“Həsən Məmmədov əvəzolunmaz
kino xadimi idi”
Şeyx Əbdül Mahmudbəyov: “O Azərbaycan
kino tarixində bütün
zamanlar üçün
bir nömrəli kino aktyorudur”
Azərbaycan kino tarixinin keçdiyi şərəfli yol göz önündədir. Bu günü haqda xoş sözlər deyə bilməyəcəyimiz kinomuzun keçmişinin yaradılmasında isə bir çox sənətkarların əvəzsiz rolu var. Onlardan biri də “Yeddi oğul istərəm”də Bəxtiyar, “Arşın mal alan”da Əsgər bəy, “Alma almaya bənzər”də Qurban, “Dədə Qorqud”da Dədə Qorqud, “Evlənmək istəyirəm”də Mirzə Səfər, “Böyük dayaq”da Qaraş və bu kimi bir çox rolların ifaçısı xalq artisti Həsən Məmmədovdur. Aktyoru doğum günündə yaxın dostu və sənət yoldaşı əməkdar incəsənət xadimi, rejissor Şeyx Əbdül Mahmudbəyov “Üç nöqtə”ylə birlikdə xatırladı. Bildirdi ki, Həsən Məmmədov Azərbaycan kino tarixində bütün zamanlar üçün bir nömrəli kino aktyorudur: “Həsən Məmmədovla bir filmə çəkilmək, onu filmə çəkmək mənim üçün çox gözəl xatirələrdi. Həsən Məmmədovun digər gözəl sənətkarlarımızdan fərqli bir tərəfi çox mülayim xasiyyətli olması idi. O qədər böyük sənətin qarşısında onun bir balaca səsi belə çıxmırdı. Özünü tərifləməyi, çəkiliş vaxtı ayrıca yer istəməyi yox idi. Mənim “Doğma sahillər” filmimdə baş rolu oynayırdı. Çox ağır bir şəraitdə lentə alırdıq. Hətta ilk dəfə min dəfə mənə yalvarmaqla filmə çəkdiyim cavab uşaqlar həmin çəkilişdə şərt qoyurdu. Deyirdilər ki, yorulmuşuq, acdıq, çətin şəraitdi. Mən də onlara Həsəni örnək olaraq göstərirdim. Deyirdim ki, o böyüklükdə aktyor nə edirsə, siz də onun etdiyini etməyə çalışın. SSRİ məkanında kino ən tez Bakıda olub. Azərbaycan kinosunun böyük tarixi və özünəməxsus ənənəsi var. SSRi miqyasında Həsən Məmmədov böyüklükdə barmaqla sayılacaq dərəcədə az aktyor var. Çox böyük aktyorlarımız olub. Bir-iki rolu ilə tarixə düşənlər də olub. Amma stabil olaraq Həsən Məmmədov Azərbaycanın əvəzolunmaz kino xadimi idi. O kinomuz üçün böyük itkidi. Mən hazırda xarici ölkədə təhsil alıb gələn iki rejissorun filmində çəkilirəm. Ssenarini mənə veriblər. O rejissorlar çox böyük əziyyət çəkirlər. Baxmayaraq ki, Azərbaycanda daş atsan aktyora dəyir. Amma efirə çıxarılası, böyük sənətlə məşğul olası peşəkar aktyor çox az tapılır. Bunun da əsas səbəbi aktyor sənətinə yanaşma tərzimizin düzgün olmaması, bu sahədə təhsilimizin zəif olmasıdır”.
Şeyx Əbdül bildirdi ki, Həsən Məmmədov sənətinin çiçəkləndiyi, aktyor kimi püxtələşdiyi bir vaxtda dünyadan köçüb: “O payız yarpağı ağacdan düşən kimi, kinomuzdan getdi. Sənətdə elə aktyorlar var ki, onları əvəz etmək olur. Amma Həsən Məmmədov kimi aktyorlar əvəzolunmazlardandı”.
Rejissor Həsən Məmmədovla bağlı bir xatirəsini də bizimlə bölüşdü: “Yeddi oğul istərəm” filminin sonluğu faciəvi bir səhnədir. Həsən Məmmədov sonda çıxıb həyətdə oturur və bu vaxtı məktub gəlir. Komsomolların hamısına salam çatdırması deyilir. Komsollardan da heç kim qalmayıb. Bu səhnə elədir ki, sözsüz oynamaq lazımdır. Sözsüz səhnədə tamaşaçıya fikrini tam çatdırmaq nəhəng aktyor qabiliyyəti tələb edir. Kino çəkilən zaman həmin səhnə bizim üçün çox maraqlı idi. Deyirdik görəsən, Həsən o səhnəni sözsüz necə oynayacaq? O vaxtı rejissorluğa həvəsi olan bir şəxs kimi maraqlı gəldi. Filmin quruluşçu rejissoru Tofiq Tağızadədən xahiş etdim ki, səkinin altında oturub, Həsənin həmin səhnəni oynamağını izləməyə icazə versin. Tofiq müəllim dedi otur. Bütün həmin səhnəni izlədim. Mən və orda olan digər işçilər düşündük ki, o rolda özünəməxsus heç nə etmədi. Hətta düşündüm ki, o rolu yaxşı oynamayıb. Bizim Həsənlə münasibətimiz çox yaxşı idi. 1-ci dubl çəkildikdən sonra, 2-ci dubla hazırlıq gedirdi. Həsənə dədə deyirdim. Dedim ay dədə sən bu boyda faciədə heç nə etmədin axı. O da hamıya qurban deyirdi. Dedi qurban Lazım olanı etmişəm, onu ancaq ekranda görəcəksən. Çəkilişlər bitdikdən sonra biz yığışıb kadrlara baxdıq. İnanılmaz dərəcədə gözəl alınmışdı. Çəkiliş zamanı mənə adi oyun kimi görünən səhnəni izləyəndə göz yaşlarımı saxlaya bilmirdim. Filmi hər kəs izləyib və dediklərimin sübutu da filmdir. Həmişə ona deyirdik ki, bizə öyrət də necə edirsən ki, belə gözəl oynayırsan? Deyirdi ki, vallah heç nə etmirəm. Çəkiliş vaxtı içimdə hiss ettdiyim kimi oynayıram. Çox qəribə idi. Onun aktyorluğu, görüşünü səsi, davranışı Allahın vergisi idi. Həsən Məmmədov Aəzrbaycan kinosu üçün tez dünyadan köçməsinə baxmayaraq çox işlər gördü. Gözəl bir aktyor məktəbi qoyub getdi. Təəssüflər olsun ki, həmin məktəb indi tədris olunmur”.
Qeyd edək ki, Həsən Ağaməmməd oğlu Məmmədov 1938-ci il noyabrın 22-də Salyan rayonunda doğulub. Azərbaycan teatr və kino tarixində bir çox rollara imza atan aktyor 2003-cü ilin 26 avqustunda vəfat edib, II Fəxri Xiyabanda dəfn edilib.
Aygün Asimqızı
Üç nöqtə.-2013.- 22 noyabr.-
S.13.