«Azərbaycanın
inkişafında İKT-nin rolu böyükdür»
Elmir Vəlizadə: «İnternet
tariflərinin artırılacağı ilə bağlı
yayılan xəbərlər şayiədir»
Azərbaycanda mövcud internetin tariflərinin artırılacağı ilə bağlı yayılan xəbərlər şayiədir. Bunun jurnalistlərə açıqlamasında Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirdi: «Hazırda internetin qiymətinin aşağı salınması istiqamətində işlər davam etdirilir».
Azərbaycanda internetin qiymətlərinin azaldılmasının növbəti dalğası gözlənilir.
Onun sözlərinə görə, bu məsələ aktualdır və bu istiqamətdə daim işlər aparılır: “Məsələ internet xidmətlərinin tədarükçüləri ilə dəfələrlə müzakirə olunub. İnternet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin artırılması və istifadəçilərə geniş seçimin təqdim edilməsi üçün mobil nömrələrin daşınması xidmətinə analoji olan internet portlarının daşınması xidmətinin tətbiqi məsələsinə baxılır. Hazırda bu istiqamətdə işlər hazırlıq mərhələsindədir”.
E.Vəlizadənin sözlərinə görə, tezliklə genişzolaqlı internetin inkişafı layihəsinin liberallaşdırılması üzrə işlərə başlanılacaq: “Yaxın üç il üçün nəzərdə tutulan layihə genişzolaqlı qoşulmaların sayının əhəmiyyətli dərəcədə artmasına və xidmətin hər kəs üçün əlçatanlılığına imkan yaradır”.
E.Vəlizadənin sözlərinə görə, ölkədə internet xidmətlərindən istifadənin genişləndirilməsi ilə bağlı uzun illərdir kompleks işlər görülür: «Azərbaycanın siyasəti buna yönəlib ki, internetin istifadəsi genişlənməlidir və internet istifadəçilərinə daha geniş istifadə imkanları yaradılmalıdır. Daha çox əhalimiz internetdən bəhrələnməlidir».
Nazir müavini qeyd etdi ki, Azərbaycanda bu siyasət bu gün də davam etdirilir: «Bu siyasətin tərkib hissəsi ölkəyə yeni texnologiyaların gətirilməsindən ibarətdir. Eyni zamanda, internet qiymətlərinin daim aşağı salınması ilə bağlı mütəmadi işlər gedir. Hazırda da internet provayderləri ilə görüşlər keçirilir. İnternetin qiymətinin aşağı salınması istiqamətində aparılan işlər bundan sonra da davam etdiriləcək».
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin fikrincə, Azərbaycanda dövlət qurumlarının Elektron Hökumət portalına inteqrasiyası daha da sürətləndiriləcək: «Bununla bağlı xüsusi dövlət proqramı hazırlanıb. İndiki mərhələdə mərkəzi icra orqanlarının portala qoşulması işləri gedir. Növbəti mərhələdə yerli icra orqanlarının və bələdiyyələrin portala qoşulması təmin ediləcək».
O vurğuladı ki, Elektron Hökumət portalında bu günədək 417 xidmət təsdiq olunub. Portalda elektron xidmətlərin ümümi sayı 270 ədəd təşkil edir. İndiyədək E-portala 40-a yaxın mərkəzi icra orqanı qoşulub.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmisinin sözlərindən məlum oldu ki, Azərbaycanda tətbiq olunan elektron imza xarici dövlətlər tərəfindən tam şəkildə tanınır.
Onun sözlərinə görə, Azərbaycanda tətbiq olunan e-imza beynəlxalq standartlara cavab verir: «Bu gün onun tanıdılması və yaxud hansısa məsələnin qarşımıza qoyulması düzgün deyil. Ölkə qanununa uyğun olaraq, e-imzaların tanınması istiqamətində iş gedir. İstənilən ölkə vətəndaşı e-imza ilə hər hansı xarici ölkəyə sənəd göndərərsə, bu tam məqbul şəkildə qəbul ediləcək».
Nazir müavini deyir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “startup”ların dəstəkverici qüvvəsidir.
Onun sözlərinə görə, yeni yaranan “startup”lar ölkəmizin inkişafına xidmət edəcək. İKT-ni yaradan və inkişaf etdirən məhz gənclərdir, onların rolu böyükdür. İstəyirik ki, gənclərin yaradıcılığı ölkənin inkişaf etdirilməsinə yönəldilsin. İKT sahəsindəki fikirləri reallaşdrmaq üçün “startup”ların rolu böyükdür.
O bildirdi ki, Azərbaycanın inkişaf etdirilməsində İKT-nin rolu böyükdür: «Qarşıya böyük məqsəd qoyulub ki, ÜDM 2 dəfə artmalıdır. Bunu təmin etmək üçün hər bir sahə öz daxilində inkişafa nail olmalıdır. İKT sahəsi də iqtisadiyyat sahəsi kimi baxıldığı üçün İKT-nin inkişaf etdirilməsi vacib məsələdir. İKT-nin inkişaf etməsi üçün yerli şirkətlərin potensialı güclənməlidir. Yeni istedadlı gənclər İKT sahəsində ixtisaslaşmalıdır. Yerli şirkətlər xarici şirkətlərlə qarşılıqlı əlaqədə olmalıdır ki, qazandığı nailiyyətləri regionda tətbiq edə bilsinlər. Yüksək texnologiyalar parkı yaradılıb ki, bu park gələcəkdə “startup”larla birgə fəaliyyətdə olacaq qurumlardan biridir. Bu park ölkəyə yeni investisiyaların gətirilməsinə, burada istehsal yaradılmasına və region bazarına çıxarılmasına xidmət edən bir platformaya çevrilməlidir».
Nazir müavini vurğulayır ki, «startup»lara dəstək göstərəcək digər alət İnformasiya Texnologiyaları Fondudur. Fondun qrant, kredit verilməsi və investisiya qoyuluşu mövcuddur və bu alətlər İKT-nin inkişafına yönəlib.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirdi ki, Azərbaycanda tətbiq olunan elektron imza xarici dövlətlər tərəfindən tam şəkildə tanınır.
Onun bildirdiyinə görə, Azərbaycanda tətbiq olunan e-imza beynəlxalq standartlara cavab verir: «Bu gün onun tanıdılması və yaxud hansısa məsələnin qarşımıza qoyulması düzgün deyil. Ölkə qanununa uyğun olaraq, e-imzaların tanınması istiqamətində iş gedir. İstənilən ölkə vətəndaşı e-imza ilə hər hansı xarici ölkəyə sənəd göndərərsə, bu tam məqbul şəkildə qəbul ediləcək».
Onun fikrlərindən məlum oldu ki, Azərbaycanda təqribən 40-a yaxın dövlət qurumu «Elektron hökumət» portalından qeydiyyatdan keçib.
Bunu «2013-2015-cü illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və «elektron hökumət»in inkişafına dair Dövlət Proqramı» layihəsinin ictimai müzakirəsi zamanı rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.
O deyir ki, hər ay «Elektron hökumət» portalına 50 min istifadəçi müraciət edir. Təqdim olunan elektron xidmətlərin sayı 417, portalda yerləşdirilən elektron xidmətlərin sayı isə 225-dir: “Azərbaycanda elektron xidmətlərin göstərilməsində ilk 10-luqda yer alan dövlət orqanları “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasıdır. Yaxın gələcəkdə bu orqanların sayını artırılması gözlənilir.
Yerli İT şirkətlərinin və ümumilikdə kadr potensialının gücləndirilməsi Azərbaycanın İKT sektorunun mühüm tərkib hissəsi, ölkə iqtisadiyyatının ayrılmaz hissəsidir.
Onun sözlərinə görə, 2020-ci ilədək dövlət tərəfindən qarşıya qoyulan, eləcə də “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında bəhs edilən əsas məqsəd ÜDM-in ikiqat artırılmasıdır ki, bununla əlaqədar iqtisadiyyatın hər bir sahəsi qarşısında müəyyən tapşırıqlar qoyulub.
E.Vəlizadə bildirir ki, özəl şirkətlərin potensialının gücləndirilməsi ilə yanaşı, xarici şirkətlərlə birgə əməkdaşlığın təşkili vacibdir ki, bu da regional ekspansiya üçün əsas aspektdir.
Nazir müavini hesab edir ki, bu potensialın formalaşdırılacağı təqdirdə, daxili ehtiyaclar kifayət etməyəcək. Bu səbəbdən əvvəlcədən regional bazarlara köklənmək lazımdır: «Azərbaycanda artıq bu istiqamətdə addımlar atılıb. Onlardan biri Yüksək Texnologiyalar Parkının yaradılmasıdır. Bu park gələcəkdə bilavasitə «start-up» layihələrlə işləyəcək, xarici sərmayələrin cəlb edilməsinə, respublika daxilində İT məhsullarının istehsalına başlamağa və onun xarici bazarlara çıxarılmasına kömək edəcək platforma qismində çıxış edəcək. Sahənin inkişafı ilə məşğul olacaq digər struktur İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondudur. Bu Fond «start-up» layihələrin inkişafına maliyyə yardımı göstərəcək».
Nazir müavininin sözlərinə görə, üçüncü vacib addım İKT sahəsində kadr potensialının inkişafına yardım edəcək İnformasiya Texnologiyaları Universitetinin yaradılmasıdır.
Onun fikrincə, Azərbaycanda ilin sonuna kimi rəqəmli televiziya yayımına keçəcək və qarşıya qoyulan məqsəd budur.
Əgər ölkə üzrə rəqəmli yayım tam həyata keçirilərsə, analoq yayım tam dayandırılacaq. Bu istiqamətdə də işlər gedir.
Əfsun
Üç nöqtə.-2013.- 9 noyabr.-
S. 9.