İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyi artır

 

Humanist siyasətin nəticəsi olaraq müntəzəm olaraq əfv amnistiya aktları tətbiq olunur

 

Xarici ölkələrdə cəza çəkən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasında cəza çəkən xarici ölkə vətəndaşlarının cəzalarının qalan hissəsinin çəkilməsi üçün vətəndaş olduqları ölkəyə verilməsinə dair bağlanmış müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, azadlıqdan məhrum edilmiş şəxslərin saxlanma şəraitinin və rejiminin beynəlxalq təcrübəyə müvafiq olaraq humanistləşdirilməsi həyata keçirilir. Azadlıqdan məhrum edilmiş şəxslərin beynəlxalq standartlara uyğun saxlanılması məqsədilə yeni penitensiar müəssisələrin inşa edilməsi, azadlıqdan məhrum edilmiş şəxslərin islah edilməsinə ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının cəlb edilməsi və ictimai nəzarət mexanizmlərinin tətbiq olunması istiqamətində tədbirlər həyata keçirilirdavam etdirilir. «Eyni zamanda xüsusilə qeyd etmək istərdim ki, bu humanist siyasətin nəticəsi olaraq müntəzəm olaraq ölkəmizdə əfv və amnistiya aktları tətbiq olunmaqdadır»,- Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) prof. E.Süleymanova deyir. Onun sözlərinə görə, Milli Fəaliyyət Planına uyğun olaraq həmçinin, uşaqların, qadınların hüquqlarının müdafiəsi sahəsində də müxtəlif istiqamətlərdə fəaliyyət həyata keçirilib. Bu isə gələcəkdə milli qanunvericiliyin insan hüquqlarına dair beynəlxalq standartlara, norma və prinsiplərə tam uyğunluğunun təmin edilməsini, beynəlxalq qurumlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsini, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təmini baxımından təkmilləşdirilməsini, hüquq mədəniyyətinin inkişaf etdirilməsini mühümperspektiv vəzifələr kimi müəyyən edir.

Məhz insan hüquq və azadlıqlarının daha səmərəli təmini istiqamətində həyata keçirilən islahatların məntiqi davamı olaraq, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilib. 6 fəsil və 75 bəndi əhatə edən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı normativ-hüquqi bazanın təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq, Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi kimi vəzifələrin həlli istiqamətində mühüm tədbirləri özündə ehtiva edir.

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı 28 dekabr 2006-cı il tarixli Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının bir növ məntiqi davamı olmaqla, bu planın bəzi maddələrinin icrasının tamamlandığı nəzərə alınaraq dövlət orqanları üzərinə insan hüquqlarının müdafiəsi sahəsində yeni vəzifələr də müəyyən edib. «Bu vəzifələr həmçinin, ölkəmizin üzərinə götürdüyü öhdəliklərin icrası baxımından da əhəmiyyətli olmaqla, mövcud prioritetlərə əsaslanaraq gələcəyə yönəlib. Məsələn, həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikası Qanununun qəbul edilməsi, barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin həbsdə saxlanılmasının qanuniliyinin təmin edilməsi, ekstradisiya olunmaq üçün tutulmuş şəxslərin hüquqlarının təmin edilməsi məqsədilə cinayət prosessual qanunvericiliyinə əlavə və dəyişikliklərin edilməsi, uşaqların cinsi istismarının qarşısının alınması məqsədilə cinayət qanunvericiliyin beynəlxalq hüquq standartlarına uyğunlaşdırılması, hüquqi şəxslər tərəfindən insan hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə onların cinayət məsuliyyətinin müəyyən edilməsinə dair təkliflərin hazırlanması, diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması, miqrantların hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi layihəsinin hazırlanması üzrə işin yekunlaşdırılması, işləyən qadınların və ailə vəzifələri olan işçilərin əmək hüquqları ilə əlaqədar əmək qanunvericiliyinin təkmilləşdirilməsi, valideyn məsuliyyətinin artırılması və valideyn vəzifələrini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi və digər vəzifələr də bu qəbildəndirlər»,- o deyib.

Elmira Süleymanovanın sözlərinə görə, Milli Fəaliyyət Proqramında həmçinin, müasir dövrün tələbləri, eyni zamanda mövcud vəziyyət təhlil edilməklə dövlət qurumları qarşısında mühüm vəzifələr müəyyən edilib. Məsələn, MFP-da işsizlərin əmək bazarında rəqabət qabiliyyətinin artırılması, onların yeni peşələrə yiyələnməsinə yönəlmiş kursların təşkili, işçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi, istehsalatda və tikintidə əməyin təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması kimi tədbirlərin nəzərdə tutulması əmək hüquqlarının daha effektiv müdafiəsi baxımından əhəmiyyətlidir.

Eyni zamanda Milli Fəaliyyət Proqramında əhalinin müxtəlif qruplarının, o cümlədən, qadınların, uşaqların, ahılların, əlillərin, qaçqın və məcburi köçkünlərin, məhkumların hüquqlarının daha sərəli müdafiəsi məqsədilə müvafiq dövlət orqanları üzərinə mühüm vəzifələr qoyulub. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı 28 dekabr 2006-cı il tarixli Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planından fərqli cəhəti ondan ibarətdir ki, Milli Fəaliyyət Proqramı özündə insan hüquqlarının müdafiəsi istiqamətində daha geniş tədbirləri nəzərdə tutmaqla bərabər, bu proqramın icrasına daha çox dövlət qurumları cəlb olunub.

«Belə ki, əgər Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planın icrasına 31 dövlət qurumu cəlb olunmuşdursa, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrasına 43 dövlət qurumu, o cümlədən, Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyətləri cəlb olunub.İnanıram ki, Ombudsman dövlətin digər hüquq müdafiə mexanizmləri ilə bərabər üzərimizə qoyulan vəzifələrin icrası istiqamətində birgə fəaliyyət göstərərək insan hüquq və azadlıqlarının daha səmərəli təmini istiqamətində həyata keçirilən islahatların məntiqi davamı olaraq, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə qəbul edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramını uğurla həyata keçirəcəkdir».

 

 Üç nöqtə.-2014.- 5 aprel.- S.9.