Muğam müsabiqəsində yeni səslər kəşf edirik

 

Mənsum İbrahimov: “Qalib sənətkarların qiymətinə əsasən müəyyən edilir

 

Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyəti Fondunun layihəsi, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə 3 aydır ki, keçirilən “Muğam televiziya müsabiqəsi–2013” başa çatdı. 500-ə yaxın iştirakçının arasından seçilən 21 nəfərlə efirə yayımlanan müsabiqənin finalında 7 nəfər iştirakçı – Xətai Hacıyev, Gülnar Qüdrətli, Babək Quliyev, Ramiq Bayramov, Zümrüd Məmmədova, Sərxan Bünyadzadə və Mirpaşa Şükürov mübarizə apardı. Münsiflər heyətində xalq artistləri Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Əlibaba Məmmədov, Ağaxan Abdullayev, əməkdar incəsənət xadimi, Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov və əməkdar incəsənət xadimi, müsabiqənin təşkilat rəhbəri Nadir Axundov təmsil olunurdu. Müsabiqədə 14 iştirakçıya diplom verildi. Ayşən MehdiyevaMurad Əbduləzimov “Tamaşaçıların rəğbəti” mükafatı ilə təltif olundu. 1-ci yerə Sərxan Bünyadzadənin layiq görüldüyü müsabiqənin 2-ciləri Xətai Hacıyev və Zümrüd Məmmədova, 3-cü yeri qazananları isə Ramiq Bayramov, Gülnar Qüdrətli və Babək Quliyev oldu. Müsabiqənin əsas mükafatı “Qran-pri”yə yarışmanın ən gənc iştirakçısı Mirpaşa Şükürov layiq görüldü. Təəssüratlarını “Üç nöqtə”ylə bölüşən Mirpaşa bildirdi ki, qalib olacağına əmin idi: “Mənim üçün çox gözəl müsabiqə oldu. Heç bilmədim bu 3 ay necə gəlib keçdi. Müsabiqəyə özümə inamım olduğu üçün qatıldım. Digər iştirakçılar məndən yaşca böyüklər idi. Mən özüm üçün oxuyurdum. Ona görə özümə rəqib kimisə görə bilmirdim. Bütün iştirakçılar gözəl ifa edirdi. İnanırdım ki, ən yüksək mükafatı əldə edəcəm. Əgər özümə əmin olmasaydım müsabiqəyə qatılmazdım. Bundan sonra bəlkə səsdəyişmə dövrü oldu. Ona görə 11-ci sinifə qədər məktəbi  bitirib, Konservatoriyaya qəbul olmaq istəyirəm. Mənsum müəllimə təşəkkürlərimi bildirirəm. Mənim bütün nailiyyətim, hər həftə yaxşı çıxış təqdim etməyim onun sayəsində olub. Qohumlar, dostlar, müəllimlərim təbrik edirlər. Qələbəmə görə çox sevinirəm”.

Müsabiqənin münsiflər heyətində təmsil olunan Səkinə İsmayılova bildirdi ki, “yaxşıların yaxşısı” qalibiyyəti qazanıb: “Müsabiqədəki hər bir iştirakçının çox gözəl səsi var idi. Amma müsabiqə belədir ki, kimsə qalib olmalıdır. Kim ki, 3 ay ərzində özündə duruş gətirə bilirsə, repertuarı, oxumağı ilə davam edə bilirsə finala çıxır. Hardasa nə isə çətinlik, müəyyən bir ləngimə olanda bu da iştirakçının müsabiqədən kənarlaşdırılmasına gətirib çıxarır. Təbii ki, hər bir proses tamaşaçının gözü özündə olur. Bu Azərbaycan muğam sənətinin inkişafı deməkdir”.

3 tələbəsi müsabiqədə yer tutan Mənsum İbrahimov deyir ki, əziyyət çəkən və istedadı olanlar qalib oldu: “Finalda hər bir iştirakçı çox gözəl çıxış nümayiş etdirdi. Hələ ilk turlardan gözlədiyimiz səslər var idi və həmin iştirakçılar özlərini doğrultdu. Möhtəşəm bir final keçdi. Biz münsiflər də sonda öz seçimimizi etdik. Düşünürəm ki, hər kəs layiqli yerini aldı. Hər dəfə keçirilən bu muğam müsabiqəsində biz yeni səslər kəşf edirik. Bu müsabiqənin üstünlüyü ondadır ki, qalib sms olmadan sənətkarların qiymətinə əsasən müəyyən edilir. “Qran-pri”, 2 və 3-cü yerləri qazanan iştirakçılar mənim tələbələrim idi. Bu o deməkdir ki, müəllim olaraq əziyyətim hədər getməyib. Birinci yeri qazanan Sərxan Bünyadzadə isə Gülyaz Məmmədovanın tələbəsidir. O iştirakçını mən xeyli vaxtdır tanıyıram. Müsabiqənin səkkizliyinə qədər gələn Orxan Hüseynli də mənim tələbəm idi”.

 

Aygün Asimqızı

 

Üç nöqtə.-2013.- 8 noyabr.- S. 13.