə götürdülər. Bir nömrəli musiqi məktəbinə gəldim. Məktəbin direktoru Fatma Zeynalovaya dedim ki, sizdən bir xahişim var. Məktəbə kimisə düzəltmək istədiyimi soruşdu. Dedim özüm düzəlmək istəyirəm. Fatma xanım dedi ki, musiqi məktəbinə 6, 7, 8 yaşlı uşaqları qəbul edirik. Sən daha böyümüsən. Neçə yaşın var? Dedim 16. Dedi artıq gecdi. Dedim çox xahiş eləyirəm bəlkə hansısa musiqi alətlərindən birinə götürəsiz. Dedi onda aprel ayında gələrsən. Aprelin 12-si də qəbul imtahanları idi. Qəbul imtahanlarında hər ixtisasdan müəllimlər otururdu. 14-15 müəllim oturmuşdu, mən də gəldim. Yoxladılar gördülər ki, hər şey qaydasındandı. Müəllimlərin çoxu rus dilində danışırdı. Bir-birlərinə deyirdilər ki, necədi? Məktəbə götürək? Heç kimdən səs çıxmadı. Müller müəllim var idi. Bir ayağı yox idi, bir gözü də şikəst idi. Violonçel alətindən dərs keçirdi. Məni yanına çağırıb dedi səni öz sinfimə götürürəm. 2 il yarıma mən o məktəbi qurtardım. Tezyetişən tələbələrdən oldum. Fatma xanım Asəf Zeynallı adına musiqi məktəbinə zəng elədi. Dedi Oqtay bizim musiqi məktəbini qurtarıb. Məni dinlədilər və şərti olaraq məktəbə qəbul elədilər. Dedilər əgər yaxşı oxusa qalar. Qışda hesabat konsertində filarmoniyada çaldım. Onda gördüm qiymətim artdı. Orda oxuya-oxuya gizlin bəstəkarlıqla məşğul olmağa başladım. 1949-cu ildə Stalinin 70 illik yubileyi idi. Bu münasibətlə Asəf Zeynallı adına musiq kollecində “Stalinə yazılan ən yaxşı əsərlər” adlı müsabiqə elan etmişdilər. Onda mən “Yaşa Stalin” mahnısını yazdım. Operanın solisti Firudin Mehdiyev mahnını müsabiqədə oxudu və mən yer aldım. Məktəbi qurtaranda verəcəyimiz dövlət imtahanının proqramına əsasən bir dənə Azərbaycan bəstəkarının mahnısını ifa etməliydim. Dedim ki, olar öz əsərimi çalım? Deilər ki, imtahan komissiyasının sədri Cövdət Hacıyevin icazəsi olmalıdı. Cövdət müəllimin yanına getdim. Dedim imtahanda öz əsərimi ifa etmək istəyirəm. Dedi çal görüm oğlum. Çaldım. Dedi çal. Beləliklə mən Konservatoriyaya qəbul oldum. Evdə pianinom yox idi deyə gecələr yatmayıb, gizlin konservatoriyada bəstəkarlıqla məşğul olurdum. Özü də hər dəfə dərsdə violonçel çalmağa gələndə simləri cızırdım. Elə kökləmək istəyəndə partlayırdı. Bir dəfə dostum müəllimə dedi ki, necə olur ki, Oqtay hər dəfə dərsə gələndə çürük simlərlə gəlir o da partlayır. Müəllim məni Qara Qarayevin yanına apardı. Q.Qarayev o vaxtı konsevartoriyanın rektoru idi. Dedi bu oğlan bəstəkarlıqla məşğuldu, oxumaq istəmir. Q.Qarayev mənə dedi ki, oğlum sən həm bəstəkarlıqla məşğul ola bilərsən, həm də yaxşı violançel çalan ola bilərsən. Dedim yox mən bəstəkar olmaq istəyirəm. Konservatoriyada təzə il gecəsində 5-6 nəfər dostum mənim musiqilərimi çaldılar. Q.Qarayev dinlədi və dedi ki, səni təbrik eləyirəm. Beləliklə məni imtahansız bəstəkarlıq şöbəsinə qəbul elədilər. Mənim üçün böyük xoşbəxtlikdi ki, Q.Qarayev kimi dünyaşöhrətli bəstəkarın yanında oxumuşam. Mənim çörəyimi Q.Qarayev verib. Konservatoriyanı qurtaran vaxtlarda Q.Qarayev dedi ki, uşaqlar üçün musiqi azdı. Sənin mahnıların oynaqdı. Bəlkə uşaqlar üçün mahnılar yazasan. O vaxtı hər bəstəkarın uşaqlara aid bir-iki mahnısı var idi. Mən professional olaraq ciddi əsərlərlə yanaşı, uşaqlar üçün mahnı yazmağa başladım. İndiyə qədər uşaq baxçalarında həmin mahnılar oxunur. Bu gün mən xalq artistiyəm, prezident təqaüdçüsüyəm. Çox razıyam hökumətdən ki, mənim qiymətimi veriblər. Mənə ev verdilər. İndi Allahdan arzu edirəm ki, ömrümü 2-3 il uzatsın, uşaqlar üçün Məlikməmməd nağılının motivləri əsasında yazdığım “Sehrli alma” baletini tam bitirim. Əsər artıq yazılıb qurtarıb. Notlarda bəzi xırdalıqları düzəldirəm.
- Uşaqlar bütün hərəkətləri, istəkləri ilə böyüklərdən fərlqənirlər. Onlar üçün musiqi yazarkən nələri əsas götürürsüz?
- Biri var musiqi insanı əyləndirir. Biri də var
insana nə isə deyir. Uşaqlar üçün olan
mahnılarımda onlara nə isə verməyə
çalışmışam. Bütün
mahnılarımı iki yaş yarımdan böyük
uşaqlara üçün dərslik eləmişəm.
Son 15 ildir ki, bəstələdiyim
mahnıların mətnlərini özüm yazıram. 250-dən artıq mətni mahnılarım
üçün özüm yazmışam. Xoşbəxtəm ki, Azərbaycanda iki nəfər
məni tanıyır.
- Zaman
uşaqların zövqündə nələrisə dəyişib?
-
Yaxşı və pis musiqi var. Bu bu gün dünyanı
mütrüb mahnılar bürüyüb. Onlar
bir günlükdü. Amma illər öncə
yazılmış çox gözəl musiqilər var ki, bu
gün də dillər əzbəridi. Uşaqları
aldatmaq olmaz. Ata televizorda toyxana musiqilərinə
qulaq asırsa, uşaq da görür ki, atası bu musiqiyə
yaxşı deyir. O da o musiqini qavrayır. Mən
də toyxana mahnılarını xoşlayıram. Amma hər şeyin öz yeri var. Əvvəllər
bir televiziya kanalı var idi. Həmin
televiziyada, radioda uşaq mahnılarını uşaqlara
öyrədirdilər. Bəstəkarlar
İttifaqı, Yazıçılar İttifaqı, Mədəniyyət
Nazirliyi 3-4 müsabiqə edirdi. Biri
söz, biri musiqi, o biri ifaçı üçün
müsabiqə keçirirdi. Beləliklə
gözəl musiqilər yaranırdı. Mən
qızım Leyla ilə çıxış eləyirdim.
Bütün mənim təzə uşaq
mahnılarımı Leyla oxuyurdu. Moskvada
film çəkdilər. Azərbaycanda da
“Leyla və onun dostları” adlı film çəkdilər.
Bunlar hamısı uşaqlar üçün təbliğat
idi. Bəstəkarlar İttifaqında məni
rayonlara göndərirdilər. Mənim o
vaxtı “Tumurcuq” teatrım var idi. Bu teatr
vasitəsilə Azərbaycan televiziya və radiosunda uşaqlar
üçün çıxışlar olurdu. Rayonlara gedəndə görürüdm ki, yeni
tumurcuqlar yaranıb. Televiziya ilə biz bunu
təbliğ edirdik və rayonlara gedəndə əziyyətlərimizin
bəhrəsini görürdük. Bəzi
bəstəkarlara deyirəm ki, uşaqlar üçün
mahnı yazırsız? Deyirlər ki, əşi
uşaqlar üçün mahnı adama nə verir ki? Toyxana mahnısı yazıb yaxşı qazanaram.
Çox adamlar bunu pul ilə ölçürlər.
Elə istedadlı bəstəkarlar var ki,
müsabiqələr keçirib, onları həvəsləndirmək
lazımdı. Hər müsabiqədə
2-3 yaxşı musiqi yazılsa, bu böyük işdi. Mən neçə müsabiqədə iştirak
etmişəm. Uşaqlar üçün
mahnı yazmaq üçün gərək onları sevəsən.
Müasir və köhnə deyil, yaxşı və
pis musiqi var. Mütrüb mahnılar uşaqlara heç nə
vermir. Təkcə Azərbaycanda deyil,
bütün dünyada vəziyyət bu yerdədi. Uşaqlar böyüklərin mahnılarını
oxuyurlar. Bunların qabağını almaq
çətindi.
- Bu
gün bəzi gəncləri musiqi zövqünün
olmamasına görə tənqid edirlər. Bu
da uşaq vaxtı dinlənilən musiqilərə görədi?
- Əlbəttə. Mən uşaqları məktəbə
qədər hazırlayırdım. 3-6 yaşlı
uşaq mənim mürəkkəb musiqilərimi ifa edə
bilirdi. Böyüyəndə yaxşı
musiqiyə qulaq asmaq üçün gərək
uşaqlıqdan buna hazırlıq olsun. Musiqini
bir balaca mürəkkəb yazan kimi başa düşmürlər.
Bütün dünyada ad günündə “Happy
birtday” mahnısını oxuyurlar. Bizim bəzi
azərbaycanlılar da guya ziyalıdırlar deyə o
mahnını oxuyurlar. Azərbaycan dilində
ad gününə aid çox gözəl
mahnılarımız var. Onları oxumaq lazımdı. Bu gün geyimdə, hərəkətlərdə
Avropaya meyl edilməsi cavanların çoxunda Azərbaycanın
milli mentalitetinin itməsinə gətirib çıxarıb.
Gözəl oxuyanlarımız,
mahnılarımız var. Amma mütrüblər də var. Gənclər
də yaxşı musiqilərə deyil, mütrüb musiqilərə
qulaq asırlar. Dəli kimi əsə-əsə
mahnı oxuyurlar. Guya indi bu müasirdi.
Nə söz var, nə musiqisi. Bu mövzu mənim ən yaralı yerimdi.
- Söz
və musiqinin vəhdətini indiki mahnılara gömək
olurmu?
- Yox,
görmürəm. Vətən haqqında
mahnı oxuyur, başlayır ulamağa. Vətən
haqqında mahnıda ağlamazlar. Sevgiyə aid olan mahnıda
nə qədər ah, of çəkirsənsə bu sənin
öz işindi. Vətənpərvər
mahnı oxuyan müğənninin yaxşı səsi və
görünüşü olmalıdı. İndi
vətənpərvərlik də iki yerə
bölünür. Biri var saxta vətənpərvərlik,
biri də var candan gələni. Saxta vətənpərvərlər
indi çoxalıb. Elə mənalı mətn
seçilməlidi ki, insanı çürütməsin.
- Bu
günün bir çox uşaqları sizin
yazdığınız musiqilərlə böyüyüb. Amma həmin musiqilərin çoxu xalq mahnısı
kimi qəbul edilir. Bu sizə necə təsir
edir?
- Mənim
mahnımı uşaqlar oxuyurlar. Amma çoxu
bilmir ki, mənim mahnılarımdı. Savadlı
müəllimlər uşaqlara bəstəkarların
adlarını öyrədirlər. Qoy
olsun. Fəxr edirəm ki, xalq
mahnılarımı oxuyur. Adımı
bilməsələr belə.
-
Oxucularımıza demək istədiyiniz sözünüz
varmı?
- Allah
millətimizi bütün fəlakətlərdən qurusun. Hamı xoşbəxt, firavan yaşasın. Onların içində mənim də ailəm, nəvələrim,
nəticələrim olsun.
Aygün Asimqızı
Üç nöqtə.-2013.-25
may.-S.13.