İşğal günlərini qeyd etməkdən ağır faciə yoxdur

 

Mayis Güləliyev: «Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün ölkənin bütün həyatı bu problemin həllinə yönəlməlidir

 

Baba Vəziroğlu: “Gəlin bu yolda prezidentə dəstək olaq

 

KƏLBƏCƏRİN işğal ildönümünü qeyd etdik… ardınca da Ağdərə, Ağdam, Qubadlı, Cəbrayıl, Fizuli və Zəngilanın işğal tarixlərini yada salacağıq…

Artıq 21-22 ildir ki, erməni silahlı qüvvələrinin əsarətində qalan rayonlarımızı azad etmək istəyi ilə yaşayırıq. Azərbaycan ictimaiyyəti beynəlxalq diplomatların işğal faktını aradan qaldırması üçünyollar” arayıb – tapacağını gözləyə-gözləyə öz faciəsini “qara təqvim” kimi yada salmaqdan başqa çarə tapmır sanki… Bəs cəmiyyətimiz torpaqlarını işğaldan azad etmək üçün beynəlxalq aləmi silkələyə biləcək gücünü, istəyini yetərincə göstərə bilirmi? Bu istiqamətdə hansı addımlar atılmalıdır? “Üç nöqtə” bu sualları evindən didərgin salınmış ziyalılara, hadisələri təhlil edən ekspertlərə, siyasətçilərə və media mənsublarına tutdu.

İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi işini övladlarımıza miras qoymamalıyıq”

Kəlbəcər rayon sakini, Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri xalid kazimovXalid Kazımov deyir ki, Dağlıq Qarabağ müharibəsi zamanı ermənilərin törətdikləri elə vəhşiliklər var ki, onlar nəinki beynəlxalq ictimaiyyətə çatdırılıb, heç bundan Azərbaycan vətəndaşlarının da kifayət qədər məlumatı yoxdur.

“Həmin hadisələrin canlı şahidlərinin sayı isə ildən-ilə azalır. Biz kəlbəcərin işğalı zamanı ən ağır faciə ilə üzləşən Başlıbel kəndində törədilən qətliamla bağlı bir kitab hazırladıq. Həmin kitabda işğalı zamanı cəmi 1376 nəfər əhalisi olan Başlıbeldə yaşanan faciənin şahidləri, faciə qurbanlarının yaxınlarını, işğaldan sonra 130 gün mühasirədə yaşayan şəxsləri axtarıb tapdıq. Məlum oldu ki, bu hadisənin şahidlərinin çoxu dünyasını dəyişib. İşğal zamanı azğınlaşmış erməni hərbçiləri yaşlı, qadın və uşaq olmasına baxmadan hər kəsə qarşı eyni vəhşiliyi ediblər. Diri-diri yandırılan da, ağır işgəncələrlə öldürülən də, övladının, valideyninin, həyat yoldaşının gözləri qarşısında güllələnənlər də olub. Girov götürülən insanlar isə ermənilərin aylarla davam edən vəhşiliyinə dözməli olublar. Başlıbeldə 130 gün 30 nəfərin mühasirədə yaşaması bir məqsəd uğrunda birləşən insanların hər şeyə qadir olduqlarını göstərir. Bu insanları torpaq sevgisi, ümid birləşdirib. Bu gün Kəlbəcərdən, böyük faciənin yaşandığı Başlıbeldən kənarda dünyaya gələn uşaqların isə artıq 21 yaşı var. Həmin gənclərimizin qəlbində vətənpərvərlik ruhu nə qədər yüksək olsa da, ataları, babaları qədər o yerlərə bələd deyillər. Odur ki, işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi işini övladlarımıza miras qoymamalıyıq».

«Bu çarəsizlik deyil, gücün real hesablanmasıdır”

Publika.az saytının redaktoru Cəmaləddin Quliyev bildirdi ki, 2008-ci il Gürcüstanda avqust, 2014-cü il Ukraynda Krım hadisələri göstərdi ki, “qılınc cingildətməklə” Ukrayna, Gürcüstan, Azərbaycan və Moldava üçün ərazisini itirimək təhlükəsi yaratmış qüvvəni qorxutmaq mümkün deyil. “Nəzərə alın ki, həm Gürcüstanın, həm də Ukraynanın Qərbdə ciddi dəstəkləri və daha güclü lobbi və diasporları var. Onlar NATO və Avropa strukturları ilə daha çox inteqrə ediblər. Bunun onlara faydası oldumu? Leh(polyak) qardaşalrı malorusların (ukraynalıların) köməyinə tələsdimi? Bəlkə rumınlar moldavanlara qahmar çıxdı? Xeyir. Rusiyanı zəiflətmək üçün kiçik dövlətlər onunla açıq konfrantasiyaya sürüklənir. Düşmənin kim olduğunu unutmamaq şərtilə biz belə təhriklərə getməməliyik. Bununla yanaşı o qara təqvimləri qeyd etməli, diasporu bu anımlara cəlb etməli , həm iqtisadi, həm diplomatik, həm də hərbi cəhətdən güclənməkdə davam etməliyik”.

Şair Baba Vəziroğu bildirdi ki, torpaqlarımızın geri qaytarılması istiqamətində böyük işlər gedir. “Azərbaycan iqtidari, şəxsən İlham Əliyev uzaqgörən bir siyasətlə, ağılla, praqmatik düşüncə ve reallığa hesablanmış taktikastrategiya ilə Böyuk  Qələbəmizi addım-addım yaxınlaşdırır… İnanıram ki, o Gun cox uzaqda deyil…Gəlin, hər kəs oz işimizlə məşğul olaq. Bu yolda Prezidentə dəstək olaq”…

ADNA əməkdaşı Arzu Laçınlı:

“Hər bir işğal tariximiz ermənilərin bayram tarixləridir. Onları başa düşmək olar, bizim qəbul edə bilmədiyimiz qələbələrini qeyd edirlər. Bəs biz nəyi qeyd edirik? Mən işğal günlərində onların necə sevindiyini, bayram etdiyini fikirləşəndə nəyi uduzduğumuzu təkrar-təkrar dərk edirəm… İşğal günlərini qeyd etməkdən ağır faciə yoxdur məncə. Təsəvvür edəndə ki, bizdən sonra gələcək nəsil də beləcə işğal günlərini qeyd edə-edə yaşayacaq utanıram. Gələcək nəslin qarşısında borclu qalacağıq belə getsə. Torpaqlarımızı işğaldan azad etmək bir arzu olaraq qalmamalıdır. Mənə elə gəlir ki, bizim buna istəyimiz güclü olmalıdır. Axı deyirlər ki, adam bir şeyi çox istəyəndə o olur. Siyasi partiyaların, cəmiyyətimizin beynəlxalq aləmi silkələyə biləcək gücünü təsəvvür etsəm də, təəssüflər olsun ki, görə bilmirəm. Biz torpaqlarımızı geri istəyirik, amma almağa acizik. Bu acizliyi yaradan səbəblər çoxdur. O səbəbləri aradan qaldırmaq isə sənin, mənim, onun işi deyil. O səbəbləri aradan qaldırmaq bizim, sizin, onların işidirborcudur.”

“Vətən” siyasi blokunun icra katibi Mayis Güləliyev hesab edir ki, torpaqlarımızın işğaldan azad olunması ilə bağlı nə üstünlük var, nə də cəsarətsizlik.

Bu ərazilərin getdikcə Ermənistan iqtisadiyyatı ilə əlaqəsinin genişlənməsi, xüsusilə erməni icmasının öz həyatını Ermənistan cəmiyyəti ilə uyğunlaşdırması Qarabağı getdikcə bizdən uzaqlaşdırır. Ona görə Qarabağ deyiləndə təkcə torpaqlar deyil, həm də insanlar nəzərdə tutlmalıdır. Bu ərazilərdə yaşayan azərbaycanlıların xeyli hissəsi ya Azərbaycanı tərk edib, ya da müxtəlif regionlarımızda öz həyatlarını qurublar. İnsan psixologiyası elədir ki, insanlar fəaliyyətlərində və həyatlarında daha çox konservativ olurlar. Qarabağsız yaşamaq ordan qaçqın olan əhali üçün necə çətin idisə, indi yeni nəslin də ora qayıtması bir o qədər problemli ola bilər. Odur ki, həm hökumət, həm də cəmiyyət səviyyəsində Qarabağın Azərbaycan cəmiyyətinin tərkib kissəsi olduğunu sadəcə demək azdır. Bu inteqrasiyanı bərpa etmək üçün bütün tədbirləri görmək vacibdir.

Qarabağ Azərbaycanın tərkib hissəsidir və Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir. Deyəcəksiniz ki, necə? Cavab verirəm ki, ölkənin bütün həyatı, həm siyasi, həm iqtisadi, həm mədəni və sosial həyatı bu problemin həllinə yönəlməlidir”.

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri Cavid Şahverdiyev hesab edir ki, işğalı altında qalan torpaqlarımızın müharibə yolu ilə qaytarlıması məsələsi olduqca çətindir. “Ancaq bu o demək deyil ki, Azərbaycan işqal altında olan torpaqlarını qaytara bilmək gücündə deyil. Əgər söhbət təkcə Ermənistandan gedirsə Azərbaycan 1 həftəyə itirilən bütün ərazilərini geri qaytara bilər. Azərbaycan ikinci Qarabağ savaşını Rusiya ilə apara bilər. Çünki Qarabağı Rusiya işğal edib Ermənistana verib. Ermənilərin arxasında da ruslar dayanır. Ona görə də Azərbaycanın Rusiya ilə üz-üzə qalmaq gücü yoxdur. Bu məsələnin diplomatik həlli yolu da artıq tükənib. Rusiyanın parçalanacağı və zəifləyəcəyi günü gözləmək lazımdır”.

“Anım günlərini həmin torpaqları işğaldan azad etməklə ləğv edə bilərik”

Zəngilan rayonundan olan Elməddin Muradlı: “Bu günləri anmaq yaxşıdır, amma birdəfəlik ləğv etmək daha yaxşıdır. Onu da ancaq həmin torpaqları işğaldan azad etməklə ləğv edə bilərik. Baxıram, insanlar öz işlərində, öz qayğıları ilə məşğul olurlar. Hər il bu anım günləri daha soyuq keçir, daha da adiləşir, bayağılaşır. Sanki getdikcə alışırıq bu vəziyyətə, qəbul edirik hər şeyi. Axı belə olmamalıdır. Novruz bayramında Mazazırdakı  Zəngilan şəhərciyinə getmişdim. Sağ olsun, ölkə rəhbərliyinin göstərişi ilə məcburi köçkünlər üçün salınan qəsəbədə hər cür şərait yaradılıb. Bayram şənliyinə yığışan insanların üzünə baxdım, hərəkətlərinə baxdım, bir anlıq hiss elədim ki, bu insanlar artıq doğma torpaqları unudurlar, yadlaşma gedir. Baxıram şəraitlərinə, düşünürəm ki, görəsən bu cür gözəl şəraiti burda qoyub o torpaqlara qayıtmaq istəyərmi bu insanlar? Bəlkə də əksəriyyəti getməyəcək. Axı hələ gedə də bilmirik. Çətindir. Çox çətindir. Mən heç nə edə bilmirəm. Mənimçün Zəngilan həmişə var. Doğma yurdumu, kəndimi, oradakı evimizi, hətta qapımızın itini də unutmamışam”

 Politoloq Zaur İbrahimli bildirdi ki,zaur-ibrahimli-politoloq Azərbaycan, Ermənistan, Rusiya prezidentlərinin 2011-ci ilin iyun ayında baş tutan nəticəsiz Kazan görüşündən sonra Qarabağ münaqişəsinin danışıqlar yolu ilə, dilomatik səylərlə ədalətli həllinə inam azalmaqdadır. Faktiki olaraq Kazan görüşü göstərdi ki, rəsmi Bakının bütün səylərinə, hətta kompromiss siyasətinə baxmayaraq Ermənistan diplomatik danışıqlardan Azərbaycan torpaqlarının işğalı faktının legitimləşdirilməsi üçün istifadə etməyə çalışır. Yerevanın maksimalist mövqeyi ortaq məxrəcin tapılmasına yolu bağladı. Burada Yerevan dedikdə, hər zaman onun arxasından böyük kölgəsi görünən Rusiyanı da nəzərdə tutmalıyıq. Ruslar elə variantları dəstəkləyirlər ki, həm ermənilər onların təsirində qalsınlar, həmçinin Moskva öz mövqelərini möhkəmləndirsin. Bu xətt isə o deməkdir ki, Azərbaycan işğal faktı ilə barışmalı, Rusiyanı əsas orbitr kimi qəbul etməlidir. Təbii ki, Bakı buna gedə bilməzdi. Görünən budur ki, Kazan görüşündən bu yana bu siyasət qüvvədə qalır. Təəssüf ki, indiki reallıqlardan çıxış etsək, Azərbaycanın öz hərbi qüdrətini gücləndirməkdən, lobiçilik, təbliğat, informasiya müharibəsi və diplomatik danışıqları davam etdirməkdən başqa yolu qalmır. İndiki situasiyada hərbi əməliyyatların bərpa edilməsi çağrışlarını faydalı saymıram. Ukrayna ilə bağlı son hadisələr göstərdi ki, mümkün qədər ehtiyatlı olmaq zəruridir. Bu baxımdan Azərbaycan üçün qlobal qüvvələr nisbətini izləmək, qlobal çağrışlara adekvat reaksiya vermək və güclənmək zəruridir. Nə qədər acı da olsa etiraf etməliyik ki, hələlik alternativ yoxdur”.

tofiq abbasov01010 Politoloq Tafiq Abbasov hesab edir ki, itkilərin ildönümünü yada salmaq vacib işdir. Çünki tarix o zaman mahiyyət kəsb edir ki, onunla əlaqə kəsilmir. Qanlı tarix isə ümumiyyətlə, yaddaşlardan silinə bilməz…

Sabah işğala məruz qalmış tərəf öz ərazilərini azad etməyə qalxdığı zaman beynəlxalq birlik rəsmi Bakını qınamasın deyə, Azərbaycan bu gün bütün diplomatik vasitə və inkanları, hüquqi mexanizmlərini işə salıb boşluqları doldurmalıdır. Bu gün beynəlxalq aləm üçün problemlə bağlı heç bir qaranlıq məqam qalmayıb. Sonuncu sual doğuran Minsk qrupunun fəaliyyətidir. Onun sonda hansı nəticəni verməsi də bizə vacibdir. Yəni bütün diplomatik vasitələrin səmərəsizliyi aşkarlandıqdan sonra Azərbaycan konkret hərəkətlərə keçə bilər… O ki qaldı Kəlbəcərin işğalı ilə icmanın BMT qurumlarına müraciət etməsinə, bunu vacib addım kimi qiymətləndirmək yerinə düşür. Çünki indi Krım hadisələri ilə bağlı birlik, xüsusi ilə də Qərb koalisiyası hay-haray qaldırıb ki, sərhədlərin toxunulmazlığı müqəddəsdir. Belədirsə, niyə beynəlxalq birlik, Qərb Azərbaycanın sərhədlərini pozulmasına dözümlülük göstərir? Məsələ də bundadır”…

 

 Tahirə Qafarlı

 Üç nöqtə.-2014.- 3 aprel.- S.6.