«Uşaq televiziyasının yaradılmasının tərəfdarıyam»

 

Jalə Əliyeva: “Onların vətəndaş kimi formalaşmasında əhəmiyyətli verilişlər böyük rol oynaya bilər

 

Azərbaycanda uşaqlara məxsus televiziyanın açılması yenə gündəmə gəlib. Millət vəkili Musa Qasımlı bir neçə gün öncə Milli Məclisdəki çıxşında uşaq televiziyasının yaradılmasının önəmli olduğunu vurğulayıb. O bildirib ki, bu strateji bir məsədədir və uşaqlarımızın psixologiyasına, gələcəkdə milli ruhda formalaşmasında mühim addım olacaq. Deputat təklif edib ki, Azərbaycan Dövlət televiziyasının nəzdində uşaq televiziyası yaradılsın. Məsələ ilə bağlı “Üç nöqtə”yə açıqlama verən millət vəkili Jalə Əliyeva da Azərbaycanda belə bir televiziyanın yaradılmasının vacib olduğunu bildirdi: “Deputat həmkarım tərəfindən irəli sürülən bu təklif düşünürəm ki, maraqlı idi. Azərbaycanda uşaq televiziyasının yaradılmasının tərəfdarıyam. Uşaq psixologiyası, tərbiyəsi ilə bağlı mövzu həssaslıq tələb edir. Bu psixologiyanın, tərbiyənin formalaşmasında Kütləvi İnformasiya Vasitələrinin ən əhəmiyyətli hissəsi olan televiziyaların rolundan daha çox danışılır. Bəzən onların müsbət və mənfi təsirləri baxımından fikirlər irəli sürülür. Bu da qloballaşan dünyada qaçılmaz bir məsələdir. Bu gün biz internet portallarından, sosial şəbəkələrdən biz istifadə edə biliriksə, təbii ki, biz bir çox şeyləri uşaqlarımıza qadağan etməkdə acizik. Vaxtında, zamanında nəyinsə qarşısını ala bilmirik. Amma bəlkə də bu təklif o mənada müsbət qarşılanmalıdır ki, televiziyalar öz təbliğatlarını gücləndirsələr, daha yaxşı, daha keyfiyyətli, internet portallardan uşaqların beyninə yüklənən lazımsız informasiyaların istiqamətini dəyişdirə bilsələr, uşaqlarımız üçün daha məhsuldar verilişlər hazırlaya bilsələr, təbii ki tərbiyədə də bu mühüm rol oynaya bilər”.

Xarici ölkələrin cizgi filmlərini, uşaq verilişlərini izləyən uşaqların həmin dildə danışmağa meylli olmasına gəlincə millət vəkili bildirdi ki, maarifləndirmədə televiziyanın rolu çox böyükdür: “İnsanların öz dilimizin incəliklərinə bələd olmasında kitablar kimi televiziya da böyük rola malikdir. 70-80-ci illərin cizgi filmlərində uşaqlara humanistlik, təbiəti, heyvanları sevmək aşılanırdısa, heyvanların dili ilə insanlanara nələrisə çatdırırdılarsa, indi yaradanın heç bir şeyə bənzədə bilməyəcəyi hansısa varlıq vasitəsilə uşaqlara neqativ fikirlər aşılanır. Bunu hər zaman üçün deyə bilmərəm. Amma belə hallar varçoxdur. Uşaq təfəkkürü elədir ki, yüz dəfə yaxşı nə isə de onu götürməyəcək, amma bir dəfə pis nə isə görsə onu həmin an mənimsəyəcək. Ona görə də düşünürəm ki, bu məsələdə hər birimiz əlimizdən gələni əsirgəməməliyik. İrəli sürülən bu təklif zaman-zaman cəmiyyətin müxtəlif təbəqələrinin, müxtəlif yerlərdə dilə gətirdikləri fikrin ifadəsi idi. Mən bu fikri dəstəkləyirəm. Musa müəllimin dediyi kimi, bunu Azərbaycan televiziyası bu sahədə böyük ənənələri olduğu üçün deyirəm. Dövlət televiziyası xətti ilə gəldiyinə görə, düşünürəm ki, uşağın tərbiyəsi bir dövlət siyasətidir. Azərbaycan Televiziyası bu məsələdə öncüllük edə bilər. Həqiqətən də uşaqlarımızın vətəndaş kimi formalaşmasında əhəmiyyətli verilişlər böyük rol oynaya bilər”.

 

Aygün Asimqızı

 

Üç nöqtə.-2013.- 20 noyabr.- S.13.