Ssenari müsabiqəsi başa
çatdı
Orxan Hüseynov: “Məqsəd xarici ssenaristlərlə əlaqələrin inkişafına şərait yaratmaq idi”
Mədəniyyət və Turizm Nazirliyinin və “Azərbaycanfilm”in gənc ssenaristlər arasında keçirdiyi ssenari müsabiqəsi artıq başa çatıb. Ötən gün bununla bağlı mətbuat konfransı keçirilməli idi. Lakin mətbuat konfransı təxirə salınsa da“Azərbaycanfilm” kinostudiyasının beynəlxalq əlqələr şöbəsinin işçisi Orxan Hüseynov müsabiqə haqda jurnalistlərə açıqlama verdi. Bildirdi ki, tammetrajlı bədii film üçün nəzərdə tutulmuş layihələrdə Xəzər dənizi mütləq öz əksini tapmalıdır: “Bir müddət əvvəl Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kino studiyası Xəzər dənizi layihəsinə start vermişdi. Elan olunmuş ssenari müsabiqəsində biz tələb olaraq qoymuşduq ki, gənc ssenaristlərimiz bizə tərkibində Xəzər dənizi elementi olan senarilərini göndərsinlər. Bu ssenarilərin qiymətlərdirilməsi üçün bir layihə keçirdik. Bu layihənin məqsədi xarici ssenaristlərə gənc kadrlarımız arasında əlaqələrin inkişafına şərait yaratmaq idi. Münsiflər heyətində təmsil olunan prodüserlər Almaniya, Rusiya, Fransa, Bolqarısatandan gəlmişdi. 28-29 oktyabr tarixlərində keçirilən bu tədbirlərdə bizim gənclər öz layihələrini təqdim etdilər. Çox uğurlu layihə alındı”.
Orxan Hüseynov bildirdi ki, layihəyə 10 ssenari təqdim olunub: “Onların arasında fərdi işlərlə yanaşı, qrup halında təqdim olunanları da var idi. Bu layihə mükafatlandırma xarakteri daşımırdı. Sadəcə olaraq bu sahədə gənclərimizin öz layihələrini beynəlxalq bazara çıxarmalarına imkan yaratmaq xarakteri daşıyırdı. Bizim gənc ssenaristlərimiz bu müsabiqədə iştirak etməklə xarici prodüser və rejissorlarla birbaşa ünsiyyətdə olurlar. Xarici qonaqlar bütün layihəni diqqətdə saxlayırdılar. Təqdim olunan bütün ssenarilərlə yaxından tanış oldular. Öz fikirlərini bildirdilər. Təəssüratları biz gözlədiklərimizdən də daha yaxşı oldu. Artıq elə bir zamandayıq ki, bir neçə ölkə birləşib bir film ərsəyə gətirir. Son yarım il ərzində “Azərbaycanfilm”də biz bir neçə bu cür layihə həyata keçirmişik. Türklərlə etdiymiz “Mahmud və Məryəm”i misal çəkə bilərəm. Bundan başqa biz ruslarla, almanlara layihələrimiz olub. Keçən həftə biz Fransa ilə olan böyük bir layihədə iştirak elədik. Filmin İsveçrə, Fransa, Braziliya və Azərbaycanda lentə alındı. Həmin filmdə fransız aktyoru Jerar Depardye də oynayırdı”.
Qaliblərin adlarının yaxın günlərdə açıqlanacağını deyən Orxan Hüseynov onu da bildirdi ki, 3 nəfər qalibin adı məlumdur: “Müsabiqəni elan edəndə ssenaristlər və rejissorlara layihələrini Azərbaycan və ingilis dlində təqdim etmələrini bildirmişdik. Prodüserlər ölkəmizə gəlməmişdən qabaq onlar ingilis dilində layihələrin surətlərinə baxmışdılar və artıq məlumatlı idilər. Kağızda yazılanlardan fərqli olaraq ssenarist öz ssenarisini izah edəndə daha yaxşı olur. Bilmək lazımdır ki, onlar öz layihələrini nə dərəcədə hiss edirlər, hansı formada təqdim edəcəklər. Beynəlxalq bazarda tendensiya budur ki, rejissorlar öz layihələri barədə daha çox danışmalıdırlar. Onların layihələri münsiflər heyətinin marağına səbəb oldu və təqdim olunan ən uğurlu layihə kimi qiymətləndirildi. Nəticələri isə yaxın günlərdə açıqlanacaq. Qaliblərin ssenarilərinin ekranlaşdırılması bu layihədə söz verilməmişdi. Sadəcə insanlar deyirlər ki, ekranlaşdırsınlar. Ekranlaşdırma işi isə prodüserin əlinin altından keçir. Ssenaristlər prodüserləri inandırmaldırlar ki, təqdim etdikləri layihə uğurlu olacaq. Onlar ssenaristlərimizlə artıq əlaqələrini inkişaf etdirəcəklər. Onlarda yerli filmlərimiz və gənclərimizin bacarıqları barədə təsəvvür yaranıb”.
Aygün Asimqızı
Üç nöqtə.-2013.- 30 oktyabr.- S. 13.