Qadın qanunun ona verdiyi imkanlardan tam yararlana bilmir

 

Gender siyasətinin məqsədi yalnız statistik göstəriciləri artırmaq olmamalıdır

 

 Demokratiyanın inkişafının əsas prinsiplərindən biri gender bərabərliyinin təmin olunmasıdır. Əhalisinin əksəriyyətini qadınlar təşkil edən Azərbaycanda da gender mədəniyyəti prioritet  məsələlərdəndir. Amma cəmiyyətdə mövcud patriarxal sosial normalar, qadınların kişilərlə bərabər ölkənin ictimai-siyasi həyatında aktiv iştirak etməsinə mane olur. Qadınlar bəzən demokratiyanın inkişafı prosesində öz sosial rollarını, imkanlarını reallaşdırmaqda çətinlik çəkirlər. İnkişaf etmiş ölkələrlə Azərbaycanın müqayisəli təhlili göstərir ki, bizdə demokratiyanın inkişafına mane olan mühüm amillərdən biri gender bərabərliyi mədəniyyətinin aşağı səviyyədə olmasıdır. Bu da öz növbəsində ölkənin dinamik inkişafını ləngitməklə, hüquqi dövlət quruculuğu prosesində insan potensialından tam şəkildə istifadə edilməsinə mane olur. Kişilər hələ də cəmiyyətdəki dominant statuslarını qadınlarla bərabər imkanlara əsaslanmaqla bölüşmək istəmirlər. Əks cinsin onlarla eyni sosial statusa malik olmaları ilə barışa bilmirlər. Qadınları daha çox özlərinə tabe vəziyyətdə görmək istəyən, ailənin məişət problemlərinin əksəriyyətini qadınların zərif çiyinlərinə yükləyən güclü cinsin nümayəndələri siyasi-ictimai həyatda ona rol vermək istəmir.

 

Kişilər hələ də qadınların rəhbərliyi altında işləmək istəmir

 

Azərbaycanda qadınlar ölkənin siyasi həyatında fəal olmasa da, elmin inkişafında müstəsna rol oynayır. Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, 2012-ci ilin sonunda ölkə əhalisinin 50,4, məşğul əhalinin isə 48,5 faizini qadınlar təşkil edib. Hazırda ümumtəhsil müəssisələrində müəllimlərin 76, orta ixtisas təhsil müəssisələrində 73, ali məktəblərdə 48 faizi qadınlardır. Həkimlərin isə 63 faiziini qadınlar təşkil edir. Şagirdlərin 46, ali məktəb tələbələrinin 47, doktorantların 35,1, elmi işçilərin isə 55,3 faizini qadınlar təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,3, sahibkarlar arasında isə 16,2 faizdir.

Son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilən qadınların sayı əvvəlki seçkilərə nisbətən 5 dəfə artaraq 4194 nəfərə çatıb. Milli Məclisdə 124 millət vəkilindən 19-u qadındır. Ombudsman, Naxçıvan ombudsmanı, Konstitusiya Məhkəməsinin sədr müavini, parlamentin vise-spikeri də zərif cinsin nümayəndəsidir. Amma  Azərbaycanda hələ də nazir qadın yoxdur. Yalnız iki komitəyə - Tələbə Qəbulu üzrə Dövlət Komitəsinə və Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinə qadın başçılıq edir. Prezident Aparatı Humanitar siyasət şöbəsinin müdiri vəzifəsində də zərif cinsin nümayəndələri çalışır. Hazırda respublikada cəmi iki  nazirlikdə: iqtisadi inkişaf, mədəniyyət və turizm nazirliyində müavin postunu qadınlar tutur. Maraqlıdır ki, ölkənin güc sturukturlarında qadınlar demək olar ki, təmsil olunmur. Müdafiə Nazirliyində 1998-ci ilə qədər nazirlikdə qadınlar çalışmayıb. Yalnız 2002-ci ildən qadın kadr zabitlər yetişib və hazırda onlar baş leytenant rütbəsindədir. Daxili işlər orqanlarında polkovnik rütbəli az sayda qadın olsa da, general qadınımız yoxdur, şöbə rəisləri isə çox azdır. Güc sturukturlarında çalışan kişilər də qadının rəhbərliyi altında işləmək istəmir. 

 

«Qadın kişidən ağıllı olsa da, onun önə çıxmasına imkan vermirlər»

 

Araşdırmalar göstərir ki, mövcud problem yalnız bu kimi patriarxal sosial normalar, təhrif olunmuş köhnə adət-ənənələrin saxlanmasından asılı deyil. Reallıqda gender mədəniyyətinin əsas inkişafını əngəlləyən spesifik xüsusiyyətlərdən biri də qadınların təşəbbüslərinin və həmrəyliyinin zəif olmasıdır. Qadınlar daha çox ailədə, evdə olmağa, uşaqların tərbiyəsi  ilə məşğul olmağa üstünlük verir. Digər səbəb isə cəmiyyətin qadına qısqanc yanaşması ilə bağlıdır. Həmçinin, qadın iqtisadi cəhətdən kişidən daha çox asılı olduğu üçün müstəqil qərar verə bilmir.

Millət vəkili Jalə Əliyeva da hesab edir ki, qadınların ictimai-siyasi həyatda və parlamentdə zəif təmsil olunması milli xüsusiyyətlərlə bağlıdır: «Cəmiyyətdə qadınların fəallığına mane olan əsas səbəblərdən biri mental dəyərlərdir. Həmçinin, qadın mental xüsusiyyətlərlə bağlı kişidən önə keçmək istəmir. Həm də baxmaq lazımdır ki, qadın özü bu təmsilçiliyə hazırdırmı.

Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyir ki, qərar qəbul edilməsində qadınların iştirak etməməsi onların bacarıqsızlığı ilə bağlı deyil: «Azərbaycanda qadınlar layiq olduqları yeri tuta bilməyiblər. Ölkədə bir nəfər belə qadın nazir, hətta rektor yoxdur. Qadın kişidən ağıllı olsa da, onun önə çıxmasına imkan vermirlər. Məktəblərdə, xəstəxanalarda qadınlar say baxımından kişiləri üstələsə də, məktəb direktorları və baş həkimlərin böyük əksəriyyəti kişilərdir. Gender bərabərliyi o vaxt olacaq ki, qadınla kişi qərar qəbulunda bərabər hüquqlu olacaqlar».

«Təmiz Dünya» İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın qənaətinə görə, qadınların idarəetmədə az təmsil olunması müxtəlif səbəblərlə bağlıdır: «Bu sırada kişi dominantlığı, kişi həmrəyliyi ilə yanaşı, kişilərin boş vaxtlarının daha çox olması  danışıqlar aparmaq üçün geniş imkanlara malik olması da əsas rol oynayır. Eyni zamanda adət-ənənələr, ailə münasibətləri də təsirsiz qalmır. Güclü lider qadınlar isə fərdi fəaliyyət göstərir».

 

İşlək mexanizm olmadığı üçün qanun qadına ümumi sözlərdən başqa heç nə vermir

 

Problemdən çıxış yolu kimi dünyanın bir çox ölkələrinin təcrübəsindən yararlanmaq mümkündür. Bir çox inkişaf etmiş ölkələrdə seçkili, seçkisiz orqanlarda qadınların və kişilərin iştirak faizi qanunla tənzimlənir. Qadınlara kişilərlə bərabər hüquqlar verən ölkələr qadınların ictimai-siyasi həyatda aktiv iştirakçılığını təmin etmək üçün hədlər müəyyən edir, güzəşt, imtiyazlar verir. Finlandiyada inzibati və qərarqəbuledici orqanlarda təmsilçilikdə cinslərarası bərabərliyi qoruyan qanuna görə, heç bir cinsin nümayəndələri seçkili və təyinatlı inzibati strukturlarda 40 faizdən aşağı, 60 faizdən yuxarı təmsil oluna bilməz. Bolqarıstanda isə gender məsələlərini tənzimləmək üçün "Diskriminasiya əleyhinə" qanun, "Qadın və kişilər üçün bərabər imkanlar haqqında" qanun qəbul edilib. Ən əsası isə bu ölkədə "Gender bərabərliyinin təbliği və təmin edilməsi üçün Milli Fəaliyyət Planı" qəbul edilərək icra olunub. Böyük Britaniyada isə 1975-ci ildə "Cinsi dikrimanasiya haqqında" qanun qəbul edilib ki, bu qanun qanunverici səviyyədə ayrı-seçkiliyin aradan qaldırılmasını nəzərdə tutur.

Azərbaycan qanunvericiliyi də kişi və qadınlara bərabər hüquqlar verir. Cinslər arasında hüquq bərabərliyinin təmin olunması məqsədi ilə ölkəmiz bir sıra beynəlxalq konvensiyalara qoşulub. Respublikamız BMT-nin «Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi»   «Qadınların siyasi hüquqları» üzrə konvensiyasını ratifikasiya edib. Avropa Şurasının tövsiyələrində də qadın və kişilərin siyasi sahədə, dövlət əhəmiyyətli qərar qəbul edilməsində balanslaşdırılmış iştiraka nəzarət etməklə, yanaşı kvota  prinsipinə (40 faizlik) əməl olunmasının vacibliyi də vurğulanıb. Respublikamızda  1998-ci ildə Dövlət Qadın Problemləri üzrə Komitə yaradılıb ki, 2006-cı ildə onun bazasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təsis edilib. Amma gender bərabərliyinin təmin olunması praktikada reallaşmayıb.

 Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova isə deyir ki, Azərbaycanda gender bərabərliyinə nail olmaq üçün çox böyük işlər görülüb. Onun sözlərinə görə, bu gün başqa dövlətlərdən fərqli olaraq yetərincə hüquqi baza formalaşdırılıb. Araşdırmalar isə göstərir ki, respublikamızda qanunun işlək mexanizmi olmadığı üçün qadına ümumi sözlərdən başqa heç nə vermir.

 

Qadınların qərar qəbul etmədə rolunu gücləndirmək üçün kvota sisteminin tətbiqi irəli sürülür

 

Bəs görəsən, Azərbaycanda gender bərabərliyinə nail olmaq üçün daha hansı işlər görülməlidir? Millət vəkili Qənirə Paşayevanın qənaətinə görə, qadınlarımızın hər biri ictimai mühitdə aktiv olmalıdır: «Ölkəmizi nə müsəlman ölkələri, nə də Cənubi Qafqazla müqayisə etmək istəməzdim. Özümüzü həmişə güclülərlə müqayisə edək. Şimali Avropa isə buna misaldır. Şimali Avropada olan “kvota” sistemi onları uğura aparan yol oldu. Bu gün onlarda artıq bu sistem yoxdu, çünki artıq onlar cəmiyyəti bu sistemə öyrəşdirdilər. Biz də bundan nümunə götürərək bəhrələnməliyik. Bu həm də cəmiyyətə bir ismarış ola bilər».

Sabiq millət vəkili Gültəkin Hacıbəylinin sözlərinə görə, bütün sahələrdə qadının rolu gücləndirilməlidir. «Qadınları müdafiə etməyin ən yaxşı yolu onları gücləndirmək, səlahiyyətləndirməkdir. Amma azadlıq və hüquq istəyən kimi kişilərin bunu verəcəklərini düşünmək sadəlöhvlük olardı. Buna öz iradənlə nail olmaq lazımdır».

N.Cəfəroğlu hesab edir ki, problemin həlli üçün qadınların idarəetmədə iştirakı ilə bağlı təxminən 10 illik kvota tətbiq edilməlidir: «İlkin olaraq təxminən 25-30 faizlik kvaota olmalıdır. Bundan sonra vəziyyət nisbətən düzələ bilər».

Ekspert Mehriban Vəzirin qənaətinə görə, bir vəzifəyə keçmək üçün qadının özünün gücü, biliyi və təhsili olmalıdır: «Ölkədə gender bərabərliyinin təminatı üçün ilk növbədə qadın proqramları işləməli, qadına dəstək olmalı və qadının sosial yükü dövlət tərəfindən ələ alınmalıdır. Bunun üçün əvvəlcə təhsil güclü olmalı, sonra şərait yaradılmalıdır ki, qadınlar da artıq kişilərlə yarışa bilsin. Onun getdiyi vəzifəyə namizəd olsun və o yer uğrunda mübarizə  apara bilsin. Bu şəraiti isə dövlət yaratmalıdır».

Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyinin icraçı direktoru Ülviyyə Məmmədova isə hesab edir ki, gender siyasətinin məqsədi yalnız statistik göstəriciləri artırmaq olmamalıdır: «Eyni zamanda ictimai şüuru dəyişmək lazımdır. Hazırda bu sahədə ən ciddi problem mövcud qanunvericilik bazasının işlək olmamasıdır. Əgər bu baza işlək olarsa, o zaman bizdə gender məsələsi ilə bağlı durum ən inkişaf etmiş ölkələrlə müqayisə oluna bilər».

Beynəlxalq təcrübə göstərir ki, qərar qəbul etmədə  qadınların iştirakını artırmaq üçün ilk növbədə hökumətlər əmək bazarında bərabərliyə əməl olunmasını təmin etməlidir. Amma gender stereotipləri qaldıqca ayrı-seçkilik davam edəcək. Sirr deyil ki, bu gün respublikamızda qadınların inkişafında əsas maneə həm də stereotiplərdir. Ölkə mediası da bilərəkdən və ya bilməyərəkdən daima gender stereotiplərini qabardır, qadınları kişilərlə müqayisədə daha əlverişsiz şəkildə işıqlandırır. Daha çox cəmiyyətdə qadınlarla kişilərin mövcud yeri haqda hökmran olan stereotipləri qüvvətləndirir. Amma bir şeyi unutmamalıyıq ki, nə qədər  ölkəmizdə qadının hüququ tam təmin olunmayıb, itirən cəmiyyətimiz olacaq.

 

 

Xalid VAHİDOĞLU

 

Üç nöqtə.-2013.-22 yanvar.-S.-14.