Genişzolaqlı internet tam inkişaf etdiriləcək

 

   Keyfiyyətin yüksəldilməsi həlli vacib məsələlər hesab olunur

 

  Şərtlərə əməl etməyən provayderlərin tənbeh edilməsinə qanunvericilikdə tədbir görülməlidir

 

 Hazırda ölkədə, xüsusən də regionlarda genişzolaqlı internetin inkişaf etdirilməsi, əhalinin ondan istifadəsinin genişləndirilməsi və keyfiyyətin yüksəldilməsi həlli vacib məsələlər hesab olunur. Bu məqsədlə qabaqcıl ölkələrin təcrübəsi, həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqının Rəqəmli İnkişaf üzrə Genişzolaqlı Komissiyasının tövsiyələrini nəzərə almaqla fəaliyyət proqramı  onun əsasında investisiya layihəsi hazırlanıb. Bu layihənin gələn ildən həyata keçirilməsi milli internet infrastrukturunun potensialının artırılmasına, «evlərə optika» prinsipi ilə internetə çıxışın yaradılmasına, bölgələr və əhali qrupları arasında «rəqəmli fərqliliyin» azaldılmasına, elektron xidmətlərdən istifadə imkanlarının artırılmasına,  ölkədə distant-təhsil, elektron ticarət, teletibb və digər müasir fəaliyyətlərin daha geniş tətbiqinə xidmət edəcək.

«Multimedia» İnformasiya Sistemləri Mərkəzinin sədri Osman Gündüzün qənaətinə görə, Azərbaycanda internet tənzimlənməsi ilə bağlı bir problem olduğunu qeyd etdi: «Azərbaycanda milli domenlərin verilməsində ciddi problemlər var. Bu bir şirkətin monopoliyasındadır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyibu məsələyə göz yumur. Milli internet ünvanların tənzimlənməsi ilə bağlı bir ortaq məxrəcə gəlməliyik. Hazırda bu prosesdə vətəndaş cəmiyyəti institutları iştirak etmir. Ancaq mövcud qanunvericiliyə görə Azərbaycanda milli internet ünvanlarının tənzimlənməsi ilə bağlı tənzimləyici qurum ictimai qurum olmalıdır. Hamını qane edən mili domenləri qeydiyyat sistemi yaradılmalıdır. Mili internet ünvanlarının online qeydiyatı bütün dünyada var, Azərbaycandan başqa. Sonra mili internet ünvanlarının qiymətləri xeyli bahadır. Buna görə insanlar beynəlxalq internet ünvanları almağa maraq göstərirlər».

Ekspert dedi ki, Azərbaycanda toplam internet istifadəçilərin sayı 65 faiz götürülür: «Bu göstəriciyə mobil istifadəçilərin sayı da daxildir. Adətən keyfiyyətli internet deyəndə bu daxil olmamalıdır. Genişzolaqlı internet istifadəçilərin sayı bunun 40 faizi həddindədir. Bu kifayət qədər az rəqəmdir. Keyfiyyətli internetlə bağlı Azərbaycanda ciddi problem var. Hansısa kəndə getsəniz orada keyfiyyətli internetə çıxışınız məhduddur. Halbuki əhalinin 40 faizi kəndlərdə məskunlaşıb. İndi gözlənilir ki, Neft Fondu tərəfindən bu il 100 milyon manat vəsait ayrılsın. Bu ancaq ölkəmizdə keyfiyyətli internet problemi həll olunmasına yönəldiləcəyi deyilir».    

Ekspert internetə dövlət nəzarətinin ola bilməsini də mümkünsüz sayır: «Ölkə rəhbəri də çıxışında deyib ki, Azərbaycan interneti azad və şəffafdır, ona heç bir dövlət nəzarəti ola bilməz. İnternetdə özünü tənzimləmə var. İnternetin elə bir yerləri var orada dövlətin nəzarəti şərtsizdir. Məsələn, internetin daxili təsərrüfatı, internetin içərisində biznes, internetdə uşaqların təhlükədən qorunması kimi işlərdə dövlətin çəkisi kifayət qədər çox olmalıdır».

Qeyd edək ki, Azərbaycanda internetlə bağlı problemlərdən biri və ən əsası tariflərlə bağlıdır. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ölkədə mövcud internet tariflərinin ötən ilin sentyabrın 1-dən etibarən təxminən 2,5 aşağı salınması barədə qərar çıxarıb. Bununla yanaşı, ölkənin aparıcı internet provayderi olan «Delta Telecom» şirkəti sentyabrın 1-dən oktyabrın 1-dək 1 MBt/saniyə sürəti üçün tarifin 275 manatdan 110 manatadək endirilməsinə dair qərar qəbul edib.

Məsələyə münasibət bildirən RİTN rəsmiləri

internet xidmətləri bazarında fəaliyyət göstərən digər provayderlərin də öz növbələrində xidmətlərin maya dəyərinin aşağı düşməsini nəzərə alaraq, mövcud tariflərini endirəcəyinə əminlik ifadə ediblər.

Lakin ötən təcrübə heç də müsbət nəticə verməyib. Yəni bundan öncə İnternet tariflərinin ucuzlaşdırılması qərarına çox az şirkətlər dəstək Verdi. Bəzi şirkətlər ümumiyyətlə xidmət haqlarında endirim etmədi. Tarifləri ucuzlaşdıran şirkətlər də internetin sürətini o qədər zəiflətdi ki, internet istifadəçiləri sürətli  internet

əldə etməkdən ötrü ödənişləri əvvəlki və ondan da artıq tariflər əsasında aparmağa məcbur oldular.

Bu nöqteyi-nəzərdən internet tariflərinin növbəti azalması onsuz da qənaətbəxş olmayan xidmətin səviyyəsini bir az da pisləşdirəcək.

Ölkəmizdə fəaliyyət göstərən «Azintex» şirkətindən isə bildirildi ki, internetin ucuzlaşması barədə verilən qərar onların kommersiya maraqlarına cavab verməsə də, qanunvericiliyin tələblərinə əməl edəcəklər. Bu isə xidmətin səviyyəsinin aşağı salınması ilə mümkün olmayacaq. Şirkətdə hesab edirlər ki, genişzolaqlı internet xidmətləri bazarının daha intensiv inkişaf etməsinə imkan yaradmaq və istifadəçilər keyfiyyət və sürət baxımından müasir internet xidmətlərindən daha sərfəli qiymətlərlə istifadə etmək imkanı vermək üçün belə qərarların çıxarılması zəruridir.

Məsələyə münasibət bildirən ekspertlər bir internet istifadəçisi kimi həm göstərilən xidmətin keyfiyyətli olmasında, həm də qiymətin münasibliyində maraqlı olduğunu qeyd edrləri. Şirkətlər isə çıxarılan qərarlara çox vaxt əməl etmirlər.

Azərbaycanın informasiya bazarına inteqrasiyasının sürətlənməsi internet xidmətlərin yüksəlməsinə və qiymətlərin də dünyada mövcud olan qiymətlərə uyğunlaşmasına imkan verməlidir. Bütün dövlətlərdə qiymətlər kifayət qədər aşağıdır. Bu sahənin ekspertlərinin qənaətinə görə, qiymətlər bizdə əvvəllər yuxarı olub. Bunun yüksək olması bu sahədə bəzi şirkətlərin inhisarçı mövqedə olmasından irəli gəlir. Hesab edirəm ki, ən azı bundan sonra İnternet qiymətlərin düşməsini hiss etməliyik. Onunla bərabər xidmətin səviyyəsi də qənaətbəxş olmalıdır.

RİTN-nin internet tariflərinin azaldılması barədə qərarın icrasını bu sahədə fəaliyyət gstərən şirkətlərin öz insafına buraxmasına gəlincə, mütəxəssislər bildirdilər ki, nazirliyin belə bir mövqeyi düzdür. Çünki xidmət alan tərəflə xidmət verən tərəf arasında müqavilə mövcuddur. İndi istifadəçilərdən kimsə tənbəllik edib, tələb etmirsə, müqavilənin şərtlərinə uyğun tariflərin təyişdirilməsini tələb etməlidir. Mövcud qanunvericiliyə görə, iki tərəf arasında yaranan münasibətlərə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi başqa cür müdaxilə edə bilməz. Əslində İnternet provayderləri ilə internet istifadəçiləri arasında olan məsələdir.

Tərəflər müqavilə şərtlərinə əməl etməlidirlər. Əks təqdirdə bunu danışıq yolu ilə həll etməlidirlər. Burada ən gözəl vasitələrdən biri internet provayderinin xidmətindən imtina etmək və daha keyfiyyətli xidmət göstərən tərəfə keçməkdir. Bunun başqa yolu yoxdur. Təbii ki, məhkəmə süründürməçiliyi var. Məhkəməyə müraciət edən də insanlar həm  süründürməçiliklə, həm də kənar xərclərlə üzləşir.

Bütün bunlara baxmayaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyiöz sinəsini tam geri çəkməməlidirlər. Bu qanunvericiliklə tənzimlənən məsələ olduğundan bunun eləcə də yoxlanma mexanizmimövcuddur. Şərtlərə əməl etməyən provayderlərin tənbeh edilməsinə qanunvericilikdə tədbir görülməlidir.

 

 

 Üç nöqtə.-2013.-23 yanvar.-S.-9.