“Sənə baxanda mən də azərbaycanlı olmaq istəyirəm”

 

“Azərbaycanın ən gözəl təbliğatı yaxşı insan olmaq, öz üzərində işləmək, uğurlu olmaqdır”

 

Şəbnəm Alməmmədova: “Səfərlərim mənə dünyanın nə qədər kiçik olduğunu, bütün millətlərin bir-birinə nə qədər oxşadığını, dünyanın yaxşı insanlarla dolu olduğunu öyrətdi”

Çoxlarının çətin hesab etdiyi bu həyatda xoşbəxt olmaq, həyatı gözəl yaşamaq əslində insanın öz əlində olan bir işdir. Sadəcə olaraq bunları görmək, ətrafımızda olanları lazımınca dəyərləndirmək lazımdır. Bir neçə ay və ya il sonra üçün yox, elə bu an üçün yaşamaq insanı daha xoşbəxt edir. Bu qənaətə azərbaycanlı xanım Şəbnəm Alməmmədovanın “Youtube” kanalındakı TED (Technology, Entertainment və Dizayn – Texnologiya, Əyləncə və Dizayn) çıxışını dinlədikdən sonra gəldim. 11 dəqiqəlik bu çıxış əslində tək məni yox bir çoxlarının maraqla izləyəcəyi video oldu. 41 mindən çox baxış sayı olan bu video həm də Şəbnəm xanıma çox gözəl bir ailə də nəsib edib. Bir müddət Azərbaycanda çalışan Şəbnəm xanım hazırda Nyu-Yorkda yaşayır və Piar meneceri olaraq öz işini orda davam etdirir. Xarici ölkədə çalışsa da Şəbnəm Alməmmədova Azərbaycanda fəaliyyət göstərdiyi illərin çox maraqlı olduğunu deyir. Pozitiv düşünən və həyatda məhz yüksək keyfiyyətlərlə yaşamağa çalışan Şəbnəm xanım bu dəfə “Karyera” rubrikamızda suallarımızı cavablandırdı. Həmin müsahibədən alınan maraqlı söhbəti sizlərə təqdim edirik.

- Nə qvaxtdan ölkədən kənarda yaşayıb çalışırız?

- Azərbaycanda doğulmuşam və 18 yaşıma qədər Bakıda yaşamışam. Amerikada və İsveçdə təhsil almışam, sonra Azərbaycana qayıdıb bir il işlədim. Azərbaycanda keçirilən Eurovision Mahnı Müsabiqəsi və FIFA Qadınlararası Dünya Çempionatında PR mütəxəssisi kimi işləmişəm. Azərbaycanda Böyük Bacılar Böyük Qardaşlar layihəsini təsis etdim Bu vaxtadək 43 ölkədə olmuşam və 2012-ci ildə ailə qurub Nyu Yorka köçdüm. O vaxtdan burda yaşayıram və piar üzrə işləyirəm.

– Karyeranızı məhz piar üzərində qurmusunuz. İşinizdə irəliləmək üçün nələr edirsiz?

- Bəli, karyeramı Piar marketinq üzrə qurmuşam. Bayaq dediyim kimi, bir illik Azərbaycanda piar üzrə çalışmışam. Nyu Yorka köçəndən sonra isə Procter&Gamble şirkəti və daha sonra Rusiya dövlətinin PR-ı üzrə çalışmışam. İşim mənə maraqlıdır. Hazırda öz şirkətimi yaratmaqla məşğulam və ilk kitabım üzərində işləyirəm.

- Azərbaycanda bəzən xanımlar ailə qurduqdan sonra işdən uzaqlaşırlar. Siz necə?

- Hələ ki işləyirəm və yeni ideyalar axtarışındayam. Amma övladlarım olandan sonra evdar xanım ola bilərəm. Bu da tamamilə işdən uzaqlaşmağım anlamına gəlməsin. O şərtlə uzaqlaşaram ki, evdən də olsa bir biznes üzərində işləyəcəm.

- “Çox gəzən çox bilər” – deyirlər. Azərbaycan xanımı olaraq dünyanın bir çox ölkələrində olmusunuz. Bu səfərlər sizə nəyi öyrətdi?

- Yaponiyada yeni il gecəsi taksi ilə otelimizə qayıtdıq, taksometrdə yazılmış 10 dolları ödədik, şofer isə 2 dolları bizə qaytarıb dedi ki, yolda səhv döngə edib və taksometr bir az çox pul yazıb. Bahamada 50 yaşlı bir barmenlə tanış olduq, hər il işləyib pul yığıb bir ölkəni səyahət etməyə getdiyini dedi. Keniyada amerikalı bir qızla tanış olmuşdum, təmənnasız olaraq keniyalı və hindistanlı uşaqlara şəkər və malariya qarşı dərmanları almaq üçün pul yığırdı və könüllü şəkildə onlara yardım edirdi. Səfərlərim mənə dünyanın nə qədər kiçik olduğunu, bütün millətlərin bir-birinə nə qədər oxşadığını, dünyanın yaxşı insanlarla dolu olduğunu öyrətdi.

 

- Azərbaycandan xaricdə çalışmaq Azərbaycanlı xanım üçün hansı çətinliklər hesabına başa gəlir? Ən azından mühitə öyrəşmək məsələsi var…

- Mənim fikrimcə, 20 yaşından əvvəl xarici ölkədə yaşamaq imkanı olanda uyğunlaşma prosesi çox asan gedir. 20 yaşdan sonra artıq xarakter, dünyagörüşü formalaşmış olur, ona görə 20 yaşdan sonra bir az çətindir. Mən çox şanslı idim ki, Amerikaya 18 yaşımda gəlmişdim. Ona görə də 2 il əvvəl bura köçəndə uyğunlaşmaqla bağlı çətinliyim olmadı.

- Azərbaycanda çalışmısınız və fəaliyyətiniz olub. Niyə Azərbaycanda qalıb işləmədiniz və xarici ölkələrdə işləməyi üstün tutdunuz?

- Azərbaycanda Eurovision layihəsində PR üzrə çalışırdım. Daha sonra ailə qurdum və Amerikaya köçdüm. Amma Azərbaycanda işləməkdən çox böyük zövq alırdım.

- Xoşbəxtlik haqda bir çıxışınızı izləmişəm, həddindən artıq pozitiv düşüncəli insansınız. Bu pozitivik, xoşbəxtlik sizdə nədən yarandı?

- Bunlar mənə anamdan keçib. Anam çox pozitiv, şən insan idi. Bir səhər yuxudan durdum ki, ayaqlarımda və qollarımda flomasterlə tatu çəkib, ya küçədə yediyi peraşkinin sellofanını həmişə şişirdib partladardı, hamı da çönüb bu 45 yaşlı «uşağa» baxardı, o da gülərdi. Anam hər zaman insanlara yardım edərdi, duanı da hamı üçün edərdi, insanları bağışlayardı, tanımadığı insan belə ona ürəyini açıb danışardı, mama da onunla birlikdə ağlayardı, çoxlu səyahət edərdi, həyatdan zövq alardı.

- Xoşbəxtlik üçün insanın harada yaşamasının fərqi varmı?

- Təsəvvür edin ki, bir ağacınız var, hava çox gözəl keçir, amma o ağacı yetişdirmək üçün mütləq hər gün sulamalısınız, amma ağacı diqqətsiz qoysanız o ağac öləcək. İndi bir də təsəvvür edin ki, o ağacınız hər gün tufan-çovğun olan bir yerdə böyüyür. Həmin vəziyyətdə ağacı sulamaq yetərli deyil, onu qorumalısınız, çovğun gələndə üstünü örtməlisiniz, gübrə verməlisiniz. Hər iki halda ağac yaşaya bilər, amma sizin o ağac üzərində çəkdiyiniz əziyyətin miqdarı fərqlidir. Eyni zamanda hər iki halda ağac ölə də bilər. Yenə də insanın çəkdiyi əziyyətin miqdarında asılıdır. Xoşbəxtlik də belədir. Əgər hər gün minnətdar olmasanız, sevdiyiniz işlə məşğul olmasanız, imkan olanda meditasiya etməsəniz, başqa insanlara qarşı qayğıkeş, mehriban olmasanız xoşbəxt olmaq çətin olacaq – harada yaşamağınızdan asılı olmayaraq. Əgər ətrafınızda öz kiçik pozitiv insanlar çevrənizi yaratsanız, sevdiyiniz işlə məşğul olsanız və başqalarına xoşbəxtlik gətirsəniz özünüz də xoşbəxt hiss edəsiniz.. Yaşadığınız yerin əhəmiyyəti var, amma bu, xoşbəxt olmaq üçün həlledici faktor deyil. Amerikada da xoşbəxtlər və bədbəxtlər var, Nigeriyada da.

- Hazırda istədiyinizi əldə etmisiniz? Daha nələri əldə etməyə çalışırsız?

- İnanmıram ki, istədiklərinin hamısını əldə edən insan var. Bir məqsədə çatdıqca, başqa məqsədlər yaranır, insan daha yüksək uğurlara can atır. Mənim növbəti məqsədim öz biznesimi yaratmaqdır. Hazırda bir neçə istiqamətdə biznes imkanlarını araşdırıram. Həm də Hello Kishi bloqumun uğurundan çox həvəsləndim, odur ki, bu ilin sonuna qədər kitab yazmaq istəyirəm.

- Xarici ölkələrdə yaşayan vətəndaşlarımız ölkəmiz üçün nələrsə etməyə çalışırlar. Digər ölkələrdə ölkəmiz adından hansı işləri görməyə çalışırsız?

- İş yoldaşlarımla şam yeməyinə getmişdik, mənə etiraf etdilər ki, onlar biləndə ki, komandaya azərbaycanlı bir qız qoşulacaq təəcüğləniblər. Mənimlə bağlı əvvəlcə yüksək fikirdə olmayıblar. Amma mənimlə tanış olandan sonra müsbət mənada şok olublarmış. İndi hamısı Azərbaycan haqda oxuyurlar və biri ad günümdə mənə kart vermişdi: “Sənə baxanda mən də azərbaycanlı olmaq istəyirəm”. Azərbaycanı təbliğ etmək mənim üçün Xocalı soyqırımı günündə, ya 20 Yanvarda toplaşıb aksiya keçirmək deyil, Azərbaycanı təbliğ etmək uğurlu olmağa can atmaq, gözəl insan olmaqdır. İnsanlar səni sevəndə, özləri sənin hardan gəldiyini maraq edəcəklər, ölkəni də sevəcəklər.

 

- Azərbaycana vətəniniz kimi yox, bir xarici vətəndaş gözü ilə kənardan baxanda sizə necə görünür?

- Azərbaycan mənə 18-19 yaşındakı gənc kimi görünür. Müstəqilliyini yeni qazanıb, qəddar valideynin (SSRİ) əsarətindən yeni çıxıb, çoxlu pulu var, özünü inkişaf etdirməyə can atır. Psixoloqlar insanların xarakterlərinin uşaqlıqda formalaşdığını və uşaqlıqda yaşanan travmaların uzun müddət xarakterdə qaldığını deyirlər. Mənim fikrimcə, ölkələrdə də belədir. Sovet əsarətində yaşamış bir ölkə kimi Azərbaycanın da travmaları var, bunları sağaltmaq vaxt ala bilər.

- Azərbaycandan nələri unutmursuz və onun təbliğinə çalışırsız?

- Azərbaycanı unuda bilmərəm, ömrümün bir hissəsini orada keçirmişəm. Azərbaycanın ən gözəl təbliğatı yaxşı insan olmaq, öz üzərində işləmək, uğurlu olmaqdır.

- Bir az da ailənizdən danışaq. Həyat yoldaşınız Azərbaycan vətəndaşıdır, yoxsa xarici?

- Yoldaşım azərbaycanlıdı, amma 17 ildən çoxdur Amerikada yaşayır.

- Necə tanış olmusunuz?

- TED videomu görəndən sonra mənə mesaj yazmışdı. Beləcə tanış olduq və bu tanışlıqdan ailəmiz yarandı.

- Ailədə sizin üçün nə önəmlidir?

- Ailədə mənim üçün ən önəmli şey dostluqdur. Əgər ailədə dostluq varsa, bir-birinizlə hər bir problemi, sevinci, qayğını bölüşə bilirsinizsə, eyni hobbiləriniz varsa, deməli o ailədə sevgi var, xoşbəxtlik var. Ailədə başqa vacib bir şey sevməkdir. Sevmək deyəndə mən yalnız hiss və emosiyaları nəzərdə tutmuram. Sevmək hərəkətlərdir – bir-biriniz üçün yemək bişirmək, güllər almaq, qayğı göstərmək, bir-birinə dəstək olmaq, bir yerdə tanqo oynamaq… Bütün bunlar sevgini yaradır.

- Amma evlənənlər bəzən gözəllik axtarışında olurlar…

- Düşünürsünüzsə ki, sevgi yalnız kiminsə gözəlliyinə vurulmaqdır və sevgini saxlamaq üçün gözəl olmaq yetərlidir, onda yanılırsınız. Sevgi iş tələb edir. Hərəkət tələb edir. Qayğı, diqqət tələb edir. Emosional sevgi bu cür hərəkətlər nəticəsində sağ qalır, bunlar nəticəsində böyüyür və yaşayır.

 

Aygün Asimqızı

Üç nöqtə.-2014.- 9 avqust.- S. 9.