“Dörd
divar, siqaret və mən…..”
Naidə Orucova: «Mən də məhəbbət, qayğı istəyirəm»
TAMAŞALARDA və seriallarda yaratadığı
obrazlarla sevilən aktrisalarımızdan biri də Musiqili
Komediya Teatrının əməkdar artisti Naidə
Orucovadır.
Müsahibimin öz dili ilə desək o, pulu, məşhurluğu
fikirləşməyib, yalnız sənətini
düşünüb. Sevimli
aktrisamızın əziyyəti isə diqqətdən kənarda
qalmayıb. “Şənbə
qonağ”ımız olan əməkdar artistin şəxsi həyatı
və yaradıcılığı haqqındakı səmimi
müsahibəsini sizlərə təqdim edirik.
-
Qaralmısınız, harada istirahət etmisiniz?
- Nabranda
istirahət etmişəm. Əla dincəldim.
Gərgin işdən sonra bir rahatlıq
tapmışam. Çox qaralmışam.
Bu cür ancaq Antalyada qaralmışdım.
Sezon finalına çıxmamışdan əvvəl
çox maraqlı bir tamaşa təhvil verdik. Hələ onun premyerası olmayıb. “Qızıl toy”u vaxtilə Nəsibə Zeynalova,
Syavuş Aslan oynayıb. Çox gözəl
musiqili tamaşadır. O dövrün
tamaşasıdır, amma biz müasirləşdirməyə
çalışdıq. Buna nə dərəcədə nail
olduğumuzu tamaşaçı deyəcək. Tamaşanın
premyerası sentyabrda olacaq.
- Bir
çox seriallara çəkilmisiniz. Yeni sezon
üçün təkliflər varmı?
- Seriallardan
keçən il təklif alırdım. Hazırda dəvət yoxdur. Seriallara da çəkilməyi
çox istərdim.. Həm
maddi, həm mənəvi cəhətdən köməkdir.
Teatrda işimiz çox olur. Gözəl aktyorlarımız dünyasını dəyişiblər.
Ona görə də bizim üzərimizə çox iş düşür.
-
Qonararlar sizi qane edirmi?
- Aktyora
cuzi pul verirlər. Seriallara məni,yaxud da
başqa aktrisaları dəvət edirlər. Biz
işimizin, əziyyətimizin müqabilində pul tələb
edirik. Ancaq istədiyimiz məbləği
vermirlər. Yoldan keçəni
çağıraraq 20 manata razı salırlar. Aydındır ki, bu seriyalların keyfiyyəti də
aşağı olacaq, tamaşaçı rəğbətini
qazanmayacaq. Sənət, danışıq,
düşüncə tərzi, yaradıcılıq yoxdur.
Mətni götürən zaman onu beynimdən,
ürəyimdən keçirərək
özümünküləşdirirəm. Ssenaristin yazısına öz ürəyimi verirəm.
Ancaq seçdikləri aktyorlar peşəkar
olmur və rollarını dərk etmirlər. Sanki robotdurlar, tutuquşlardı. Sözləri təkrar etməklə məşğuldurlar.
Heç bir hiss, həyacan yoxdur. Professionallıq
aşağı səviyyədə olur. Adığımız
maaşlar çox aşağıdır. Ona
görə də bəzi aktyorlar 50 yaşına belə
çatmadan dünyalarını dəyişirlər. Biz aktyorlara diqqət olmayanda pessimistliyə
qapılırıq, ruhdan düşürük. Bir arada teatrdan, kinodan getmək istədim. Həttə fikirləşdim ki, respublikanı tərk
edim. Sağ olsun prezidentimiz, ad və mükafat verdi.
Ümumiyyətlə, aktyorun problemləri çox olur. 200 manat maaş
alıram. Əməkdar artist fəxri adına
görə isə ayda 60 manat verilir. Onun
kartını isə birinci gündən qızıma
vermişəm. Keçən il
mükafat pulu, seriallardan aldığım pul qane edirdi. Amma bi
il mükafat almadım. Dolanmaq
isə çox çətindir. Hazırda
müharibə şəraitində yaşayırıq. Hərbi hospitala əsgərlərimizin yanına gedəcəyik.
Onlara mənəvi dəstək olmalıyıq.
Müharibə olarsa mən də gedərəm.
-
Özünüzü daha çox aktrisa, yoxsa ev
xanımı kimi xoşbəxt hiss edirsiniz?
- Hər
ikisində özümü xoşbəxt hiss edirəm. Teatrda bir aktrisa kimi öz rolum, hörmətim, məhəbbətim
var. Həyatda dostlarım aktrisa olduğuma görə deyil,
ürəyimə görə sevirlər. Amma
mənə dostlarım bir qadın kimi baxmırlar. Hərdən hirslənirəm ki, axı mən də
qadınam, nəvaziş, diqqət istəyirəm. Onlar
dost kimi diqqət göstərirlər. Fikirləşirəm
ki, niyə məni bir qadın kimi sevmirlər? Bir qadın kimi heç kimi maraqlandırmıram?
O sualları özümə çox verirəm. Bəlkə də məni güclü qadın kimi
görürlər. Çox vaxt kişilər
güclü qadınlardan çəkinirlər. Mən də məhəbbət, qayğı istəyirəm.
Xasiyyətcə çox mülayim insanam. Cavanlığımda çılğınlıq
var idi, artıq yoxdur.
- Ailə
həyatı qurmusunuz, amma ayrılmısınız. Bir qızınız var. Boşanmaya səbəb nə
olub?
- Həyat
yoldaşımdan dost kimi ayrılmışam. Ayrılmağa
səbəb sənətim olub. O mənim qarşımda
seçim qoydu: ya sənətim, ya da ailəm. Özü
də aktyor olub. Onunla Sumqayıt teatrında tanış olmuşuq, bir yerdə işləmişik.
Ailə qurduqdan sonra gördü ki, bu sənətlə
dolanmaq olmurvə teatrı tərk etdi və özünə
biznes qurdu. Uşaq olandan sonra isə bu sənətdən
getməyimi istədi. Razı olmadım.
Dedim ki, bu sənət mənim qanıma hopub. Sənətsiz
yaşaya bilmərəm.
-
Ayrılmağınıza peşmansınızmı?
- Hərdən
hə, hərdən yox. Hazırda qızım
onunla yaşayır. Tək olduğuna
görə ona baxır. Qızımın
25 yaşı var. İki ixtisas bitirib. Keşmiş həyat
yoldaşımla aramızda dost kimi münasibət var. Bizim həyata
baxışımız fərqlidir. Əməkdar artist
adını alan zaman birinci o məni təbrik
etdi. Mənə sənətdən get deyən zaman ona dedim ki,
bu sənətdə öz zəhmətimlə hər şeyə
nail olacam. Çox əziyyət çəkmişəm.
Bu pilləyə öz gücümlə
çatmışam. Başımın üstündə
nə sponsor, nə sevgili olub, alnı açığam. Hansısa sevgili hesabına dolanan qadınları
xoşlamıram və belə qadın da olmaq istəməzdim.
Bəlkə atam sağ olsaydı çox şeyə nail
olardım. O mənə arxa olub. Evin kiçik
qızı idim. Ailəmizdə məndən 10 il sonra oğlan dünyaya gəlib. Atam məni oğlan kimi böyüdüb. Ona
görə də kişi xasiyyətli
olmuşam. Mühəndis olan atam həm də
mahir ovçu idi. Onunla ova gedirdim, güllə
atırdım. Bəlkə ona görə
kişilər məndən çəkinirlər.
- Yenidən
ailə qurmaq istəyirsinizmi?
- Cavan
olanda istəmirdim. Yaşa dolduqca evdə tək
qalıram. Dörd divar, siqaret və mən.
Düşünürəm ki, nəyə
görə ailəm olmasın? Yanımda məni
başa düşən bir insanın olmasını istəyirəm.
İstəyirəm kişi pul xərcləsin.
Mənə keşmiş həyat yoldaşım
kömək edib. Amma hər dəfə
ondan pul istəmirəm, məcbur qalanda istəyirəm. Maşınımın pulunun yarısını
keçmiş ərim verib. Axı nəyə
görə ondan pul istəməliyəm. Qoy
yanımdakı insan mənə baxsın, problemlərimi həll
etsin, qayğımı çəksin. Nə qədər
kişi işini görmək olar?
- Təklikdən
qorxursunuz?
- Yox
qorxmuram. Tək qalanda dincəlirəm. Cəmiyyətə çıxanda bilirəm ki, kimlərəsə
lazımam. Qızıma, bacıma, rəfiqələrimə
lazımam. Hər kəsin uğuruna sevinirəm.
Bizdə kimsə qabağa gedəndə onun
ayağından çəkirlər. Hər
zaman teatrda cavan aktyoralara dəstək oluram.
- Xaraktercə
güclü insansınız. Amma hər zaman belə
olmaq olmur. Kövrələn
vaxtınız olurmu?
- Biz sənətə
gələn vaxt çox diqqətsizlik oldu. Evdə
o günləri yadıma salıb hönkür-hönkür
ağlamaq istəmişəm, amma boşala bilməmişəm.
Aktrisa xanım dünyasının dəyişəndə
çox üzüldüm. Onun
dünyasını dəyişməyi məni çox
yandırdı (kövrəlir). Ətrafım
məni tərk edib gedirlər. Gülşən, Azər,
Telan, Rüfət, Elçinlə ailəvi dostluq etmişik. Mənim maşınımın pravasını Telman
alıb. İndi istəyirəm yanımda adam
olsun, sığınım, ağlayım, gülüm,
danışım. Özüm özümlə
qalmışam.
- Hacıbaba Bağırov ilə də tərəf
müqabili olmusunuz. Onu necə xatırlayırsınız?
-
Çox kaprizni insan idi. Birdən heç nədən
insandan küsürdü. Amma bir həftədən
sonra söz atmağa, qıcıqlandırmağa
başlayırdı. Hacıbaba təzə
evlənmişdi. Yoldaşı məni
qısqanırdı. Amma elə bir
münasibət yox idi. Hacı rəhmətə
gedəndən sonra Arzu hər şeyi anladı. Söz gəzdirən insanlar aradan yox oldu. O
gündən bu günə qədər Arzu xanımla rəfiqə
olduq.
- Teatrda və
seriallarda oynayırsınız. Sizin üçün
onların fərqli tərəfləri nələrdir?
- Tetrda
oynayan zaman əhval-ruhiyyəndən çox şey
asılıdır. Ancaq kino çox çətin
sənətdi. Kinoda 2-5 dəfə
oynayırsan, ən yaxşısını seçirlər.
Bəzən teatrda tamaşanı başqa
cür oynaya bilirsən. Aktyorda
güclü improfizə olmalıdır. Hacıbaba
kimi improfizə edən aktyor yoxdur. Aktyor hər
xırda detallara hazır olmalıdır. Aktyorluq
çox çətin, amma maraqlı sənətdir. Onlar xoşbəxt insanlardır ki,
dünyalarını dəyişdikdən sonra da
canlandırdığı obrazlarda yaşayırlar. Biz aktyorlar fərqli-fərqli obrazların həyatını
yaşayırıq. Aktyorlar psixoloq
olmalıdırlar.
- Bir
çox rolları canlandırmısınız. Bu zaman həmkarlarınız tərəfdən
qısqanclığa məruz qalmısınızmı?
-
Çox olub. Əgər düşməndirsə,
həmişə üzünə gülürəm. Atam-anam tərbiyə verəndə deyiblər ki,
qızım pislik eləmə, sənə pislik edən
düşmənin də üzünə gül. Onu o gülüşünlə öldürəcəksən.
Həmin şəxs ürəyində fikirləşəcək
ki, mən ona pislik edirəm, o isə yenə gülür.
Bu onu içindən yandıracaq. Heç
kim deyə bilməz ki, Naidə mənimlə
dava elədi. İdmanla məşğul
olmuşam. İnstitutda oxuyarkən bir qrup
Şəkiyə tamaşaya baxmağa getmişdik. Qatarda gedən zaman uşaqlar bəzi şeylər
almaq üçün düşmüşdülər. O
zaman yerli uşaqlarla mübahisə etdilər. Mən
qatardan düşərək cavablarını verdim Əvvəl
çılğınlığım var idi.
- Dram-kino
aktyoru fakültəsini bitrimisiniz. Amma daha
çox komik rolları canlandırısınız. Tragik rollar canlandırmaq istərsinizmi?
- Drammatik
əsərdə çıxış etməyi çox istərdim.
Qatil adamı, ciddi obrazları oynamağı
çox istərdim. Rejissorlar mənə
komik aktrisa kimi yanaşırlar. Aktyor
ampulada olmamalıdır. Faciəni,
dramı, komediyanı da yaratmalıdır. Hər aktyorun rejissoru olmalıdır. Rejissor
aktyoru hiss etməlidir.
- 10 il Sumqayıt Dövlət Teatrında işləmisiniz.
Hazırda Musiqili Komediya Teatrında fəaliyyətinizi
davam etdirirsiniz. Bu iki teatr sizə nələri verdi? Müqayisə edə bilərsiniz?
- Təyinatla Sumqayıt Dövlət Teatrına getdim. Oradakı səhnə
heç vaxt yadımdan çıxmaz. Qayğı,
mehribançılıq gördüm. O vaxt aktyorlar da
başqa cür idi. İndi başqa ruhda tərbiyə
alıblar. Hətta bəziləri adamın yanından salam vermədən keçirlər. Bu bilmirəm tərbiyədən, yoxsa zəmanədən
asılıdır? Biz belə deyildik.
Sənətkarlarımıza çox hörmətlə
yanaşırdıq. Pulu, məşhurluğu
fikirləşmirdik. Yalnız sənətimizi
düşünürdük. Əməkdar
artistəm, amma mənə elə gəlir ki, edəcəklərim
qabaqdadır. Daim öz üzərimdə
işləməyə çalışıram. Ancaq məndən sonra gəlib xalq artisti
adını alanları görəndə
düşünürəm ki, zirvəyə birdən
qalxırlar. Birdən qalxan birdən də
düşür. Amma bu sənətə
pillə-pillə gələnlər qalırlar. Biz bu sənətdə əziyyətimizlə
qalxmışıq.
-
Qolunuzdakı döymə diqqətimi çəkdi. Mənası nədir?
-
Çin dilində adımdır. Uşaqlıqdan
peyvənd olunanda qolumda şram qalmışdı. Hər kəs soruşurdu ki, bıçaq
yarasıdır. Mən onu bu döymə
ilə gizlətdim.
Rəqsanə
Üç nöqtə.-2014.- 9
avqust.- S. 13.