Yeni texnologiyaları beynəlxalq təşkilatlar yüksək qiymətləndirir

 

Azərbaycan son 10 ildə informasiya texnologiyaların tətbiqi üzrə ən sürətlə inkişaf edən ölkələr sırasındadır

 

Azərbaycanda yeni texnologiyaların tətbiqi sahəsinə yatırılan investisiyaların səviyyəsi də qənaətbəxş hesab olunur. Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin sözlərinə görə, son bir neçə il ərzində bu istiqamətdə xərclənən investisiyaların həcmi 700 milyon manatdan artıq olub ki, bunun da 21 faizini xarici, qalan hissəsini isə yerli sərmayələr təşkil edib. Məsələ ondadır ki, Azərbaycanda fəaliyyət göstərən yerli şirkətlərin son illər ərzində bu sahəyə investisiya yatırmaq maraqları artıb. Eyni zamanda, Azərbaycan hökuməti yeni investisiyaların cəlb edilməsinə daim dəstək verir.

Ölkəmizdə internet texnologiyalarının inkişafı sahəsində əldə olunan nailiyyətlərin nəticəsidir ki, bu il ilk dəfə olaraq Bakıda İnternet İdarəçilik Forumu keçirildi. Bu möhtəbər tədbir 2003-cü il Cenevrədə, 2005-ci il Tunisdə çoxsaylı hökumət və dövlət başçılarının iştirakı ilə keçirilmiş İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitlərinin davamı kimi baş tutan illik tədbirdir. Ölkəmizin İnternet İdarəçilik Forumu kimi nüfuzlu tədbirə ev sahibliyi etməsi ölkə rəhbərinin müəyyənləşdirdiyi informasiyakomunikasiya texnologiyaları siyasətinin uğurla həyata keçirilməsinin nəticəsidir. BMT, həmçinin ABŞ başda olmaqla dünyanın bir sıra aparıcı ölkələrinin bu tədbirin Azərbaycanda təşkilini dəstəkləməsi ölkədə informasiyakomunikasiya texnologiyaları və internetin inkişafına ciddi diqqət yetirildiyini göstərir. Bu forum böyük ölçüdə Azərbaycanın qlobal internet şəbəkəsinin idarə edilməsi və gələcək inkişafı perspektivlərinin müəyyən edilməsi məsələlərində rolunu artıracaq, bu sahədə beynəlxalq təşkilatlarla birgə fəaliyyətini və beynəlxalq əməkdaşlıqda mövqelərini gücləndirəcək.

Hazırda ölkədə, xüsusən də regionlarda genişzolaqlı internetin inkişaf etdirilməsi, əhalinin ondan istifadəsinin genişləndirilməsi və keyfiyyətin yüksəldilməsi həlli vacib məsələlərdir. Bu məqsədlə qabaqcıl ölkələrin təcrübəsi, həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqının Rəqəmli İnkişaf üzrə Genişzolaqlı Komissiyasının tövsiyələrini nəzərə almaqla fəaliyyət proqramı və onun əsasında investisiya layihəsi hazırlanıb. Bu layihənin gələn ildən həyata keçirilməsi milli internet infrastrukturunun potensialının artırılmasına, “evlərə optikaprinsipi ilə internetə çıxışın yaradılmasına, bölgələr və əhali qrupları arasında “rəqəmli fərqliliyin” azaldılmasına, elektron xidmətlərdən istifadə imkanlarının artırılmasına, ölkədə distant-təhsil, elektron ticarət, teletibb və digər müasir fəaliyyətlərin daha geniş tətbiqinə xidmət edəcək.

Məlumat üçün deyək ki, hələ müstəqilliyin ilk illərində ümummilli lider Heydər Əliyev yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirdibu sahədə inkişafa nail olmaq üçün daim səy göstərdi. 1993-cü ilin avqustunda Azərbaycanla Amerika qitəsi arasında birbaşa rabitənin yaradılmasına imkan verən peyk-rabitə sisteminin açılışını etdi. Onun bu diqqəti nəticəsində ölkə iqtisadiyyatında ilk xarici investisiyalar məhz kommunikasiya sahəsinə qoyuldu. Azərbaycanda yeni texnologiyaların tətbiqinə, telekommunikasiya infrastrukturunun modernləşdirilməsinə start verildi, ilk elektron ATS-lər quruldu. Azərbaycanda radio-televiziya yayımının dünya standartlarına uyğun təşkilindəki uğurlar da məhz müstəqillik illərinə təsadüf edir.

Ölkənin informasiya texnologiyaları sisteminin müasir dünya standartları səviyyəsində qurulması prezident İlham Əliyevin prioritetləri sırasındadır. Məhz onun 2003-cü ildə İnformasiya Cəmiyyəti üzrə Cenevrədə təşkil olunan beynəlxalq Sammitdəki çıxışından sonra müasir informasiya texnologiyalarının ölkəmizdə inkişafı və tətbiqi sürətləndirildi. Təsadüfi deyil ki, İlham Əliyevin prezident seçildikdən sonra ilk beynəlxalq səfəri 2003-cü il dekabrın 12-də Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində iştirakla bağlı oldu. Sammitdə «Qara qızılı insan qızılına çevirək» tezisini səsləndirməklə o, ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsasının qoyulduğunu bütün dünyaya bəyan etdi. Bununla həm də respublikamızda informasiya cəmiyyətinin qurulması istiqamətində dövlət səviyyəsində məqsədyönlü işlərə başlanğıc verdi. Bu, regionda ilk olaraq Azərbaycanda informasiya cəmiyyəti quruculuğu prosesinə başlandığını bəyan etdi, yaxın on il üçün Milli Strategiyada müəyyənləşdirdi.

Yeni texnologiyaların tətbiqi sahəsində aparılan fəaliyyət beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Məsələn, Beynəlxalq Telekommunikasiya İttifaqının qiymətləndirməsinə əsasən Azərbaycan son 10 ildə informasiya texnologiyaların tətbiqi üzrə ən sürətlə inkişaf edən ölkələr sırasındadır. Davos İqtisadi Forumunun «Qlobal İnformasiya Texnologiyaları-2012» hesabatında isə Azərbaycan «Şəbəkə hazırlığı indeksi»nə görə dünyanın 142 ölkəsi arasında 61-ci yerə yüksələrək bir sıra göstəricilər üzrə qabaqcıl ölkələr sırasında olub.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevin sözlərinə görə, ölkənin informasiyakomunikasiya texnologiyaları sektorununtelekommunikasiya sahəsinin inkişaf istiqamətində birinci dərəcəli məsələlər artıq müəyənləşdirib: «Ölkənin davamlı inkişafını təmin etmək üçün iqtisadiyyatın modernləşdirilməsi, neft-qaz amilindən asılılığının minimuma endirilməsi, rəqabət qabiliyyətinin və ixracın artırılması mühüm əhəmiyyət kəsb edir. Məhz informasiya-kommunikasiya texnologiyaları təhsil və elmin inkişafı ilə bərabər bu hədəflərə çatmağı təmin edəcək prioritet istiqamət kimi müəyyənləşdirilib».

Akademik hesab edir ki, hazırda rəqabətqabiliyyətli və ixracyönümlü informasiyakomunikasiya texnologiyaları sənayesinin gücləndirilməsi hökumətin qarşısında duran əsas vəzifələrdən biridir. Bu məqsədlə ölkədə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılması informasiyakomunikasiya texnologiyaları sahəsində fəaliyyətin stimullaşdırılmasına, innovasiyaların tətbiqinə, habelə tətbiqi elmi-tədqiqat işlərinin genişləndirilməsinə, istehsal yönümlü fəaliyyətin dəstəklənməsinə, bu sahəyə yerlixarici investisiyaların cəlb olunmasına xidmət edir. Güman olunur ki, Dövlət Fondu real mexanizm olaraq informasiyakomunikasiya texnologiyaları sahəsinin güclənməsini təmin edəcək. Həmçinin, «Regional İnnovasiya Zonası» layihəsi üzrə işlər yekinlaşdırılıb. Bu layihə çərçivəsində ölkədə informasiya texnologiyaları məhsullarının istehsalı və ixrac potensialının artırılması və bu sahədə sahibkarlığın inkişafının sürətləndirilməsi üçün texnoparkın yaradılması, burada xüsusi ixrac rejiminin, o cümlədən vergi-gömrük güzəştlərinin tətbiqi və bir sıra digər mühüm tədbirlər nəzərdə tutulub.

Azərbaycanın yeni texnologiyaların tətbiqi sahəsində regional mərkəzə çevrilməsinə, həmçinin, region ölkələrinin sosial-iqtisaditexnoloji inteqrasiyasına xidmət edən «Transmilli Avrasiya Super İnformasiya Magistralı» və Avropa-Yaxın Şərq informasiya layihələrininreallaşması da prioritet məsələlərdəndir. Yaxın zamanlarda ilk geostasionar süni peykimizin orbitə çıxarılması və peyk texnologiyaları əsasında xidmətlərin göstərilməsi Azərbaycanın Qərblə Şərq arasında etibarlı informasiya tranziti mərkəzi kimi mövqelərini möhkəmləndirəcək, ölkədə kosmik sənayeni keyfiyyətcə yeni mərhələyə yüksəltməklə, iqtisadiyyatımızın gələcək perspektivləri baxımından əhəmiyyətli olacaq.

Qeyd olunanlarla yanaşı, ölkədə genişzolaqlı internet xidmətlərinin inkişaf etdirilməsi, rəqəmli televiziya yayımına keçidin yekunlaşdırılması və elektron hökumət layihələrinin genişləndirilməsi informasiya texnologiyaları sahəsində sürətli inkişafın təmin edilməsi məqsədiləyaxın perspektiv üçün gündəmdə olan məsələlərdir.

 

 

Üç nöqtə.-2013.- 31 oktyabr.- S. 9