«Yalnız oxumaqla vətənə borc vermək olmur»

 

Aybəniz Haşımova: «Mən vətənpərvərəm» deyib boş-boş danışmaq lazım deyil»

 

Dövlət qarşısında hər kəsin öz vətənpərvərlik borcu var. Vətəni qorumaq, sevmək hər birimizin mənəvi borcudur. Hər kəs öz missiyasına uyğun hərəkət edərək vətənə xidmət göstərir. Bəs vətənpərvər sənətçi necə olmalıdır? İncəsənət nümayəndələri Vətən qarşısında borcunu necə yerinə yetirməlidir? Bu haqda «Üç nöqtə»yə danışan əməkdar artist Aybəniz Haşımova dedi ki, hər bir insan vətənpərvərlik hissi daşımalıdır: “Vətənpərvərliyini əməldə göstərmək lazımdır. «Mən vətənpərvərəm» deyib boş-boş danışmaq deyil. Hər bir insanın öz əməlində, öz sahəsində göstərə biləcəcəyi işlər var. Mən musiqiçiyəm, amma bununla kifayətlənməmişəm ki, ifamla vətənə borcumu vermiş olaram. O məni qane eləmir. Yalnız oxumaqla vətənə borc vermək olmur. Vətəninə, insanlara hörmətlə yanaşmaq, sevmək özü də vətəndaş borcudur, vətənpərvərliyin gözəl nümunəsdir. Hər bir insan ön cəbhədə və arxa cəbhədə vətənini sevməlidir. Ona xələl gətirməməlidir. İndi internet dövrüdür, orada da vətənin adına gözəl işlər görə bilərsən. Çox təəssüf edirəm ki, bəziləri bunu başqa istiqamətə yönəldirlər. Mən onları düz yola dəvət edirəm. Vətəninin dərdini daxilində demək lazımdır. Dərdimizi kənardan bilməməlidirlər. Döyüş bölgələrinə getmək, əsgərlərlə görüşmək, yardım etmək vətənpərvər olmağın nümunəsidir. Ən əsası bunun başında sevgi durur. Vətəni ana-ata kimi sevməlisən. Onların yolunda gözünü qırpmadan hər şey ediriksə, vətən yolunda da etməliyik. Vətənimizə Allah həmişə yaxşı gün qismət etsin. Vətənin sevincində və kədərində yanında olmalısan. Vətən bizim doğma evimizdir. Dünyanın hansı ölkəsinə getsək də, vətənimizdə olduğumuz kimi xoşbəxt ola bilmərik”.

Əməkdar artist vətənpərvərlik mövzusunda olan mahnılarından da danışdı: “Sözləri mənə, musiqisi Ramala məxsus “Qarabağ balladası”nı yazdıq. «Bülbüllər»lə bir yerdə ifa etdik. Çox təsirli musiqidir. Emil Əfrasiyab aranjeman edib. Azərbaycanın böyük sənətkarları orada iştirak ediblər. Vətənimizə həsr edilib. Düşünürəm ki, vətənim üçün görmək istədiyim işlər çoxdur. Mən hər an vətənimin yolunda canımdan belə keçməyə hazıram. Bunu xoşa gəlmək üçün demirəm. Yoldaşım şəhid olandan sonra döyüş bölgələrinə gedirdim. Orada konsert verirdim, gücüm çatan qədər yemək aparırdım. Gücüm nəyə çatırdı, etməyə çalışırdım. Mən bunu reklam edib, heç kəsə deməmişəm, şəkilini çəkib gətirməmişəm. Bunu oradakı əsgərlər və vicdanım görüb. Ömrü boyu da etməliyəm. Təki, vətənimə Allah xoş günlər qismət eləsin. İnanıram ki, Qarabağımız azad olunacaq. Günahsız yerə şəhid olmuş insanların haqqı qazanılacaq. Müqəddəs kitabımız Quranda belə bir sürə var. “Səbəbsiz yerə döyüşmə. Döyüşə qalxanın da qarşısında aciz qalma”. Vətəndən uzaq düşmək ölümdən də betərdi. Vətən bizim haqqımızdır. Biz torpağımıza qovuşmalıyıq. Biz hücum etməmişik. Ermənistan hücum edib. Pisvarsa ermənilər edib. Mən çıxışlarımda da bunları qeyd edirəm. Türkiyənin kanallarındakı çıxışlarımda demişəm ki, biz işğala məruz qalan tərəfik, bizi vurublar. Özümüzü müdafiə etməliyik. Heç bir erməni faşisti deyə bilməz ki, Azərbaycan bunu elədi. Yalandan uydura bilərlər. Onların dediklərində heç bir fakt ola bilməz”.

Aybəniz Haşımova vətən harayının gənclərin dilindən eşidiləndə dünyaya, insanlara daha tez çatdığını qeyd etdi: ““Vətəndən pay olmayır” mahnısı da vətənpərvər mahnıdır. Gənclərin dili ilə «Vətəndən pay olmayır» deyərək müraciət etmişik. Bu mahnı insanlar tərəfindən sevgi qazandı. Mahnıya klip qış aylarında çəkilirdi. Amma bizim geyimlərimizdə bilinmirdi. Elə olurdu ki, uşaqlar soyuqdan göyəriridi. Bütün bunlara baxmayaraq uşaqlar mərdanə çəkilirdilər. Çayı isidib gətiridim və deyirdim ki, əllərinizdə tutun sonra için. Deyirdilər ki, yox müəllimə, narahat olmayın, üşüməmişik. Amma görürdüm ki, soyuqdan göyəriblər. Vətən adı gələndə mənə də istidir. Cabir Novruz deyir ki, “Vətəni sevmək azdır, onu qorumaq gərək”. Siz də mənə dediniz ki, müəllimə biz üşüməmişik. Bu gün hərəkətinizlə, mərdliyinizlə, ləyaqətinizlə vətənin oldunuz. Yalandan özünü camaata göstərmək xatirinə deyil. Vətən sevgisini əməllərdə göstərmək lazımdır. Vətənin olmaq gərəkdir. Vətənim demək azdır”.

 

  Rəqsanə.

  Üç nöqtə.-2014.- 6 avqust.- S. 13.