Nağara "Eurovision" səhnəsinə necə çıxdı?

 

Natiq Şirinov: "Zəhmətimizin sayəsində biz bu yerlərə qədər gəlməyi bacardıq"

 

Azərbaycan xalqının qədim musiqi alətlərindən biri də nağaradır. Xalqımızın toy-bayram şənliklərinin aparıcı çalğı alətlərindən sayılan nağarasız el şənliklərini təsəvvür etmək isə qeyri mümkündür. Vətənimizdə isə ən məşhur nağara ustası, sənəti ilə öz sözünü demiş Natiq Şirinovdur. Beləliklə, nağara ustası Natiq Şirinov “Şənbə qonağı” rubrikamızın qəhrəmanıdır. Sənətkar bizimlə söhbəti zamanı nağaraya cəmiyyətimiz arasında göstərilən münasibətdən və öz yaradıcılıq yolundan danışdı. Onun sözlərinə görə, bu gün Azərbaycan mədəniyyəti yüksək səviyyədə inkişaf edir və bu inkişafın tərkibində bizim milli alətimiz hesab olunan nağara sənəti də beynəlxalq aləmdə tanınmağa doğru gedir.

Nağara sənətinin uğuru

-Natiq müəllim, illər öncə ritmlərə bugünkü münasibət yox idi…

- Bəli. Ümumiyyətlə heç bu haqda düşünmürdülər.

- Zaman ötdükcə bu sahədə nələrin dəyişdiyinin şahidi oldunuz?

- Artıq ritmlərə maraq yaranmağa başlayıb. 90-cı illərdə mətbuata televiziyaya çıxmaq üçün yalvarırdım. Kimdənsə xahiş edirdim ki, efirlərə yol tapa bilim. Deyirdilər ki, “Tappa-turup”, “Guppa-gurup” kimə lazımdır axı. Amma indi maşallah televiziyalar və digər mətbuat orqanları bu sənətə böyük maraq göstərirlər. Bu da bizim uğurumuzun göstəricisidir.

- Təbii ki, bu gözəl hadisədir. Bəs münasibətin dəyişməsinə nə səbəb oldu?

- Artıq o zamankı kimi televiziyalara xahiş etmirəm. Bir dəfə toya gedəndə 5 dənə nağaranı yanaşı qoydum. Dedilər toyda bir nağara çalarlar. Heç toyda 5 nağaranı yan yana qoyaraq ondan istifadəmi etmək olar? Həmin nağaraları məndən yığışdırmağımı istədilər. Mən də həmin toyu 50 manata danışmışdım. Bu da çörək pulu. Dedim ay dayı bəs bu mənim üslubumdur. Dedi dayın kimdir? Nağaranı yığışdırın. Oğlun çağırdı bu nədi çağırmısan? Oğlu nə qədər təriflədisə atasının vecinə olmadı. Axırda atasına o qədər yalvardı ki, toyda bir nömrə çalmağımıza icazə verdilər. Ondan sonra bizə toy dəvətləri gəlməyə başladı. Sonra efirlərə çıxmağa başladıq. Artıq zaman-zaman nağaraya münasibət dəyişdi. Nağara həddindən artıq sevilməyə başladı. Populyar verilişlərə qədər çıxmağı bacardıq.

- Hətta “Eurovision” səhnəsinə qədər çıxdı…

- Hə bu da nağara ifaçısı olaraq bizim uğurumuzdur. Bu müsabiqədə bizi 70 min insan və dünyada bir gündə neçə milyon insan izlədi. Zəhmətimizin sayəsində biz bu yerlərə qədər gəlməyi bacardıq.

- Nağara ifaçılığı həqiqi mənada alın təri, əlinin zəhməti ilə uğur qazanır…

- Bəli. Bu günləri isə bizim sahəyə diqqət çoxalıb. Çox istəyərdim ki, Azərbaycanda ritm sahəsində professionalların sayı artsın. Muğamda adını çəkdiyimiz ustadlar kimi ritm sahəsində də elə olsun.

- Tələbələriniz arasında qadınlar varmı? Qadınlar bu sahəyə nə dərəcədə maraq göstərir?

- Bilirsinizmi, bizdə psixologiya, mentalitet deyilən anlam bəlkə də qadınların bu sahəyə gəlməsinə mane olur. Mən o vaxtı Azər Əliyevdən dərs alan zaman bizimlə bərabər iki qız tələbəsi də var idi. Hətta toylarda da bir neçəsini görmüşəm. Amma səhnədə görülənləri, məşhur olanları yoxdur. Artıq belə bir psixologiya formalaşıb ki, Azərbaycan qadının nağara çalmağına pis baxırlar. Məncə buna görə qadınlar bu sənətə gəlmək istəmirlər. Mənim qızım da nağara çalmaq istəyirdi. Hətta efirdə də nağara ilə bir dəfə çıxış etmişdi. Amma sonradan yoldaşım bu işi davam etdirməsinə icazə vermədi. Yəni deməyim odur ki, bu sənətə böyük həvəsləri var. Mən də istəyirdim ancaq qismət.

Nağara olmasa toy getməz

- Əvvəllər cəmiyyətimiz kişilərin də nağara çalması fikrinə çətinliklə razılaşırdılar. Amma indi hər şey dəyişib. Bəs qadınlar arasında bu sənəti məşhurlaşdırmaq üçün indi nələr etmək lazımdır?

- Şəxsən mənə qızımın nağara ifaçısı olmasını istəyərdin kimi sual versələr əminliklə razılıq verərdim. Niyə də olmasın axı? Əgər insanın qanında namus, qeyrət, şərəf varsa burada pis heç nə yoxdur. Biz hansısa xanımı bu sənətdən uzaqlaşdırmaqla günaha batmış olarıq. Bizim tarixdə sənəti ilə ad qazanan xanımlarımız olub. Nağara sahəsində də peşəkar xanımlarımız olsa çox gözəl olar. Azərbaycanın bir nömrəli xanımı Mehriban Əliyevanın sayəsində bu sahə inkişaf etdi, irəlilədi. O, muğama xüsusi qayğı göstərdi və həmin sahə sürətlə inkişaf etdi. Muğama qulaq asanlar var idi, yəni əhalinin yaşlı təbəqəsi daha çox dinlədiyi halda bu gün vətəndaşlarımızın yüksək faizi muğamı dinləyir. Deməyim odur ki, muğamımız bugünkü səviyyədə deyildi. Muğam sənəti artıq beynəlxalq layihələrdə təbliğ olunur. İnşallah muğam kimi ritm sahəsində də uğurların ardı gələr.

- Deməli, hər bir sahənin reklama ehtiyacı var…

- Bəli. Necə ki, övladın ata-ananın dəstəyinə ehtiyacı var, elə də hər bir yaradıcı sahənin reklama. Bizim də sənət adamı olaraq respublikamızın dəstəyinə ehtiyacımız var. Təbii ki, biz Allaha dua edib istəyirik. Allahın nəsib etdiklərinə şükür. Arada Allah üçün də nağara vurmaq lazımdır. Qazanc düşünülməyən bir iş olmalıdır. Gücüm çatan qədər mən bunu etməyə çalışıram.

- Toylarda daha çox müğənnilərə tələbat var. Siz necə düşünürsünüz?

- Təbii ki mən də bu fikirlə razılaşıram. İndiki zamanda toy ifaçısız keçmir. Müğənni ilə bahəm nağarasız da toy olmaz. Müğənnilərin şansları orada gətirib ki, öndə onlar çıxış edirlər. Bu psixologiya tək Azərbaycanda deyil, bütün dünyada formalaşıb. İndi belə bir fikir yaranıb ki, müğənni olmasa toy getməz. Amma əslində nağara çalan olmasa toy getməz. Oxuyan olmasa toy gedə bilər. Çünki nağara da oyun havalarını ifa edə bilir. Musiqi alətini yığışdırandan sonra müğənninin oxumağı toyda o qədər də lazım deyil.

- Sizi bütöv toya dəvət edən olubmu?

- Əslində məni bütöv toyu idarə etmək üçün dəvət etmək istəyənlər çox olub. Bu yaşıma qədər 2-3 bütöv toyu çalmışam. Mənim istədiyim məbləğlə razılaşmayıblar. Adam var ki, qiymətini demir. Niyə deməyək axı? Biz hamımız toya pul üçün gedirik də. Burda nə var ki? Demişəm ki, 15 000 manat ver bütöv toya gəlim. Amma toyu ifa etməyə yox. 100 000 də versələr toyu çalmaram. Bir milyon da versələr getmərəm. Çünki buna səbrim çatmır. Kimsə gəlib hansısa ara mahnısı sifariş versin. Mən bu qədər əziyyət çəkməmişəm ki, gedib toylarda bütün günü o cür mahnılar ifa edəm. Bu nağara Azərbaycan bayrağını yüksəklərdə dalğalandırır. Hamı kimi mənim də nələrəsə ehtiyacım var. Amma mən heç vaxt sənətimi pula satmaram.

Sənətimi pula satmaram

- Belə çıxır ki, toylara gedəndə öz repertuarınıza daxil olan mahnılara üstünlük verisiniz?

- Əgər gəlib biri hansısa mahnını sifariş verirsə biz onu ifa edirik. Proqramda isə ancaq mən istədiyim olur. Mənim “Sarı gəlin”, “Mənim dünyam”, “Qatar”, “Qaval daşı” və sair kompozisiyalarım var. Və yaxud da ki, elə adam olur ki, “ritm-şou” olmasını istəyir. İstəyənlər mənim repertuarımdan sifariş verə bilərlər. Amma məsələn bəzən toy yiyəsi deyir ki, bir “Yallı” ifa edin. Mənim gözüm üstünə. “Yallı” nağaraya, zurnaya aid ola musiqidir. Burda qəbahət heç nə yoxdur. Ara mahnılarını hələ ki deyirik ki, ifa eləmərik. Bir də görürüsən elə bir adam çıxıb deyir ki, 5 dəqiqəyə yüz min verirəm “O mənim qara gözlərim”-i çal. Onda necə çalmayım axı? Yüz min az deyil. O miqdarla insan 20 il dolana bilər. Real danışmaq lazımdır. Əsas odur ki, səhnədə sənətini pula satmayasan.

- Səhnəyə sənət göstərmək, toy isə qazanc əldə etmək üçün lazımdır. Bu fikirlər sizi nə dərəcədə qane edir?

- Toyda da sənətin zəhməti var. Sənətin əziyyətini çəkməsən toyda qazanc əldə edə bilməzsən. Amma toy səhnə ilə müqayisə edəndə o sənətin bu sənətin yanında yeri yoxdur. Toyla səhnəni qarşı-qarşıya qoyanda toy zəif bir işin nümayişi hesab olunur. Toy sənət deyil. Düzdü bu gün bizim toy musiqilərini səhnəyə gətirib konsert verirlər. Xalq da qulaq asır. Amma xalq o musiqiləri toyda da görür. Bəzən hansısa bir musiqi alətinin ifaçısı lazım olur. Zəng vururlar birinə alınmır. Başqa birinə yenə də alınmır. Kimdə alınsa o ifaçını toya çağırırlar. Bir sənət ki, zənglə olur, mən onu sənət adlandırmıram. İndi bu qrupdakı uşaqlar çıxıb getsələr respublikadan nədir, dünyadan kimi istəyirsən gətir, amma bunların yerini verməyəcək. Bu mənim üçün əsl sənətdir.

-Nağara ifaçılarına belə dəstək olduğu müddətdə sənətinizdə nələri etməyi planlaşdırırsınız?

- Allah dəstəkçimiz olsun. Azərbaycan nağarası dünyada öz sözünü deyən alətlərdəndi. Dəstək təbii ki, maddi formada olacaq. Mətbuatın dəstəyi işlərimizi işıqlandırmaqdı. Musiqini, ritmi bilən insan maddi dəstək olarsa bir çox işlər görmək olar. Mən o pulu təbii ki, cibimə qoymaram. Sənət üçün çalışaram.

 

Aygün Asimqızı

 

Üç nöqtə.-2013.-19 oktyabr.-S.13.