“Mənfi rollar aktyorların daha çox xoşuna gəlir”

 

Zərnigar Ağakişiyeva: “Tamaşaçı canlandırdığımız obrazın ürək iniltisini, ahını eşitməlidir”

 

Bütün varlığımla roluma hazırlaşıram. Şəkilişlərdə çox məsuliyyətli oluram. Mənə təklif olunan əsərin mövzusunu yaşayıram. Obrazın həyat tərzini, daxili dünyasını hiss edirəm. Bu sözləri “Üç nöqtə”yə xalq artisti Zərnigar Ağakişiyeva danışdı. Xalq artisti deyir:, «Bütün rollarımı canlandırarkən rejiossorun tapşırıqlarına diqqətlə qulaq asırdım. Rolumun öhdəsindən gəlməyə çalışırdım. Biz aktyorlar yaradıcılıqla yaşayırıq. Bizə təklif olunan rolları dərindən analayıb, öz süzgəcimizdən keçirib, təqdim edirik. Bütün varlığımızla obrazımızı canlandırırıq. Canlandırdığım müsbət və mənfi rollar da var. Mənfi rollar aktyorların daha çox xoşuna gəlir. Ona görə ki, orada təzadlar, rəngarəng yaşantılar var. Xoşbəxtlikdən mənim oynadığım mənfi obrazlar yaxşı qarşılanıb. Aktrisa kimi tamaşaçılar tərəfindən hörmət görmüşəm. “Təhminə” filmindəkı rolumu sevə-sevə qəbul edirlər. Orada Zaurun anası Zivər xanımı canlandırıram. Filmdə çox peşəkar tərəf müqabillərimiz var idi. Hər kəs öz işinin öhdəsindən mükəmməl gəlirdi. Məşq zamanı əziyyət çəkmirdik”.

Xalq artisti “Təhminə” filmində oğlu rolunu ifa edən aktyor Fəxrəddin Manafovla olan çəkilişlərindən də danışdı: “Filmdə o, oğlum Zauru canlandırdı. Məşq zamanı əziyyət çəkmirdik. Çəkilişlərdən zövq alırdıq. Rejisor Rasim Ocaqov da işimizdən çox razı idi. O, çəkiliş zamanı darıxmadığını, əsəbləşmədiyini bildirirdi. Fəxrəddin Manafovla çəkilmək mənə çox xoş idi. Hələ Tədris Teatrında Vaqif Həsənov onun üçün tamaşa hazırlamışdı. Səhnədə fasiləsiz çıxış etmək çox çətindir. Həm də insan orqanizminə ziyandır. Fəxrəddinin çox böyük bir aktyor olduğunu orada hiss etdim. Onunla tərəfmüqabili olmaq xoş idi. O rolunu təbii canlandırırdı. Səhnədə gərək təbiliyi saxlayasan. Tamaşaçı canlandırdığımız obrazın ürək iniltisini, ahını, hissini eşitməlidir. Səmimiyyətini saxlamaq şərtilə rolunu tamaşaçıya sevdirməlisən. Rejissor Rasim Ovaqov “Təhminə” filmini çəkən zaman həmişə eyvanda olurdu. Çəkilişdən əvvəl isə nizam-intizam yaradırdı, işıqları düzəldirdi. Bir gün çəkilişə gələndə onun işıqları düzəltmədiyini və əllərini belinə qoyduğunu görəndə çox təəccübləndim. Rolumuzu ürəyincə, yaxşı oynadıqdan sonra keyfi yaxşı olurdu. Aktyorlar gələnə qədər əsəbi olurdu. O,narahat olurdu ki, birdən aktyor çəkilişə gəlməz, prosesi pozular. Raim Ocaqov çox məsuliyyətli rejissor idi. Amma film çəkilən zaman hər şey çox rahat başa gəldi”.

Zərnigar Ağakişiyeva filmə necə dəvət almasından da danışdı: “O vaxt Rasim müəllimin işlədiyi məkanda mühasib rəfiqəm var idi. Həmişə oraya gedib bir-iki saat otururdum. 1992-93-cü illər idi. Saçımı çalma ilə bağlayırdım ki, görsənməsin. Çünki mənim saçımın rəngi gur ağa çalırdı. Bir gün Rasim müəllim dedi ki, film çəkir və məndən çalmanı açmağı xahiş etdi. Saçımın rəngini görəndən sonra isə Zaurun anası rolunda çəkilməyə dəvət etdi. Mən də əsəri teatrda oynamışdım. Təhminəni Amaliya Pənahova, Zauru Fuad Poladov oynayırdı. Tamaşanı teatrda 5 il oynamışdıq. Bu təklif gələn kimi çox sevindim. İstər balaca rol olsun, istər böyük, o aktyor üçün sevindirici olur. Beləliklə o film çəkildi. Tamaşaçılar tərəfindən də yaxşı qarşılandı. Bu günsevilir”.

 

Rəqsanə.

Üç nöqtə.-2014.- 7 avqust.- S. 13.