Ərizəçi pulsuz vəkillə təmin olunur
Bu zaman təqsirləndirilən şəxsin
özünü lazımi
qaydada müdafiə edə bilib-bilməməsi
nəzərə alınmalıdır
İnsan və vətəndaş hüquqlarmı və azadlıqlarmı gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər»,-hüquqşünas Elxan Quliyev deyir. Onun sözlərinə görə, Azərbaycan Respublikasının «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına qoşulması milli məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Konvensiyanın 46-cı maddəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəyə malik olmasını təsbit edirsə, Konvensiyanın 32-ci maddəsi onların presedent əhəmiyyətinə malik olmasına zəmin yaradır. Həmin maddəyə müvafiq olaraq Məhkəmənin Konvensiyanın hər hansı maddəsi ilə bağlı verdiyi şərh həmin maddənin tərkib hissəsinə çevrilir və ona görə də məcburi hüquqi qüvvə kəsb edir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Milli qanunverici və məhkəmə orqanları həmin qərarları qanunyaradıcılıq və Konvensiyanın hər hansı tətbiqi prosesində nəzərə almalıdırlar.
Elxan Quliyev bildirir ki, cinayət təqibi ilə bağlı müdafiə hüququnun həyata keçirilməsi Avropa Konvensiyasının ədalətli məhkəmə baxışına olan hüququ nəzərdə tutan 6-cı maddəsində ifadəsini tapmışdır. İnsan hüquqları arasında ədalətli məhkəmə baxışına olan hüququn xüsusi yeri onunla müəyyən edilir. İnsanın pozulmuş hüquqlarının müdafiəsi xüsusi prosedura, ədalətli məhkəmə baxışına olan hüquq çərçivəsində həyata keçirilməlidir. Onun sözlərinə görə, əgər dövlətdə bu cür səmərəli müdafiə və pozulmuş hüquqların bərpası prosedura mövcud deyildirsə, qanunvericilik səviyyəsində təsbit olunmuş bütün digər hüquqlar deklarativ xarakter daşımaqla xəyalı hüquqa çevrilir. Məhz bu cəhət ədalətli məhkəmə baxışına olan hüququn digər insan hüquqları arasında xüsusi yerini müəyyən edir.
«İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər»,- o deyir. Avropa Məhkəməsinin təcrübəsi sübut etmişdir ki, 6-cı maddədə ifadəsini tapan müddəalar, həm ədalətli məhkəmə baxışının əhatə etdiyi vaxt baxımından, həm də onun kontekstində ifadəsini tapan məzmun baxımından geniş şərh olunmalıdır. Konvensiyanın 6-cı maddəsinin 3(c) bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəsin şəxsən və ya özünün müdafiə etmək və ya müdafiəçinin xidmətlərini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqlarını tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir.
Konvensiyanın 6-cı maddəsinin 3(c) bəndi tərəflərin bərabərliyinin təmin olunmasında mühüm elementdir. O, üç müxtəlif hüququ əhatə edir:
1) şəxsən özünü müdafiə etmək hüququ;
2) özünə müdafiəçi seçmək hüququ;
3) müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədikdə və ədalət mühakiməsinin maraqları tələb etdikdə müdafiəçinin xidmətindən pulsuz istifadə etmək hüququ.
6-cı maddəsinin 3(c) bəndi ilə qorunan bu hüquq təkcə məhkəmə araşdırması mərhələsinə deyil, həm də məhkəməyə qədərki istintaq mərhələsinə aiddir və cinayət törətməkdə ittiham olunan hər kəs üçün nəzərdə tutulub. «Kvoranta İsveçrəyə qarşı» işdə (1991) həm məhkəməyə qədərki istintaq zamanı, həm də məhkəmə araşdırılması zaman ərizəçiyə pulsuz hüquqi yardım almaq imkanı verilməmişdi. Avropa Məhkəməsi, bu nəticəyə gəldi ki, həm məhkəmə araşdırılmasına qədər, həm də məhkəmə araşdırması zamanı müdafiəçi ilə təmsil olunmaması ərizəçiyə imkan verməmişdi ki, özünü lazımi qaydada müdafiə etsin. Bu işdə 6-cı maddənin 3 (c) bəndi pozulmuşdu»,-o deyir.
Əgər şəxsin müdafiə hüquqlarına maneələr yaradılıbsa və həmin maneələr onun müdafiə hüququnu, düzəldilməsi mümkün olmayan dərəcədə pozubsa və ya poza bilərsə, belə hallarda konvensiyanın 6-cı maddəsinin 3 (c) bəndi pozulur. Onun sözlərinə görə, şəxsin vəkillə təmin edilməməsi digər hallarda da müdafiə hüquqlarını poza bilər. Məsələn, polisin apardığı dindirmənin ümumi atmosferi təzyiq xarakterlidirsə və təqsirləndirilən şəxsin hüquqlarına düzəldilməsi mümkün olmayan ziyan vurursa, təqsirləndirilən şəxsin 6-cı maddənin 1 və 3 (c) bəndləri ilə nəzərdə tutulan hüquqları pozula bilər. Onun sözlərinə görə, ədalətli məhkəmə araşdırılması hüququnun əsas tələblərindən biri təqsirləndirilən şəxsin öz müdafiəçisi ilə təkbaşına (başqalarının müdaxiləsi olmadan) görüşmək hüququdur: bu hüquq 6-cı maddənin 3 (c) bəndində nəzərdə tutulan hüquqlardan irəli gəlir.
Bundan başqa, təqsirləndirilən şəxsin məhkəməsi onun iştirakı olmadan keçirildikdə, o, müdafiəçi ilə təmsil olunmaq hüququndan məhrum edilməməlidir. Elxan Quliyev deyir ki, özünün şəxsən müdafiə etmək hüququ təqsirləndirilən şəxsə məhkəmə araşdırılmasında özünü müdafiə etmək imkanı verir. Müəyyən hallarda xərcləri minimuma endirmək üçün məhkəmə araşdırılmasında təqsirləndirilən şəxsin özünü şəxsən müdafiə etməsi məqsədəuyğun ola bilər. Lakin bu, mütləq hüquq deyil; bəzi məhkəmələr ədalət mühakiməsinin maraqları naminə təqsirləndirilən şəxslərin müdafiəçi ilə təmsil olunmalarını tələb edirlər.
Avropa Məhkəməsi qeyd edir ki, pulsuz müdafiəçi təyin edilməsi məsələsini həll edərkən milli hakimiyyət orqanları təqsirləndirilən şəxsin maddi imkanlarını nəzərə almalıdırlar; həmçinin ədalət mühakiməsinin maraqlarını da nəzərə almaq onlardan tələb olunur. Bu zaman cinayətin (cinayətlərin) xarakteri və mürəkkəbliyi, təyin edilə bilən cəzanın ağırlığı və təqsirləndirilən şəxsin özünü lazımi qaydada müdafiə edə bilib-bilməməsi nəzərə alınmalıdır. Müdafiədən pulsuz istifadə etmək hüququ təkcə məhkəməyə qədərki mərhələyə və ya məhkəmə araşdırılması mərhələsinə şamil olunmur, bu hüquq həm də apellyasiya şikayətinin verilməsinə və apellyasiya prosesinə tətbiq edilə bilər. Apellyasiya şikayəti vermək istəyən şəxsin pulsuz hüquqi yardımı almaq hüququna malik olub-olmaması müvafiq prosesin spesifik xüsusiyyətlərindən asılıdır. Bu zaman bütün məhkəmə prosesinə bütövlükdə diqqət yetirilməli və həmin prosesdə apellyasiya və ya kasasiya məhkəməsinin rolu nəzərə alınmalıdır.
Konvensiya nəzəri və ya xəyali hüquqlardan daha çox, praktiki və səmərəli hüquqları təmin etmək üçün nəzərdə tutulub. Müvafiq surətdə, təqsirləndirilən şəxs barəsində dövlətin öhdəlikləri müdafiəçinin haqqını ödəyə bilməyən həmin şəxs üçün pulsuz müdafiəçinin təyin edilməsi ilə bitmir. Dövlət hüquqi yardımın səmərəliyini təmin etmək vəzifəsini daşıyır, hərçənd ki, pulsuz müdafiəçinin hər bir qüsuruna görə dövlət məsuliyyət daşıya bilməz; müdafiənin həyata keçirilməsi, onun pulsuz və ya haqqı ödənilməklə həyata keçirilməsindən asılı olmayaraq, təqsirləndirilən şəxslə vəkil arasında olan məsələdir. Lakin pulsuz hüquq müdafiəçisi tərəfindən səmərəli müdafiənin təmin edilməməsi açıq-aşkar göz qabağında olduqda və ya səlahiyyətli orqanların diqqətinə hər hansı başqa üsulla çatdırıldıqda həmin orqanlar məsələyə müdaxilə etməlidirlər.
Üç nöqtə.-2014.- 3 aprel.- S.9.