Məişət zorakılığının “adam öldürmə” kimi tanınması tələb olunur

 

   2014-cü ilin birinci rübündə qadınlara qarşı 109 cinayət qeydə alınıb

 

Azərbaycanda yetkinlik yaşına çatmayan şəxslərin nigaha girməsi faktlarına görə valideynlərin cinayət məsuliyyətinə cəlb olunması təklif olunur. Təklifə görə, Cinayət Məcəlləsinə erkən nigaha məcbur etmə halı olmadıqda belə valideynlər hüquqi məsuliyyət daşıması ilə bağlı maddə əlavə oluna bilər. “Çünki azyaşlı qızlara elə mühit yaradırlar ki, məktəbdə oxuyarkən bu qız ərə getmək haqda düşünür”, – Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının (VƏHML) sədri Sahib Məmmədov məişət zorakılığı törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasının hüquqi əsasları mövzusunda keçirilən tədbirdə deyib. Məmmədovun sözlərinə görə, məişət zorakılığı məsələsinə “xüsusi yanaşma” olmalıdır, çünki cəza ağır bədən xəsarətləri yetirən şəxsə yox, qurbanın özünə qarşı çevrilir. “Cinayət Məcəlləsində qəsdən adam öldürmə, özünü öldürmə həddinə çatdırma, … seksual xarakterli hərəkətlərə məcbur etmə kimi maddələr məişət zəminində baş verən cinayət halları kimi tövsif olunmalıdır”, – o deyir.

Təşkilat sədri CM-nin 25 və 61-ci maddəsinə “ailə üzvlərinə qarşı cinayətin törədilməsi” sözlərinin əlavə olunmasını təklif edib. “Cinayət tərkibi yaradan əməllər sırasına məişət zorakılığı yaradan cinayətin təsnif edilməsinin daxil edilməsini istəyirik. Bu cinayətlərin məhz məişət cinayətinə dair təsnif edilməsi məqsədə uyğun olardı”.

Regionlarda məişət zorakılığına məruz qalmış qadınların hüquq-mühafizə orqanlarına müraciət etməməsinin polisdə daha çox kişilərin çalışması və “mentalitetlə” bağlı olduğunu deyən cənab Məmmədovun sözlərinə görə, polis şöbələri tərkibində qadınlardan ibarət təsisatın yaradılması arzuolunandır.

Ombudsman Aparatının sektor müdiri, psixoloq Yeganə Cəfərova isə deyib ki, erkən nigahlara görə valideynin cinayət məsuliyyətinə cəlb olunması təklifi müzakirə olunmalıdır. “Çünki bəzən olur ki, uşaqlar qoşulub qaçırlar, valideynin xəbəri olmur, yəni bu dəqiqləşdirilməlidir. Avropa təcrübəsinə istinad edərək məişət zorakılığına məruz qalan şəxs və törədən şəxs arasında vasitəçilik institutunun yaradılmasını təklif edərdim. Bunun ayrıca qurum olması vacib deyil”. Səsləndirilən təkliflərdən biri şəxsin psixi zorakılığa məruz qalmadan öncə bunu törətmək istəyən şəxsin inzibatiya cinayət məsuliyyətinə cəlb olunmasıdır, çünki VƏHML və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi CM-də bununla bağlı dəyişikliyə ehtiyac olduğunu düşünür.

Millət vəkili Qənirə Paşayeva təqdim olunan təkliflərin qanunverici orqanda müzakirəyə çıxardılacağını və bəzi təkliflərlə bağlı ciddi ictimai müzakirələrin keçirilməsinin zəruri olduğunu vurğulayıb. “Məişət zorakılığı hallarının azalmamasını görməkdən ciddi narahat olmalıyıq. Bunu çox ciddi şəkildə ictimai müzakirəyə çıxarmaq lazımdır, əlavə mexanizmlər tapmalıyıq. Erkən nigahlar haqda təklifə müəyyən düzəlişlər edilməsini müzakirə etmək olar”.

Bizim işimiz problemi gündəmə gətirib ictimailəşdirməkdir”,- sosial videoroliki hazırlayan “Təmiz Dünyaİctimai Birliyinin sədri Mehriban Zeynalova deyir. O, Azərbaycanda məişət zorakılığı qurbanlarına etinasızlığının olduğundan şikayətlənib. Baxmayaraq ki, Azərbaycanda müvafiq qanunlar qəbul edilib, cəzalandırma metodları var, hətta məişət zorakılığı haqda Milli Fəaliyyət Planı da hazırlanıb. Həmçinin qeyri-hökümət təşkilatları ara-sıra bu kimi kampaniyalara əl atır. Lakin xanım Zeynalova bunları yetərli hesab etmir. «Istənilən halda heç bir səbəb qadına qarşı edilən zorakılığa haqq qazandıra bilməz”,- Mehriban Zeynalova deyir.

Parlamentdə İnsan Hüquqları Komitəsinin üzvü İqbal Ağazadə qeyd edir ki, cəmiyyətin biganəliyi “qorxudan, polis sisteminə güvənin olmamasından” qaynaqlanır. “Bəzən polisə müraciət edəndə o qədər əziyyət çəkirlər ki, bu tipli hadisələrdən uzaq olmağa çalışırlar. Əgər “polis məni qoruyur” fəlsəfəsi cəmiyyətdə əsas fəlsəfə olsaydı, ordan əlli adam 102 xidmətinə zəng edərdi”, deputat deyir. Onun sözlərinə görə, cəmiyyətin bu yöndə maarifləndirilməsində siyasi institutlara böyük rol düşür.

Deputatın cəmiyyətin biganəliyinin səbəbi ilə bağlı fikirlərini bölüşən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov deyir ki, insanlar “başının dərdə girməsindən” ehtiyat edir. “Biz ata-babadan həmişə görmüşük ki, küçədə qadına qarşı zorakılıq görən gənclər müdafiəyə qalxıb və susmayıb. Amma indi heç kim reaksiya bildirmək istəmir, çünki düşünür ki, sonradan polis müdaxilə edə bilər və başı dərdə girər”.

Lakin bu, hüquq müdafiəçisi üçün tək əsas səbəb deyil. Behbudova görə, gənclərin aldığı tərbiyə də təsirini göstərir. “Əvvəlllər televiziyalarda hüquq müdafiəçilərini çağırıb müzakirələr təşkil edərdilər, amma indi müğənniləri dəvət edirlər. Onların özlərinin hüquqlarını müdafiə edən lazımdır”, cənab Behbudov deyib.

Problemlərin həllində polisin rolunu vurğulayan təşkilat nümayəndələri polisin münasibətinin dəyişdirilməsini vacib sayıb. “Faktlar göstərir ki, kişi polislərin ailə problemlərinə qarışması ailədə daha böyük çatlara səbəb olur. Bu məsələ ilə qadın polislər məşğul olmalıdır”, -“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyindən Mehriban Zeynalova bildirib.

Zeynalova həm də, məişət zorakılığının qarşısının alınması ilə bağlı qanunda nəzərdə tutulan mühafizə orderinin tətbiqi mexanizmlərin hazır olmamasından şikayətlənib. Mexanizmin hazırlanmasına məsul olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Mehriban Əsədli isə deyib ki, mexanizmlər ötən ilin mayından hazırdır, sınaqdan da keçirilibbu il tətbiqi planlaşdırılır. “Komitə bu problemlər üzrə ümumölkə maarifləndirmə tədbirləri keçirir. Amma siz dediyiniz kimi, regionlarda icra nümayəndələri, polis işçiləri də bizə deyir ki, bizdə belə problem yoxdur”,- Əsədli bildirib.

Deputat Rəbiyyət Aslanova da reaksiyasızlıq mühitini media ilə əlaqələndirib. “…Bu tip sosial roliklərin artmasına, televiziyalarda gərəksiz, informasiya yükü sıfra bərabər olan aqressivlik tərbiyə edən reklamlardan, informasiyalardan fərqli olaraq insanları xeyirxahlığa diqqətə çəkən mövzuya diqqət edilməlidir”, o deyir. Aslanovanın sözlərinə görə, cəmiyyətdə biganəlik kimi problemlər “dillərdən şəfqət, mərhəmət kimi sözlərin düşməsi”ndən qaynaqlanır. Həm də o halda ki, sivil cəmiyyət “başqasının dərdinə qayğı, mərhəmət kimi hisslərlə”- xarakterizə edilir,

Xatırladaq ki, Azərbaycanın Cinayət Məcəlləsində cinsindən asılı olmayaraq döyülməyə görə 200 manata kimi cərimə, 248 saatya 1 ilə kimi ictimai-islah işləri, yaxud 6 aya qədər həbs cəzası nəzərdə tutulur. İşgəncə verənlər isə 3-7 il həbs cəzası ala bilər. “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun 2010-cu ildə qəbul edilib və qadınlara qarşı ayrı-seçkiliyin qadağan edilməsinə yönəldilib. DİN məlumatına görə, 2014-cü ilin birinci rübündə qadınlara qarşı 109 cinayət qeydə alınıb.

Bu arada Ailə, Qadın, Uşaq Komitəsinin İnformasiya-Analitik şöbəsinin müdiri Elgün Səfərov deyib ki, komitə məişət zorakılığının CM-ə salınması üçün 2010-cu ildən çalışır və diqqəti məişət zorakılığı ilə məşğul olan qadın polislərin az olmasına yenidən yönəldib. “Polis akademiyasında kvota müəyyənləşsin ki, nə qədər qadın polis hazırlana bilər”.

Daxili İşlər Nazirliyinin nümayəndəsi isə deyib ki, Polis Akademiyasında keçirilmiş treninqlərdə 200 nəfər iştirak edibbu şəxslər məişət zorakılığı məsələsində işlə bağlı təlimatlandırılmış zabitlərdir. DİN-də 2 minə qədər qadın polis əməkdaşı, 800-ə yaxını qazın zabit çalışdığını bildirən nümayəndənin sözlərinə görə, qadınlar əsasən yetkinlik yaşına çatmayanlarla bağlı işlər şöbəsində işləyirlər. “Ümumi saya baxanda 2 min qadın azdı, amma bu sənətin sutkanın 24 saatında işdə olmaq ehtimalına görə polis kimi işləmək istəyənlər azdır. Rəsmi statistikaya görə son beş ildə məişət zorakılığı ilə bağlı cinayətlərin azalma tendensiyası müşahidə olunur”.

 

 

    Üç nöqtə.-2014.- 19 aprel.- S.9.