Ölkəmiz Beynəlxalq Kulinariya
Şəkilləri festivalında təmsil olunub-
Tahir Əmiraslanov: “Mətbəx
nümunələrimizi təkcə yemək növü
kimi deyil, incəsənət
növü kimi də
ortaya qoymaq
lazımdır”
Azərbaycan milli mətbəxi daha bir festivalda təmsil olunub. Bu haqda dünən keçirilən mətbuat konfransında çıxış edən Milli Kulinariya Assosasiyasının direktoru Tahir Əmiraslanov məlumat verdi. O bildirdi ki, Kulinariya Assosasiyasının üzvü Ağa Aşurov və fotoqraf Etibar Cəfərov Fransanın Oloron şəhərində keçirilən Beynəlxalq Kulinariya Şəkilləri adlı müsabiqədə iştirak ediblər: “Festivalda 18 ölkə – Fransa, Azərbaycan, Yaponiya, Almaniya, Yunanıstan, Koreya, Rusiya, Ukrayna, Avstriya, Polşa, Portuqaliya, BƏƏ, İsveç, Makedoniya, Bosniya və Hersoqovina, İtaliya, Norveç və Macarıstan iştirak edib. Yüksək modaya həsr olunmuş, daha çox kulinariya incəsənəti dizaynı ilə bağlı olan bu yarışmada Azərbaycan aşpazı II yerə layiq görülüb. I yerə Yaponiya, III yerə isə Fransa layiq görülüb. Yarışlar zamanı keçirilən usta siniflərdə də Ağa Aşurov II yerdə qərarlaşıb”. Tahir Əmiraslanov bildirdi ki, Azərbaycanda kulinariyanın foto incəsənəti hələ ki inkişaf etməyib: “Hesab edirəm ki, bu tipli yarışmada ilk dəfə iştirak edən ölkəmiz üçün bu nəticə müsbət qiymətləndirilə bilər. İnşallah gələn il birinciliyi qazanarıq. Azərbaycanda da bu sahə inkişaf etdirilməlidir. Ola bilsin ki, bu müsabiqə kiməsə kənardan asan gəlsin. Amma tək hazırlıq prosesinə 4 ay vaxt sərf edilib. Mətbəx nümunələrimizi təkcə yemək növü kimi deyil, incəsənət növü kimi də ortaya qoymaq lazımdır”. Festivalda iştirak edən Ağa Aşurov isə bildirdi ki, çətin bir müsabiqə keçib: “Beynəlxaq səviyyədə keçirilən bir yarış idi. Bizim mədəniyyəti modernləşdirib dünyaya çatdırmaq peşəkar olsaq da o qədər asan olmadı. Çünki təqdim edəcəyimiz iş vətənimizin, xalqımızın adına sayılır. Əvvəllər bizdə milli mətbəximizin modern forması o qədər də inkişaf etməmişdi. Azərbaycan Milli Kulinariya Mərkəzi fəaliyyətə başlayandan sonra, Tahir müəllimin sayəsində bu sahədə bir çox irəliləyişlər oldu. Hər zaman yarışlarda iştirak etdikcə milli mətbəximizi tanıtmağa çalışırıq”. Azərbaycanda belə festivalların keçirilməməsinə gəlincə Tahir Əmiraslanov bunun bir çox səbəblərini açıqladı: “Azərbaycanda kulinariya ilə bağlı respublika səviyyəli tədbirlər keçirilir. Beynəlxalq tədbir olaraq 2009-cu ildə I İslam mətbəxi konfransı keçirildi. 4 ildən sonra yəni bu ilin oktyabr ayında ikincisi baş tutmalı idi. Amma seçiklərə görə məsləhət görüldü ki, gələn ilin aprel ayında keçirilsin. Beynəlxalq festivalların keçirilməsi böyük məsuliyyət tələb edir. Bizim mərkəzin 5-10 nəfər hazırlamağı ilə iş olmaz. Azərbaycanda kulinariya təsis sisteminin qeyri-normal səviyyədə olmasıdır. İxtisaslaşdırılmış və xüsusiləşdirilmiş Kulinariya məktəbimiz yoxdu. Bu olsun ki, dünyasəviyəli mütəxəssislər hazırlansın. Dünyanın heç bir ölkəsinin restoranında təhsil almayan aşpaz çalışmır. Bizdə isə restorandə və ya hardasa yemək bişirəni aşpaz kimi təqdim edirlər. Belə bir hal sürdüyü müddətcə Azərbaycanda beynəlxaq səviyyəli tədbirlərin keçirilməsi nə dərəcədə düzgündür? Biz savadsızlığımızı, bacarıqsızlığımızı dünyaya nümayiş etdirməli olacağıq. Təkcə yarışda təqdim etdiklərimiz gözəl ola bilər. Amma xarici vətəndaş küçədə istədiyi restorana yemək üçün gedəcək. Bizim restoranların çoxunda dəqiq müəyyən edə bilmirlər ki, doğva şorbadır, yoxsa içki növü. Azərbaycanda kulinariya sahəsində elmi tədqiqat institutu, kulinariya muzeyimiz yoxdu. Amma qonşu ölkələrin hamısında bunlar yaranıb. Türkiyədən bir qonağım gəlmişdi. Rayona gedədəndə yolda dayanıb yemək yeməyimizi istədi. Restornalardan birində getdik. Yemək gətirdilər. Yanına çəngəl də qoymuşdular. Qonağım dedi ki, bəs bıçaq da gətirsinlər. Ofisiant bizə çörək doğranan bıçaq gətirdi. Bunlarımı göstərək?”
Aygün Asimqızı
Üç nöqtə.-2013.-9
oktyabr.-S.13.