“Şair heç
vaxt susa bilməz”
Baba Vəziroğlu: “Alimin ifasında
mahnını dinləyəndə elə bilirəm ki, o
sözləri mən yazmamışam”
Zaman elədir ki, bir göz qırpımında
keçir. Geridə qoyduğumuz zamanlar birləşdikcə
böyük tarix yaranır. O tarix ki, hər kəs
hansısa işi ilə orda qalmağa çalışır.
Bunun üçün də
çalışdığın işin peşəkarı
olmaz lazımdır. Bu dəfə “Şənbə
qonağı”mız da öz işinin peşəkarlarından
olan əməkdar incəsənət xadimi, şair, nasir Baba Vəziroğludur.
Ənənmizə sadiq qalaraq bu dəfə də
qonağımızın redaksiyamıza gələcəyi
vaxtı öncədən müəyyən edib internetdə
elan verdik. Oxucular da Baba müəllimə
olan suallarını “Facebook”da (F) “Ucnoqta.az şənbə
qonağı” səhifəsində yazdılar, ya da
qonağımız redaksiyamızda olan vaxt telefonla (T) zəng
edib birbaşa özünə verdilər. Baba
Vəziroğlunun ona ünvanlanan müxtəlif mövzulu
sualları cavablandırdığı müsahibəsini sizlərə
təqdim edirik.
- Baba müəllim,
şairə nədən sual verməzlər?
- Şairə ümumiyyətlə sual verməzlər. Təbi gəlirsə,
danışacaq. Əgər ilham verən nə
isə yoxdursa, nə qədər sual versəniz də
danışan deyil.
Suğra
Allahverdiyeva (F): “Həyatda hamının qəbul etdiyi şair
obrazından çox uzağam” – demişdi. Bəs
dillər əzbəri olan əsərlər necə
yaranıb?
B.Vəziroğlu:
Məsələyə iki tərəfdən yanaşmaq
lazımdır. Şairin şəxsiyyəti və
yaradıcılığı. Yaradıcılıq
barədə mübahisə edə bilmərəm. Bu oxucunun fikridi. Mən şəxsiyyət
mənasında demişəm ki, klassik şair obrazında
deyiləm. O şair obrazı ki, dağınıq
saçları, əlində siqaret, vərəq, qələm
yazır. Bu dünyadan uzaq həyat sürən, dünya malında gözü olmayan müasirlikdən
uzaq, xəyallarla, ilahi varlıqlarla danışan şair
obrazında deyiləm. Tamam müasir, praqmatik və
hər şeyə açıq gözlə baxan biriyəm.
Yazı masasına əyləşəndə
şair oluram. Qalan vaxt cəmiyyətin fəal
bir üzvüyəm. Hər şeyi
ölçüb-biçən, yeyib-içən, həyatın
hər cür gözəlliyindən zövq almağı
bacaran biriyəm.
Tahirə
Qafarlı (F): Nədən narazıdı? Amma
susmalıdırmı? Niyə susur?
B.Vəziroğlu:
Şair olan kəs ümumiyyətlə hər şeydən
narazı olmalıdır. Şair dünyaya
müxalifətdə doğulur. Şair hər
şeyin əksinə gedir. Bəzən
deyirlər ki, şair iqtidarla müxalifətdədi. Şair iqtidarla deyil, dünya ilə, əstəğfirullah
Allahla, təbiətlə müxalifətdə
olmalıdır. Şair böyük amallar
uğrunda müxalifətdə olmaldır. Amma kim millət vəkili seçilsin kimsə yox,
hansısa “jek” müdiri işini düz gördü,
hansısa yanlışlığa yol verdi. Belə
yox. Cəmiyyətin
xırdalıqlarına qədər şair kiçilməməlidir.
Əgər bir adama şair deyirlərsə, onu
necə susmaqda ittiham etmək olar. O elə yazır ki,
şair olub. Şair aparıcı, diktor, müəllim
deyil ki, səhərdən axşama kimi danışsın.
Şair düşündüklərini,
xalqının taleyindən keçənləri öz qələmi
ilə kağıza köçürür. Şair
heç vaxt susa bilməz.
Xəyalə
Məmmədova (T): Əvvəllər sizi efirlərə
tez-tez görürdük. İndi isə demək
olar ki, heç görünmürsüz. Bu
nə ilə əlaqədardır?
B.Vəziroğlu:
Hər il 2-3 ay İsmayıllıda bağ
evimdə oluram. Bir də ki, efirlərə
çox çıxıb tamaşaçını bezdirmək
istəmirəm.
Xəyalə
Məmmədova (T): Sənət dostlarınızdan xahiş edən
olubmu ki, onlar haqqında nə isə yazasınız?
B.Vəziroğlu:
Çox olub. Şeir də bir hədiyyədir.
Yaxın bir dost qızı üçün, gözəl bir
qız özü üçün şeir yazmağımı
xahiş edə bilər. Burda pis nə var ki?
Əgər çəkməçi olsaydım,
çəkmə hədiyyə edərdim. Şeir yazdığım üçün hədiyyə
olaraq şeir yazıb bağışlayıram.
Təranə
Hüseyn (F): Yeni kitabı nə vaxt işıq üzü
görəcək?
B.Vəziroğlu:
İnşallah 2 hissədən ibarət yeni kitab tezliklə ərsəyə
gələcək. Biri nəsr əsərlərindən,
o biri isə şeirlərdən ibarət olacaq.
Mirzə
Cümşüdov (F): Nəğməkar şair olaraq bu
gün yazılan mahnıların sözlərini necə qiymətləndirir?
B.Vəziroğlu:
Bu sualı 5-10 il öncə versəydiz,
pessimist cavab verərdim. Doğrudan da vəziyyət
biabırçı idi. Cəmiyyətdə
keçid dövrü oldu, dəyərlər itdi, bəzi vəziyyətlər
formasını itirdi. Bu dəyişiklik ədəbiyyata,
musiqiyə də öz təsirini göstərdi. Müğənnilər özləri yazıb, bəstələyib,
ifa edirdilər. Şükürlər olsun
ki, artıq bu vəziyyət düzəlmək üzərdi.
Artıq professionallıq önə
çıxıb. Həmişə
çağırış etmişəm ki, professional bəstəkarlar,
şairlər mahnı janrında fəal olun. Siz fəal olmayıncacızma qaraçılar həmin
yeri zəbt edirlər. Yavaş-yavaş
sular durulur.
Mirzə
Cümşüdov (F): Elə hallar olurmu ki,
yazdığınız sözlərə istədiyi gözəllikdə
mahnı yazılmasın?
B.Vəziroğlu:
Çox olub.
-
Narazılığınızı bildirmisinizmi?
-
Narazılıq bildirmək etik bir şey deyil. Valdeyin
daxilində bilir ki, hansı uşaq digərinə nisbətən
daha gözəldi. Amma hamısına eyni
gözlə baxır. Zahiri gözəllikdənsə
bəxti gözəl olsun. Bəzən
mahnı yazarkən fikirləşirik ki, dillər əzbəri
olacaq. Amma 1-2 ay gündəmdə olandan
sonra o qədər də dinlənilmir. Çünki
mahnının bəxti gətirməyib. Bəzən
elə-belə baxdığın mahnı çox məşhur
olur.
Əsgər
Əsədzadə (F): Müasir şairlərdən kimləri
oxuyur?
B.Vəziroğlu:
Yazıçı hər şeydən öncə oxucu
olmalıdır. İstedadının hesabına
müəyyən bir müddət parlaya, nə isə yaza bilərsən.
Amma böyük kitab, bilik ehtiyatın,
dünyagörüşün olmasa heç vaxt böyük mənada
yazıçı, şair ola bilməzsən.
Bu mənada özümdən razıyam ki,
çox oxuyuram. Moskvada M. Qorki adına
Ədəbiyyat İnstitutunda, Bolqarıstanda ali tərcüməçilik
və ədəbiyyat kurslarında, Azərbaycanda jurnalistika
fakultəsində oxumuşam. Təhsil yolum zəngin
olub. Mən hələ 1-ci sinifdən kitab
oxumağa başlamışam. Bu günə
qədər çox kitab oxumuşam. Amma
yenə də oxuyuram. İnternet, elektron ədəbiyyat
öz yerində, amma hər gün klassik kitabı bir neçə
saat oxumasam gözümə yuxu getməz. Bu
mənada yaxşı nə çıxsa oxumağa
çalışıram. Müasirlərdən
söhbət gedirsə dostlarım olan Vaqif Səmədoğlunu,
Ramiz Rövşəni çox oxuyuram. Gənclərin
hamısını oxuyuram.
Cavanşir
Paşayev (F): Sizə görə poeziyada ən çətin
mövzu nədir? O mövzu ki daha çox həssaslıq tələb
edir.
B.Vəziroğlu:
Poeziyada çətin mövzu yoxdu. Çünki
poeziyaya mövzu o qədər də çox deyil ki, çətin
və asan olsun. Bir neçə mövzu
var ki, bəşər, insanlar yaranandan onlar yazılır.
Çətin mövzu odur ki, yazmağa
başlayanda sözün gücünün yetmədiyini
görürsən. Bəlkə də
sözün gücü çatır, amma şairin onu
sözlə ifadə etməyə hələ ki gücü
çatmır. Bu istənilən mövzu ola
bilər. Yazmağa başlayanda görürsən
ki, o duyğular sözə gəlmir. Bunun
bir çox səbəbləri var. Bəlkə də o
mövzu hələ səndə tam bişməyib. Bunun üçün müəllifin müəyyən
hazırlıq prosesini keçməsi, yaxud da ki, həmin
ağrı-acını hiss etməsi lazımdır.
- Elə
bir mövzu olubmu ki, yazmaq istəsəniz illər keçəndən
sonra o mövzunu işləmisiz?
- Bəli.
Mənə elə gəlib ki, yazmağa
hazıram. Amma qələmi əlimə
alanda görmüşəm ki, yazılmır. Unu öndərə həsr etdiyim “Sən elə bir
zirvəsən” adlı şeiri mən illər öncə
yazmaq istəyirdim. Hələ Sovet dönəmindən
mən Heydər Əliyevə nə isə yazmaq istəyirdim.
Amma Heydər Əliyevin 80 illik yubileyində mən
onu yaza bildim. Bu şeir elə bil öz
özünə yarandı. Bəlkə də
buna görə, bu şeirə yazılan mahnı Heydər
Əliyev haqda bir mahıya yox, himnə çevrildi. “Səndən nigaranam” şeiri də elə olub.
Uzun illər mən
nigarançılığı ifadə edəcək bu
cür şeir yazmaq istəyirdim. Amma
zamanı gələndə yazıldı.
Maral
Qurbanlı (F): Elə bir şeiriniz olub ki,
yazdığınızdan çox başqasının dilindən
eşidəndə təsirlənəsiniz
B.Vəziroğlu:
Bütün şeirlərim başqasının dilindən səslənir.
İfa zamanı şeirlərə başqa həyat
verilir. Mən Allaha xitabən “İlahi”
adlı şeir yazmışdım. Amma Alim Qasımov o
şeirə ifası ilə başqa bir həyat verdi. Alimin ifasında bu
mahnını dinləyəndə elə bilirəm ki, o
sözləri mən yazmamışam. Mahnı
mənim yeddi qatımdan keçir.
-
“İlahi”nin timsalında deyə bilərik
ki, bir neçə peşəkar insanın əməyi nəticəsində
gözəl iş yaranır…
-
Düzdü. Müəyyən mahnılar var ki,
onların gözəlliyi bir başqadır. Elə mahnılar var ki, tez dillərə
düşür, tez də unudulur. Amma elə
mahnılar var ki, dinləyiciyə gec çatır, amma illər
keçsə də unudulmur. Çünki
onlar günlük yox, əsrlik mahnılardı. Sevinirəm ki, mənim sözlərimə yazılan
bir çox musiqilər günün mahnıları deyil.
Sima
Qafarova (T): Prezident seçkilərində iştirak etdinizmi?
B.Vəziroğlu:
Bəli. Görünən dağa bələdçi
lazım deyil. Azərbaycanlılar
azadlığın, xoşbəxtliyin dadını bilən
seçicidi. Ona görə də
onları boş-boş xəyallarla, fantastik nağıllarla
aldatmaq mümkün deyil. Azərbaycan
seçicisi düzgün seçim etdi. Mən
də o çoxluğun içində idim.
Kubra
Hüseynova: Hamı şairəm deyir. Sizə
görə kimlər şairdir?
B.Vəziroğlu:
Kimsə özünə şair deyirsə, özünə
görə şairdirsə deməli şairdi. Gərək
onun oxucuları desin ki, şairdi yoxsa yox. Şair
şairə qiymət verməz. Onda şou
aləmi kimi qalmaqal yaranar. Bir həqiqət də var ki,
nə müğənnilikdə, nə şairlikdə
heç kim başqasının yerini dar eləmir.
Hamı yazsın yaratsın. Zaman və oxucu onları ələyəcək.
Vasif
Murdaov (F): Kənardan çox sakit təbiətli
görünür. Həyatda necədir?
B.Vəziroğlu:
Həyatda tam əksinədir. Fəal, həyatsevər,
həmişə axtarışda olan insanam.
- Əsəbi vaxtlarınız necə olur?
- Əsəbi də oluram. Amma bu əsəbilikdən
çıxmaq ücün müdriklik dadıma çatır.
O yaşa çatdığım üçün müəyyən
şeylərə fikir verməyəyə
çalışıram. Özümü
çox şeylərin qarşısında əyməməyə
çalışıram. Hər şeyə
yuxarıdan aşağı baxmaq lazımdır. Bircə Allaha aşağıdan yuxarı
baxırıq.
Vasif
Murdaov (F): Baba müəllimin şeirlərini kimlər səsləndirsə
də, öz dilindən daha təbii və gözəl
alınır…
B.Vəziroğlu:
Mən də bu fikirdəyəm. Hər iksini mən
edəndə sanki bir-birini tamamlayır. Bir
də var ki, mənim yazdığımı başqa biri səsləndirsin.
Məşhur məsəldəki kimi, sözlə
dediyimi, sazla da deyəcəm.
Flora
Quliyeva (T): Şeir yazmadığınız gün olub?
B.Vəziroğlu:
Günlərin çoxu şeir yazılamayan günlərdi. Hər gün şeir yazmaq olmur ki? Oturub ancaq sifarişi yerinə yetirmək olar. O
zaman özümü məcbur edirəm ki, bütün
vaxtımı sərf edəm. Amma ilham pərisi
həqiqətən var ki, o gəlməyəndə yazmaq olmur.
O da ki, çox şlıtaq pəridi. Bir
gün, bir həftə, hətta aylarla belə gəlməyə
bilər. Sifarişlər isə
professionlallıq hesabına yaranır. İlham
pərisini xəyal edib yazmalısan. Bəzən məcburiyyət
qarşısında yazılan bir şeirdən də çox
gözəl iş olur. Ona görə də demək
olmaz ki, nə vaxt yaxşı, nə vaxt pis şeir
yazılır.
Aygün
Asimqızı
Üç nöqtə.-2013.- 12 oktyabr.- S. 13.