Azərbaycan kinosu Kann
festivalının müsabiqə proqramına daxil
edilib
Müşfiq Hətəmov:
“Bu festivalda Azərbaycan
filmi iştirak edirsə, kinomuzun uğurudur”
Elşən Zeynallı: “Filmin rejissoru azərbaycanlı olsaydı
daha yaxşı olardı”
Azərbaycan kinosu tarixində ilk dəfə olaraq “Sonuncu” qısametrajlı bədii filmi 67-ci Kann Beynəlxalq Kinofestivalının əsas müsabiqə proqramlarından biri olan “Qısa metr” proqramına daxil edilib. «Azərbaycanfilm» kinostudiyasının direktoru Müşfiq Hətəmov “Üç nöqtə”yə bildirdi ki, Azərbaycan kinosu bu nominasiyada ilk dəfə iştirak edir: “Kann Beynəlxalq Kinofestivalına Azərbaycan filmi iştirak edirsə, bu kinomuzun uğurudur. Beynəlxalq festivalara bir neçə film təqdim edəcəyik. Biz inanırıq ki, həmin filmlər də müvəffəqiyyət qazanacaq. Azərbaycan dilində 10 nəfər gənc rejissorun çəkdiyi qısametrajlı film və kinostudiyanın bir neçə qısametrajlı filmi var. O filmlərin bir çoxu festivallar üçün uğurludur”. Kinorejissor Elşən_Zeynallı-2Elşən Zeynallı Azərbaycan kinosunun kinofestivalda iştirakını sevindirici olduğunu bildirdi: “Bu Azərbaycan kinosu üçün bir uğurdur. Kino sahəsində daha irəli getmək üçün açılan qapıdır. Qısametrajlı film olsa da, uğurlu bir addımdır. Filmin rejissoru azərbaycanlı olsaydı daha yaxşı olardı. Son illər Azərbaycan kinostudiyasında çox uğurlu işlərə imza atırlar. Yeni gənc nəsil yetişir. Kann Beynəlxalq Kinofestivalı dünyada ən böyük kino bazarı olan bir festivaldır. O, filmlərimizin Avropaya çıxması üçün şanslı bir qapıdır. Bu qapıdan uğurla keçməyi bacarsaq, gələcəkdə bizm üçün yol açılar. Bu iş ənənə halını alsa, daha yaxşı olar. Azərbaycanda istehsal olunan bir neçə filmi festivala layiq görmək olar. Mənə elə gəlir ki, filmlər texniki problemlərimizə baxmayaraq fikir, ideya baxımından dünya kinosu ilə uzlaşır. Bu gün bizim rejissorlarımızın danışdığı, demək istədiyi sözü Avropalılar aydın-rahat dinləyir. Onu da deyim ki, bir neçə uğurlu filmlərimiz var ki, onların festivalda iştirakı ümid verici olar. Bunlardan biri “Çöpçü” filmidir. Çox yaxşı alınıb. Xüsusən də, operator işi, aktyorların oyunu diqqətimi çəkib. Azərbaycan kinosunun sabahı ümüdlidir. Filmin yaradıcı heyətinə uğurlar diləyirəm”. Qeyd edək ki, “Sonuncu” qısametrajlı bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Films” şirkətininin birgə istehsaldır. Quruluşçu rejissoru Serqey Pikalov, ssenari müəllifləri Serqey Pikalov, Aleksandr Krasavin, quruluşçu operatoru Denis Madışev, quruluşçu rəssamı Əziz Məmmədov, prodüserləri Mariya İvanova, Nəsib Piriyev, Müşfiq Hətəmovdur. Ekran əsərində ikinci dünya müharibəsinin veteranı barədə fəlsəfi və ibrətamiz hekayə tamaşaçılara nəql olunur. Filmdə İdris Rüstəmov və Corc Qafarov çəkiliblər. Bildirək ki, “Qısa metr” proqramının münsiflər heyətinin sədri dünya şöhrətli İran kinorejissoru Abbas Kiarostamidir.
Rəqsanə
HƏSƏNOVA
Üç nöqtə.-2014.- 18 aprel.-
S.13.