Muğama aid qanun layihəsi barədə ifaçılar nə düşünür?

 

Mənsum İbrahimov: “Qanun bu sənətin və muğam təhsilinin daha da təkmilləşməsinə şərait yaradacaq

 

Yəqin ki, qanun müzakirəyə çıxarılan zaman sənətkarlarımız da öz fikirlərini söyləyəcək

 

 “Muğam sənəti haqqında” qanun layihəsi hazırlanıb. Bunu mətbuata açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib. O bildirib ki, muğamın öyrədilməsinin qanuni tərəfləri, muğam alətlərinin hazırlanması, muğamın müxtəlif sahələrinin tətbiqi işi, muğam yaradıcılarının hüquqları, muğam təhsili və digər məsələlər əksini tapdığı qanun layihəsi Mədəniyyət Komitəsinin iclasında müzakirə olunub və birinci oxunuşa hazırdır. Bəs görəsən bu haqda muğam ifaçılarımız nə düşünür? Bu qanunun qəbul olunması muğam sənətinin inkişafı üçün nə dərəcədə əhəmiyyətlidir?

Səkinə İsmayılova: “Bu əslində çox gözəl fikirdi. Muğamımızın, ona aid olanların qorunub saxlanması və dünyada tanıdılması üçün əhəmiyyətlidir. Muğam alətlərimizin hazırlanma qaydaları, formaları qanuniləşdirilsə və bütün dünyada təsdiq olunsa daha yaxşı olar. Bu zaman heç kim xalqımıza məxsus olanları mənimsəyə çalışmaz. 30 ildən artıq bu sənətdə xidmət edən bir xanəndə kimi muğam haqda qanunun qəbul olunması məni çox sevindirər. Bu günlərdə tar ifaçılıq sənətimiz YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olunub. O gün olsun ki, başqa milli alətlərimiz də öz dəyərini alıb, bu siyahıya daxil edilsin. Bu qanundan çox şey gözləyirəm”.

Mənsum İbrahimov: “Muğam haqqında dövlətin qanun qəbul etməsi çox yaxşı olar. Bu baxımdan ki, muğam ifaçılarının hüquqları qorunacaq. Hesab edirəm ki, qanun bu sənətin və muğam təhsilinin daha da təkmilləşməsinə şərait yaradacaq. Yəqin ki, qanun müzakirəyə çıxarılan zaman sənətkarlarımız da öz fikirlərini söyləyəcək. Bunu dövlət tərəfindən mədəniyyət sahəsində atılan ən uğurlu addımlardan hesab edirəm. Heydər Əliyev Fondu muğamla bağlı bir çox layihələr həyata keçirir. Bu layihələr sayəsində muğamımız dünyanın bir çox ölkələrində tanındı və təbliğatı genişləndirildi. Martın əvvəllərində Bakıda III Beynəlxalq Muğam Müsabiqəsi başlayacaq. Bu onu deməyə əsas verir ki, Bakımız muğamın mərkəzinə çevrilir. İki ildən bir dünya ölkələrinin muğam ifaçıları müsabiqə ərəfəsində Bakıya toplaşırlar. Sevindirici haldır ki, muğamımız bu gün intibah dövrünü yaşayır”.

Ağaxan Abdullayev: “Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu tərəfindən muğam sahəsində gördüyü işlər bu sahənin inkişafına çox böyük təkan oldu. Bunun sayəsində muğamımız “Şah əsər” adını aldı. Muğamla yanaşı, muğam ifaçılarına da diqqət çox yüksək səviyyədədir. Muğama qayğı artdıqdan sonra gənclər də bu sahəyə meyl etməyə başladılar. Muğama aid olanların, qanun səviyyəsində qorunmasının tərəfdarıyam”.

Nəzakət Teymurova: “Muğamımız bu gün lazımi səviyyədə inkişaf etdirilir. Muğama aid olanların qanunla qorunması isə məncə daha yaxşı olar. Bildiyimiz kimi bu gün bir çox ifaçılarımız dünya arenasında ölkəmizi təmsil edirlər. Mən hər zaman deyirəm ki, xariciləri  Azərbaycanın xalq musiqisi təəccübləndirə bilər. Azərbaycan folkloru, muğamımız, onu tarixi təbliğ olunmalı, Xan Şuşınski və Seyid Şuşınskidən əvvəlki ifaçılarımız da öyrənilməlidir. Bu sahədə istəyərdim ki, işlər görülsün”.

 

 

Aygün Asimqızı

 

Üç nöqtə.-2013.-18 yanvar.-S.-13.