İKT sahəsində yeni-yeni qlobal layihələr
həyata keçirilir
Sektorun inkişafı proqram
xarakterli işlərlə
bərabər genişmiqyaslı
layihələrin reallaşmasına
hesablanıb
Ötən 10 il ərzində həyata keçirilən işlərin parlaq nümunəsi kimi Azərbaycanın ümumdünya kosmik məkanına inteqrasiyasını göstərmək olar. Bu gün artıq ölkəmiz milli telekommunikasiya peykinə malik olan azsaylı dövlətlərdən biridir. Azərbaycanın ilk peyki olan “Azerspace-1″ 7 fevral 2013-cü il tarixində Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan ada) yerləşən Kuru kosmodromundan, Qviana Kosmik Mərkəzindən yerli vaxtla saat 18.36-da (Bakı vaxtı ilə 8 fevral 2013-cü il saat 01.36) orbitə buraxılıb. “Azerspace-1″ peyki “Orbital Sciences” korporasiyası tərəfindən işlənib hazırlanan və hazırda 22 fəal peykin üzərində uğurla fəaliyyət göstərdiyi STAR-2 peyk platforması əsasında yığılıb.
Mütəxəssislərin sözlərinə görə, faydali yük üzrə 36 aktiv transponderlə təchiz olunan və təqribən 3,2 ton çəkisi olan “Azerspace-1″ peyki 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşəcək və Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edəcəkdir. Orbitdə istismar müddəti ən az 15 il təşkil edəcək.
“Azerspace-1″ peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformaların təmin edilməsi üçün nəzərdə tutulub.
Müasir dünyanın inkişaf prinsipləri elektronlaşma və yüksək texnologiyalar üzərində qurulub. Bu gün “Elektron hökumət”, “Elektron ölkə” anlayışı heç kimdə təəccüb doğurmur. Azərbaycan da bu tendensiyadan geri qalmır. Müşahidələr göstərir ki, artıq əhali bu xidmətlərə nəinki alışıb, hətta gündəlik həyatlarında onlardan istifadəyə daha çox üstünlük verirlər. Söhbət “Elektron hökumət” layihəsi çərçivəsində təqdim olunan elektron xidmətlərdən gedir. Qeyd edim ki, “E-hökumət” layihəsi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”ya əsasən işlənib hazırlanmışdır və “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Layihə informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsini, əhali, biznes qurumları, həmçinin öz aralarında əlaqələrin asanlaşdırılması və sərbəstləşdirilməsinə yönəldilmiş fəaliyyəti nəzərdə tutur, vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaradır.
İKT sektorun inkişafı və genişləndirilməsi istiqamətində icra olunan işlər bir çox beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Yeri gəlmişkən qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) “Measuring the Information Society – 2012″ adlı hesabatında “İKT inkişaf indeksi” üzrə Azərbaycan 155 ölkə arasında 68-ci yeri tutmuş və 2008-ci illə müqayisədə öz mövqeyini 15 pillə möhkəmləndirmişdir. Hesabatda Azərbaycan 10 “Ən dinamik inkişaf edən ölkələr” qrupunda yer alıb.
“İKT qiymət səbəti” göstəricisi üzrə Azərbaycan 52-ci yerlə qiymətləndirilib və 2008-ci illə müqayisədə öz mövqeyini 47 pillə möhkəmləndirmişdir. Dünya İqtisadi Forumunun “The Global Competitiveness Report 2012-2013″ hesabatında isə “Qlobal rəqabətqabiliyyətlilik indeksi” üzrə Azərbaycan əvvəlki mövqeyindən 9 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 46-cı yeri tutmuş və MDB məkanında öz liderliyini qoruyub saxlaya bilmişdir. nəhayət Dünya İqtisadi Forumunun “The Global Information Technology Report 2013″ hesabatında Azərbaycan “Şəbəkələşmə hazırlığı indeksi”nə görə əvvəlki mövqeyindən 5 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 56-cı yerə yüksəlmişdir. Hesabatda internet istifadəçilərinin say göstəricisinə görə Azərbaycan MDB ölkələri arasında liderdir, internetin əlçatanlığı göstəricisinə görə isə dünyada 20-ci yerdədir.
Dünya İqtisadi Forumunun (DİF) son “The Global Information Technology Report 2013″ hesabatına əsasən internet istifadəçilərinin say göstəricisinə görə Azərbaycan MDB ölkələri arasında liderdir və uyğun ümumdünya orta göstəricisini 2 dəfə üstələyir. Təbii ki, bunlar illər ərzindən həyata keçirilən işlərə verilən yüksək qiymətdir. Lakin, 10 il ərzində görülən tədbirlər, icra olunan işlər və həyata keçirilən layihələr bununla yekunlaşmır.
Məlum olduğu kimi, İKT sektorundan qeyri-ənənəvi xidmətlərlə yanaşı, ənənəvi xidmətlərin də inkişafı diqqətdən kənarda qalmır. Yeni texnoloji imkanların genişləndirilməsi sayəsində sektorun ümumi inkişafı vəhdət təşkil edir. Bu gün dünyanın bir çox ölkələri rəqəmli TV yayımının genişləndirilməsi istiqamətində səylərini artırırlar. Ölkəmizdə də bu istiqamətdə ardıcıl işlər görülür. Hələ, 2004-cü ildə Azərbaycanda Cənubi Qafqaz və Orta Asiya regionunda ilk dəfə olaraq rəqəmli televiziya yayımı üzrə sınaq işləri uğurla keçirilmişdir. Bu gün də “Azərbaycan Respublikasının ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 10 fevral qərarı ilə bu istiqamətdə işlər qrafikə uyğun davam etdirilir.
Görülən işlər nəticəsində ölkə əhalisinin 93.8 faiz-nin yaşadığı ərazilərdə rəqəmli televiziyanın yayım imkanlığı yaradılmışdır. 2013-cü ilin sonunadək ölkədə rəqəmli yayım səviyyəsi 100 faiz-ə çatdırılmasını planlaşdırırıq. Məlumat üçün bildirim ki, bu gün Azərbaycanda 25 televiziya kanalı və 15 radio proqramı mövcuddur ki, televiziya və radio proqramlarının əhali üzrə yayım əhatəsi təqribən dövlət proqramları üzrə 90-100 faiz, özəl proqramlar üzrə 80-85 faiz təşkil edir.
Sektorun inkişafı proqram xarakterli işlərlə bərabər genişmiqyaslı layihələrin reallaşmasına hesablanıb. Bu gün Azərbaycan hökumətinin təşəbbüsü və siyasi dəstəyi ilə həyata keçirilən layihələr var ki, beynəlxalq tribunalarda böyük dəstək alır. “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsi (TASİM) beynəlxalq arenaya hesablanan qlobal layihələrimizdən biridir. TASİM layihəsi İKT-nin çox yüksək inkişafına malik olan iki nəhəng regionu – Qərbi Avropanı və Sakit okean hövzəsində olan Şərqi Asiyanı birləşdirərək, magistral üzərində yerləşən təxminən 20 ölkəni əhatə edəcəkdir.
Bu magistralın həyata keçirilməsi üzrə nəzərdə tutulan birinci mərhələdə əsas etibarilə Qərbi Avropadan Çinə qədər olan ərazidə yerləşən ölkələrə xidmət edəcək transmilli optik şəbəkə yaradılacaq, Xəzəraltı kabel magistralı tikiləcək, ikinci mərhələdə isə yaranmış infrastruktura Avrasiya ölkələrinin, xüsusilə də Mərkəzi Asiya ölkələrinin sərfəli qiymətlərlə qoşulması təmin ediləcəkdir.
TASİM layihəsinə 2009-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının 66-cı plenar iclasının xüsusi qərarı ilə yanaşı, 2012-ci ilin dekabr ayında BMT-nin 67-ci Baş Məclisi xüsusi qətnamə ilə ikinci siyasi dəstəyi vermiş və bu layihə üzrə xüsusi alyansın yaradılmasını tövsiyə edib.
Digər bir qlobal layihə Avropa-Yaxın Şərq informasiya magistralı layihəsidir (EPEG). EPEG layihəsi Almaniyadan Omana qədər çox böyüktutumlu rabitə kanallarının Asiya ölkələrinə çatdırılmasının təmin edilməsini nəzərdə tutur. Bu marşrut Avropadan Asiyaya olan dənizaltı rabitə kanallarından ən qısasıdır. Azərbaycan bu layihədə tranzit ölkə kimi həm əsas, həm də ehtiyat marşrut olaraq seçilib. Azərbaycanı bu Konsorsiumda “Delta Telekom” şirkəti təmsil edir. Layihə üzrə Azərbaycanda əsas və ehtiyat qovşaqlarının quraşdırılması tamamlanmış, test işləri uğurla başa çatdırılmış və konsorsium tərəfindən qəbul olunub.
Üç nöqtə.-2013.- 6 noyabr.- S. 9.