Bu gün Qurban bayramıdır

 

Elşad Miri: «Müqəddəs dinimizdə qurban kəsməyin fəzilətləri çox böyükdür»

 

İslam dünyasının ən müqəddəs bayramlarından biri Qurban bayramı gəlib çatdı. Adından göründüyü kimi, bu, qurban kəsməklə bağlı bir gündür. Qurbankəsmə mərasimi müqəddəs Həcc ziyarətinin ən yüksək məqamı hesab olunur. Ziyarətdə olanlar üçün şeytanı daşlama mərasimindən sonra qoyun kəsmək vacib sayılır. Həcdə olmayanlar üçünsə bu, maddi imkanla bağlıdır. İmkansızların borc alıb heyvan kəsməsi doğru sayılmır.

Qurban bayramı bu il oktyabrın 15-də, yəni, bu gün qeyd olunacaq. Bu bayramın özəllikləri və gözəlliklərindən söz salan dinşünas-alim Elşad Mirinin sözlərinə görə, «Qurban» teromini bizim dilimizə ərəb dilindən keçib. Bu söz Allaha yaxınlaşmaq mənasını verir: «Bir var Allahın insana yaxınlaşması, birvar ki, qurban kəsməklə insanın Allaha yaxınlaşması baş verir. Bunun mahiyyəti ilə fəlsəfəsini düzgün başa düşmək lazımdır. Qurban kəsməklə və bunu Allah yolunda paylamaqla insan Allahın buyruğuna əməl edirbununla da Allaha yaxınlaşır. Eyni zamanda, Qurban bayramının sosial paylaşma, yardımlaşma kimi gözəl bir əsası da var. Söhbət ondan gedir ki, müsəlman olan kəs qurban kəsərək həm gözəl adəti yerinə yetirmiş olur, həm də cəmiyyətdə mövcud olan təbəqələr arasındakı uçurumun aradan qaldırılmasına səbəb olur. Bir insanın imkanı varsa, qurban kəsir və bunu imkansızlara, qohumlara, qonşulara paylayır. Bu da insanların bir-birinə münasibətini daha da yaxşılaşdırır. Buna görə də Qurban ibadəti bütün dinlərdə həmişə mövcud olmuş ibadətlərdən sayılır».

Müsahibimiz hesab edir ki, əqli cəhətdən sağlam, yetkinlik yaşına çatmış imkanı olan hər bir insan qurban kəsə bilər: «Allah Qurani-Kərimdə peyğəmbərimizə buyurur ki, rəbbin üçün namaz qıl və qurban kəs. İmkanı olan adamların ildə bir dəfə Qurban bayramında qurban kəsmələri Allahın əmridir. Qurban heyvanı olaraq qoyun, keçi, inək, camış, dəvə kəsmək olar. Toyuq, xoruz, ördək, qaz, dəvə quşu, ceyran kimi heyvanlardan qurban kəsmək olmaz. Qurbanlıq heyvanın erkək və ya dişi olmasının fərqi yoxdur, lakin qoyunun erkəyinin, digərlərinin isə dişisinin kəsilməsi daha üstündür. Qoyunkeçini ancaq bir nəfər, dəvə, inək və camış cinsindən olan heyvanı isə ən çox yeddi nəfər birləşib qurban olaraq kəsə bilər. Qoyunkeçi cinsindən olan heyvanlar bir yaşında qurban kəsilə bilərlər. Amma fəqihlərin bir çoxunun fikrinə görə, qoyun alti ayliq olub bir yaşındaki qoyuna bənzər olduqda qurban olaraq kəsilə bilər.

İnək və camış cinsindən olan heyvanlar iki yaşını, dəvə isə beş yaşını tamamladıqdan sonra qurban olaraq kəsilə bilər. Kəsiləcək heyvanın sağlambütün üzvləri yerində olmalıdır. Xəstə, zəif, gözü kor, qulaqları və buynuzları kökündən kəsilmiş, dili kəsik, dişləri tökülmüşsair heyvanlardan qurban kəsilməz. Ancaq heyvanın doğuşdan topal, buynuzsuz, bir qulağı yırtılmış və sair olması qurban olaraq kəsilməsinə maneə deyil».

E.Mirinin sözlərinə görə, müqəddəs dinimizdə Qurban kəsməyin fəzilətləri çox böyükdür: «Bayrama keçən gecə əhya saxlamaq, yəni oyaq qalaraq ibadət etmək, dualar oxumaq tövsiyə edilir. Həmçinin qurban kəsən şəxs bayram qüslü almalı, bayram namazı qılmalıdır. Bu bayramın ən savab əməllərindən biri kasıbları sevindirməkdir. Qurban ətinin çox hissəsi imkanı olmayanlara paylanılmalıdır. Peyğəmbərimizin dövründən belə bir adət formalaşmışdır ki, kəsilən qurbanı 3 yerə ayırırdılar: «Bir hissəsini qurban kəsənlər özlərinə saxlayır, bir hissəsini qohum-qonşuya paylayır, bir hissəsini isə kənardakı imkansızlara paylayırdılar».

O bildirir ki, qurbanlığın ilk dörd günü bayram olur: «Yəni bu il 15-18 oktyabr günləri bayram sayıldığına görə, 18-i günortaya qədər qurbanlıq heyvanlar kəsilməlidir. Amma qurbanlığın bayramın ilk günlərində kəsilməsi daha məqsədəuyğundur ki, ət paylayacağınız insanlar bu bayramı layiqincə keçirə bilsinlər».

Dinşünas ekspert məsləhət görür ki, qurban kəsmək bu işin peşəkarı olan adamlara həvalə edilsin. «Yəni onlara vəkalət verib kəsdirilsin. Qurbanlıq heyvanlar xüsusi ayrılmış yerlərdə kəsmək daha məqsədəuyğundur. Bu, həm də gigiyenik baxımdan yaxşıdır», – deyə o qeyd etdi.

Qurbanı kəsən şəxs heyvana əziyyət etməməli, bıçagı heyvana göstərməməlidir. Sağ əlində tutduğu bıçaqla heyvanı kəsərkən «Bismilləhi Allahu Əkbər» deməlidir. Qurbanı vəkil kəsdiyi halda qurbanın sahibi də «bismilləh»də iştirak etməlidir. Qoyun, keçi və inək və camış cinsindən olan heyvanlar yatırılıb çənələrinin altından, dəvə isə ayaq üstə sol ön ayağı bağlanaraq göksünün üzərindən kəsilir. Heyvanın boğazının iki tərəfindəki şah damarları, yem və yemək borusu kəsilməli və heyvanın qanı axıdılmalıdır. Qurbanlıq heyvanı kəsmədən əvvəl sütündən və yunundan istifadə etmək tövsiyyə edilmir. Əgər istifadə edilmişsə, onun yerinə miqdarının dəyəri qədər sədəqə verilməlidir. Qurbanlıq qoyunya keçinin yunu kəsildikdən sonra qırxılıb evdə istifadə edilə bilər, lakin yunun satılması qadağandır. Qurban əti kəsildiyi məkandan uzaqlarda, daha çox ehtiyac sahibləri olan yerlərdə paylanmaq üçün də göndərilə bilər. Heyvanların kəsilmə işləri qurtardıqdan sonra ətraf təmizlənməli, atılan parçalar dərin bir quyu qazılaraq basdırılmalıdır».

Qurban bayramı ərəfəsində ətin bahalaşması məsələsinə də münasibət bildirən E.Miri bildirir ki, əslində bu addım Qurban ətinə haram qatmaq deməkdir: «Bu qurbanlıq deyil, qəssabların özlərini və Allahı aldatmağa çalışmasıdır. Qurban ətinin satılmasının dinə heç bir aidiyyəti yoxdur, sadəcə insanların pul qazanmaq üçün etdiyi hiyləgərlikdir».

E.Mirinin fikrincə, Qurban bayramında heyvanların kəsilməsini qətliam kimi qələmə verənlər hər gün qəssabların nə qədər mal-heyvan kəsdiyini yəqin bilmirlər: «Qurban bayramı imkanlı-imkansız bütün müsəlmanların bayramıdır. Bayram günlərində gülməyən üzlərin güldürülməsi, məcburi vegeterianlıq günləri yaşayanların sevindirilməsi nə vaxtdan qətliamdır?».

Müsahib deyir ki, qurban ibadəti imkansızla imkanlının arasındakı uçurumu aradan qaldıran, varlılara paylaşma hissini aşılayan, kasıbların həsəd hissini öldürən, sosial yardımlaşmanı insanlar arasında canlandıran, ictimai həyata tarazlıq gətirən, maddi aləmlə mənəvi həyat arasına körpü salan bir ibadətdir.

Allah qurbanınızı qəbul etsin!

 

Əfsun

 

         Üç nöqtə.-2013.- 15 oktyabr.- S.8.