İnformasiya təhlükəsizliyni təmin etmək olar

 

 Hakerlər, proqramçılar təkbaşına təxribat törədə bilər

 

Müasir cəmiyyəti informasiya kommunikasiya texnologiyaları olmadan təsəvvür etmək mümkün deyil

 

 Müasir cəmiyyəti informasiya kommunikasiya texnologiyaları olmadan təsəvvür etmək mümkün deyil. Artıq əksər sahələrdə bu texnologiyaların xidmətindən istifadə edilir. Əmək haqların alınmasından başlamış, müxtəlif xidmətlərin göstərilməsinə qədər bütün sahələrdə müasir texnologiyalardan istifadə edilir. Artıq dövlət qurumlarının əksəriyyəti də vətəndaşlara elektron xidmətlər göstərilir. Belə olan halda təhlükəsizlik məsələsi bir daha önə çıxır. Çünki internet saytlarının təhlükəsizliyi nə qədər qorunsa da, bəzən hakerlər bir neçə dəqiqədə saytı dağıda bilir. Respublikamızda da istər dövlət qurumlarının, istərsə də xəbər saytlarına dəfələrlə hucum olur. Artıq internet dələduzlarının əməllərinin qarşısını almaq bütün dünyada aktual problemlərdən birinə çevrilib. Bu sahəni dərindən bilən peşəkarların yetişməsi kibercinayətkarlığın inkişafına şərait yaradıb. Maraqlıdır, saytların təhlükəsizliyi üçün hansı addımların atılması vacibdir?

İnformasiya cəmiyyətində vətəndaşın və dövlətin qanunla qorunan informasiyalarına qanunsuz müdaxilələr kibercinayətkarlıq hesab olunur. İnternet vasitəsilə bank hesablarından pulların çıxarılması, görücü virusların şəbəkəyə buraxılması, eyni zamanda, dövlət və kommersiya əhəmiyyətli informasiyaların əldə olunması da bu cinayətin bir qoluna aid edilə bilər. Həmçinin, gizli danışıqların izlənilməsi, şəxsi informasiyaların oğurlanması halları da geniş yayılıb. Diqqəti çəkən daha bir məqam bu yöndə mütəşəkkil cinayətkarlıqdan fərdi formaya keçidin artmasıdır. Bu gün ayrı-ayrı hakerlər, proqramçılar təkbaşına istədiyi sifarişi yerinə yetirib təxribat törədə bilər. Bu isə daha təhlükəli hal sayılır. Artıq dünyada informatika ilə bağlı olan prinsiplərə əsaslanan “hərbi əməliyyatların” keçirilməsi barədə məlumatlar yayılır. Bəzi ekspertlər hesab edirlər ki, yaxın illərdə silahlı münaqişələr, müharibələri informasiya sistemləri ilə əlaqəli olan hərbi əməliyyatlar – “kibermüharibələr” əvəz edə bilər. Belə mürahibələr isə bəşəriyyət üçün silahlı münaqişələrdən daha təhlükəlidir. Başqa sözlə, kibercinayətkarlıq müasir dövrdə terrorçuluğun yeni formalarından biri hesab olunur. Kibercinayətlərin əsas qurbanı iqtisadiyyat sahəsi olsa da, bu cinayətlərdən dövlət qurumları və siravi vətəndaşlar da sığortalanmayıb. Çünki artıq ölkəmizdə də elektron hökumət qurulmaqdadır. Yaxın illərdə dövlət maraqlarına xidmət edən bütün informasiyalar şəbəkəyə yerləşdiriləcək.

Bütün bunları nəzərə alan ekspertlər informasiya təhlükəsizliyinə diqqətin artırılmasını vacib sayır.

Məsələyə münasibət bildirən  Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün qənaətinə görə, informasiya cəmiyyətində dövlətin və vətəndaşların maraqlarının qorunması üçün ciddi addımlar atılmalıdır: «Azərbaycanın da kibercinayətkarlıqla bağlı beynəlxalq konvensiyaya qoşulması mühüm hadisədir. Mövcud qanunvericilikdə də dövlət qurumlarının istifadə etdiyi informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlər öz əksini tapıb.  Milli Təhlükəsizlik Nazirliyinin, Xüsusi Dövlət Muhafizə İdarəsinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumu öz səlahiyyətləri çərçivəsində bu işlə məşğul olmalıdır. Amma bu sahədə qanunvericiliyin icrasında ciddi problemlər qalmaqdadır. İxtisaslı kadrların hazırlanması, müəyyən avadanlıqların alınması işi də yetərincə icra edilməyib. Lisenziyalaşdırma və sertifikatlaşdırma ilə bağlı işdə də problem var. Buna görə də bu sahəyə dövlət tərəfindən diqqətin artırılmasına ehtiyac böyükdür».

 

DÜNYA ÖLKƏLƏRİNDƏ İNFORMASİYA TƏHLÜKƏSİZLİYİNƏ QARŞI İCTİMAİ MƏRKƏZ YARADILIB

 

Beynəlxalq təcrübə göstərir ki, öz sistemini normal qoruyan ölkələr nadir hallarda zərər çəkir. Osman Gündüzün sözlərinə görə, bəzi informasiyalar qanunla qorunur: «Digər tərəfdən vətəndaşlar təhlükəsizlik qaydalarına riayət etməlidir. Belə olanda həmin informasiyaların zərər çəkməsi ehtimalı aşağı düşür. Dünyanın əksər ölkələrində informasiya təhlükəsizliyinə qarşı ictimai mərkəz yaradılıb. Həmin mərkəz vətəndaşlar arasında maarifləndirmə işi ilə məşğul olur  metodiki köməklik göstərilir».

Hüquqi Məsləhət və Yardım Mərkəzinin rəhbəri Mahmud Hacıyev də hesab edir ki, dövlət qurumlarının, o cümlədən vətəndaşların şəxsi məlumatlarının qorunması üçün ən müasir üsullardan istifadə edilməlidir: “Respublikamız üçün bu cür əməlləri “pioner cinayətlər” adlandırardım. Belə cinayətlərin qarşısını ala biləcək peşəkar kadrların yetişməsi üçün müəyyən vaxt lazım olacaq. İndiyədək əldə edildiyi halda Azərbaycana ciddi zərər vura biləcək məlumat saytlara yerləşdirilməyib. Amma maliyyə, iqtisadiyyat sahəsində informasiyaların qorunması vacib məsələdir. Ən müasir üsullardan istifadə edib informasiya təhlükəsizliyni təmin etmək olar».

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova da müharibə vəziyyətində olan Azərbaycan üçün informasiya təhlükəsizliyinə daha çox önəm verməli olduğunu vurğulayır:İyirmi ildən artıqdır ki, Azərbaycan müharibə vəziyyətindədir. Ölkəmizə qarşı Ermənistanı və erməniləri himayə edən qüvvələr tərəfindən informasiya müharibəsi aparılır. Odur ki, biz Ermənistanla, onları dəstəkləyən qüvvələrlə informasiya müharibəsində də vuruşmaq, döyüşmək məcburiyyətində qalmışıq. Bu mübarizədən qalib çıxmaq üçün ciddi addımlar atılmalıdır”.

Maraqlıdır, dövlət qurumlarının internet resurslarının təhlükəsizliyinə görə hansısa qurum cavabdehlik daşıyırmı? Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RİTN) verilən məlumata görə, internet resurslarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı konkret olaraq hər hansı  qurum məsuliyyətli deyil. RİTN dövlət orqanlarının informasiya resurslarının təmin olunması və qorunmasına cavabdeh deyil. İnformasiya sahibi qanunvericilikdə göstərilmiş qaydada təhlükəsizliyi özü təmin etməlidir. Hər bir dövlət orqanı bunun təmin olunmasına özü cavabdehdir. Amma hər bir halda xüsusi dövlət əhəmiyyətli məlumatların qorunması üçün xüsusi kadrlar lazımdır. Bu işə diqqət artırılmalıdır.

Daxili İşlər Nazirliyi də mütəmadi olaraq internet dələduzları haqda məlumat yayaraq vətəndaşları ayıq-sayıq olmağa çağırır. Nazirlik vətəndaşları işbazların şirnikləndirici təkliflərinə inanmamağa çağıraraq, eyni zamanda diqqətə çatdırır ki, elektron əqdlər bağlamazdan əvvəl qanunla müəyyən edilmiş bütün tədbirlər görülməli, o cümlədən “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satış, xidmət və ya görmək təklif edən hüquqi şəxsin adı, dövlət qeydiyyatı, təşkilati-hüquqi forması, ünvanı və ya fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, əlaqə məlumatları (telefon, faks, internetelektron poçt ünvanı), vergi ödəyicisinin eyniləşdirmə nömrəsi və s. məlumatların mötəbərliyi mütləq qaydada yoxlanmalı, şübhə doğuran hallar olduqda pul köçürmələri həyata keçirilməməlidir.

Qeyd edək ki, kibercinayətkarlıq artıq dünya dövlətlərinin əksəriyyətini ciddi düşündürməkdədir. Beynəlxalq təşkilatlar da bu hallara qarşı ciddi addımlar atılıb. Azərbaycanda da milli qanunvricilikdə nəzərdə tutulan qaydada, “Dövlət sirri haqqında qanun” və digər normativ hüquqi aktlara əsasən informasiya təhlükəsizliyi sahəsində müvafiq təşkilatı tədbirlər həyata keçirilir.

 

 

Üç nöqtə.-2013.- 9 yanvar.-S.14.