Təhsil sistemi yüksək səviyyədə olan ölkələr hərtərəfli tərəqqiyə nail olur

 

Bu potensial isə məhz təhsil sahələrində, xüsusən ilk peşə-ixtisas təhsili ocaqlarında yaradılır

 

Ən inkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, yalnız təhsil sistemi yüksək səviyyədə olan ölkələr hərtərəfli tərəqqiyə nail olurlar. Müasir qloballaşma əsrində hər bir dövlətin, xalqın gələcək taleyi onun malik olduğu elmi-intellektual və mənəvi potensialından, yüksək səviyyəli mütəxəssislər yetişdirmək bacarığından çox asılıdır. Bu potensial isə məhz təhsil sahələrində, xüsusən də ilk peşə-ixtisas təhsili ocaqlarında yaradılır. Bu, ölkəmizin gələcəyi üçün çox əhəmiyyətli sahəni Avropa standartları səviyyəsinə yüksəltmək, onun beynəlxalq təhsil sisteminə geniş inteqrasiyasına nail olmaq, iqtisadiyyatımızın müxtəlif sahələri üçün peşəkar mütəxəssislər ordusunun yaradılması, milli mənəvi dəyərlərə həssas münasibət ümummilli liderimizin çoxşaxəli fəaliyyətinin əsas istiqamətini təşkil edib. Təhsil sahəsində ümummilli liderimizin siyasi kursunu Azərbaycan Prezidenti İlham Əliyev zamanın tələbinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirir. Göründüyü kimi bu gün Azərbaycanda həyata keçirilən təhsil siyasətinin prioritet istiqamətlərindən biri peşə təhsili pilləsinin modernləşdirilməsi və inkişafı, müasir tələblər səviyyəsində kadr hazırlığı prosesini sürətləndirmək, Azərbaycanda müasir sosial-iqtisadi infrastrukturun yaradılmasında texniki peşə təhsilinin rolunu artırmaqdır. Bu təhsil pilləsinin məqsədi iqtisadiyyatımızın bütün sahələri üçün bazar iqtisadiyyatının tələblərinə uyğun sənət və peşələr üzrə ixtisaslı kadr hazırlığını təmin etməkdir.İlk peşə-ixtisas təhsili müəssisələrinin inkişaf prioritetlərinə uyğun olaraq Azərbaycanda 5 pilot layihə reallaşdırılır və ölkəmizin peşə təhsili sistemində ilk dəfə məzunlara beynəlxalq ixtisas dərəcəsi veriləcək. Təhsil Nazirliyi və “BOSCH” şirkətinin dəstəyi ilə Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində «Dülgər, xarrat-parket ustası” ixtisası üzrə yaradılan mərkəzin açılışı bu istiqamətdə uğurlu addımdır. Çünki Azərbaycanın iqtisadiyyatı daim hazırlıqlı peşəkarlara ehtiyac duyur. «Buna nail olmaq üçün ən müasiryeni texnoloji biliklərin, təcrübələrin Azərbaycana gətirilməsi vacibdir. Məhz buna görə Təhsil Nazirliyi həm Azərbaycanda, həm də xaricdə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq etməkdə, peşəkar kadrlar hazırlamaqda maraqlıdır»,- nazir Mikayıl Cabbarov deyir.

Onun sözlərinə görə, məqsəd gənclərin ilk peşə-ixtisas təhsili müəssisələrinə marağının artırılmasıdır: “Peşə təhsilinin inkişafı ölkəmiz üçün çox mühimdir. Birinci səbəb budur ki, Azərbaycanın iqtisadiyyatı daim hazırlıqlı peşəkarlara ehtiyac duyur. Ölkə gəncdir, inkişaf poetnsialı çox yüksəkdir. Demoqrafiyası müsbətdir və bu da o deməkdir ki, biz müasir peşəkarlar hazırlamalı, onlara sənət öyrətməliyk. Həm Azərbaycanın daxili iqtisadi tələbləri üçün, həm də gələcəkdə mümkün olan regional əmək bazarları üçün. Azərbaycan peşəkar kadrların hazırlanması üçün mərkəzə çevrilməlidir. Buna nail olmaq üçün ən müasiryeni texnoloji biliklərin, təcrübələrin Azərbaycana gətirilməsi vacibdir. Məhz buna görə Təhsil nazirliyi həm Azərbaycanda həm də xaricdə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq etməkdə, peşəkar kadrlar hazılamaqda maraqlıdır.

Bu gün dünyada uğura nail olmuşinkişaf etmiş ölkələrin əsas üstünlüyü məhz bilik və peşəkarlıqdan, insan kapitalının elm kapitalına çevrilməsindən irəli gəlir. Məhz bu məqsədləri nəzərdə tutaraq ölkə başçısı hər zaman təhsilin inkişafına, həm maddi-texniki bazanın gücləndilrilməsinə, həm də təhsilin məzmununda müasirliyin, yeniliyin tətbiq olunhmasına diqqət göstərir”.

Bundan başqa, Təhsil Nazirliyi həm də kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmış ilk peşə-ixtisas təhsili müəssisələrinin maddi-texniki və tədris bazasının müasir tələblərə uyğunlaşdırır. Məsələn, bu yaxınlarda Sumqayıt şəhərində Təhsil Nazirliyi tərəfindən ilk peşə ixtisas təhsil müəssisələri üçün alınan kənd təsərrüfatı texnikalarının təqdimatı keçirilib. Rusiya, Belarus və Türkiyə istehsalı olan 30 adda 37 yeni texnika və avadanlıqlar bölgələrdə yerləşən təhsil müəssisələrində əyani vasitə kimi istifadə olunacaq. Təhsil Nazirliyinin Əsaslı tikinti-təchizat idarəsinin loqistika üzrə mütəxəssisi Samir Məmmədov bildirib ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə ən sonuncu dəfə müvafiq texniki avadanlıq və vasitələr 25-30 il əvvəl verilib. Onun sözlərinə görə, ölkə iqtisadiyyatın aparıcı sahələrindən biri olan kənd təsərrüfatı sektorunun yüksən ixtisaslı kadrlarla təmin edilməsi prioritet istiqamətlərdən biridir: “Mövcud şəraitdə əyani və texniki vasitələrlə təlim keçmiş, zəruri peşə vərdiş işlərinə, bilik və bacarıqlara yiyələnmiş ilk peşə ixtisası təhsili müəssisələrinin hazırlanması vacib amildir. Eyni zamanda, texnika və avadanlıqlara malik olması ilk peşə ixtisas təhsili müəssisələrinə qanunvericiliyə uyğun olaraq əlavə maddi gəlir əldə etmək imkanı verir”.

S. Məmmədov əlavə edib ki, Təhsil Nazirliyi kənd təsərrüfatının ixtisaslı kadrlara olan tələbatının daha dolğun ödənilməsi və müvafiq təhsil müəssislərinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə başladığı işlər davam etdiriləcək. Nazirlik rəsmisi qeyd edib ki, bu istiqamətdə aparılan islahatların əsas məqsədi kənd təsərrüfatı üzə ilk peşə ixtisas təhsili müəssisələrində kadr hazırlığı işinin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdan ibarətdir. Beləliklə, kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmış ilk peşə-ixtisas təhsili müəssisələrinin maddi-texniki və tədris bazası müasir tələblərə uyğunlaşdırılır. Belə ki, İsmayıllı Peşə Tədris Mərkəzi, Balakən 1 nömrəli Peşə Məktəbi, Cəlilabad Peşə Liseyi, Bərdə Peşə Liseyi, Quba Peşə Liseyi, Şamaxı Peşə Liseyi, Göyçay Peşə Liseyi üçün 6 traktor, 4 otbağlayan, 7 traktor qoşqusu, 5 kotan, 6 toxumsəpən, 3 otbiçən, 3 taxıl və qarğıdalı yığan kombayn, 3 dərman çiləyici, 2 gübrəsəpən, 1 yem üyüdən texnika alınıb. «Bu istiqamətdə aparılan islahatların əsas məqsədi kənd təsərrüfatı üzrə ilk peşə-ixtisas təhsili müəssisələrində kadr hazırlığı işinin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdan ibarətdir»,- iqtisadçı Samir Əliyev deyir.

Bundan başqa, paytaxtdakı 18 nömrəli Bakı Peşə Liseyində “Bərbər” ixtisası üzrə tədris emalatxanası açılıb. Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində yaradılan tədris emalatxanasında “Bərbər” ixtisası üzrə müasir tələblərə cavab verən mütəxəssislər hazırlanır. Tədris emalatxanası yeni texnologiyalar və avadanlıqlarla təchiz edilib. Şagirdlərin öz ixtisaslarını mükəmməl mənimsəməsi üçün hər cür şərait yaradılıb. Bu da imkan verir ki, liseyi bitirənlər yüksək ixtisaslı mütəxəssislər olsun. Azərbaycan iqtisadiyyatında isə onlara böyük ehtiyac var. Peşəkar işçi isə yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulun qarantıdır. Xarici bazara çıxmaq üçün isə bu vacib şərtdir.

 

(ardı var)

 

Üç nöqtə.-2014.- 7 avqust.- S. 9.