İqtisadi potensialının sürətlə yüksəlişi
ixtisaslı kadrlara tələbatı
artırır
Təhsilin inkişafı üzrə
Dövlət Strategiyası
peşəkar bilik və bacarıqlara yiyələnən və rəqabətədavamlı insan
resurslarının yetişdirilməsinə
xidmət edir
Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Bu isə ixtisaslı kadrlara tələbatı artırır. Bu kadrların hazırlanmasında texniki-peşə təhsilinin öz rolu var. Bunun üçün bu sahəyə marağı artırmaq çox önəmlidir. Marağı artırmaq üçün həm də maddi-texniki bazanı gücləndirmək, liseylərdə ixtisasların sayını artırmaq lazımdır. Tanınmış təhsil eksperti, professor, parlamentin Təhsil Komitəsinin keçmiş sədri Şahlar Əsgərov bizimlə söhbətində bildirir ki, bütün gəncləri 1-ci sinifdən 11-ci sinfə kimi oxutmaq düzgün deyil: “Sənətə meyli olanları texniki-peşə məktəblərinə yönəltməklə biz həm təhsilin keyfiyyətini qaldıra, həm də gözəl sənətkarlar hazırlaya bilərik. Mən görürəm ki, Təhsil Nazirliyi də bu işə diqqət ayırır”.
Dövlət Strategiyası
Ölkə ictimaiyyətini düşündürən, təhsil sahəsi ilə maraqlanan hər kəsi narahat edən problemlərin köklü həlli isə bu günün qarşısında duran ən mühüm vəzifədir. Ən inkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, yalnız təhsil sistemi yüksək səviyyədə olan ölkələr hərtərəfli tərəqqiyə nail olurlar. Müasir qloballaşma əsrində hər bir dövlətin, xalqın gələcək taleyi onun malik olduğu elmi-intellektual və mənəvi potensialından, yüksək səviyyəli mütəxəssislər yetişdirmək bacarığından çox asılıdır. Bu potensial isə məhz təhsil sahələrində, xüsusən də ilk peşə-ixtisas təhsili ocaqlarında yaradılır. Ona görə də, bu, ölkəmizin gələcəyi üçün çox əhəmiyyətli sahəni Avropa standartları səviyyəsinə yüksəltmək, onun beynəlxalq təhsil sisteminə geniş inteqrasiyasına nail olmaq, iqtisadiyyatımızın müxtəlif sahələri üçün peşəkar mütəxəssislər ordusunun yaradılması, milli mənəvi dəyərlərə həssas münasibət ümummilli liderimizin çoxşaxəli fəaliyyətinin əsas istiqamətini təşkil edir. Təhsil sahəsində ümummilli liderimizin siyasi kursunu Azərbaycan Prezidenti İlham Əliyev zamanın tələbinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirir. “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafi üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”nın təsdiqindən sonra peşə lisey və məktəblərinin fəaliyyətinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilib, Azərbaycan Respublikasında Texniki Peşə Təhsilinin İnkişaf Konsepsiyası qəbul edilib. Hər iki mühüm sənəd islahat Proqramının tələblərinə, dövlətimizin təhsil siyasətinə, həmçinin YUNESKO-nun texniki peşə təhsili ilə əlaqədar konseptual prinsiplərinə və inkişaf etmiş ölkələrin mütərəqqi təcrübəsinə uyğun hazırlanaraq həyata keçirilib. Texniki peşə təhsili sistemində maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni iqtisadi münasibətlərin formalaşdırılması, peşə təhsilinin ictimai statusunun yüksəldilməsi və onun məzmununun müasir tələblər səviyyəsində genişləndirilməsi Dövlət Proqramının başlıca məqsədləri idi. Proqram çərçivəsində YUNESKO ilə birgə peşə təhsilinin təkmilləşdirilməsi layihəsi uğurla həyata keçirilir, həmçinin Avropa Təhsil Fondu, Böyük Britaniya, Avstriya, Cənubi Koreya və digər inkişaf etmiş ölkələrin qabaqcıl şirkətləri ölkəmizdə bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə öz köməklərini göstəriblər. Hazırda isə bu sahənin inkişafında “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul olunması mühüm əhəmiyyət kəsb edir. Onun əsas hədəfləri sırasında Azərbaycanın inkişaf konsepsiyasına uyğun olaraq hər bir şəxs üçün bərabər, keyfiyyətli təhsil imkanlarının yaradılması, təhsil sisteminin institusional əsaslarının, infrastrukturunun və insan resurslarının inkişaf etdirilməsi önəmli yer tutur. Strategiyada peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin, müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin qurulması, kampusların yaradılması kimi tədbirlər nəzərdə tutulur. «Bu strategiya Azərbaycanın gələcək inkişafının davamlı xarakter alması üçün peşəkar bilik və bacarıqlara yiyələnən və rəqabətədavamlı insan resurslarının yetişdirilməsinə xidmət edir”,- iqtisadçı Azər Mehtiyev deyir.
O bildirir ki, respublikamızın iqtisadi potensialının sürətlə yüksəlişi, bazaryönümlü islahatların dərinləşməsi və regionların inkişafındakı müsbət dəyişikliklər, bütövlükdə ölkə iqtisadiyyatında müşahidə olunan müasir meyilər texniki peşə sistemi qarşısında yeni tələblər irəli sürür: «Bu məqsədlə peşə-tədris mərkəzlərində yaşından asılı olmayaraq hər bir insanın bilik və fərdi qabiliyyətlərinin inkişafı, yeni peşəyə, ixtisasa yiyələnməsi üçün geniş işlər görülür. Bunlar texnologiyaları çevik mənimsəməyə, əmək bazarında layiqli yer tutmağa imkan verir».
Strategiyanı təhsil naziri Mikayıl Cabbarov da yüksək qiymətləndirir. “Azərbaycan təhsilinin inkişafı üzrə Dövlət Strategiyası”nın missiyası ölkəmizin modernləşdirilməsi üçün zəruri olan insan kapitalını inkişaf etdirmək və bununla Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətini yüksəltməkdən ibarətdir. Strategiya təhsil sahəsində aparılacaq islahatların başlıca istiqamətlərini müəyyənləşdirir, Azərbaycan təhsilinin XXI əsrin çağırışlarına uyğun inkişaf üfüqlərini özündə ehtiva edir və təhsilin bütün pillələrində keyfiyyətcə yeni mərhələyə başlamağı – “qara qızılı insan qızılına çevirək” fəlsəfəsini qarşımıza əsas vəzifə kimi qoyur». Bu fikirləri təhsil naziri Mikayıl Cabbarov deyib.
M.Cabbarov bildirib ki, sənəd təhsil ilə bağlı olan bütün subyektləri və fəaliyyət sahələrini əhatə edir. Onun sözlərinə görə, bu əhatəlilik həmçinin Azərbaycanın gələcək inkişafının davamlı xarakter alması üçün peşəkar bilik və bacarıqlara yiyələnən və rəqabətədavamlı insan resurslarının yetişdirilməsi missiyasına xidmət edir. «Həmçinin, strategiya Azərbaycan təhsilinin yeni keyfiyyət mərhələsinə keçidi istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəzərdə tutur. Dövlət Strategiyasında təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili idarəetmə sisteminin yenidən qurulması, kadr hazırlığının gücləndirilməsi, müəllim peşəsinin nüfuzunun artırılması, müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması, müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsi əsas hədəflər kimi götürülür. Düşünürəm ki, Strategiyanın reallaşdırılması təhsilin məzmununun mənimsənilməsini təmin edən səriştəli təhsilverənlərin formalaşdırılmasına, təhsildə nəticələrə görə cavabdeh, şəffaf, səmərəli tənzimləmə və idarəetmə mexanizmlərinin, müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılmasına zəmin yaradacaqdır. Bu sənəd həmçinin, ölkəmizin modernləşməsi üçün zəruri olan insan kapitalının inkişaf etdirilməsinə, təhsil infrastrukturunun Azərbaycanın perspektiv inkişaf konsepsiyasına uyğun yenidən qurulmasına imkan verəcək, ölkədə biliklərə əsaslanan iqtisadiyyatın və informasiya cəmiyyətinin təşəkkülünü, davamlı inkişafını təmin edəcək»- deyə, nazir vurğulayıb
Üç
nöqtə.-2014.- 6 avqust.-
S. 9.