Azərbaycan İKT-nin genişləndirilməsi üçün böyük imkanlara malikdir

 

Beynəlxalq təşkilatlar bu sahədə texniki və maliyyə dəstəyi göstərməyə hazır olduğunu bildiriblər

 

Mütəxəssislərin sözlərinə görə, vaxtilə MDB ölkələri arasında Azərbaycan Rabitə Nazirliyi ən geridə qalan qurum olub

 1993-cü ilin avqustunda ilk dəfə Azərbaycanla Amerika qitəsi arasında birbaşa rabitənin yaradılmasına imkan verən peyk-rabitə sistemi istifadəyə verilib. Məhz bunun nəticəsində ölkə iqtisadiyyatında ilk xarici investisiyalar məhz telekommunikasiya sahəsinə qoyulub. 90-cı illərdə respublikanın rabitə sahəsinə rəhbərlik edən Sirus Abbasbəyli bildirir ki, ötən dövr ərzində Azərbaycanda rabitə sahəsində çox böyük işlər görülüb: «1992-ci ilin avqust ayının əvvəllərində Rabitə Nazirliyinə Türkiyənin «NETAŞ» və «TELETAŞ» şirkətlərinin nümayəndələri gəldilər. Hər iki şirkətin fabrikləri ilə tanış olduqdan sonra, Azərbaycanın rabitə sistemlərinin nə qədər geri qaldığını görüb, heyrətə gəldik və nəyin bahasına olursa-olsun bu geriliyin aradan qaldırılması və rabitəmizin çox yaxın zamanda yeniləndirilməsi qarşıya bir məqsəd qoyduq. Sonra biz İtalyanın “Telespasio” şirkəti ilə yeni peyk rabitəsi quraşdırdıq. Bu alternativ rabitə sistemi rabitəmizin təkcə Türkiyə üzərindən yox, həm də İtaliya üzərindən dünya dövlətləri ilə əlaqə yaratmağa imkan verdi. Bir müddət sonra daha bir beynəlxalq peyk rabitəsi yaradıldı. Bu dəfə İngiltərə üzərindən BT (British Telekom) şirkətinin Peykindən istifadə edildi. Daha sonra Amerikanın Ay-Di-Bi şirkəti ilə müqavilə bağlayaraq daha bir alternativ peyk rabitəsi yaradıldı. Beləliklə, ölkədə demək olar ki, bütün müəssisələr iflic vəziyyətdə olduğu bir vaxtda rabitə sahəsi dayanmadan inkişaf edir, yeni-yeni uğurlar qazanırdı».

Mütəxəssislərin sözlərinə görə, vaxtilə MDB ölkələri arasında Azərbaycan Rabitə Nazirliyi ən geridə qalan qurum olub. Azərbaycanda, MDB çərçivəsində belə bir fikir yaranıb ki, bizim rabitəçilər savadsızdırlar, özləri heç nə yaradıb, işi inkişafa apara bilməz. Lakin rabitəçilərin fəal iştirakı, ortaya qoyduğu iş nəticəsində bu fikir alt-üst oldu. Elə öz azərbaycanlı rabitəçilər bu sahəni inkişaf etdirib, yüksək yerlərə qaldırıb.

1996-2005-ci illərdə rabitə naziri olmuş, qocaman rabitəçi Nadir Əhmədov deyir ki, aparılan ardıcıl tədbirlər nəticəsində Azərbaycanın rabitəsi olmayan elə bir kəndi qalmadı: «Hansı ki, Rusiya kimi bir dövlətin kəndlərinin 20 faizində bir dənə də olsun telefon yox idi. Rabitəçilərimizin həmin vaxtkı xidmətləri danılmazdır. Bütün bu işlərin məntiqi nəticəsində 2001-ci ildə Rabitə Nazirliyi MDB ölkələrində 15 göstərici üzrə birinci yerə, başqa göstəricilər üzrə isə ikinci, ya üçüncü yerlərə çıxa bildi. Bu çox böyük bir inkişaf idi».

Rabitə sahəsində həyata keçirilən məqsədyönlü siyasət bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət siyasətinin tərkib hissəsi kimi bu sahədə genişmiqyaslı beynəlxalq münasibətlər qurulub, ölkəmizin yüksək texnologiyalar sektorunun imkanları və perspektivləri nəinki regionda, həmçinin dünyanın aparıcı ölkələrində və beynəlxalq təşkilatlarda geniş təbliğ edilir.

Regionun ən dinamik inkişaf edən ölkəsi kimi Azərbaycan bu gün komunikasiya sahəsinin genişləndirilməsi üçün böyük imkanlara malikdir. Cəmiyyətimiz bu imkanlardan maksimum bəhrələnərək, dünya birliyinə inteqrasiyanı özünün ən başlıca vəzifəsi kimi görür. Bunun nəticəsidir ki, bu gün ölkəmiz rabitə sektoru üzrə regionda lider mövqeyini qoruyub saxlayıb.

Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi son illərdə ardıcıllıqla inkişaf edir. Geridə qalan illər ərzində bu sahəyə ümumi investisiya qoyuluşunun həcmi təxminən 1 milyard dollara yaxındır ki, onun da yarıdan çoxu daxili investisiyalar olub. Xüsusi qeyd olunmalıdır ki, daxili investisiyaların həcmi ildən-ilə artmaqdadır. Nəticədə müxtəlif sahələrdə fəaliyyət göstərən yeni birgə müəssisələr yaradılır.

Respublikada rabitə sahəsinin ÜDM-dəki payı 6,4 dəfə artıb. İndinin özündə rabitə infrastrukturunun modernləşdirilməsi əsas məsələlərdən biridir. Görülmüş işlər nəticəsində telefon şəbəkəsinin demək olar ki, böyük əksəriyyəti elektron tiplidir. Azərbaycanda əsas telefon aparatlarının ümumi sayı bu ilin ilk yarısında 6 268 ədəd artaraq 1 472 368-ə çatıb. Nəticədə hazırda respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 18,6 ədəd təşkil edir. Bu göstərici Bakı şəhərində 37 ədəd, respublikanın digər ərazilərində 11,5 ədəd, kənd yerlərində isə 7,1 ədəddir. Eyni zamanda hər 100 ailəyə düşən telefon aparatlarının sayı 68,8 ədəd təşkil edir. Bu göstərici Bakı şəhəri üzrə 136,6 respublikanın digər ərazilərində isə 47,6 ədəddir.

Respublika ərazisində uzunluğu 1161 kilometr olan Trans-Asiya-Avropa fiber-optik kabel magistralı çəkilib. Bu şəbəkə daxili resurslar hesabına daha da genişləndirilərək, ölkənin digər bölgələri magistral xəttə qoşulmuş və şimal sərhədinə qədər optik xəttin tikintisi təmin edilib.

Son bir neçə ildə mobil rabitə də dinamik olaraq inkişaf edir və abunəçilərin sayı artır. 1994-cü ildə Azərbaycanda mobil rabitə abunəçilərinin sayı 2000 nəfər təşkil edirdisə, hal-hazırda bu rəqəm 2 milyondan çoxdur. Ölkədə mobil telefon operatorları kimi «Azerfon» MMC, «Azercell Telecom MMM» BM və «Baksell LTD» MMC şirkəti, yerli telefon rabitəsi sahəsində isə «AzEvrotel», «Katel» və «Ulıc» birgə müəssisələri yaradılıb və xidmət göstərirlər.

Hazırda Azərbaycanda hər 100 nəfərə təxminən 110 mobil telefon aparatı düşür və bu göstəriciyə görə ümumdünya göstəricisini 40 faiz üstələyir.

Respublikada fəaliyyət göstərən hər üç mobil operatora «3G» lisenziyasının təqdim olunub və operatorlar «4G» lisenziyasının əldə olunması üçün işlər görür.

Azərbaycanın ilk süni rabitə peykinin orbitə buraxılması üzrə görülən işlər də planlaşdırıldığı şəkildə davam edir. Peykin orbitə buraxılması üzrə işlər 2012-ci ilin IV rübündə başa çatdırılması planlaşdırılır. Azərbaycan milli peykinin Skandinaviya ölkələri istisna olmaqla, Avropanı tam, Qazaxıstanın böyük hissəsini əhatə etməklə isə Asiyanın yarısını əhatə etməsini istəyir.

Bu gün rabitə sahəsindəki fəaliyyətimiz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt üzrə aparılır. O, ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycanda rabitə və informasiya-kommunikasiya texnologiyaları sektoru da sürətlə inkişaf etməyə başlayıb, ölkədə informasiya və kommunikasiya texnologiyaları seqmenti genişlənib.

Azərbaycan rabitə sahəsində demək olar ki, bir neçə göstəricilərə görə, inkişaf etmiş ölkələrin göstəricisinə çatıb. Belə ki, internet istifadəçilərin səviyyəsi 60 faizə çatıb. Bu göstərici ümumdünya göstəricisindən 2 dəfə çoxdur.

Bu yüksək nəticələrin arxasında təkcə rabitə sektorunun və informasiya infrastrukturunun inkişafı yox, həmçinin son illər informasiya, komunikasiya texnologiyalarının ölkəmizin sosial-iqtisadi inkişafının bütün istiqamətlərində kütləvi tətbiqi və istifadəsi durur.

Bütün bu uğurlarla yanaşı yaxın 15 il ərzində bu sahənin inkişafı və prioritet sahə kimi gələcəkdə neft gəlirlərinin üstələməsi istiqamətində böyük işlər görülür.

Sonda qeyd etmək lazımdır ki, Azərbaycanın informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə istək və marağı, həmçinin bu istəyin reallığa çevrilmə imkanları yetərincədir. Ən əsası hökumət informasiya cəmiyyətinin formalaşdırılması prosesini sürətləndirməyə qərarlıdır, beynəlxalq təşkilatlar da bu sahədə ölkəyə texniki və maliyyə dəstəyi göstərməyə hazırdırlar.

 

 

Üç nöqtə.-2013.-11 yanvar.-S.-14.