“Serialların qeyri-peşəkarlara həvalə
olunması bir cinayətdir”
Elşən Zeynallı:
“Serialların tamaşaçıya ötürdüyü
ictimai fikir yükü heç kəsə maraqlı deyil”
İllər öncə Azərbaycanda hər kəs
Braziliya seriallarına maraq göstərirdi. Hər kəs
işini gücünü atıb serial vaxtı efir
qarşısında olmalı idi. Lakin sonradan bu seriallar
yığışdırıldı. Onları türk
serialları əvəz etdi. Sonra da Azərbaycan
tamaşaçısı türk seriallarını bu cür
izləməyə başladı. Türk
serialları o qədər maraqla qarşılandı ki,
artıq bir çox insanlar özləri bilmədən
türk dilində danışırdı. Sonra
türk seriallarını tərcümə edib verdilər.
Tamaşaçı yenə də izlədi.
Amma nəhayət qərara gəlindi ki,
bunların heç biri Azərbaycanın deyil. Dövlət seriallarımızın inkişafı
üçün maliyyə ayırdı. Və
öz seriallarımız çəkilməyə
başladı. Artıq dövlətin
ikinci dəfə maliyyə ayırmasına baxmayaraq, Azərbaycan
serialları tamaşaçını ekran qarşısına
yığa bilmədi. Biz də bu dəfə
“Şənbə qonağı” rubrikası üçün
kinorejissor, ssenarist Elşən Zeynallı redaksiyamıza dəvət
edib, seriallarımızdan danışdıq. Ənənəmizə sadiq qalaraq,
qonağımızın redaksiyamıza gələcəyi
vaxtı müəyyən edib internetdə elan verdik. Tamaşaçılar da rejissora olan suallarını
“Facebook”da (F) “Ucnoqta.az şənbə qonağı” səhifəsində
yazdılar. Elşən Zeynallının
ona ünvanalanan sualları cavablandırdığı
müsahibəsini sizlərə təqdim edirik.
-
Günü-gündən sayı artan seriallarımızın
artmasını gözlədiyimiz keyfiyyəti haqda danışaq…
-
Ümumiyyətlə, mənə aydın deyil ki, bu
serialların çəkilməsi üçün ilkin olaraq ədəbi
material təsdiqlənərkən hansı formalardan istifadə
olunur? Seçim olaraq ayrılan maliyyəni
hansı formada istifadə edirlər? Ssenari
seçimi hansı qaydalarla aparılır? Ssenari prodüser mərkəzləri və yaxud
televiziyalar tərəfindən təklif olunursa, belə
çıxır ki, həmin maliyyəni gözüyumulu
olaraq prodüser mərkəzlərinə, televiziyalara ödəyirlər.
Təki məshul olsun. Serialların
tamaşaçıya ötürdüyü ictimai fikir
yükü, onun Azərbaycan tamaşaçısı
üçün əhəmiyyəti heç kəsə
maraqlı deyil. Dövlət
başçısının seriallara göstərdiyi bu diqqət
Azərbaycan üçün doğrudan da sevindirici hal idi.
Bu dövlətimizin Azərbaycan televiziya
kinosunun inkşafına maraqlı olduğunun göstəricisidir.
İnanıram ki, bu sevincimiz davam edəcək.
Peşəkar pianoçu heç vaxt royal
arxasında notsuz əyləşmir. Həvəskar
isə öz bildiyi kimi, səhvləri çox olsa da ifa edir.
Peşəkar öz sənətinə hörmət
etdiyi üçün orda qısa bir səhvin olmasına yol
verməz. Bu peşə əxlaqıdır.
Bu gün bizdə professional kinematoqrafiyada
ölçü hissi itib. Mənim müəllimim
Eldar Quliyev olub. Mən Eldar müəlimin
yanında rejissor kəlməsini ehtiyatla işlədirəm.
Çünki peşə bizi bu cür yönəldib.
Seriallarımızın çox çəkilməyi
o demək deyil ki, hamı yaxşı çəkir. Bu işi bilənlər gəlib
tamaşaçının maraqla izləyəcə biləcəyi
işlər hazırlamalıdır. Təəssüflər
olsun bu sahədə böhran dövrünü
yaşayırıq.
- Bu qədər
çəkilən işlərin içində heç bəyəndiyiniz
yoxdurmu?
- Nisbətən
deyə bilərəm ki, var. Bu günləri o inkişaf yoluna
cəhd edən, teleserial qanunlara riayət etmək istəyən
rejissor Rövşən İsakdır. “Pərvanələrin
rəqsi” və “Sonuncu fəsil” seriallarının rejissorudur.
Serialların çoxunda adi dramaturgiya
qanunlarına riayət olunmur.
Aygün
Qocayeva (F): Teatr rejissoru da serial çəkir, kino rejissoru da. Bunların fərqi yoxdur?
Elşən
Zeynallı: Bu peşədir. Balet oynayan da rəqqas
adlanır, milli rəqs ifa edən də. Amma
bu iki sahə arasında çox böyük fərq var.
Peşəyə diqqət ciddi olmaldır. Mən dəhşətli uçurumun
qarşısının alınması üçün həyəcən
təbili çalmaq istəyirəm. Maliyyə
bölgüsündə iştirak edən məsul şəxslərdən
artıq dərəcədə xahiş edirəm
qarşıdan gələn dövrdə maliyyənin nəyə
ayrıldığı ictimaiyyətin diqqətinə
çatdırılsın. İnsanlar
bilsin ki, dövlətin ayırdığı pullar hara sərf
olunur. Müasirləşdirilmiş formada
“Aydın”ı çəkirlər. Nisbətən
o diqqətimi çəkir.
-
Sualların çoxu bu mövzudadır ki, türklərdən
nə vaxtadək götürüb çəkəcəklər?
- Rusiya
kinematoqrafiyası Türkiyədən qat-qat məhsuldar və
zövq baxımından üstündür. Bu gün
dünyanın ən nüfuzlu televiziyalarından olan ORT-də
çox az hallarda 20 serialı olan teleserial
görə bilərsən. 7-20 arası olur və
tamaşaçı yarım ay baxır, amma gözəl
iş seyr edir. 50 seriya uzatmaq
tamaşaçı üçün böyük təhqirdi.
Evdar xanımlarımız evdə otururlar deyə,
nə verəsələr onu izləməlidirlər?
- “Kurtlar vadisi” neçə ildir ki, yayımlanır. Artıq
serialllıqdan belə çıxıb. Amma izləyənləri
azalmır…
- Serial
izləyənlərin çoxları bir az
sentimental, romantik insanlardı. Onlar seriallara
öyrəşirlər. 36 kağız
parçasından ibarət olan kart insanda vərdiş yarada
bilir. Qalsın ki, hər seriyası 45 dəqiqə
1 saat olan serial. Rusiya Puşkindən serial
çəkir. Həmin “Kurtlar vadisi”nə
baxanlar bir seriyasına baxandan sonra o serialı da izləyirlər.
“Kurtalar vadisi”, “Aşkı məmnu” kimi
heç bir ictimai əhəmiyyəti olmayan seriallarındansa,
rus seriallarını izləmək daha məntiqlidi. Ssenarist deməyə dilim gəlmir. Ssenari
yazanlarımıza Atv kanalında Xoşqədəm
Hidayətqızının “Səni axtarıram” verilişini məsləhət
görürəm. Bu çox gözəl
veriliş olmaqla yanaşı, həm də serial xarakterlidi.
O qədər düzgün ssenari qurulur ki,
tamaşaçı hər veriliş bitəndə gələn
həftəni gözləyir. Xoşqədəm
xanıma müracət etsinlər. Mən
səmimi deyirəm. O verilişdə olan ssenarilər həyatda
olanlardı. Onlardan istifadə edə bilərlər.
Necə olur ki, biz dövlətimizin pulu
tamaşaçını qane etməyən işlərə xərclənir?
Seriala baxanda elə bilirəm ucqar əyalət
teatrının tamaşasına baxıram.
- Teatr
aktyorlarının bu sahəyə gəlməsi sünilik
yaranmasına səbəb ola bilərmi?
- Aktyor bu
məhsullarda yaradıcı fərd olmaqla yanaşı, həm
də aparıcı xammaldı. Kino bir fabrikdi.
Kinematoqrafçıların belə sözü
var ki, əvvəl istehsalat, sonra incəsənət.
Əvvəl istehsal olunur, sonda bilinəcək ki, o incəsənət
ola bilib, yoxsa yox. Peşəkar
aktyorlara çox böyük hörmətim var. Amma onlara
heyifim gəlir. Yaş keçir və onlar da iş
görmək istəyirlər. Ancaq peşəkar
aktyorlar kənarda qalıb, bu peşəyə aidiyyatı
olmayanlar filmlərə çəkilirlər. Bu təhlükəsizlik məsələsidi. Elə bilin ki, səngərimizin qorumasını
başqa bir millətə həvalə etmişik. Serialların qeyri-peşəkarlara həvalə
olunması bir cinayətdi. Bilmirəm
çatışmayan nədir? Görünür
bir forma tapa bilmirlər ki, bunu daha düzgün yola yönəltsinlər.
Aidə Cəmilova
(F): Teatr rejissorunun serial çəkməsini necə qəbul
edirsiz?
E.Zeynallı:
Mən bir dəfə bu haqda danışmışdım. Düzgün anlaşılmamışdı. Sonra qarşı qərəf üzrhaqlıq etdi.
Sübut olundu ki, düz demişəm. İndi niyə çəkmirlər? Çünki tamaşaçını bir dəfə
aldatmaq olar. Bunlar Azərbaycan incəsənətinə
soxulan cinayətkarlardı. Bir ara
hamı restoran tikirdi, sonra göydələn tikmək dəbə
düşdü, indi də hamı serial çəkir. Deyirlər televiziya 15 seriya yayımlamaqla nə
qazanacaq? ORT-ni izləsələr bu suala
cavab tapacaqlar. Filmin biri bitməmiş
növbətinin anonsları gedir. Rusiya məktəbini
öyrənmək lazımdır.
Minayə
Qurbanova (F): Elşən bəy rejissor olaraq
seriallarımızdan hansıları sınaq üçün
izləyib?
Elşən
Zeynallı: “Pərvanələrin rəqsi”ni
izləmişdim. Amma tam olaraq yox. Bir də
sitqom janrında çəkilən, normal hər bir işi
yerində olan “Üç bacı”nı. Ətrafımda olanlara əsasən təhlil də
etmişəm. “Üç bacı”
janrına görə peşəkar və məntiqli çəkilir.
Amma Atv kanalında gedən “Bacanaqlar” dəhşət
bir şeydi. Göz qabağında olanları
deyirəm. Peşə ləyaqətim imkan
verməz ki, mən yalan fikirlər söyləyim.
Gülnar Məmmədova
(F): Təbiilik yoxdu, rejissor yoxdu, aktyor oyununun çoxunu bəyənmirik.
Bəs bu seriallarımızda nə var axı?
E.Zeynallı:
Heç nə yoxdur. Bunları sadalayan
tamaşaçı və ağaran televiziya ekranı. Ona görə də məsləhət görürəm
ORT kanalını izləyin.
- Dövlət
2-ci dəfə maliyyə ayırdı. Ortalıqda
da bəyəniləsi heç nə yoxdur. Bəs bu pullar hara gedir?
- Onu mən
bilmirəm.
- Aktyor
oyununun təbii alınmadığını deyirlər…
- Aktyorun
rolunun uğurlu alınmasında rejossor böyük məsuliyyət
daşıyır. Yemək dadsızdırsa, ərzaqları
günahkar adlandıra bilmərik. Dadsızdırsa,
deməli aşbaz yaxşı bişirməyib. Kino sahəsində kompromis qəbul edilməzdir.
Əgər ssenaridə yazılıbsa ki,
qızıl saat yerə düşüb sındı. Aktyorun qolundakı qızıl olmasa belə 100 faizli
qızla bənzəməlidir. Çünki
kino təbiiliyi sevir. Ssenari seçimi isə
yazanın kimliyi bilinmədən səsvermə yolu ilə
seçilməlidir.
Tahir Mirzəyev
(F): Ancaq xaricilərdən götürürlər.
Seriallarımızda millilik hiss olunmur…
E.Zeynallı:
Tamaşaçıya nə lazımdır ki, kim
kimə vurulub, kim niyə boşanıb? Bu
cür hadisələr peşəkar dramaturji hadisələr
içində təqdim olunarsa, maraqla qarşılanır.
Dahi sənətkarlarımızın əsərlərindəki
tarixilik ekranlaşdırılsa, gözəl olar.
- Bu
gün adi bir ssenarini yaxşı çəkib ortalığa
çıxara bilməyənlər, tarixi mövzuları
işləyib bərbad günə qoysalar necə?
- Bu
gün gördükləri işə görə mən onlara
həbs verilməsini istəyirəm. Amma tarixi əsərləri
də o günə qoyacaqlarsa, güllələnmə təklif
edirəm (Gülür).
- Siz
hansı işlərlə məşğulsuz?
- Mən
hazırda bədii sənədli film üzərində
çalışıram. Poeziya və sevgidən
bəhs edəcək.
- Bəs
serial çəkmək?
- İstəyərdim, amma ən çoxu 20 seriya olsun. Mikayıl
Müşfiqdən çəkə bilərəm. O necə
təzadlı bir dövrdə yaşayıb. Tamaşaçı
üçün maraqlı olar. Əli Əmirli ilə
bir mövzumuz var. Türkqızı ilə azərbaycanlı
oğlanın məhəbbət hekayəsinə aid bir ssenari
də var. Lirik komediya janrında 20 seriya ola
bilər. Təzad dolu insan həyatındakı
poeziya sevgi, ictimai gərginlik, bir sözlə
düsünülmüş bir film çəkmək istəyərəm.
Şeyx Şamilin həyatının gərginliklərini
özündə əks etdirən bədii film ola
bilər.
- Elşən Zeynallı rejissor olaraq
seriallarımızda nələri görmək istəyir?
- Tamaşaçılarımızın maraqla izləyə biləcəyi, maariflənəcəyi işlər təqdim olunmasının tərəfdarıyam. Serialların ictimai fikir yükü olmalıdır. Bir də əvvəllki fikirlərimdə qeyd etdiyim kimi, serialların çox uzadılmamasını istəyirəm. İnşallah gələcəkdə bunları da görərik.
Aygün
Asimqızı
Üç nöqtə.-2013.- 2 noyabr.- S. 13.