Əsl sənətkarların yaradıcılığı öyrənilməlidir

 

Şeyx Əbdül Mahmudbəyov: “Məmmədrza Şeyxzamanov Azərbaycanın kino mədəniyyətində böyük rolu olan insanlardandır”

 

“Əhməd haradadır”, “Bəxtiyar”, “Böyük dayaq”, “Qanlı zəmi” və s. filmlərdə müxtəlif obrazları ilə yaddaşlarda qalmağı bacaran sevimli aktyorumuz Məmmədrza Şeyxzamanov. Bu gün onun ölümündən 29 il ötür. Aktyoru öz filminə çəkən və onunla birlikdə filmlərə çəkilən əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov Məmmədrza Şeyxzamanovla bağlı xatirələrini “Üç nöqtə” ilə bölüşdü. Bildirdi ki, bu cür sənətkarların yaradıcılığı tədris olunmalı, öyrənilməlidir: “Məmmədrza Şeyxzamanov Azərbaycanın teatr və kino mədəniyyətində böyük rolu olan insanlardandır. Onun ziyalı ailəsindən olması bizim üçün böyük fəxarətdir. Böyük ustad sənətkar, qeyrətli, namuslu, milli ruhlu adam olması ilə bir çox aktyorlarımızdan fərqlənirdi. Şeyxzamanov adı gələn işə heç bir şübhə ola bilməzdi. O baxımdan Məmmədrza dayı ilə şəxsən mənim “Qaçaq Nəbi” və “Diplom işi” filmlərimdə aktyor kimi qarşılaşmışam. “Diplom işi” ekologiya ilə bağlı bir film idi. Məmmədrza müəllim həmin filmdə kənd ağsaqqalı obrazını canlandırırdı. Bu mənim ilk filmim idi. Cavan oğlan idim, filmə də az pul ayırmışdılar. Maddi problemlər var idi. Özü də gərək bir ay çəkilişlər üçün Lənkəranda qalaydıq. Məmmədrza müəllim heç bir təmənnasız mənim filmimə çəkilməyə razılıq verdi. O aktyorun ruhu qarşısında baş əyirəm. “Qaçaq Nəbi” filmində də mənim filmində iştirak etməklə mənə böyük şərəf verdi. Bundan başqa onunla birlikdə filmlərə də tərəf müqabili olmuşuq. O nəhəng teatr aktyoru olmaqla yanaşı, həm də öz antropologi görünüşü, aktyorluğu, ifa mədəniyyəti ilə öz dəsti-xətti olan bir şəxsiyyət idi. Alim, sənətkar, ağsaqqal obrazlarını hər zaman Şeyxzamanov oynayırdı. Çünki ona həm də genetik baxımdan uyğun gəlirdi. Allah onun ruhunu şad etsin. Bu gün şounun baş alıb getdiyi bir vəziyyətdə o cür sənətkarlara, milli mənəvi dəyərlərimizə layiq insanların gündəmə gəlməsinə, çox böyük ehtiyacımız var. Hamı onu “yaxşı kişi” kimi tanıyırdı”.

Qeyd edək ki, Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə doğulub. 2 yaşında ikən atasını itirib. Və o andan etibarən ailənin bütün yükünü anası Böyükxanım çiyinlərində daşımalı olur. 1929-cu ildə Məmmədrza orta məktəbə gedir. Orta məktəbdə oxuya-oxuya teatr studiyasına daxil olur. 1934-cü ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılovun təşəbbüsü ilə teatra dəvət edilir. İlk dəfə Ə.Həmidin "Hind qızı" tamaşasında Brahma adlı kiçik rolda çıxış edir. Teatrda işləyərkən peşəkar yaradıcılıq tələbləri ilə tanış olur. 1954-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin əmrilə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında işə başlayır. Teatrda "Göz həkimi"ndə Şahbazov, "Qış nağılı"nda Poliksen, "Fərhad və Şirin"də Xosrov, "Vaqif"də Qacar, "Otello"da Otello, "Aydın"da Aydın, "Qaçaq Nəbi"də kimi bir-birindən fərqlənən, psixoloji, dramatik obrazları özünəməxsus şəkildə yaradır.

Məmmədrza Şeyxzamanov böyük ekrana ilk dəfə "Bəxtiyar" filmində Rəcəbov rolu ilə çıxır. Daha sonra müxtəlif illərdə "Qızmar günəş altında"da Alı kişi, "Leyli və Məcnun"da Dərviş, "Bir qalanın sirri"ndə həkim Eldostu, "Onu bağışlamaq olarmı"da polkovnik Qurbanov, "Qatır Məmməd"də Gəncə qubernatoru, "Nəsimi"də Şeyx Əzəm kimi obrazlar yaradır.

1963-cü ildə böyük sənətkarımız Adil İsgəndərovun Sabit Rəhmanın ssenarisi əsasında quruluş verdiyi musiqili komediya filmində - "Əhməd haradadır"da Şirin kişi rolunda çıxış edir.

1976-cı ildə Məmmədrza Şeyxzamanov daha bir yaddaqalan obrazını yaradır. Rasim Ocaqovun İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi "Tütək səsi" filmində İsfəndiyar kişi rolunda çıxış edir.

Şeyxzamanov 1984-cü ildə 70 yaşında vəfat edib.

 

 

Aygün

 

Üç nöqtə.-2013.-25 yanvar.-S.-13.