“Küçələrə su səpmişəm”

 

Səadət Təhmirazqızı: “Bu mahnı iki aşiqin görüşündən bəhs edir

 

Nə qədər müasir stildə yeni musiqilər yazılsa da, xalq mahnılarımız, muğamlarımız hər zaman dinlənilir və tamaşaçılar tərəfindən sevilir

 

 Nə qədər müasir stildə yeni musiqilər yazılsa da, xalq mahnılarımız, muğamlarımız hər zaman dinlənilir və tamaşaçılar tərəfindən sevilir. Tez-tez xalq musiqilərimizin xariciləri təəccübləndirdiyinin də şahidi oluruq. Çünki, xalq mahnılarımızda xalqımız, onun musiqisi əks olunub. Belə mahnılarımızdan biri də “Küçələrə su səpmişəm”di.  Üç nöqtə”yə danışan sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Səadət Təhmirazqızı bildirdi ki, Cabbar Qaryağdıoğludan bu tərəfə bir çox sənətkarlarımız, xanəndələrimiz bu mahnıya müraciət ediblər: “Sadə, iki hissəli bir musiqidi. Bayatı-şiraz ladının bütün xüsusiyyətləri bu musiqidə öz əksini tapıb. Bu xalq mahnımız Fikrət Əmirov tərəfindən nota da köçürülüb. Fikrət Əmirovun bir məcmuəsi var ki, ordakı mahnılar fortopiano və səs üçün işlənilib. Bu mahnı da həmin məcmuəyə daxil edilib. Ən gözəl ifaçılarından biri Rəşid Behbudov olub. Müasir dövrümüzdə də gözəl xalq ifaçılarımız tərəfindən tez-tez müraciət edilən musiqidi. Hətta vokalistlər də bu mahnıya müraciət edirlər. Ona görə bu musiqiyə həm xanəndələr, həm vokalistlər müraciət edirlər ki, “Küçələrə su səpmişəm” xalq mahnısı olsa da, burda vokal texnika da üstünlük təşkil edir. Baxmayaraq ki, xalq mahnısıdı, amma bu musiqidə əsl peşəkarlıq özünü göstərir. Musiqişünas olaraq, mahnının bugünkü ifaçılığı barədə onu deyə bilərəm ki, bəzən gənc ifaçılarımız mahnını oxuyarkən sözlərini bir az təhrif edirlər:

 

Küçələrə su səpmişəm,

Yar gələndə toz olmasın.

Elə gəlsin, elə getsin,

Aramızda söz olmasın.

 

Bu bəndin sonunda bəzi gənc ifaçılar “aramızda” sözünün yerinə “aralıqda” deyirlər. Bu mahnı iki aşiqin görüşündən bəhs edir. Ona görə də bu mahnının ətraf mühitə heç bir aidiyyatı yoxdu. Aşiq küçələrə su səpir ki, yarı gələndə toz olmasın. Hətta sonra da qeyd edir ki, elə gəlib, getsin ki, aramızda söz olmasın. Ola bilər ki, aralıqda sözü ilə aramızda sözünün eyni mənaya gəldiyini fikirləşirlər. Amma bütün hallarda xalq mahnılarımız öz sözləri ilə ifa olunsa, daha yaxşı olar. “Küçələrə su səpmişəm” instrumental şəkildə də ifa edilib. Tar, kamança və digər alətlərimizdə bu mahımız ifa edilib”.

Səadət xanım 8-9 yaşlı uşaqların bu cür musiqiləri ifa etməsinin tərəfdarı olmadığını söylədi: “Fikirləşirəm ki, hər bir mahnını yaşına uyğun ifaçı ifa etməlidir. Bu mənin fərdi fikrimdi. Başqaları bilmirəm necə qəbul edir. Düzdür, deyirik ki, xalq musiqilərimizi, muğamlarımızı uşaqlarımız bilsin. Ancaq burda başqa bir istiqamət də var ki, bəstəkarlarımız uşaqlar üçün xalq üslubunda mahnılar yazsın və uşaqlarımız həmin mahnılarla böyüsünlər, milli musiqilərimizi həmin mahnılardan mənimsəsinlər. Sevgiyə, məhəbbətə aid olan mahnıları 8-9 yaşlı uşaqların ifa etməsinə deyək ki, biz bununla xalq musiqimizi yaşadırıq, mən bunun tərəfdarı deyiləm”.

Mahnılarımızın, xüsusən də “Küçələrə su səpmişəm”in başqa dillərdə oxunmasına münasibət bildirən musiqişünas bubun musiqilərimizin tanıdılması baxımından əhəmiyyətli olduğunu dedi: “Hər bir Azərbaycan mahnısı ölkəmizin adı qeyd edilməklə müxtəlif dillərə çevrilib oxunursa, bu xalqımızın daha geniş səviyyədə təbliği üçün önəmlidir. Amma hansı dildə oxunmağından asılı olmayaraq, xalq mahnılarımız öz ana dilimizdə daha gözəl alınır”.

 

 

Aygün Asimqızı

 

Üç nöqtə.-2013.-22 yanvar.-S.-13.