İKT sahəsində
çalışanlara monetar güzəştlərin
verilməsi planlaşdırılır
Osman Gündüz:
“İnsanların bu yolla
özünə biznes qurması ilə
bağlı problemlər qalmaqdadır”
Prezident İlham Əliyev
2013-cü ilin Azərbaycan respublikasında «İnformasiya-kommunikasiya texnologiyaları ili» elan edilməsi
haqqında sərəncam imzalayıb. Sərəncama
əsasən Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinə Azərbaycan Milli
Elmlər Akademiyası ilə birlikdə 2013-cü ilin Azərbaycan Respublikasında «İnformasiya kommunikasiya
texnologiyaları ili» elan
edilməsinə dair tədbirlər
planı hazırlayıb bir ay müddətində Azərbaycan Prezidentinə
təqdim etmək tapşırılıb.
Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyindən verilən məlumata görə,
Azərbaycanda informasiya-kommunikasiya sektorunda çalışanlara fiskal
və monetar güzəştlərin
verilməsi planlaşdırılır. Əsas hədəf İKT-nin illik
artımını təxminən 18-20 faiz
arası saxlamaq, qarşıdakı 8 ildə
sektorun gəlirlərini 8-9 milyard dollara çatdırmaqdır.
Bu göstəricilərə
rəqabət mühitinin yaxşılaşdırılması,
sektora olunan fiskal və monetar güzəştlər, ixrac
potensialının artırılmasına yönələn
siyasət, regional ikt resurslarının, yüksək texnoloji
məhsul və xidmətlərin yaradılması,
güclü insan kapitalına əsaslanan innovativ
sahibkarlığın inkişafı hesabına nail olunacaq.
Azərbaycan İnternet Forumunun prezidenti
Osman Gündüzün sözlərinə görə,
2013-cü ilin Azərbaycanda İnformasiya Kommunikasiya
Texnologiyaları (İKT) ili elan edilməsi ilə bu sahədə
ciddi addımların atılması gözlənilir. O hesab
edir ki, “İKT ili”nin elan edilməsi bu sahədə
inkişafın ən adi istifadəçilərə qədər
gedib çıxmasına səbəb olacaq: “Bu sahədə
bir sıra böyük addımların atılması gözlənilir.
Həm telekommunikasiya peykinin orbitə buraxılacaq, həm 100
milyonluq manatlıq internetin inkişafı ilə bağlı
dövlət proqramı həyata keçiriləcək, eyni
zamanda Azərbaycanda İKT-nin inkişafına dəstək
olan bir fond fəaliyyətə başlamalıdır. Bu
böyük miqyaslı hadisələrdən biri olacaq. Bu ilin əhəmiyyətinin
hətta ən adi istifadəçilərə qədər
gedib çatmasını gözləyirik. Yəni bu layihə
çərçivəsində kəndlərə internet
verilməli, hər bir ailənin internetə əli
çatımlı olmalıdır. İctimai, sosial əhəmiyyətli
yerlərdə “wi-fi” texnologiyası ilə internetin ələ
çatımlılığının təmin
olunmasını gözləyirik. Bu hər bir adi istifadəçinin
həyatında olacaq dəyişikləri göstərir”.
O.Gündüz eyni zamanda
düşünür ki, bu, təhsildə də informasiya
texnologiyalarının daha dərindən tətbiq edilməsinə,
informatika fənninin nüfuzunun qalxmasına kömək edəcək.
Bu balaca addım olsa da, nəticəsi böyük əhəmiyyəti
ola bilər: “Zaman-zaman Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinə informasiya texnologiyaları sahəsində
problemlər, onların aradan qaldırılması, müxtəlif
sahələrə diqqət yetirilməsi ilə bağlı
müraciət etmişik. Bu dəqiqə
düşünürəm ki, ciddi əhəmiyyət veriləsi
məsələlərdən biri bu ola bilər: İKT-nin
inkişafı ilə bağlı Dövlət Neft Fondundan 100
milyona qədər vəsait ayrılıb. Bizə məlum
deyil ki, bu vəsaitlər
hansı yolla veriləcək, tender, müsabiqə, qiymətləndirmə
yolu ilə? Burada hansı qurumlar iştirak edəcək və
s. Hesab edirəm ki, bunun bir mexanizmi olmalıdır”.
O.Gündüzün sözlərinə
görə, bu il İKT-nin inkişafında böyük təkan
ola bilər. Zaman-zaman beynəlxalq qurumlar ölkəmizdə
İKT sahəsi ilə bağlı hesabatlar yayımlayır.
Elələri var ki, Azərbaycanda İKT-nin inkişafında
müsbət tərəfləri dəyərləndirir, eləsi
də var ki, mənfi tərəfləri qabardır. Obyektiv
qiymət vermək istəyənlərin sayı çox az
olub.
O hesab etmir ki, Azərbaycanda İKT sahəsində
hər şey yaxşıdır: “Belə deyil, son illər Azərbaycanda
həm internetin, həm İKT-nin inkişafı sahəsində
bir sıra ciddi addımlar atılıb. Müəyyən
pozitiv addımlar var, bunu danmaq olmaz. Amma eyni zamanda xeyli ciddi
problemlər var. Şəxsən İKT-dən istifadə edərək
insanların özünə karyera qazanması, biznes qurması,
özünün gündəlik fəaliyyətində istifadəsi
ilə bağlı problemlər qalmaqdadır. Müəyyən
təbəqə, məsələn Bakı şəhərində
internetə çatımlılıq əladır, amma
regionlarda kəndlərdə əli çatımlılıq
yoxdur. Bu ciddi problemdir”.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 26
saylı 10 fevral 2011-ci il
tarixli qərarı ilə "Azərbaycan
Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayımı sisteminin
tətbiqi və inkişafı Proqramı"na uyğun olaraq ölkədə
rəqəmli TV yayımına keçidlə əlaqədar
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi tərəfindən görülmüş
tədbirlər nəticəsində ölkə əhalisinin
87 faizi rəqəmli TV yayımı ilə
əhatə edilib. Qeyd
olunan proqrama əsasən,
2013-cü ildə analoq TV yayımlar
dayandırılaraq rəqəmli TV yayıma tam
keçirilməsi nəzərdə tutulur.
Genişzolaqlı
internet xidmətlərinin inkişafı, Trans Avrasiya Super İnformasiya
Magistralı (TASİM) layihəsinin həyata keçirilməsi,
avtomatlaşdırılmış radiomonitorinq
sisteminin yaradılması,
aşağı orbitli optik
peykin hazırlanması və orbitə
çıxarılması, yüksək texnologiyaların tətbiqi,
3G və 4G xidmətlərinin tətbiqinin genişləndirilməsi, poçt
maliyyə xidmətləri genişləndirilməsi ən
yaxın perspektivdə qarşıya qoyulmuş
prioritet məsələlərdir.
Azərbaycanın
dövlət müəssisələrinin elektron
hazırlığı səviyyəsi də yüksək qiymətləndirilir.
Azərbaycan Prezidentinin
“Dövlət orqanlarının elektron
xidmətlər göstərməsinin təşkili sahəsində
bəzi tədbirlər haqqında” 23 may
2011-ci il tarixli 429
nömrəli Fərmanına uyğun olaraq, mərkəzi icra
hakimiyyəti orqanları tərəfindən elektron
xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər iqtisadi-sosial, elm, mədəniyyət
və ictimai həyatın digər sahələrini
əhatə edir.
Dövlət
orqanlarının elektron xidmətlərindən
“bir pəncərə” prinsipi
ilə istifadənin təşkili məqsədilə
RİTN-də yaradılmış “elektron
hökumət” portalına 36 qurum qoşulub və onlar tərəfindən
portal vasitəsilə 168 elektron
xidmət göstərilməkdədir. 2012-ci ildən nazirlikdə fəaliyyət göstərən
Milli Sertifikat Xidmətləri
Mərkəzindən 28 dövlət orqanı tərəfindən
2800-ə yaxın elektron imza
əldə edilib. Elektron
imzanın tətbiqi elektron xidmətlərdən
istifadənin genişləndirilməsinə, daha
keyfiyyətli və təhlükəsiz xidmətlərin
göstərilməsinə şərait yaradıb. Hazırda
dövlət orqanları tərəfindən əhali ilə
bilavasitə təmasda göstərilən bir
çox xidmətlər və onlara görə nəzərdə tutulan ödənişlər elektron
formada həyata keçirilir.
Azərbaycanda kosmik sənayenin inkişaf
etdirilməsi məqsədlə Yerüstü
İdarəetmə
Mərkəzinin tikilməsi, bu ilin fevral ayında orbitə
ilk süni peykin buraxılması, ölkədə elektron xidmətlərin genişləndirilməsi
perspektivdə olan layihələrdəndir.
Hesablamalara görə, 2020-ci ildə Azərbaycanda
təxminən əhalinin 80 faizi elektron xidmətlərdən istifadə edəcək.
İxracyönümlü, yeni
və yüksək texnologiyalara əsaslanan
məhsul və xidmətlərin istehsalı üçün
hökumət gələcəkdə investisiyaların həcmini
artırmağı da
planlaşdırır və bunun üçün
2020-ci ilə qədər təxminən 3,6 milyard
dollar xərclənməsi nəzərdə
tutulur. Həmçinin, biz
sektorun inkişafına birbaşa
xarici investisiyalar və
özəl sektordan təxminən eyni miqdarda investisiyanın
yatırılması gözlənilir.
Üç
nöqtə.-2013.-19
yanvar.-S.-9.